“Oğlumla əl-ələ tutub bu sənətdən qaçdıq”

 

 Zaman keçdikcə sənətkar deyəcəyimiz insanların sayı da azalır. Günbəgün onları itiririk. Sözsüz ki, bir gün gələn, bir gün də getməlidir. Bəs gedənlərin yaratdığı boşluğu kimlər dolduracaq? Elə əsas problem də budur. Budəfəki “Şənbə qonağı”mızla sənətimizin, sənətkarlarımızın yaşadığı problemlərdən danışdıq. Bu barədə söz söyləməyə haqqı olan azsaylı sənətkarlar arasında onun məxsusi yeri var. Necə nəsillər yola salan xanəndə sehirli barmaqları ilə dilləndirdiyi kamanla çoxlarını müşayiət edib. Artıq 10 ildir ki, o sevimli kamanından ayrıdır. Daha doğrusu, yalnız özü istəyəndə o kaman dillənir. Və dinləyicisi də özü, bir də doğmaları olur. Tamaşaçılar isə onun bənzərsiz ifalarını yalnız video-audio yazılardan eşidə bilir. Sənətkarın kaman əlinə alıb səhnəyə çıxmamasına səbəb heç də yaşı deyil. Öz dili ilə desək, kamançaya istefa verən sənətkar müsahibə zamanı bu barədə də danışdı. 85 yaşlı xalq artisti, xanəndə Habil Əliyevlə söhbətə bugünki vəziyyətini soruşmaqla başlasaq da, əsasən ötən günləri yada saldıq.

- Habil müəllim, necəsiniz? Özünüzü necə hiss edirsiniz?

- 85 yaşında  insan necə olarsa, mən də o cürəm.

- Elə insanlar var ki, 85 yaşında olsa da, özlərini o cür hiss etmirlər. Ümidvarıq ki, ürəyiniz yaşınızdan da cavandır.

- Çox sağolun, o sizin diqqətinizdir. Qocalara ruh verdiyiniz üçün təşəkkür edirəm. Şükür Allaha, hələ ki yataq xəstəsi deyiləm. Ümumi vəziyyətim pis deyil, yaxşıdır.

- İstərdim ki, bir az keçmişə boylanaq. Kamança ilə ilk tanışlığınız necə başlayıb?

- Uşaqlıqdan musiqini çox sevirdim, böyük həvəsim vardı. Valideynlərim məni hansı alətə qoysaydılar, mən həmin alətdə çalacaqdım. Çünki musiqiyə həvəsim vardı. Gecə-gündüz ağlayırdım, musiqi üçün ölürdüm. Anam məni 6 yaşımda Ağdaşda musiqi məktəbinə apardı. Tarı əlimə verdilər, gördülər ki, gücüm çatmır. Kamançanı gətirdilər, kamançanı da dizimin üstünə yox, stolun kənarına qoydular. Elə kamança ilə başladım. Mən hər nə çalsaydım, yaxşı çalardım. Eləcə də musiqiyə gəldim, sonra özüm də çıxmaq istəyəndə çıxa bilmədim.

O zaman və indi... Sənət baxımından fərq çox böyükdür?

- O vaxtlar sənətçilərin hamısı bir-birinə münasib idi. Həm sənətləri, həm xasiyyətləri, həm də davranışları ilə. İndi çox şey dəyişib. İndi elə sənətkarlar var ki, bilmirəm onlar düzdü, yoxsa biz. Tamamilə başqa yolda, fərqli danışıqlar, hərəkətlər... Bir-birimizə düz gəlmirik. Biz onlara eybəcər görünürük, onlar da bizə.

- Cavabınızda “sənətkar” sözünü işlətdiniz. Sizcə, onlara sənətkar demək olar?

- Elə söhbətin canı da budur. Bunlar biz gördüklərimizdən deyil.

