Allah və seçicilər qarşısında hesabat verən deputat

 

Zahid Oruc: «Seçicilər qarşısında qara fəhlə olmuşam»

 

 «Üç nöqtə»nin yeni layihələrindən biri olan «Deputat seçildim ki…» rubrikasının budəfəki qonağı 93 saylı Bərdə seçki dairəsindən millət vəkili seçilmiş Zahid Orucdur. Zahid Oruc Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. O, nəinki parlamentdə, cəmiyyətdə də fəallığı ilə seçilən millət vəkillərindən biridir. Zahid Oruc olduqca səmimi və ünsiyyətcil insandır, savadına da şübhə ola bilməz. O qədər mütaliə edir ki, bəzən onun danışığından nəsə anlamadığını deyənlər də var. Çünki savadlı adamı başa düşmək bir qədər çətindir. Mən bir neçə nəfər tanıyıram ki, savadı, istedadı başqalarına örnək ola bilər. Amma di gəl ki, çox bildikləri üçün onları sadə dildə başa düşmək olmur. Zahid Orucda da jurnalistlər bəzən belə hallar müşahidə edirlər. Bütün bunlara rəğmən, o, mətbuata yaxın olan millət vəkillərindən biridir. İstənilən vaxt jurnalistin sualını cavablandırır və hətta münasib yerdə olmasa belə, sonradan özü telefon edib cavab verir. Zahid Oruc parlamentdə fəal deputatlardandır. O, demək olar ki, hər iclasda çıxış edir. Bəzən bir iclasda 3 dəfə çıxışa yazılır. Əlbəttə ki, bütün bunlar millət vəkilinin yaxşı cəhətləridir. Amma seçiciləri də unutmaq olmaz. Gəlin görək, Zahid bəy seçicilərlə necə işləyir?

 

«Vədlərimə əməl etmişəm»

 

Sonuncu parlament seçkisindən sonra Zahid Oruc Bərdə rayonunda azı 3 dəfə görüş keçirib. Yəni, mən bunu mətbuatda oxumuşam. Bəlkə də, oxumadıqlarım da var. İndi, Zahid bəy bu məsələyə aydınlıq gətirər: «Dini kəlamlarımızın birində deyilir ki, Allah yaxşı əməlləri sevdiyi insanların əli ilə həyata keçirir. Ötən dövr ərzində qəlbən sevdiyim Bərdə camaatına xidmət edərkən Tanrının məndən tələb etdiklərinə əməl etməyə çalışdım və şadam ki, yeni Bərdənin quruculuğunda bir misqal da olsa, payımız var. Ona görə bir misqal ki, bütövlükdə bu ölkənin varlığı və formalaşması Ulu Öndərin ruhu və cənab İlham Əliyevin adı ilə bağlıdır. Mən Bərdədə hər zaman xeyirxahlıq, humanizm, sadəlik və xalq adına ən müsbət dəyərləri gördüm. Hər kiçik işdən sonra böyük ictimai məhəbbət üstümüzə qayıtdı. Mən təmsil etdiyim Bərdə xalqı ilə hər zaman qürur duydum».

Zahid Oruc deyir ki, ötən seçkidə seçicilərə nə vəd veribsə, hamısına əməl edib: «Söz vermişdim ki, ictimai-siyasi proseslərdə fəallıq göstərəcək, əyləşdiyimiz kreslonu milli mənafelərə xidmət etdirəcək, rayonumuzun qayğılarını tribunalara daşıyacağam. Ötən beş ildə parlamentin on fəal millət vəkili kimi buna çalışdım.  Mandatımızı supermarketlərin, yanacaqdoldurma məntəqələrinin və s.-nin qurulmasına yönəltməyəcəyimə, yaxın qohumlarımı bölgədə üstün bir vəziyyətə gətirmək üçün çalışmayacağıma söz vermişdim. Bu vədimə yüksək şəffaflıqla əməl etdim. Millət vəkilinin ümumi öhdəliklərindən başlıcası təmsil etdiyi əhalinin yanında olması, hər zaman onların ayağına gəlməsi, özü ilə seçici arasında divar yaranmasına imkan verməməsi, bir sözlə, əlçatan və sözyetən olmasıdır. Beş il ərzində keçirilən 128 görüş və tədbir qeyd olunan şərtə sadiqliyi sübut edir. Elə kəndlər var ki, onların hər birində keçirdiyimiz görüşlərin sayı səkkizə çatıb. Hər bir səfərimiz planlı olub və müxtəlif ictimai-fərdi təklif və müraciətlərin dinlənilməsinə həsr olunub».

