Çərşənbələrin ilki, başlanğıcı

 

Bu gün su çərşənbəsidir

 

 Bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su sumənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban Yadanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr rəvayətlər var. Məsələn, inanclarda deyilir:

- Süfrəyə su dağılması aydınlıqdır,

- Su içən adamı qəfil vurmazlar,

- Su içən adamı ilan çalmaz,

- Lal axan sudan keçməzlər.

Bir çox atalar sözündə suyun müqəddəsliyi əks olunur:

- Su olan yerdə dirilik olar,

- Su ehsandır,

- Su murdarlıq götürməz,

- Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.

Ulu babalarımız haqlı olaraq belə qənaətə gəlmişlər ki, «Sulu ev abad, susuz ev bərbad olar». Təsadüfi deyil ki, Müqəddəs İlaxır çərşənbələrin birincisi su ilə bağlıdır. Çünki su həyatın, canlılığın, yaşamağın əsas mənbəyidir. Mifik təsəvvürlərdə olduğu kimi, gerçəklikdə təbiətin oyanmasına təkan verən başlıca qüvvədir. Su hər şeyin əzəli, çıxış nöqtəsidir. Bütün varlıqların meydana gəlməsinə, yer üzərində mövcudluğuna məhvinə səbəb sudur. Susuz həyatın davamı mümkün deyil.

Azərbaycan mifoloji təsəvvürlərində su çox hallarda odla əlaqəli təsvir edilir. Belə ki, bir çox arxaik nağıllarda su həyatın əsas mənbəyi kimi göstərilir. Lakin insanlar sudan qıtlıq çəkirlər, ona görə ki, çayın mənbəyində çoxbaşlı əjdaha əyləşmişdir. Ona yalnız gözəl qız qurban verəndə azca su buraxır. Əjdaha ağzından od püskürür. İsti quraqlıq torpağın bağrını dəlik-deşik edir. Maraqlıdır ki, su çərşənbəsindən sonra od çərşənbəsi gəlir. Əgər birinci soyuğun sınması, qarların buzların əriməsi, suların axıb çayları doldurması ilə əlaqələndirilirsə, ikincisi onun səbəbi kimi nəzərə çarpırod, isti olmasa qarlar, buzlar əriməz. Məhz ona görə inanclarda, atalar sözü məsəllərdə su ilə od birlikdə təqdim olunur: «Odu su ilə söndürmək günahdır». Yaxud: «Su ilə odun oyunu

Su çərşənbəsi mərasimində dan yeri söküləndə camaat su üstünə gedir. İlk növbədə, hamı əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, arx üstündən atdanırlar. Əski inama görə, su çərşənbəsində günəşin şəfəqdə göründüyü andan şüalarının yaladığı su təzə müqəddəs hesab edilirdi. Həmin suda yuyunan ürəyində tutduğu arzuya çatırmış. Tədqiqatçıların fikrincə, «Xızırın dirilik çeşməsindən su içdiyi Koroğlunun Qoşabulaqdan köpüklü su götürdüyü gün məhz «Əzəl çərşənbə» olmuşdur

Ulularımız su qırağında, bulaq başında, arx kənarında suya müraciətlə nəğmələr oxuyurdular. Nəğmələrin bir qismində ilkin təsəvvürlər qorunub saxlanmışdır. «Allah, məni su elə, su gözəllər yüküdü» yalvarışında başlanğıca, ilkinə dönüş ideyası əks olunur. Doğrudur, sonralar nəğmələrin bəzi sözləri dəyişdirilmiş bütövlükdə məhəbbət motivinə uyğunlaşdırılmışdır. Lakin dərin qatlardakı əski inanclarla səsləşmələr az da olsa, nəzərə çarpır. Belə ki, suya dönməklə qız eyni candan ayrılan sevgilisinə qovuşmaq ümidindədir. Başqa nümunədə «Aləmə can payladın» - deyə suya ilahi qüdrətə malik fövqəltəbii varlıq kimi üz tutulur, onun insanlara ancaq yaxşılıq etdiyi vurğulanır. Ümumiyyətlə, nəğmələrdə çox hallarda analar çaylardan, göllərdən qürbətə düşən oğlanlarının sorağını istəyirlər. «Kitabi-Dədə Qorqud»da su ona görə aydınlıq sayılır ki, tanrının üzünü görmüşdür. Bir bayatıda isə qızın ən ümdə arzusu suya çevrilməkdir. Onun «Kaş ki, mən su olaydım, su qızların yükiydi» istəyində suyun qadın başlanğıc olmasına işarə olunur.

 

 

Ramilə

 

Üç nöqtə.- 2011.- 22 fevral.- S. 8.