Sənətkarın qəlbinə
dəymək olmaz
“Qəndabı işdən
çıxartmaq olar, amma onun sənətini əlindən
almaq mümkünsüzdür”
Cəfər Cabbarlı demiş “O gözəl, girdə
sifət, gənc bir qızdır, şərqli
qızlarına məxsus, qara gözləri, qələmlə
çəkilmiş kimi qaşları var.” Müəllifin əsərinin
qəhrəmanı Firuzə idi, amma elə bil bu sözləri
həm də bizim qəhrəmanımıza
aid edib. Bəhram Mansurov da Qəndab xanımı buna bənzər
xarakterizə edib: “Ərəb qızları kimi qara
saçlı, Əsil Leylidir, gözəl də səsi var”.
1970-80-90-cı illər, 2000-ci ilin əvvəllərinə qədər
də efirdən, opera səhnəsindən düşməzdi.
Məlahətli, yatımlı, axıcı səsi ilə
muğam və təsnifləri necə cəlbedici ifa etməsi
indi də qulaqlarımızdadır, amma çoxdan, lap
çoxdandır ki, görünmür. Bəlkə də az
göründüyü üçün bizə elə gəlir?
- Bir az baş
qarışıqdır də, problemlərim çoxdur.
- Birinci işiniz sənətiniz deyilmi?
- Ailə problemlərini
də həll etmək lazımdır. Bir də ki, sənətkar
qəlbi incə olur, onu sındırdılarsa, daha düzəlmir.
Mən sənətə kiminsə tapşırığı
ilə, kiminsə göndərişi ilə gəlməmişəm.
1973-cü ildə Füzuli rayonundan 50 kimi qız Bakıya
göndərişlə gəlmişdik ki, toxuculuq
kombinatında işləmək üçün peşə təhsili
alaq. Təhsil, qaldığımız yer dövlətin
hesabına idi, ona görə də oxuya-oxuya təcrübə
keçdiyimiz kombinatda qalıb işləyib, bir il dövlətin
borcunu qaytarmalı idik. Kombinatın yataqxanasında
qalırdıq, bir gün otaqda qızlar arasında
özümüz üçün oxuyurdum. Bir də
gördük ki, otağın qapısı açıldı,
komendant girdi içəri ki, oxuyan kim idi? Qızlar dedilər
ki, Qəndabdır. Dedi çox gözəl səsin var, gəl
səni yazaq kombinatın özfəaliyyət dərnəyinə.
Əvvəl valideynlərim razı olmaz deyə qorxdum
razılaşmadım, sonra birtəhər yola gətirdilər
məni. Uzun müddət valideynlərimin bundan xəbəri
olmadı. Düzü onların nə rəy verəcəklərini
də bilmirdim, qorxurdum ki, razı olmazlar, acıqları tutar. Kənddə
harda görmüşdük elə şeyləri, heç
televizor da yox idi o zaman. Bir “Çayka” markalı radiomuz
vardı həmişə orda muğamlara, xalq
mahnılarına qulaq asardım.
Nə isə, peşəmizə yiyələndik, sonra
bir il də qalıb işlədik. O vaxta qədər dərnəkdəki
müəllimdən “Şahnaz” muğamını artıq
öyrənmişdim. Yenə dərnəkdəki
uşaqların, müəllimlərin təkidi ilə sənədlərimi
Asəf Zeynallı adına Musiqi Məktəbinə verdim. Vasif
Adıgözəlov, Sahib Şükürov, Nəriman Əliyev,
Vahid Abdullayev dinlədilər məni. İfamı sona qədər
dinləyib “əla” yazdılar və dedilər ki, o biri
imtahanlara girməsən də olar. Beləliklə, həm
işləyib, həm oxuyurdum. Evdəkilər iki-üç
ildən sonra bildilər ki, Asəf Zeynallıda oxuyuram. Valideynlərimin
çox acıqları tutdu mənə. Dedilər bir sən
deyildin, o qədər qız getmişdi peşə təhsili
almağa, bir dənə sən öz bildiyini elədin. Atam
bir-neçə il mənimlə kəlmə kəsmədi. Nəriman
Əliyevin sinfində oxuyurdum, rəhmətlik Vahid Abdullayevdən
də dərs aldım. Artıq konsertlərə gedirdik, hətta
xarici ölkələrə də səfərlərimiz olurdu.
