«Mənə təzyiq olanda, daha da güclənirəm»

 

«Bu il attestat balı nəzərə alınmayacaq»

 

Parlament Jurnalistləri Birliyinin üzvləri Azərbaycan cəmiyyətində tanınmış şəxslərlə görüşü davam etdirirlər. Bu sıradan olan növbəti görüş Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) sədri Məleykə Abbaszadə ilə keçirilib. Görüşdə Parlament Jurnalistləri Birliyinin 12-dək üzvü iştirak edib.

Media nümayəndələri əsasən tələbə qəbulu ilə bağlı onları maraqlandıran müxtəlif sualları komitə sədrinə ünvanlayıblar.

- Təbii ki, bir dövlət qurumu kimi daim mediaya açıq olmalıyıq. Bizim apardığımız iş maarifləndirmə işidir. Baxmayaraq ki, biz imtahanlarla əlaqədar və eləcə də digər məsələlərlə bağlı daim internet saytımızda məlumat veririk. Amma biz bunu başa düşürük ki, hər bir qəzetin, hər bir media orqanının öz kateqoriyasına uyğun oxucusu var. Həmin insanlar o qəzetlərə öyrəşiblər və daim onu oxuyurlar. Biz bu baxımdan istəyirik ki, gördüyümüz işlərlə bağlı insanlar qəzetlər vasitəsi ilə, digər KİV-lərlə məlumat ala bilsinlər. Biz cəmiyyətdə olan şayiələri maksimal şəkildə aradan qaldırmağa çalışırıq. İnsanlar rəsmi məlumatı öyrəşdiyi dildə qəzetlərdə və digər KİV-dən alsınlar. Etiraf edim ki, bizim verdiyimiz məlumatlar daha çox hüquqi dildə olur. Biz məcburuq ki, imtahanlarla bağlı məsələləri hüquqi dildə verək. O cümlədən, insanlara məlumatlar başa düşdükləri dildə çatdırılmalıdır. Ona görə çalışırıq ki, hər zaman mediaya açıq olaq, mətbuat konfransları keçirək. Biz müəyyən layihələri də həyata keçiririk ki, abituriyentlər bütün informasiyaları tam şəkildə əldə edə bilsinlər.  

- “Təhsil haqqında” qəbul edilən qanun tələbə qəbulu məsələlərinə necə təsir göstərdi?

- “Təhsil haqqında” qanun qəbul olunduqdan sonra cənab Prezident xüsusi sərəncam verdi. Bu sərəncama əsasən, yeni vəzifə bölgüsü aparıldı. Bundan sonra biz üzərimizə düşən işləri həyata keçirməyə başladıq. Bu qanun bizim üçün hər hansı çətinlik törətmədi. Müzakirələr zamanı mən çıxışımda qeyd etmişdim ki, biz gərək qanunda istisnalar yox, əsasən real mexanizmləri nəzərdə tutaq. Bizə fənn olimpiadalarının qalibləri sənəd təqdim etmirlər. Nəinki bu il, hətta 1992-ci ildən biz qəbul imtahanlarını aparırıq. Bu zamana kimi, elə insan olmayıb desin ki, “fənn olimpiadasında dünyada I yer tutmuşam, mən  istəyirəm BDU-da oxuyam”.

