AYO ədəbi tarixdir
Rasim Qaracanı, qurumunu və onun tərəfdaşlarını
inkar edənlər az deyil
Rasim Qaraca deyəndə
hamı “AYO” düşünür. Sanki Lenin düşünəndə
partiya göz önünə gəlir. Rasim də eynən belədir.
Əslinə qalanda onun AYO-su əsil mifdir, yəni kabinetsiz və
portfelsiz bir nazirə bənzəyir AYO. AYO-nu isə
yaxından tanıyanlar onu elə bu statusuna görə
seçib bəyəniblər və indi orda olanlar onu
qardaşlıq təşkilatı hesab edirlər. Bu seçim Seymur Baycana
aiddir. O, AYO-nun dirəklərindən biridir. Biz bu gün ondan
yox, o dirəkləri sürüyüb ədəbi meydana gətirən
Rasim Qaracadan söz açmaq istəyirik.
Bilmirəm, bugünkü
yazımıza necə ad verək, çünki Rasimi nə
az, nə çox, düz 24 ildir ki, tanıyıram. Həmin
dövr ərzində ara məsafələrilə onunla
görüşmüşəm. Son üç ildə isə
demək olar ki, hər gün görüşürəm. Deməli
onun və onun AYO-su haqqında yazmaq heç də mənə
çətin deyil.
Rasim peşəcə
jurnalistdir. Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsini bitirdikdən sonra
"Mayak" və "İşıq" adlı
rayon qəzetlərində işləyib. Və elə oradaca,
daha dəqiqini desək, indiki Şirvan şəhərində
Azad Yaşar və İsmayıl Bayramoğlu ilə birgə
"BACA" ədəbiyyat dərnəyini yaradıb. Dərnəyin
qeyri-rəsmi mətbuat orqanı olan "Yaşıl
söz" bülletenini çap etdirib. Azad Yazarlar
Ocağı onun təşkilatçılığı ilə
2001-ci ildə yaradılıb. "Alatoran" jurnalı isə
2004-cü ildən yayınlanmağa başlayıb.
«Ölüm haqqında
günəş», “R” hərfi olmayan aylar», «Türkün məsəli»,
«Əyri evin qadını», «Siz ey ordakılar». Bunlar
yazımızın yarımbaşlıqları deyil, Rasimin
işıq üzü görən kitablarının
adıdır. Adlar da özü və sözü kimi müəmmalıdır.
Əvvəl sözündən başlayaq, çünki
özündən danışdıq.
Yazıçılıq
insan həyatında mənalı yeganə fəaliyyətdir.
O, öz jurnalının səhifələrində
“hər kəsin oxuyub qəbul etdiyi” əsərlərin yerinə,
indi «hər kəsin oxuduğu, lakin qəbul etmədiyi» əsərləri
görmək istəyir.
“Alatoran” güc toplayıb yenidən
dirçələn Azərbaycan ruhunun sönməyən səsidir.
“Alatoran”ın
yandırıcı bir atəşi var. Zəiflər bu atəşi
atlaya bilmir, ütülüb geri çəkilir. “Alatoran” ənənəvi
düşüncə ilə bütün bağlarını kəsmiş
gənclərin dərgisidir, o düşüncənin ki, bizi
yalnız məğlubiyyətə və rəzalətə gətirib
çıxarıb.
“Bir quş uça biləcəyi
göyü tapır”.
Rasimlə söhbət etməzdən
öncə internetdə onun haqqında yayılan
saysız-hesabsız materialları vərəqlədim, bəzilərini
oxuyub, bəzilərinə göz atdım. Fikir və
düşüncələrilə
razılaşdığım anlar da oldu,
razılaşmadığım məqamlar da…
Ədəbi proses 2000-ci ilə qədər durğun bir
bataqlığa bənzəyirdi (?).
Ədəbiyyat bütləri silkələndi,
çataldı və ovulub töküldü.
Həyatda mübarizədən də üstün nələrsə
var
Bu nələrin nə
olduğu Rasimə aid olan məsələ deyil. Bu, İlahi
bir məsələdir, onun tapıntısı biz insanlara nəsib
olmayacaq.
Rasimi, AYO-nu və onun tərəfdaşlarını
indi inkar edənlər az deyil. Bu, az qala Hegel dialektikasına bənzəyir.