Deputatın dediyinə görə, 2006-cı ildə yaradılmış deputat köməkçisi vəzifəsi imkan verdi ki, vətəndaşlar konkret ünvana müraciət etsinlər və rabitə operativləşsin: «740-a qədər müraciət və onlarla bağlı atılan addımlar fakt kimi ortadadır. Hökümət təmsilçiləri ilə birgə dəfələrlə Bərdədə olduq. Nazir Əli Abbasovla 2006-cı ildə Bərdənin Əmirli və Həsənqaya kəndlərində yeni telefon stansiyalarının açılışı mərasiminə qatıldıq. Bərdə əhalisinin telefonla təminatı 52 faizdən 96 faizə çatıb. 2006-cı ildə «Azəriqaz» ASC-nin keçmiş rəhbəri ilə birgə Bərdəyə səfər bilavasitə dövlət rəhbərliyinin tapşırığı ilə baş verdi.120 minə qədər köçkünün yaşamasını nəzərə alaraq şəhər mərkəzinin qazlaşması sürətləndirildi. Cəmi 1500 abonentin sayı iki il ərzində 7 minə qədər artdı. İkinci səfər zamanı 6 kənd- Divanlı, Şorəlli, Mehdixanlı, Cəyirli, Güloğlular, Hacallı kəndlərinin qazla təminatı işinə start verildi. İndi 93 saylı Bərdə şəhər dairəsinin 16 kəndinin qazla təminatı başa çatıb. Bu müddət ərzində Baş nazir Artur Rasizadə ilə sözü gedən problemlərlə əlaqədar dəfələrlə görüşərək hökumətin yüksək dəstəyini almış olduq. 2010-cu ildən başlayaraq dövlət başçısının tapşırığı, cənab Artur Rasizadə və cənab Ramil Usubovun mənəvi dəstəyi ilə daha 12 kəndə qaz çəkilişi başlandı. Şatırlı, Hacılı, Kürdborakı, Nazırlı və Qazaxlar kəndlərində, Həsənqaya, Saatlı, Mirasəfli və Qəhrəmanlı kəndlərində, Samux, Mirzalıbəylidə, həmçinin Gərənədə işlər yüksək keyfiyyətlə həyata keçirilir. 24 mənzilli Qarabağ əlillərinin binasının telefon və qaz çəkilişinə, binanın pasportlaşmasına yardımçı olduq. Nizami küçəsi, “Təzə məhlələr” və digər yaşayış məntəqələrinin hər birinə mavi yanacaq verildi və bu tədbirlərə biz də köməyimizi əsirgəmədik. Rayonun içməli və irriqasiya sularına ehtiyacını ödəmək üçün müxtəlif addımlar atıldı».

Zahid Oruc təhsil sahəsində Bərdədə olan problemləri də yaddan çıxarmadığını deyir. Onun sözlərinə görə, təhsil naziri Misir Mərdənovun Bərdəyə səfərindən sonra bəzi məktəblərin tikintisi ilə əlaqədar qərarlar verilib: «Məcburi köçkünlərlə bağlı məsələlərin həlli üçün Baş nazirin müavini Əli Həsənov rayonumuza səfər etdi. Yaxın vaxtlarda dövlət başçısının tapşırığına uyğun olaraq Bərdədə məcburi köçkünlər üçün 10 yeni bina inşa ediləcək, 3 bina və 2 məktəb təmir ediləcək. Tikiləcək binalarda, ilk növbədə məktəblərdə məskunlaşmış köçkünlər yerləşdiriləcək ki, bu da rayon təhsilinin inkişafına müsbət təsir göstərəcək. 2010-cu ildə Mədəniyyət naziri Əbülfəs Qarayevlə birlikdə rayonda elektron kitabxananın açılışına qatıldıq. Rayonun əksər tarixi abidələrinə baş çəkildi və onların bərpası üçün dövlət proqramı hazırlandı. Yaxın vaxtlarda onların icrasına başlanacaq».

Zahid Oruc deyir ki, Bərdənin əksər hissəsində məcburi köçkünlər məskunlaşıb. Onların hərəsi bir rayonun sakini olsa da, Zahid Oruca üz tutanlar naümid geri qayıtmır: «Onlar da bizim vətəndaşlarımızdır. Mən təkcə Bərdə üçün deputat seçilməmişəm. Bizə verilən mandat Azərbaycanın hər yerində keçərlidir. Ona görə də, mənim üçün fərqi yoxdur, hər kim qəbuluma gəlsə, mənə müraciət etsə, əlimdən gələn qədər kömək edirəm. Amma Bərdədə mənzərə tamam fərqlidir. Bayaq qeyd etdim ki, məcburi köçkünlərin həyat şəraiti yaxşılaşdırılıcaq. Lakin bu gün Bərdənin elə yerlərində məskunlaşıblar ki, orada infrastrukturun qurulması müvəqqəti olacaq. Bir müddətdən sonra həmin köçkünlər başqa yerlərə köçürələcək və orada görülən işlər də boş yerə xərc aparmış olacaq».

