Düşmən çəpəri
Yaxud, “Oskar”lı Rüstəm
Giriş yerinə
Dünən telekanallardan birində 11-ci sinif şagirdləri
ilə keçirilən intellektual oyunda bir suala
iştirakçıların hamısı “Pas” dedi. Yandım,
yaxıldım. Sual belə idi: “O, hansı azərbaycanlı
kinossenaristdir ki, ssenarisinə Nikita Mixalkovun çəkdiyi
film “Oskar” alıb? Yandım,
amma o uşaqları da qınamadım, çünki bu barədə
dərsliklərdə yoxdur, şagird yalnız mətbuatdan,
televiziyadan məlumat ala bilər, onların da təbliğat
obyektləri başqadır.
Tanıtım
Rüstəm İbrahimbəyov
- yazıçı, kinossenarist, prodüser, kinorejissor,
ssenarist, kinodramaturq, Azərbaycanın xalq
yazıçısı, Azərbaycanın və Rusiyanın əməkdar
artisti 1939-cu ilin fevralında Bakıda, Məhəmməd
İbrahimbəyov və Fatimə Məşədibəyovanın
ailəsində anadan olub.
O, Azərbaycan Neft və
Kimya İnstitutunu bitirib, Moskvada S.A.Qerasimov adına Rusiya
Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor
ixtisaslarına yiyələnib.
Ssenari müəllifi
olduğu "Günəşdən usanmışlar" filmi
(Nikita Mixalkov tərəfindən ekranlaşdırılıb)
1994-cü ildə "Ən Yaxşı Xarici Dilli Film"
kimi Akademiya Mükafatına (Oskara ), Jurinin Böyük Prizinə
və 47-ci Kann Beynəlxalq Film Festivalına layiq
görülüb.
Onların daha bir filmi
"Sibir bərbəri" 1998-ci ildə Avropanın ən
böyük büdcəli filmi sayıldı.
1999-cu ildə
İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini
yazdığı Fransız direktivi Régis Wargnier olan
"Şərq-Qərb" filmi "Oskar"
mükafatına layiq görüldü.
Rüstəm İbrahimbəyov
həm də 10-dan artıq teatr tamaşasının ssenari
müəllifidir.
Onun ssenarisi əsasında
çəkilmiş "Səhranın Bəyaz Günəşi"
filmi bir vaxtlar keçmiş SSRİdə ən çox
baxılan film olub.
60-dan çox bədii
filmin ssenari müəllifi və rejissoru, yaxud ssenari müəllifidir.
Mətləbə keçək
Bir dəfə Rusiya
kanallarından birində onun haqqında veriliş gedirdi. Üzdə
dostu, gizlində böyük bir dağdan yalnız kiçik
daşlar qoparırmış kimi onunla rəqabət aparmağa
çalışan Nikita Mixalkov Rüstəm İbrahimbəyovun
dilindən eşitdiyi maraqlı uşaqlıq xatirələrini
danışırdı. Hər sözündə, cümləsində
doğulub boya-başa çatdığı Bakıya,
yetişdiyi cənub şəhərinin mühitinə məhəbbət
onu əhatə edən adamların da qəlbinə sirayət
edib. Bu Nikita Mixalkovun qibtə dolu söhbətlərindən
hiss olunurdu. Bəlkə də ona görədir ki, azərbaycanlı,
Bakılı Rüstəm İbrahimbəyov ssenarilərində
istər rus, istər gürcü, hətta koreya
xalqının qəhrəmanını verərkən
onları bütün xarakteri ilə açır, Qazax
xalqının tarixindən dərinliyinə qədər
“Köçərilər” kimi möhtəşəm ssenari
yazır. Və hər dəfə
başqa bir xalq, onun tarixi, qəhrəmanı haqqında
ssenari yazandan sonra özünün də demək istədiyi,
amma sözlə ifadə edə bilmədiyi kimi öz
xalqına, şəhərinə məhəbbəti qatbaqat
artır. Kimlərsə Rüstəm İbrahimbəyovu
düzgün başa düşmür, kimsə
paxıllıqdan, kimsə hadisələrin və faktların
dərinliyinə vara bilmədiyindən onu qınayır. Azərbaycanı,
onun hər hansı bir şəxsiyyətinin dünya
miqyasında şöhrət tapmasını gözləri
götürməyənlər Rüstəm İbrahimbəyovun
bəzən səmimiyyətlə ehtiyatsız işlətdiyi
ifadələri onun öz əleyhinə, bununla xalqını
onun əleyhinə çıxartmağa
çalışırlar. Son illər Rusiya mətbuatına
verdiyi müsahibəsində belə bir siyasət
yürüdülmüşdü.
Rüstəm İbrahimbəyovu daxilən duyan, xaraktercə
necə səmimi, mehriban və həqiqətən millətini
sevən, onun başucalığını istəyən bir
adam olduğunu bilənlər Bakıda keçirdiyi
press-konferensiyada hansı hallar keçirdiyini də görməyə
bilməzdilər. Nə özünə haqq qazandırmağa
çalışdı, nə onu düzgün qiymətləndirməyənləri
günahlandırmaq fikrinə düşdü. Həqiqəti
açıqladı, gözlərində bir incik,
küskün ifadə vardı. Elə bil kimsə onu
sındırmışdı, amma həmin zərbə ona məqalənin
müəllifindən deyil, bizlərdən dəymişdi. Biz
onu deyil, məqaləni yazanı dəstəkləməklə
Rüstəm İbrahimbəyovu
sındırmışdıq.
Tarixi keçmişimizlə
bahəm xalq mahnılarımızı, muğamları
çox gözəl bilir və hərdən şirin-şirin
oxumağı var. Yaxşı yeyib-içməyi,
dostlarının dediyinə görə qadınları, bir də
şərabı sevir. Bütün yaradıcı insanlar kimi
kövrəkdir, çox soyuq göründüyü qədər
cənub istiliyi var qanında. İmkan qədər Azərbaycanlı
sənətkarların irəli getməsinə şərait
yaradır. Yalnız “Şərq-Qərb” festivalını təşkil
edib dünya kino sənətkarlarını Bakıya
toplamaqla Azərbaycanı necə
tanıtdırması xidmətlərinin bir hissəsidir. “Qazaxfilm” ona kinostudiyanı düzəltməyi
və bunun üçün 5 milyon dolları etibar etdi. Arxasınca
onlar üçün 30 milyon dollarlıq “Köçərilər”
filmini çəkdi. İndi o film Qazaxları dünyaya təbliğ
etməklə məşğuldur. Bizim olan Rüstəm
İbrahimbəyova bu imkanı
yaratmırıq. O, da neft kimi milli sərvətimizdir. Tükənməyən,
amma itirə biləcəyimiz milli sərvət.
Bu gün dünyanı
fəth edən cənub
oğlunun, Rüstəm İbrahimbəyovun doğum günüdür. Təbrik
edirik!
Üç nöqtə.- 2011.- 22 fevral.- S. 13.