İnkarı inkar qanunu. Aqillər həm də deyir ki, qanundan
kənar hər şey qanundur. Rasim isə bu inkarlıq
haqqında belə düşünür. “Bəli, bizi indi
inkar edirlər. Lakin dediyim kimi, inkar qorxulu deyil, o əsl həqiqətin,
əsl dəyərin ortaya çıxmasına xidmət edir.
İnkar olunmaq yenidən kəşf olunmaq deməkdir. Mən
hər gələn nəsillər tərəfindən inkar
olunmağımı çox arzu edərəm, onlar mənim ən
yaxşı əsərlərimi sərf-nəzər edib daha
irəlidəki zamanlara ötürəcəklər. Bundan
gözəl nə var?”
Bu, öz yaradıcılığı haqqında. Bəs
Rasim Qaraca AYO haqqında nə düşünür?
AYO sirli bir qurumdur, bunun nə
olduğundan kimsə baş aça bilmir. Necə ola bilər,
ofisin olmaya, büdcən olmaya, nizamnamən olmaya, üzvlərinin
yarısı bəyanat verib “mən AYO-da yoxam” deyə, aylarla
toplanmayasan və yenə də
var olmaqda davam edəsən? Bəziləri qəzetdə
bəyanat verib rəsmən “bu gündən mən AYO-nun
üzvü deyiləm” deyir, ancaq hansı qəzetə
baxırsan, AYO-çuların sırasında onun da adı
var. Deyəsən, AYO yağ ləkəsi kimi bir şeydir, istəsən
də, ondan qopa bilmirsən. Burdan gedənlər həmişə
bura qayıdır. Və bu baxımdan AYO ədəbi tarixdir,
desək yanılmarıq.
Ancaq el arasında
çoxları elə düşünür ki, AYO deyəndə
onun ətrafında yalnız cavanlar toplaşıb. Əslində
isə AYO-nun nüvə mərkəzi olan Azad Yaşar, Rasim
Qaraca, Rafiq Tağı artıq 50-ni haqlayıblar. Həmid
Herisçi, Murad Köhnəqala da elə o ərəfədədirlər.
Cavanlar isə cavan olmalarına baxmayaraq ədəbi aləmdə
çox tanınıblar. Fərhad Amur, Aqşin, Namiq
Şaman, Nərmin Kamal, Sevinc Pərvanə və
başqaları…
Rasim Qaraca nə “Nobel”ə,
nə də ayrı bir mükafata iddialı deyil. O, bu haqda belə
yazıb:
“Mən heç bir tarixi xidmətə
iddialı deyiləm. Ürəyim istəyən işləri
görürəm. Ancaq bəzi dostlarım gördüyüm
işləri korlamaqla məşğuldurlar – jurnal buraxıram,
jurnal buraxırlar, sayt açıram, sayt açırlar, seriya kitablar nəşr
edirəm, seriya kitablar nəşr edirlər…”
Rasim Qaraca üçün
“ortabab yazıçı” anlayışı yoxdur. Ya
olmalısan, ya da çıxıb getməlisən. Onun həyat
fəlsəfəsi belədir.
Rasimin indi çap imkanları
google axtarış sistemi kimi genişdir. İndi onu hər
yerdə çap edirlər. Öz saytlarında (adyazar.az,
enyeniedebiyat.com), “Alatoran” jurnalında, Bizimki, Kultaz, Litaz
saytlarında, “Azadlıq”
radiosunun Oxu zalında… İndi ona hər yerdə rast gəlmək
olar.
O, sanki ədəbi aləmə
internet sürətilə daxil olub, çıxmağı isə
düşünmür. Daha doğrusu çıxa bilmir,
çünki özünün dediyi kimi ora girən ordan
ölü çıxır.
Rasimi tanımayanlar
üçün deyim ki, o, orta məktəbdə oxuyanda rəssam
olmaq istəyib. Hətta bu istəyinin həyata keçməsi
üçün rəssama aid olan fırçalar, rənglər
sifariş edib və çəkilib çəpərlərinin
bir küncünə. Günlərlə
çəpərdə “rəsm çəkən” Rasimin bu
arzusunun çin olmasına doğmaca atası maneçilik
edib. Fırçalarını, rəng qutularını
atası çəpərlərinin yaxınlığındakı
dərəyə tullayıb. Və şairlik elə andan sonra
yaranıb onda. Düzdür, bu, sürpriz yazmaq xatirinə
deyilən sözdür, yaradıcılıq ümumiyyətlə
insana qanla gəlir. O qanın isə hardan süzülüb gəldiyini
yalnız Tanrı bilir. Ola bilsin ki, atası Rasimin pis rəssam
olacağını əvvəlcədən bildiyindən onun
yaxşı şair olmasına təkan verib. İnsanlara bəzən
nəsə agah olur…
Üzümə tökülmüş qadın
saçlarının arasından görürəm günəşi,
Xəzər dənizini, tərləmiş limonad
şüşəsini, siqaretin burulan tüstüsünü,
sarı-mavi brezenti, BP-nin neft buruqlarını,
insanların kölgəsiylə kəsilən zamanı...
