Dinin siyasətə müdaxiləsinin
qarşısı alınmalıdır
Hakim Yeni Azərbaycan Partiyasının Sədr
müavini, İcra katibi, deputat Əli Əhmədovun Trend-ə
müsahibəsi
- Yeni
Azərbaycan Partiyası 2011-ci il üçün fəaliyyət
planını təsdiqlədi. Bu planda nələr nəzərdə
tutulur və YAP üçün nə dərəcədə
uğurlu olacaq?
- 2008, 2009 və 2010-cu illər Azərbaycanın siyasi həyatı üçün zəngin və maraqlı olub. Dalbadal prezident, bələdiyyə və parlament seçkiləri keçirilib. Yeni Azərbaycan Partiyasının fəaliyyəti də başlıca olaraq bu seçki kampaniyalarının təşkili, həyata keçirilməsi ilə bağlı olub. YAP seçki kampaniyalarının hər üçündə böyük uğurlar əldə edib, hər üç seçki kampaniyasının qalibi ola bilib. Təbii ki, üç il ərzində YAP-ın fəaliyyətinin əsas hissəsi, əsas diqqətimiz bu seçki kampaniyalarının təşkilinə yönəldilib. 2011-ci ildən 2013-cü ilə qədər Azərbaycanda seçki kampaniyaları nəzərdə tutulmur. Bu mənada qeyd etmək olar ki, nisbətən bu illər partiyalar, o cümlədən YAP üçün sərbəst illər kimi qiymətləndirilə bilər. İstəyirik ki, bu illərdə partiyadaxili işlərimizə daha çox diqqət yetirək. Partiyanın daxili strukturlarının işinin təkmilləşdirilməsi, yerli strukturlarla əlaqələrin möhkəmləndirilməsi və gücləndirilməsi, fəaliyyətimizin və fəaliyyət üsullarının təkmilləşdirilməsi üzərində düşünək. Hesab edirik ki, 2010-cu ildə yerli strukturlarımızda, yerli və rayon təşkilatlarımızda konfransların keçirilməsi üçün imkanlarımız olacaq ki, biz bu imkandan faydalanacağıq. Digər tərəfdən, YAP bu il ərzində partiyanın gənclər qolunun təkmilləşdirilməsi və gücləndirilməsi istiqamətində müəyyən addımlar atmağı planlaşdırır. Deyərdim, kiçik təşəbbüslər artıq edilib. Bir neçə gün bundan öncə YAP-ın Gənclər Birliyinin Qəbələdə əzəmətli konfransını keçirdik. Gənclər Birliyinin yeni rəhbəri və strukturları seçildi. Bunun özü də YAP-ın Gənclər Birliyinin fəaliyyətinin daha da gücləndirilməsinə yardımçı olacaq. Digər tərəfdən, hesab edirik ki, bu illər Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin genişləndirilməsi üçün də əlverişli imkan yaradır. YAP-ın çox geniş beynəlxalq əlaqələri artıq mövcuddur, Qərb ölkələrində fəaliyyət göstərən bir sıra partiyalar ilə əlaqə saxlayırıq və bu əlaqələri daim genişləndiririk. Avropanın sağ partiyalarının birliyi olan Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında çox yaxşı münasibətlər qurulub və inkişaf etdirilir. Şərq ölkələrində fəaliyyət göstərən partiyalarla da Yeni Azərbaycan Partiyasının yaxşı münasibətləri var və bundan sonra da inkişaf etdirmək niyyətindəyik. Yeni Azərbaycan Partiyası Asiya Siyasi Partiyalarının Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvüdür. Bütün bunların hamısı bizə imkan verir ki, beynəlxalq münasibətlər, beynəlxalq əlaqələr sahəsində işimizi daha da genişləndirək.
Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında daim yaxından iştirak edib. 2011-ci ildə bu istiqamətdə də fəaliyyətimizi davam etdirəcəyik ki, partiyamızın ictimai dayaqları, ictimai əlaqələri daha da möhkəmlənsin. Yeni Azərbaycan Partiyasının sıralarında artıq 530 minə yaxın insan cəmləşib. Sıralarımız ildən-ilə genişlənir. Hər il Yeni Azərbaycan Partiyasının sıralarına 25-30 min yeni üzvlər qəbul olunur. 2010-cu ildə YAP-ın sıralarına 32 min nəfər qəbul olunub. Güman edirəm ki, 2011-ci ildə də bu meyllər davam edəcək və bütün işlərin həyata keçirilməsi Yeni Azərbaycan Partiyasının onsuz da çox əzəmətli olan ictimai dayaqlarının daha da möhkəmlənməsinə imkan yaradacaq.
- Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin genişlənməsi Dağlıq Qarabağ probleminin həllinə necə təsir edir?