Məsələ ondadır ki, kimsə I yer tutursa, o, BDU-ya ona görə gəlmir ki, dünyanın ən yüksək səviyyəli universitetləri ona tələbə olmağı təklif edir. Bizim universitetlər bu siyahıda yoxdursa, məsələnin müzakirəsindən söhbət gedə bilməz. Qanun qəbul oldu. Mən bununla tam razıyam. Ancaq bizdə belə uşaqlar yoxdur. Söhbət 11-ci sinifdən gedir. Bu siniflərdə də belə uşaqlar demək olar ki, yoxdur. Dünya yarışlarının qalibləri, olimpiya çempionları da çox nadir hallarda olur. Bilirsiniz, elə idman növləri var ki, insanlar bundan xəbərsizdirlər. Şərq döyüşləri ilə bağlı dünya çempionları bizə müraciət edirlər. Deyərdim ki, belə məsələlərlə bağlı bizə çox sayda müraciət edirlər. Təxminəm 30-40 belə şəxsi biz qəbul etdik. Hansı ki, həmin insanlar əvvəlki illərdə bu göstəricilərə nail olmuşdular. Qanundakı ikinci məsələ bir pillədən o biri pilləyə keçəndə əvvəlkinin nəticəsini nəzərə almaqdan ibarətdir. Biz attestat qiymətlərinin ali məktəbə qəbul imtahanlarında nəzərə alınmasına çalışırıq. Neçə illərdir ki, biz bununla əlaqədar araşdırma aparırıq. Attestat qiyməti ilə ali məktəbə qəbul imtahanında əldə edilən nəticə ən azından üst-üstə düşməlidir. Bu əmsalın heç olmasa 6/10-da olmasına mən razıyam. Biz imtahanın nəticələri ilə attestat qiymətlərini müqayisə etdik. Demək olar ki, 400-500 abituriyentin taleyinə attestat balı təsir göstərdi. İki eyni bal toplayan şəxs attestat qiymətinə görə fərqləndirilir. Biz bunun üzərində də çox ciddi fikirləşirik. Amma bu il attestat balı nəzərə alınmayacaq.

- Tələbə qəbulu üzrə yeni qaydalar nə vaxt məlum olacaq?

-  Bu ilin qəbul qaydaları 10 gündən sonra bəlli olacaq. Hələ ki qəbul qaydaları qəbul olunmayıb. Hər il bizdə dəyişikliklər olur, imtahanın məzmunu ilə bağlı yeniliklər edirik. Bizim hər gün elmi-metodiki seminarlarımız olur. Bütün məsələlər açıq şəkildə müzakirə olunur. Bizdə 5 regional bölmə yaradılıb. Bu seminarlara bütün regionlar bağlanır. Onlar da bu seminarlarda iştirak edirlər.

- Attestat qiymətləri ilə bağlı şəffaflıq təmin olunacaqmı?

- Mən bu məsələlərə indi toxunmaq istəmirəm. Çünki hər bir məktəbdə bu yoxlamanı aparmaq lazımdır, bu isə mümkün deyil. İndiyə kimi apardığımız araşdırmalar zamanə aydın oldu ki, məktəblərdə müqayisəli qiymətləndirmə aparılır. Amma ölkə miqyasında bu göstəricilər uyğun deyil. Bizdə isə standart imtahan aparılır. Siz bilirsiniz ki, kifayət qədər abituriyent bu imtahanlardan keçə bilmir. Məzunların nəticələrini götürək. Onların 30%-i 0-100 arası nəticə göstərib. Bu axı necə ola bilər. Bu, ola bilməz. Deməli hardasa boşluq var. Onun da səbəblərini mən araşdırmıram.

- Cəmiyyətdə belə bir fikir var ki, Azərbaycanda orta məktəblər ali məktəb imtahanlarına şagird hazırlamağa qadir deyil. Buna münasibətiniz necədir?

- Burada təkcə məktəbi günahlandırmaq olmaz. Valideynlərin də günahı var. Çünki valideyn uşaqla gərək birinci sinifdən ciddi maraqlansın. Valideyn hər gün uşaqlarla maraqlanmalıdır ki, bu gün uşaq nə öyrənib, nə keçib. Bir də yada düşür X, XI sinifdə ki, uşaq hansı universitetə gedəcək. Repititorla yanaşı, uşaq özü də hazırlaşa bilər. Odur ki, bu məsələdə təkcə məktəbi günühlandırmaq olmaz. Bizim saytımızda da bütün fənnlərlə bağlı resurslar yerləşdirilib. Abituriyentlər bizim saytdan faydalana bilərlər.

- Repititor məsələsinə toxundunuz. Sizcə, Azərbaycan təhsilində psixoloji problem varmı? Problemlərin kökündə psixoloji məqamlar dayana bilərmi ki, repititorsuz ali məktəbə daxil olmaq mümkün deyil?

