Vergilər Nazirliyi korrupsiyaya qarşı mübarizəni gücləndirib

 

Fazil Məmmədov: «Korrupsiya hallarına rast gəlinən məsələlər respublika prokurorluğuna göndərilir»

 

 «Dövlət başçısının məlum tapşırıqlarından sonra vergi orqanlarında korrupsiyaya qarşı mübarizə daha da gücləndirilib». Bu fikirləri dünən jurnalistlərə açıqlamasında vergilər naziri Fazil Məmmədov dedi. Onun sözlərinə görə, vergi orqanlarında korrupsiyaya qarşı mübarizə tədbirləri müvafiq proqram çərçivəsində daim həyata keçirilib: «Amma Prezidentin tapşırıqları əsasında onun daha da qətiyyətləşməsi nəzərdə tutulur və ölkə rəhbəri belə halların aradan qaldırılması üçün bütün dövlət orqanlarına, o cümlədən prokurorluq orqanlarına öz tapşırıqlarını verib».

F.Məmmədov qeyd etdi ki, Vergilər Nazirliyində belə hallarla Nazirliyin Daxili təhlükəsizlik İdarəsi məşğul olur: «Bu idarənin əsas fəaliyyəti vergi orqanı əməkdaşlarının qanunsuz hərəkətlərindən və ya hərəkətsizliyindən olan şikayətlə baxılmasıdır, eyni zamanda, korrupsiya halları ilə əlaqədar əgər faktlar varsa, onunla əlaqədar araşdırmaların aparılmasıdır».

F.Məmmədovun sözlərinə görə, müxtəlif hallarda işində verdiyi nöqsanlara görə işçilər işdən azad edilir, eyni zamanda korrupsiya hallarına rast gəlinən məsələlərdə materiallar Respublika Prokurorluğunun korrupsiya ilə mübarizə İdarəsinə göndərilir.

Nazir bildirdi ki, ayrı-ayrı vergi işçilərinin qanunla müəyyən edilmiş vəzifələrinə uyğun olmayan hərəkətləri vergi ödəyicilərinin haqlı narazılığına və vergi orqanlarına etimadsızlığına səbəb olur: «İlk növbədə bu səyyar vergi yoxlamaları və ya operativ nəzarət tədbirləri aparılarkən Vergi Məcəlləsinin tələblərinin pozulması və ayrı-ayrı hallarda korrupsiya və rüşvətxorluq faktlarının olması ilə bağlıdır. Ötən il vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsinə, attestasiyanın yekunlarına görə müasir tələblərə cavab verməyən, habelə vətəndaş müraciətləri və şikayətlər üzrə aparılmış araşdırmalar nəticəsində neqativ hallara yol verən vergi işçilərinin sistemdən kənarlaşdırılmasına baxmayaraq, bu kimi hallara hələ də rast gəlinməsi daha ciddi tədbirlər görülməsini tələb edir».

Vergi orqanlarında vətəndaş müraciətlərinə mahiyyəti üzrə baxılması və onların vaxtında və düzgün cavablandırılması məsələsi üzərində dayanan nazir vəziyyətin hərtərəfli araşdırılaraq qısa müddət ərzində mövcud nöqsanların tamamilə aradan qaldırılması məqsədilə onun əmri ilə xüsusi işçi qrupu yaradıldığını və həmin qrupun verəcəyi təkliflər əsasında vergi orqanlarında vətəndaşlardan daxil olan ərizə və şikayətlərə baxılması prosesinin müasir texnologiyalardan istifadə etməklə daha da təkmilləşdiriləcəyini jurnalistlərin diqqətinə çatdırdı.

Korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizədə qətiyyətlilik və ardıcıllıq nümayiş etdirilməsinin vacibliyini qeyd edən F.Məmmədov Vergilər Nazirliyinin «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə 2007-2011-ci illər üçün Tədbirlər Planı»nın icrasının bütün parametrlər üzrə təmin edilməsinin vergi orqanlarının rəhbərlərinin ən mühüm vəzifələrindən biri olduğunu vurğuladı.

 

 

Əfsun

 

Üç nöqtə.- 2011.- 12 fevral.- S. 12.