Kinomuzun silahı yoxdur

 

Kompyuter qrafikası isə canlı qüvvəni əvəz edə bilməz

 

“Azərbaycanfilm” kinostudiyasında elə bir sex var ki, orda Oktyabr İnqilabı və ondan əvvəlki  dövrün, Böyük Vətən Müharibəsi illəri və ondan sonrakı illərin silah-sursatı qorunub saxlanır. Terroristlərin qulaqlarından uzaq, orda qılıncdan, qalxandan tutmuş avtomat “Kalaşnikov”a qədər tapmaq mümkündür. Hamısı vaxtilə çəkilmiş filmlərdə istifadə olunmuş və indinin özündə də işə yarayan əlbəsələrdir.

O ki qaldı tanka, təyyarəyə, raketə o sarıdan çəkiliş qrupuna film çəkilən ölkənin hərbi qüvvələri  köməklik edir. Eləcə də kütləvi səhnələr üçün canlı qüvvə, yəni əsasən döyüşçülər də hərbiçilərdən, əsgərlərdən ibarət olur. Bu artıq dünya praktikasıdır.

Kinoşünas Aydın Kazımzadə televiziya ilə müəllif proqramında belə bir ifadə işlədib: “Bu gün Azərbaycan kinosunda “Babək” kimi möhtəşəm kütləvi və döyüş səhnələri olan film çəkmək mümkün deyil, çünki bunun üçün nə o texnika var, nə də canlı qüvvə. İndi kinostudiyada yaxşılığa doğru atılan addımlar yaxın gələcəkdə buna imkan yaradacaq, hələlik isə bu imkan yoxdur. ”  Kinoşünas fikrini də onunla əsaslandırıb ki, “Babək” filmi çəkilən vaxt sovet dövrü idi və sovet kinosunun bütün bu çəkilişlər üçün bazası vardı. “Məsələn, sovet kinosunun varisi hesab olunan Rusiya kinematoqrafiyasında indinin özündə də həmin baza qalır. “Mosfilm”də hətta kinolarda istifadə etmək üçün xüsusi hərbi diviziya saxlanır və onlar kinostudiyanın ştatda olan işçiləridir.”

Aydın Kazımzadənin sözləri fikrimizi çaşdırdı və içimizə bir vəlvələ də saldı ki, əcaba, əgər bizim kütləvi səhnələr üçün lazımi bazamız yoxdursa, o halda son illər çəkilən tarixi filmlərdə bu işin öhdəsindən necə gəliblər...? Götürək elə “Hökmdarın taleyi” filmini. Azərbaycanın xanlıqları dövründən, tarixi keçmişindən danışan bu filmdə döyüş səhnələri olmamış deyil. Orda canlı qüvvəni, atlı döyüşlərini, o dövrün texnikasını hardan alıblar? Hamıya məlumdur ki, bu il “Cavad xan” kimi möhtəşəm bir tarixi şəxsiyyətin həyatından və onu əhatə edən tarixi dövrdən bəhs edən film çəkilib. Görəsən, Cavad xan atsız, silahsız döyüşə bilər? Sisyanov məgər onun üstünə piyada, əli boş hücum çəkib?

Bizi narahat edən bu suallarla Mədəniyyət və Turizm Nazirliyinin Kino şöbəsinə müraciət etməli olduq. Şöbənin məsul işçisi Yusif Şeyxov dedi: “Düzdür, indi “Azərbaycanfilm”də keçmiş sovet kinosunda olan baza yoxdur, amma təki vəsait olsun, vəsait olan yerdə baza da tapmaq mümkündür, hətta canlı döyüş də, bu bir. İkincisi görün sovet dönəminin iflasından sonra nə qədər texniki tərəqqi var. Dünən əgər canlı qüvvə kimi hansısa ordudan istifadə olunurdu, bu gün ona da lüzum yoxdur. Kompyuter qrafikası 50 atlını 3000 atlı eliyə bilir. O vaxt “Babək”in rejissoru nə qədər çalışsa da, kütləvi səhnəyə 3000-5000 atlı çıxara bilməzdi, bu gün o imkan var.  Kompyuter qrafikasından istifadə olunmasa belə, döyüş səhnələrinin canlı alınması üçün Müdafiə Nazirliyi istənilən formada köməklik edir. Düzdür, “Cavad xan” filminə Müdafiə Nazirliyinin heç bir hərbi texnikası yaramır, canlı qüvvə ki,  yarıyır. Canlı qüvvə olandan sonra yenə qalanı kompyuterin boynuna. Odur ki, tarixi mövzuda çəkilən filmlər nə hərbi texnika, nə də canlı qüvvə sarıdan qıtlıq çəkir.”

Görünür, Azərbaycan kinosunun təəssübkeşi, kinoşünas Aydın Kazımzadənin dediklərində həqiqət var, həqiqətən də həmin baza “Azərbaycanfilm”də yoxdur. Nə yaxşı ki, texniki tərəqqi bizim xeyrimizədir, yoxsa həqiqətən də “Babək” filmi kimi kütləvi səhnələr olan film çəkmək müşkül olardı. O da həqiqətdir ki, kompyuter qrafikası canlı səhnəni əvəz edə bilməz.

 

 

Üç nöqtə.- 2011.- 4 fevral.- S. 13.