- Yox mən belə hesab etmirəm. Çünki bizdə kifayət qədər abituriyent  olub ki, heç bir repititor yanınna getmədən yüksək bal toplayaraq ali məktəblərə qəbul olublar. Təbii ki, mən yenə deyirəm ki, təhsilin olması üçün burada belə problemli məqam yoxdur. Hətta bir məsələni nəzərə çatdırım ki, bir çox kənd müəllimləri bazarlarda çalışırlar. Əgər müəllim yaxşıdırsa, onun tələbəsi də savadlı olacaq. Repititorluq bir növ intellektual əməklə məşğul olan insanlar üçün çıxış yolu idi. İndiki iqtisadi vəziyyəti 15 il əvvəlki ilə müqayisə etmək olmaz. Bu, pis deyil. Heç olmasa, bizdə elə insanlar var ki, orta məktəb proqramı səviyyəsində bir mütəxəssis kimi formalaşıblar. Mən istərdim belə insanlar çox olsun. Əgər müəllim müəllimdirsə o, istəməz ki, məktəbdə öz dərsini aşağı səviyyədə keçsin. Burada müəllimin günahı yoxdur. Məktəbin idarə edilməsində problemlər var. Məsələn, bizdə liseylər var ki, onların nəticələri fərqlidir. İndi bir çox layihələr həyata keçirilir. “Ən yaxşı müəllim”, “Ən yaxşı məktəb” və s. Bu layihələr də təhsilin inkişafına öz təsirini göstərəcək.

- Tələbə qəbulunun nəticələrinə təsir göstərən amillərdən biri də müəllimlərin maddi durumunun aşağı olmasıdır. Ümumiyyətlə, sizin müəllimlərin maaşlarının artırılması və diplomlu şəxslərin işlə təmin olunması ilə bağlı təşəbbüsləriniz ola bilərmi?

- Mənim belə bir səlahiyyətim yoxdur. Ancaq deyə bilərəm ki, müəllimlərin də maaşları fərqli olmalıdır. Müəllimdən müəllimə də fərq çoxdur. Tutaq ki, müəllimlərin maaşı oldu 500 manat. Amma elə müəllimlər var ki, onlar nəinki 500 manata, heç 200 manata da layiq deyil. Ona görə də, burada çox ciddi işlər aparılmalıdır. Mən istərdim ki, təhsil layihələri təkcə şəhərləri deyil, bütün rayon və kəndləri də əhatə etsin. Belə təşəbbüslər olmalıdır. Müəllim biliyinin 50%-ni şağirdlərə öyrədə bilərsə, bunun nəticəsi yüksək olar. Məsələ ondadır ki, müəllim dərs proqramını necə bilir?

Mən müəllimlərin attestasiyasının aparılmasını vacib hesab edirəm. Bu, çox mürəkkəb prosesdir.

Dövlət açıq-aşkar bildirir ki, mənə bu ixtisaslı insalar lazımdır. Misal üçün deyim, zootexnik, baytarlıq ixtisası üzrə... Dövlətin bu kadrlara ehtiyacı var. Bu mütəxəssislərə təlabat kifayət qədərdir. Hətta onlar bir çox həkimlərdən daha çox pul qazanırlar. Amma IV qrupa müraciət edənlərin əksəriyyəti daha çox müalicə işini yazırlar. Bir adam da olsun dediyim yerləri yazmır. Axı bunu biz formalaşdırmırıq. Valideyn, uşaq ixtisas seçəndə bu məsələlərə diqqət etməlidir.

- Demək olar ki, Azərbaycanın gələcəyi sizin ələyinizdən keçir. Məzunların intellektual səviyyəsi necədir və onların timsalında Azərbaycanın gələcəyini  necə görürsünüz?

- Mən çalışıram gənclərin intellektual səviyyəsi artsın. Oxumaq istəyən bütün insanlar üçün biz hər bir şəraiti yaradırıq. Amma oxumaq istəməyənlərə gərək valideynlər təsir göstərsinlər. Azərbaycanın gələcək inkişafı təbii ki, gənclərdən aslıdır. Belə bir nəzəriyyə var ki, əgər milllətin 5%-i rəqabətə davam gətirməyi bacarırsa, həmin kütlə geridə qalan 95%-i də arxasınca çəkə bilər.

- Maraqlı məqam var ki, orta məktəblərdə yaxşı oxuyanlar yüksək bal toplaya bilmir, yüksək bal tplayanlar isə ali təhsil müəssisələrində çətinlik çəkirlər. Siz buna necə baxırsız?