- Yəqin ki, sizin zamanınızda da bu sənətə layiq olmayanlar olub. Və biz bu gün zamanın ələyindən ələnən ifaçılara sənətkar deyirik.

- Bunları ələmək olmaz, çünki yerdə heç kim qalmayacaq. Sənətə gələn adam düşünməlidir ki, bu sənətdə qala biləcək, seviləcəkmi?! Amma düşünmürlər. Camaat hər şeydən tez doyur. Bizim millət pisi qəbul etməyinə baxmayaraq tez də bezir.

- Sizin dövrünüzdə Bədii Şura fəliyyət göstərirdi. Ola bilər ki, bugünki problemlər şuranın yoxluğundan qaynaqlansın?

- Çox düz vurğuladınız. Mənə nəzarət etməsələr, onda bu cür olar da. Mən yerli kanalların çoxuna baxmıram, çünki əsəbiləşirəm. Kim nə istəyir danışır, necə istəyir hərəkət edir. Axı belə olmaz. Televiziyaya milyonlarla insan baxır, o cümlədən də xarici ölkələr. Əcnəbilər deməz ki, bunlar necə millətdir? Nəcəb onların içində bir nəfər yoxdu ki, onlara nəyin yaxşı-pis olduğunu başa salsın. Ümumiyyətlə, xoşuma gəlməyən çox şey var.

- Habil müəllim, əcnəbilərin fikri sizin üçün çox önəmlidir? Onları izləməkdə nə dərəcə maraqlısınız?

- Bilirsiniz, hər şeyin həddi var. Məsələn, indi “yubka” qısa geyinmək dəbdir. Daha  onu o qədər qısa etmək olmaz ki, beldən yuxarı olsun. Hər şeyin dərəcəsi var. Çərçivədən çıxanda pis olur. Bir söz deyim, son vaxtlar demək olar ki, evdən çölə çıxmıram. Sənətdən də uzaqlaşmağıma səbəb elə bu idi. Görürdüm ki, onlarla mən düz gəlmirəm. İnanın mən indi cavanlıqdakından da yaxşı ifa edirəm. Lakin bilmirəm ki, kimin üçün ifa edim. Müşayiət edəcəyim insanlar, dinləyəcək tamaşaçılarım qalmayıb. Müşayiət etdiyim sənətkarların çoxu rəhmətə gedib. Görünür, mən gecikmişəm.

- Ömrünüzün 85-ci çağını yaşayırsınız. Bu yaş bəlkə kimlər üçünsə gecikməkdir. Ancaq sənətkar hər zaman yaşayır. Yubiley yaşınız dövlət səviyyəsində qeyd olunacaq?

- Mədəniyyət və turizm naziri deyib ki, yaxşı yubiley keçiriləcək. Yəqin olar, inşallah.

- Uzun illərdir ki, kamançanı əlinə almayan sənətkar yubileyində ifa edəcək?

Hə, ifa edəcəm. Ürəyim istəyən 3-4 nəfər sənətkarla birlikdə çıxış edəcəm. Ümumiyyətlə, çox adama qulaq asmıram. 3-4 nəfər var ki, dinləyirəm, qalanları mənim üçün səs-küydür.

- Bu günki gənclərin potensialı sizi qane edir?

- İnandığım gənclər var. Ancaq tam olaraq heç öz ifam özümü qane etmir, o ki qaldı gənclər. Lakin elə gənclər var ki, istedadlıdır. Oxuyanlardan bezmişəm. Axır vaxtlar oxuyanlar ölür. Bəlkə oxuyanların bir neçəsi də ölsə, musiqimiz düzələr.  (gülür)

- Yəni bu qədər pessimist düşünürsünüz?

- Yox, bədbin deyiləm. Əksinə yumoru çox sevirəm.

- Bir müddət əvvəl oğlunuz da bu sənətə meyl göstərirdi. Lakin sonra yavaş-yavaş uzaqlaşdı. Sənətkar olmayacağını düşündüyünüz üçün onu bu fikrindən yayındırdınız, yoxsa ... ?