Məsələn, Bolqariya səfərimiz yaxşı
yadımdadır.
- Opera və Balet teatrına necə gəlib
çıxdınız?
- Bir gün getdim o vaxt Opera və
Balet Teatrına rəhbərlik edən bəstəkar Azər
Rzayevin qəbuluna. O da çağırdı Bəhram
Mansurovu məni dinlədilər. Muğamların ən çətin
şöbələrini oxutdurdular. Bəhram müəllim dedi
ki, əsil Leylidir, ərəb qızları kimi uzun, qara
saçlı, gözəl də səsi var. Başladım
operada işləməyə. “Leyli və Məcnun”da Leyli,
“Aşıq Qərib”də Şahsənəm, “Gəlin
qayası”nda Gülbahar, “Şah İsmayıl”da Ərəbzəngi,
“Əsli və Kərəm”də Əsli, bir sözlə
bütün baş rolları oynamışam. Sənətimlə
bir 30-35 ölkədə Azərbaycanı təmsil etmişəm.
İndi deyirsiniz niyə gec-gec görünürəm. Əlbəttə
ki, indi problemsiz adam yoxdur, problemlərimiz çoxdur. Əsas
ürək ağrımız olan Qarabağ dərdimiz var, amma
düz deyirsiniz, mən sənətkaram, sənətimlə məşğul
olmalıyam. Anam rəhmətə gedəndən sonra elə
bil ruhən öldüm. Bir-iki il Binədə kənddə
qaldım, amma teatrda çox olmasam da tamaşalarımı gəlib
oynayırdım. Teatra artıq gənclər gəlmişdilər,
onsuz da ayda bir rol düşürdü hərəmizə.
- Sizi teatrda çox
axtardıq, sonda dedilər ki, siz artıq operanın solisti
deyilsiniz?
-
Ona gətirirəm sözümü. Ailəmiz kasıb və
sadə olduğundan mən
kasıbçılıqla böyümüşəm, yeyənin ağzına, geyənin əyninə
baxmışam. Niyə operada işləmək, Leylini,
Şahsənəmi oynamaq arzusunda idim? Elə bil onların
roluna girib öz taleyimi ağlamaq istəyirdim, ona görə
də ifam təbii alınırdı. Əvvəldən qəlbim
kövrək olduğundanmı, yoxsa nə isə anamın vəfatı
mənə çox emosional təsir göstərdi. Bu təsirdən
hələ özümə gəlməmiş məni Operadan
xaric etdilər. Mən zəif sənətkar deyildim, indi də
zəif deyiləm. Prezident xalq
artistlərinə təqaüd verdi. Mən də çox
acınacaqlı vəziyyətdə yaşayırdım, maddi
sıxıntı, iki otaqlı mənzilimdə 7 nəfər
yaşayırıq. Atam, yoldaşım, qızım, nəvələrim.
Bir gün öz qulaqlarımla televizorda dediyini eşitdim ki,
xalq artistlərindən təqaüd almayan qalıbsa,
adları mənə deyilsin. Çox sağ olsun ki, mən də
başqa heç kimin yox, məhz onun yadına
düşdüm və 2005-ci il
aprelin 1-dən təqaüd aldım. Elə həmin gün
Akif Məlikov mənə dedi ki, sən işdən azadsan. Mənə
qədər 60-dan yuxarı yaşı olanları Arif Babayevi,
Canəli Əkbərovu, Zeynəb xanımı artıq
işdən çıxartmışdı. Fidan və Xuraman bacılarını
da 60 yaşları heç olmamış çıxartdı.