- Ayrı-ayrı ölkələrdəki çox mühüm və böyük siyasi partiyaları ilə əlaqələr qurmağımız sadəcə olaraq əlaqə yaratmaq xatirinə həyata keçirilmir. Bütün bunlarda qarşımıza qoyduğumuz məqsəd Azərbaycanı daha da tanıtmaq, Azərbaycan reallıqlarını həmin ölkələrin siyasi dairələrinə çatdırmaq, o cümlədən də Qarabağ Problemi ilə bağlı Azərbaycanın mövqeyini onların nəzərinə yetirməkdən ibarətdir. Bu istiqamətdə də əlaqələr qurduğumuz siyasi partiyalar ilə çox ciddi əməkdaşlıqlar edirik. Avropa Xalq Partiyası ilə əməkdaşlığımız çərçivəsində həmin partiyanın rəhbərliyi ilə, o cümlədən partiyanın prezidenti, Avropanın siyasi dairələrində çox böyük nüfuz sahibi olan Vilfred Martens ilə ətraflı söhbətlərimiz olub, Azərbaycanın mövqeyi onların nəzərinə çatdırılıb. Təqdim etdiyimiz mövqe və məntiq onlar tərəfindən anlaşılaraq qəbul olunub. Bütün bunlar Dağlıq Qarabağ probleminin həqiqətlərinin beynəlxalq aləmdə təqdim edilməsinə əhəmiyyətli töhfə verir. Partiyalararası münasibətlər çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın mövqeyini təbliğ edə bilirk. Azərbaycan torpaqlarının işğaldan azad olunması tələbinin haqlı olduğunu onların diqqətinə və nəzərinə çatdırırıq.
Şərq ölkələrində fəaliyyət göstərən partiyalar ilə əlaqələrimiz kontekstində də eyni mövqe ortaya qoyulur. Asiya Siyasi Partiyalar Beynəlxalq Assosiasiyası çərçivəsində keçirilən bütün tədbirlərdə Dağlıq Qarabağ ilə bağlı Azərbaycanın mövqeyi ortaya qoyulub və Assosiasiya üzvü olan partiyaların səsləndirdiyi bəyanatlarda bu məsələ öz əksini tapıb. Məsələn, 2006-cı ildə Koreyanın Seul şəhərində keçirilən toplantıda qəbul olunan bəyannamədə bütövlükdə təcavüzkarlığa qarşı mübarizənin aparılması açıq şəkildə öz əksini tapıb. 2009-cu ilin dekabrında Qazaxıstanın Astana şəhərində, yenə də Asiya siyasi partiyalarının beynəlxalq müşavirəsində qəbul olunan bəyannamədə də Dağlıq Qarabağ probleminin ədalətli həlli ilə bağlı açıq şəkildə fikir ifadə olunub. Bunlar Yeni Azərbaycan Partiyasının əlaqələr qurduğu partiyaların rəhbərliyinə və təmsilçilərinə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin sadəcə olaraq çatdırılması deyil, həm də bu mövqeyin bu və ya digər dərəcədə həmin partiyaların təmsilçiləri tərəfindən qəbul olunmasına əhəmiyyətli kömək göstərir. Əməkdaşlıq bütövlükdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycan hökuməti tərəfindən aparılan genişmiqyaslı və səmərəli fəaliyyətə əhəmiyyətli töhfə verə bilir.
- Son dövrlərdə İrandakı bəzi dairələrin
Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinin
şahidi oluruq. Bu cür hallar nədən
qaynaqlanır?
- Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətin vacib prioritetlərindən və istinad etdiyi dəyərlərdən biri ondan ibarətdir ki, biz heç kimin daxili işlərinə qarşımırıq və heç kimin Azərbaycanın daxili işlərinə qarışmasını məqbul saymırıq. Bu, seçdiyimiz xarici siyasətin vacib dəyərlərindən biridir. Bu mənada hansısa bir dövlətin Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdlərini qətiyyətlə pisləyirik. Digər tərəfdən, Azərbaycan elə bir ciddi əsaslara söykənən qüdrətli dövlətə çevrilib ki, onun daxili işlərinə kiminsə müdaxilə etməsi sadəcə olaraq, mümkün deyil. İndi Azərbaycan öz siyasətini yalnız Azərbaycan xalqının maraqlarına uyğun şəkildə formalaşdırır və həyata keçirir. Kimlərinsə buna maneçilik törətmək, Azərbaycanın daxili işlərinə müdaxilə etmək imkanları və potensialı mövcud deyil.
