Sığorta-pensiya sistemində uğurlu islahat aparılır

 

Səlim Müslümov: «Azərbaycandakı islahatlar keçid dövrü ölkələri üçün örnək kimi tövsiyə olunur»

 

 Sosial Müdafiə Fondunda “İnkişafın Azərbaycan modeli” kitabının müzakirəsinə həsr olunan “İnkişafın Azərbaycan modeli: sığorta-pensiya sisteminin uğurlu islahatı” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə çıxış edən DSMF sədri, iqtisad elmləri doktoru Səlim Müslümov bildirib ki, müasir mərhələdə hər bir ölkənin inkişaf modelinin uğuru qloballaşmanın diqtə etdiyi  yanaşma meyarları ilə milli reallıqlara əsaslanan baxışların əlaqələndirilməsindən birbaşa asılıdır: “Azərbaycanın inkişaf modeli onun sosial-iqtisadi  həyatının əsas mərhələlərinin təsiri ilə formalaşan, dövlət quruculuğu fəlsəfəsinin başlıca elementlərindən biri kimi meydana gəlib. Ölkəmizin yeni iqtisadi sistemə keçid dövrünü müvəffəqiyyətlə başa vurmasını şərtləndirən bu modelin uğurlu nəticələri ümummilli liderimiz Heydər Əliyevin milli inkişaf strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatların alternativsiz olduğunu bir daha təsdiqləyir. Tariximizin çətin və şərəfli mərhələsi olan “keçid dövrü”nün sosial- iqtisadi xüsusiyyətlərinə nəzər salınması, əldə edilən uğurları şərtləndirən çevik siyasət və düzgün qurulan çoxşaxəli fəaliyyətin ətraflı təhlili ölkəmizin iqtisadi inkişafının vahid konsepsiya çərçivəsində təqdimi üçün mühüm əhəmiyyət daşıyır».

S.Müslümov vurğulayıb ki, Azərbaycanın sığorta-pensiya sahəsində həyata keçirdiyi islahatlar və qurulan model nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir, keçid dövrü ölkələri üçün bir örnək kimi tövsiyə olunur: «Əldə olunan bu uğurların başlıca səbəbi ümummilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelinin ortaya qoyulmasıdır.  Həmin model müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir. Bir çox hallarda əldə olunan nəticələr digər ölkələrlə müqayisədə məhz Azərbaycan modelinin dayanıqlığını ortaya qoyur».

Daha sonra “dəyirmi masa”da “Beynəlxalq standartlara əsaslanan islahatların aparılması sığorta-pensiya siyasətinin strateji istiqamətlərindəndir”, “Yeni iqtisadi münasibətlər sistemində sosial sığortanın təşkili”,  “Azərbaycan Respublikasının sığorta-pensiya sistemi üzrə milli qanunvericiliyi beynəlxalq hüququn ümumi prinsip və normalarına uyğun formalaşmışdır”, “Azərbaycanın yeni sığorta-pensiya sistemi bazar iqtisadiyyatı şəraitində pensiyaçıların sosial müdafiəsini təmin edir” mövzularında məruzələr dinlənilib.

 

 

Xalid

 

Üç nöqtə.- 2011.- 22 fevral.- S. 14.