- Biz bunlarla bağlı araşdırmalar aparırıq. Mən başa düşmürəm, onlar Boloniya sistemində oxuyurlar. Hansı problemləri yaranır... Hər bir universitetdə xüsusi standartlar var. Biz də magistraturaya imtahan hazırlayanda bu standarta əsaslanırıq. Bizdə ədəbiyyat baxımından da çatışmazlıqlar var. Demək olar ki, ədəbiyyatın çox hissəsi rus dilindədir. Sovet vaxtından fərqli olaraq indi bizdə rus dili xarici dil sayılır. Dərslik yoxdursa, yalnız mühazirə zamanı yazılanlarla kifayətlənmək olmaz. Bax bu məsələlər var. Bu problemlərin müxtəlif səbəbi var. Məzun elektron sistemi ilə bağlı cənab Prezidentin fərmanı var. Bunun da yaradılması bizə həvalə olunub. 2,5 milyon vətəndaş haqqında bu sistemdə məlumat hazırlanıb. Bu ildən sistemə qoşulan bütün universitetlər bizə məlumat verəcəklər. Həmçinin,  bu sistemə 14 dövlət təşkilatı və Maliyyə Nazirliyi qoşulub. Bizdə bu statistik məlumat olandan sonra asanlıqla araşdırma apara biləcəyik. Təbii ki, kimsə fikirləşə bilər müəllimlər pisdir. Texniki fənnlər üzrə Azərbaycan dilində dərsliklər yoxdur. Humanitar sahədə dərslik məsələsi həll olunub. Amma ümumi olaraq dərslik baxımından problemlər var. Məzunlar əgər əmək bazarında iş tapmırlarsa, baxaq görək onlar əmək bazarında tələb olunan iş yerlərinə hazırdırlarmı. Nə qədər vakansiyalar var? Niyə bu vakansiyalar tutulmur?

- Orta məktəblərdə və ali məktəblərdə test imtahanlarının TQDK tərəfindən keçirilməsi mümkündürmü?

- Siz ümumi problemə bir dərman istəyirsiniz. Bilirsiniz, biz bu sahədə təcrübəsi olan bir qurum kimi, hüquqi cəhətdən ixtiyarımız yoxdur bunu edək. Ancaq sınaq imtahanları keçirə bilərik ki, uşaqlar öz biliklərini yoxlasınlar.

- Qəbul imtahanlarında jurnalistika ixtisası üzrə yazılı iş keçirilə bilərmi?

- Magistratura pilləsində biz yazılı iş keçiririk. Amma bakalavr pilləsində 30 min adam var. Misal üçün, onların 5 min nəfər gəlib imtahan versin. Mən gərək bunları təmin edim. Axı Azərbaycanda nə qədər vicdanlı mütəxəssis var ki, mən bu işləri heç olmasa, 10 günə yoxlatdırım. İngiltərədən bu esseləri Yeni Zelandiyaya göndərirlər ki, yoxlasınlar. Onların bununla bağlı müqavilələri var. Amma mən bu prosesi burada tətbiq edə bilmərəm. Biz Azərbaycan dilində olan yazıları hansı ölkəyə aparaq yoxlamağa? Bu mümkün deyil.

- Bu yaxınlarda keçirilən sınaq imtahanlarında deyəsən səhvə yol verilmişdi?

- Bəli, 3 fəndən iki sual çıxarılmışdı. Burada bir məsələ var. Necə ki, biz çox zaman elmiliyi aşkarlığa qurban edirik, eyni zamanda biz təhlükəsizliyə də elmiliyi qurban edirik. Biz gərək test kitabçalarını yığaq ki, yaxşı testləri təkrar-təkrar istifadə edək. Gedin ayrı bir standart imtahana görün kitabçanı sizə verəcəklər? Əlbəttə vermirlər. Amma bizdə kitabça da gösrtərilir, cavab kartı da göstərilir. Təbii ki, texniki səhvlər olarkən biz bunun nəticələrini uşaqların xeyrinə həll edirik. Sınaq həm də bizim üçün bir sınaqdır. Amma ümumi desək, axırıncı imtahanlarda bizdə  səhvlər olmamışdı.