 

«Seçicilər üçün qara fəhlə olmuşam»

 

Zahid Oruc deputatın seçicilər qarşısında vəzifələrindən yaxşı xəbərdardır. Hətta, o düşünür ki, bəzən seçicilər üçün qara fəhlə rolunu da oynayıb: «Bir dəfə Bərdəyə gedəndə gördüm yol kənarına çınqıl topaları tökülüb. Maşından düşüb dedim ki, lapatka verin, mən də kömək edib, çınqılı yayaq, yolumuz rahat olsun. Məncə, deputat seçicisinə bundan da yaxın olmalıdır. Mən hər zaman Allah və seçicilər qarşısında hesabat verirəm. Xoşbəxt o adamdır ki, xalqa xidmət etmək üçün doğulub».

Zahid Oruc qarşıda duran planlarından da danışdı. Dedi ki, Bərdədə dövlət proqramında nəzərdə tutulmuş iki böyük zavodun inşası baş verəcək: «Bunun 2011-ci ildən başlaması üçün biz də hər cür mənəvi dəstəyimizi göstərəcəyik. Bərdə ərazisində məcburi köçkünlər üçün yaxın vaxtlarda tikintisi başlayacaq evlərə ilk növbədə məktəblərdə və iri binalarda məskunlaşan insanların köçməsi təmin ediləcək. Bu humanitar gərginliyi tam azaltmaqla yanaşı, eyni zamanda Bərdə təhsilinin inkişafına da əvəzsiz töhfə olacaq. Gecikmədən həmin təhsil müəssisələrinin təmiri və yenidən inşası baş verəcək».

Millət vəkilinin ən maraqlı təkliflərindən biri də Bərdədə Qarabağ Dövlət Universitetinin açılması üçün müvafiq dövlət qurumları ilə birgə çalışmaqdır: «Bu, Qarabağda mühüm təhsil, elm və hərbi istehkama çevriləcək, Bərdənin geniş aləmdə tanınmasına xidmət edəcək. Təmsil etdiyim ərazinin qazlaşması başa çatmaq üzrədir. Türkmən, Əyricə, Ərəblər və Qarabağ qəsəbəsinin qazlaşması başa çatacaq. Artıq bununla bağlı «Azəriqaz» İstehsalat Birliyinin qərarı verilib. 2011-ci ildən beynəlxalq maliyyə hesabına Bərdənin kanalizasiya və su sisteminin yenidən qurulmasına və, daxili yolların, kənd və rayonarası yolların asfaltlaşmasına başlanacaq. Mən bu vəzifələrin sırasını artıra bilərəm. Mən qəlbən bu torpağa və camaatımıza bağlıyam. Bərdə camaatını çox istəyirəm. Onlar xeyirxah, sadə və qonaqpərvərdirlər. Onlara xidmət etməkdən şərəf duydum. Bu yolu davam edəcəyik. Hərə bu Vətən üçün bir yaxşı iş görsə, ölkəmizin miqyası dəyişərdi».

 

Seçicilər razıdır

 

Seyid Yusif ağa ocağının nümayəndəsi seyid Səbuhi: «Zahid Oruc camaatımızın sözünü müxtəlif yerlərə çatdıran bir elçi olub. Tanrı qismət eləsin ki, bu işləri davam etdirsin. Mən bu müqəddəs ocaqda çoxlu insanlarla görüşürəm. Onlar Zahid müəllimdən razıdırlar. Biz ona xeyir-dua veririk». Bərdə rayon sakini Məhi Quliyev Zahid Orucun seçicisidir. O da bir seçici kimi deputatla bağlı fikirlərini bölüşür: «Zahid Orucu ilk dövrlər tanıyanda onu ciddi siyasi risqlərin qarşısında cəsarətlə dayandığını gördüm. Bu keyfiyyəti və qoçaqlığı xoşuma gəldi. Azərbaycan gəncliyində görmək istədiyim keyfiyyət məhz budur. Mən Bərdədə Rüstəm Səfərəliyevin dövründə 12 ildən artıq polis idarəsinin rəisi işləmiş, insanlara şərəflə xidmət etmişəm. Bərdə camaatı çox xeyirxahdır və işləyən adamın qiymətini verir, hörmətini saxlayır. Bilirəm ki, Zahid Oruc çalışqanlığı ilə əhalinin rəğbətini qazanıb. Onun qohumları ilə də keçmişdə yaxından yoldaşlıq etmişik. Belə bir mühitdə inanıram ki, o, yorulmadan seçiciləri üçün xidmətlərini davam etdirəcək».

Zahid Orucun səmimiyyətinə inanır. Ona görə ki, o özü inanmağı və inandırmağı bacaran insandır. Bir deputat ki, «Allah və seçicilər qarşısında hesabat verirəm» deyir, əlbəttə, əlavə şərhə ehtiyac qalmır və ona yalnız uğur diləmək lazımdır. Uğur olsun…

 

 

Elməddin MURADLI

 

Üç nöqtə.- 2011.- 12 fevral.- S. 5.