Azərbaycanlı sənətçi Budapeşt Teatrının rəhbəri təyin edilib

 

Azərbaycanlı balet ustası Eldar Əliyev Budapeşt Opera və Balet Teatrının bədii rəhbəri təyin olunub. Eldar Əliyev 1957-ci ildə Bakıda doğulub. 1966-1975-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində təhsil alıb. 1974-cü ildən etibarən Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışmağa başlayıb. 1979-1992-ci illərdə Leninqraddakı Kirov Teatrının solisti olub. 1988-ci ildə Y.Qriqoroviçin dəvəti ilə Arif Məlikovun Moskvada - Böyük Teatrın səhnəsində tamaşaya qoyulan “Məhəbbət əfsanəsi” baletində Fərhad obrazını canlandırıb, bundan sonra dünyanın 40-dan çox teatrının səhnəsində çıxış edib. 2007-ci ildə ABŞ-ın Boston Balet Məktəbinin icraçı direktoru vəzifəsinə təyin olunan Eldar Əliyev müxtəlif illərdə həm də dünyanın nüfuzlu balet müsabiqələrinin münsiflər heyətinə daxil edilib. O, 2010-cu ildə Budapeşt Opera və Balet Teatrına balet üzrə bədii məsləhətçi vəzifəsinə dəvət edilib. Bu il yanvarın sonunda isə Macarıstanın mədəniyyət dairələrinin təklifi ilə yaxın beş il ərzində teatrın bədii rəhbəri vəzifəsi həmvətənimizə etibar edilib. Eldar Əliyev Azərbaycanın Budapeştdəki səfirliyi ilə yaxından əlaqə saxlayır, Qara Qarayev və Fikrət Əmirov kimi Azərbaycan bəstəkarlarının əsərlərini yeni quruluşda macar tamaşaçılarına təqdim etmək planları üzərində işləyir

 

 

Üç nöqtə.- 2011.- 1 fevral.- S. 13.