- SSRİ dönəmində qəbul üçün tez-tez zənglər gələrdi və kimisə tapşırardılar. İndi necə bu məsələlərlə bağlı sizə müraciət edirlərmi?

- Xeyr. Mənə heç kim heç nə tapşırmır. Məndən xahiş olunanda,  mən onlara jurnal bağışlayıram, sınaq imtahanına yazdırıram. İmtahanın nəicəsinə görə məsləhət verirəm. Mən bunu televiziya vasitəsi ilə də verirəm. Elə hallar olur ki, mən kiməsə individual da məsləhət verirəm. Dövlət telefonuma da bununla bağlı zəng gələndə mən öz məsləhətlərimi verirəm.

- “Təhsil haqqında” qanunun qəbuluna illər sərf edildi. Test üsulunun ləğv edilməsi ilə bağlı sizə təzyiqlər olurdumu?

- Mən deyim ki, kimsə ona təzyiq olanda zəyifləyir, kimsə qırılır. Mənim xasiyyətim pisdir. Mənə təzyiq olanda mən daha da güclənirəm və təzyiqə də cavab verirəm. Mənə toxunmayasan gərək. Prezidentin bu məsələ ilə bağlı mövqeyi vardı. O, bizə etimad göstərmişdi və tapşırıq vermişdi ki, bu proses tam şəffaf keçsin. Həmçinin Prezident bildirmişir ki, “siz heç kimin təzyiqinə məruz qala bilməzsiz”. Buna vaxt lazım idi.

Müasir dünyada baş çıxartmaq üçün insanın minimal riyazi savadı olmalıdır. Humanitar sahədə elm öyrənən insanların isə minimal səviyyədə məntiqi savadı olmalıdır.

- Son vaxtlar ölkədə korruspiya və rüşvətə qarşı bir sıra tədbirlər həyata keçirilir. Siz necə, bu kampaniyalara qoşulmaq fikrindəsiz?

- Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə aşkarlıq çox vacib məsələlərdən biridir. Biz işimizi elə qurmuşuq ki, hər bir məsələ aşkar olsun. Bizim apardığımız işlər, gördüyümüz xidmətlər bir ilin, bir ayın işi deyil. Biz ilk dəfə bu proseslərə 92-ci ildən qoşulmuşuq. Biz insanlar üçün elektron xidmər göstəririk. Bu onu göstərir ki, məmurla heç bir münasibəti olmayan şəxs dövlət tərəfində göstərilən bütün xidmətləri əldə edir. Biz çalışırıq insanlar heç bir məmurdan asılı olmasınlar. Biz minlərlə, yüz minlərlə insana elektron xidmət göstəririk. Bizim işçilərimiz yaxşı bilirlər ki, bu cür neqativ hallara yol versələr, mən şəxsən özüm onun cəzalandılmasını tələb edəcəm. Bizim əməkdaşlarımız öz sahələrində professionaldırlar. Əgər insan öz peşəsinin qiymətini bilirsə, o, heç zaman qeyri-qanuni iş görməyəcək.

- Regionlarda yaşayan insanlar qəbul imtahanları zamanı Bakıya gələrkən bir çox problemlərlə üzləşirlər. Qalmağa yer tapmamaq və eləcə də bu  yorğunluq onların imtahan nəticələrinə də mənfi təsir göstərir. Bununla bağlı sizin fikrinizi bilmək istərdik.

- Qeyd edim ki,  bizim imtahanlarımız Bakı, Naçıvan, Sumqayıt və Gəncədə keçirilir. Bu il biz fikirləşirik ki, magistraturaya imtahanı Lənkaranda da keçirək. Keçən il Gəncədə də imtahanlar keçirildi. Məncə imtahanın keyfiyyətli keçirilməsi daha vacibdir, nəinki hansısa regionda keçirilməsi. Biz təbii ki, bu baxımdan insanların çətinliklərini nəzərə alırıq. Bundan başqa, Şəkidə imtahanın keçirilməsi nəzərdə tutulub. Bax, bu məsələlər elə-belə həll olunmur. İmtahandan əvvəl çox ciddi işlər aparılmalıdır. Bunun üçün bizim regional bölmələrimiz fəaliyyət göstərir.

 

 

Elməddin MURADLI

 

Üç nöqtə.- 2011.- 12 fevral.- S. 8.