Üzümə tökülmüş... qadın
saçlarının arasından eşidirəm dənizin
xışıltısını,
dişlərim arasında qumların
xırçıtısını, fotoaparatın
şıqqıltısını...
Hiss edirəm kainatın necə
döyündüyünü
vəhylər gəlir qulağıma pomadalı
dodaqlardan...
Hiss edirəm günəşin, dənizin, qumun və qadının qoxusunu...
Ölüm adi şeydir, hər
kəs öləcək, eləcə də sevgililər... Bax,
onun da sevgilisi ölmüş. Orada, hər zaman paltar
yuduğu o kötüyün yanında, gecənin
qaranlığında heç kimsə görməsin deyə
diz üstə çöküb ağlayır...
Bir az keçəcək, bir
neçə gün bu ağlamaq səsi kimsəsiz, tənha,
yaralı bir itin zingiltisinə bənzəyəcək, hər
gecə ağlayıb zingildəyəcək o qadın, hər
gecə ağlayıb zingildəyəcək...
Rasimin cavanlığı
Keşlədə keçib və bir gün görüb ki,
başdanxarab birisi sevgilisinin qapısı döyülən
zaman pəncərədən qonşu evin damına
çıxıb, ordan da birbaşa qatara sıçrayıb.
Bu mənzərini görən şair isə onda belə
yazıb: “Keşkə, keşkə... geri qayıdaydı bir də
qorxudolu o günlər…”
İndi isə belə
yazır:
Səni unutmamışam...,
yaddaşımdakı rəngli qutulardan birində,
heç kəsin əl çatmadığı
çox dərin bir yerdəsən...
Sadəcə zaman keçib,
qutuların rəngi bozarıb,
onları açmaq da müşkülə dönüb,
üzərində rəsmin belə yox...
Sevgilim, sən bu qutuların hansındasan?
Rasimin şeirlərində əks olunan detallar həyatdan
götürülüb…
Elə bu baxımdan günəbaxanlar
hər zaman günəşə baxır, ancaq bilmir ki, onun
yetirdiyi meyvələr qaranlığın özüylə bəslənib.
İnsan isə dənizə baxır, sanki orada qovğalar
axtarır. Orada yalnız balıqlar səssizcə
ağızlarını açıb yumurlar, tilova
düşüb bəyaz çırpınmaq
üçün…
Nə edəsən, pis
insanlar hər yerdə var, öz qarmaqları ilə bura da gəliblər. Dənizin isə
bundan xəbəri yoxdur, onun üçün sevgililərin
sözsüz pıçıltıları daha önəmlidir.
İlahi, insan niyə dənizə yaxın olmaq istəyir, bəlkə
dənizin onu sevdiyini bilir…
P.S. Rasim Qaraca “Ədalət”
qəzetində bir müddət “Nar” əlavəsilə
çıxış edib. Elə bu baxımdan son söz kimi
onun “Nar” şeirinə baş vuraq…
Uçuq divar kölgəsində
İki könül bir olacaq
Yarı sınıq bu ürəkdə
Yarı açıq sir olacaq
Zaman çəksə pərdəsini
Öl qəbirə gir olacaq,
O dünyaya yarı könül
Səfər etmək zor olacaq
Ağlasan da uzaq başı
Gözün altı mor olacaq,
Nəmli həyat mənzərəsi
Gündüz çağı tor olacaq.
Sevgi dolu bu ürəyə
Yerin altı dar olacaq,
Mərmər üstə qara şeir
Buz tutacaq qar olacaq.
Biz getsək də bu daş, divar
Hələ bir az var olacaq,
Yola daşan budaqlarda
Qıp-qırmızı nar olacaq.
Babək Göyüş
Üç nöqtə.- 2011.- 12 fevral.- S. 17.