O ki qaldı İranın Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdləri göstərməsinə, bunu qətiyyətlə pisləməklə yanaşı, ayrıca vurğulamaq istərdim ki, İran Azərbaycanla qonşu dövlətdir. Qonşuluqdan savayı İranı Azərbaycanla bağlayan çoxlu tarixi köklər var. İranda çoxlu sayda etnik azərbaycanlı yaşayır. Onlar İran vətəndaşları olsalar da, azərbaycanlıdırlar. Bizim qardaşlarımızdırlar. Bütün bunların hamısı İran-Azərbaycan münasibətlərinə xüsusi kolorit, xüsusi məna, məzmun gətirir. Bunlar mütləq şəkildə İran tərəfindən nəzərə alınmalıdır. Digər tərəfdən, Azərbaycan özünün həyata keçirdiyi siyasətdə İranın maraqlarına toxuna biləcək hər hansı bir addım atmayıb. Bu da mütləq şəkildə İran tərəfindən nəzərə alınmalıdır. Bütün bunların fonunda, bütün bunların reallıq olduğu bir halda İranın azərbaycanın daxili işlərinə qarışmaq cəhdi, Azərbaycanı bəzi hallarda aşağılamaq məqsədi güdən bəyanatlar səsləndirməsi, İran televiziyasında bu cür verilişlərin yer alması, hesab edirəm ki, qonşuluq münasibətlərinə, İran-Azərbaycan tarixi əlaqələrinə xas olmayan, ləkə gətirən cəhdlərdir. Eyni zamanda, hesab edirəm ki, İran tərəfi bütün bunlara açıq şəkildə münasibətini bildirməlidir.
Bilirsiniz ki, Ermənistanla Azərbaycan arasında olan münaqişə nəticəsində Azərbaycanın ərazilərinin 20 faizdən çoxu işğal olunub. Bunların fonunda bir yandan guya dünya müsəlmanlığının müdafiəsində dayanan İran tərəfindən Ermənistana çox ciddi şəkildə kömək göstərilir. Bu sahədə İran tərəfinin fəaliyyəti son zamanlar xüsusilə genişlənib. Bu, onların rəsmi şəkildə dünyaya dəfələrlə bəyan etdikləri mövqeyə, onun məntiqinə və fəlsəfəsinə uyğun gəlmir. Əlbəttə, demək istəmirəm ki, İran tərəfi Ermənistan-Azərbaycan münaqişəsinə dini prizmadan yanaşsın. Xeyr, bütün dünya tərəfindən və beynəlxalq qurumlar tərəfindən Ermənistan işğalçı dövlət kimi birmənalı şəkildə qəbul olunur və reallıq da bundan ibarətdir ki, Ermənistan öz havadarlarının köməyi ilə Azərbaycanın iyirmi faiz torpaqlarını işğal edib və bu günə qədər də işğal etdiyi torpaqlardan geri çəkilmək istəmir. Ermənistana hər hansı bir dəstək, kimin tərəfindən göstərilməsindən asılı olmayaraq, əslində işğalçılığın dəstəklənməsi deməkdir. Dünya birmənalı olaraq işğalçılığa qarşı mübarizə apardığı halda, İranın işğalçı dövlətə istər mənəvi, istər maddi dəstək verməsi təkcə Ermənistanın - Azərbaycanın düşmənin dəstəklənməsi deyil, həm də təcavüzkarın, haqsızlığın, ədalətsizliyin dəstəklənməsidir. Çox arzulayardım ki, İran hakimiyyəti bütövlükdə dünyada ədalət prinsipləri haqqında bəyanatlar səsləndirərkən bunu da nəzərə alsın.
Digər tərəfdən, Ermənistanın İran tərəfindən dəstəklənməsi hər bir Azərbaycan vətəndaşını nəinki narahat edir, həm də onda anlaşılmaz hisslər və duyğular yaradır. Azərbaycanlılar və Azərbaycan vətəndaşı iranlılardan və İrandan tamamilə başqa münasibəti gözləyirdilər və hesab edirəm ki, buna haqları da var. Ən azından İranda çoxlu sayda etnik azərbaycanlıların yaşadığını nəzərə alsaq, hesab edirəm ki, İran hakimiyyəti tərəfindən Azərbaycana qarşı təcavüz etmiş Ermənistanın, təcavüzkar dövlətin dəstəklənməsi yolverilməz haldır. Bütün bunların fonunda İranın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərini kəskin şəkildə pisləyirik.
Həm Azərbaycanda,
həm İranda Azərbaycan-İran parlament dostluq qrupları
fəaliyyət göstərir. Çox yaxşı olardı
ki, onlar bir araya gəlib bu məsələləri müzakirə
etsinlər. Dövlətlərimiz arasında münasibətlərin
korlanmasına gətirib çıxara biləcək hərəkətlərə
son qoymaq haqqında ümumi bir məxrəcə gəlməyə
ehtiyac var.
Üç nöqtə.- 2011.- 5 fevral.- S. 3.