İndi mənim də 60-a hələ üç ilim var, səsim
yerində. Nə olsun ki, artıq təqaüd kəsildi mənə,
imkansızlığımı dövlət
başçısı bilib təqaüd verir. Allah
canını sağ eləsin, çox sağ olsun ki, 4
otaqlı ev də verdi mənə. Sən Akif Məlikov rəhbərlik etdiyin musiqi
ocağında 25 il çalışan bir sənətkarı
belə qiymətləndirirsən? hər işin öz
qaydası var, heç özümü demirəm, qoyuram bir kənara,
utanmadınmı Arif Babayevə, Zeynəb Xanlarovaya, Canəli Əkbərova,
Alim Qasımova siz işdən azadsınız deyəndə. Bir
vida konserti təşkil elə, yaxud qoy hərəsi bir vida
operası oynasın, ədəblə, hörmətlə təqaüdə
yola sal. Mənim heç təqaüdə çıxası
yaşım da deyil. Leyli oynamazdım, başqa rollar var,
onları oynayardım, niyə çıxardırsan işdən?
Heç olmasa, bir ay təqaüdü alım, sonra
çıxart. Utanmadan yalan da danışırlar ki, Qəndab
öz ərizəsi ilə işdən çıxıb. Mən
işdən çıxmaq haqda bu günə qədər də
ərizə yazmamışam. Sgzümü ona gətirirəm
ki, sənətkarın qəlbinə dəymək olmaz,
xüsusən bir musiqi ocağında həyatını
qoyasan, sonra da sadəcə soyuqqanlılıqla deyələr
ki, sən işdən azadsan. Bütün bunlardan sonra sənətkar
necə özündə güc tapıb səhnəyə
çıxa bilər? Yenə sağ olsun dövlət
başçısı ki, bizləri içdən anlayır,
qiymətləndirir. Üstəlik Heydər Əliyev Fondundan da
sənətkarlara təqaüd verilir. İndi zəmanə
başqadır, amma mən gedib heç bir televiziyaya deyə
bilmərəm ki, məni dəvət eliyin oxuyum, sənətkarı
özləri dəvət etməlidirlər ki, gəl oxu. Sağ
olsunlar dəvət edənlər.
Dörd illik fasilədən
sonra “Speys”ə
“Görüş yeri”nə çıxdım, nə qədər
zənglər oldu. Mən ildə
bir dəfə də efirə çıxsam həmin Qəndabam,
10 ildə bir dəfə də çıxsam. Camaat əsil sənətkarı
unutmur. Əsil sənətkar üçün siyasi mənsubiyyət
də yoxdur, yetər ki, xalq üçün
çıxış etsin.
- İndi deyəsən
hardasa dərs deyirsiniz?
Akif Məlikovun gözəl
addımından, bizi işdən azad edəndən sonra Canəli
Əkbərovdan xahiş etdim ki, özüm getməyim
utanıram, Teymurçin Əfəndiyevdən soruşsun ki, məni
işə götürərmi? Sağ olsun
çağırdı ki, gəlsin işləsin. İndi orda
işləyirəm, Allah bir tərəfdən əyəndə
o tərəfdən düzəldir. İşə də
düzəldim, təqaüd də alıram, ev də verdilər.
Dövlət başçısı qədrimizi bilir,
aşağıdakı Akif Məlikovlar nə edir etsin, Qəndabı
işdən çıxartmaq olar, amma onun sənətini əlindən
almaq mümkünsüzdür. Sənətimə verilən
qiymət, məişətimi düzəltməklə verilən
ruh məni həyata qaytardı. Vətənsiz, anasız,
yetim qızam, əziyyət
içində çapaladığım vaxtda əlimdən
tutanın Tanrı əlindən tutsun. Onun masasının
üstünə mənim adım getmədi, o, özü məni
yada saldı, sağ olsun. Ayaqdayam, daha görünəcəm,
sənətimdə varam.
Üç nöqtə.- 2011.- 5 fevral.- S. 15.