- Sözün düzü, bu ikimizin də fikri idi. Oğlumla bir-birimizin əlindən tutub bu sənətdən qaçdıq. Gördük ki, oxuyub-çala bilməyənlərin arasında qalmışıq. Bunlar sənəti ələ alıblar, amma içlərində oxuyub-çala bilən yoxdur. Hay-küy, gecə-gündüz müsahibələr, lazımsız işlər... Oğluma dedim ki, gəl çəkilək bir kənara. Ömrümüz çatana kimi nə vaxtsa hər şey qaydasına düşsə, yenidən qayıdarıq. Ömrümüz çatmasa da, burda bu cür qalmaq olmaz. Burda pis-yaxşı bilinmir, aləm qarışıb bir-birinə.

Ölkəmiz “Eurovision” müsabiqəsinə ev sahibliyi etməyə hazırlaşır. Sizcə bu müsabiqədəki qalibiyyət musiqimiz üçün nə dərəcədə önəmlidir?

- Sözün düzü, mən milli musiqinin ifaçısıyam. Elə belə görünməyi xoşlamıram, gərək görünəndə də nəsə edəsən. Və bu görünən adam qayıdıb gələndən sonra nə etdi? Bax, mənə bu lazımdır. Hər halda musiqiçiyəmsə, deməli musiqini siravi tamaşaçıdan daha yaxşı başa düşürəm. “Eurovision”ı adi tamaşaçı başa düşür, ancaq mən yox. Nə işdirsə, mənlik deyil. Cavanlar üçün bəlkə xoş gələcək nəsə var. 2-3 dəqiqə ərzində çıxıb görünüb qayıdırlar. Dünya yığışıb, aləmi bir-birinə qatır. Nə bilim vallah.

- Bu cür düşünməyinizə səbəb milli musiqinin təbliğatçısı olmağınızdır?

- Mən onu ögey musiqi kimi qiymətləndirirəm.

- Caz da ögey musiqidir. Cazı da sanballı musiqi kimi qəbul etmirsiniz?

- Cazı da qəbul etmirəm. Heç birini bəyənmirəm. Mən milli musiqinin tərəfdarıyam. Hər zaman bu cür musiqinin içindəyəm. Mən muğamın dinləyicisiyəm. İfaçı kimi xanəndələri qəbul edirəm. İndikiləri yox haa... Seyid Şuşinski, Cabbar Qaryağdı, Şövkət Ələkbərova və digərləri.

- Belə çıxır ki, musiqi nə qədər sanballı, qulağa yatımlı, peşəkar olsa da siz yalnız muğamı bəyənirsiniz?!

- Təkcə bizim deyil, bütün xalqların milli musiqilərini sevirəm. Bir misal çəkəcəm. Məsələn, qız var o qədər bəzənir ki, sanki üzündə şəkil çəkiblər. Eləsi də var ki, təbiidir, olduğu kimi. Mən bax o təbiinin tərəfdarıyam. Mən onun özünü görüb, tanımaq istəyirəm. Musiqimizdə də bu cürdür. Ancaq sonradan gələn, qondarma heç nəyi qəbul etmirəm.

- Son illər davamlı şəkildə muğam müsabiqəsi keçirilir. Müsabiqənin keçirilməsi, nəticələri sizi nə dərəcədə qane edir?

İzləyirdim. Ancaq çox şeylərdən narazıyam. Münsiflər heyəti yerində deyil. Görün orda kimlər oturub. Bircə Arif Babayev o kürsüyə layiqdir. Bu müsabiqədən sonra muğam ifaçıları yetişəcək. Münsiflər isə onların təyinatçısıdır. Düşünürəm ki, orda başqa sənətkar olmalı idi.

 

 

 Aysər Həsənli

 

 Üç nöqtə.-2011.-17 dekabr.- S. 13.