Teatr səhnəsinin ağayana sənətkarı

 

Bu gün Həsənağa Turabovun vəfatından altı il keçir

 

Məzarın da  qüruru, şəxsiyyəti olarmış. Məzardan boylanan rəsmində səmimiyyət nə qədərdisə, məzarı da o qədər ağayanadır ağayana sənətkarın. İnanmaq olmur ki, vəfatından səkkiz il ötür.

 

Bu onun sənətkarlığı

 

Onun yaratdığı  “7 oğul istərəm”də Gəray bəy,  “Atları yəhərləyin”də Qaçaq Nəbi,  “Dantenin yubileyi”ndə Kəbirlinski kinomuzun qızıl salnaməsi deyilmi. Tam bir-birinin əksi olan, müxtəlif səpgili obrazlardır. Birincisi kişilik, ikincisi qəhrəmanlıq, üçüncüsü ziyalılıq rəmzi olan bu üç obrazın hansını Turabov o birindən zəif yaradıb? Suala cavab vermək çətindir. Onun Azərbaycan kinosunda yaratdığı obrazlar siyahıya gəlməz, təsadüfən bu üç obrazı dedim və əsaslandıra da bildim. Görünür, sənətkarın böyüklüyü bundadır. Yaxud Milli Dram Teatrının qızıl dövrü, ona Tofiq Kazımovun rəhbərlik etdiyi vaxtdan tutmuş son illərə qədər həmin səhnədə Həsən Ağa Turabovun yaratdığı qəhrəmanlar. İstər lirik, istər psixoloji, istər də qəhrəmanlıq obrazları hansı unudulub, yaddan çıxıb. Hansı böyük klassik əsərin qəhrəmanından söhbət açılırsa, aktyorlar vaxtilə onu Həsən Ağa Turabovun gözəl yaratdığını xatırladırlar. “Hamlet”də Hamlet,  “Unuda bilmirəm”də Kamran, “Aydın”da Aydın, “Oqtay Eloğlu”nda Oqtay, bir sözlə Şekspirdən tutmuş Cəfər Cabbarlı dramaturgiyasına qədər bütün qəhrəmanlar Turabovun prizmasından keçib. Bu onun sənətkarlığı. 

 

Belə rəhbər və şəxsiyyət

 

Milli Dram Teatrına rəhbərlik etdiyi vaxtlarda teatr repertuarına təsadüfi tamaşa daxil olmadı. Yaxın dostu olan Kamal Abdullanın əsərini daha bir yaxın dostu Vaqif İbrahimoğlu tamaşaya hazırladı. Milli Dram Teatrının səhnəsi üçün lazım bilmədiyi üçün bədii rəhbər tamaşanı qəbul etmədi. Onun üçün dost anlayışı müqəddəs idi, amma sənəti ondan da müqəddəs tuturdu.  Bədii  rəhbər, direktor olduğu müddətdə bir-neçə qocaman sənətkara təqaüd verməklə onları teatrdan uzaqlaşdırmışdı. Bu addımı teatr ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Bir gün  sual verdim ki, Həsən Ağa müəllim, niyə belə etdiniz. Artıq həmin olaydan bir-neçə il keçmişdi. Dedi ki, həmin sənətkarların xətrini çox istəsəm də,  deməliyəm, ömürlərini teatrda başa vuracaq qədər fəxri sənətkarlar deyildilər. “Onları gənc aktyorlarla əvəz etməsəm, teatrda boşluq yaranacığını görürdüm. Elələri də var ki, ömürlərinin sonuna qədər teatrın ştatında saxlamışam.”

 

 Belə insan idi

 

Hamı ondan razı idi, teatra daxil olanda qocalı cavanlı bütün işçilər özlərindən asılı olmayaraq ayağa qalxardılar. Ondan  sonra o teatrda belə məqamların şahidi olmamışıq. Teatr rəhbərinin gərək həm də nüfuzu olsun. Bunun üçün isə əlbəttə şəxsiyyət olmaq gərəkdir, Turabov kimi. Çox ürəyincə olan tamaşanın premyerasından sonra yaradıcı qrupa öz cibinin xərci ilə ziyafət verirdi. Ramiz Novruzun “Hələ sevirəm deməyiblər” tamaşasından sonra bu səxavətin şahidi olduq. Teatr Xadimləri ittifaqında işləyəndə ilk dəfə “Qızıl Dərviş” milli teatr mükafatını təsis etdi, o vaxtdan həmin mükafat hər il ən yaxşı tamaşaya, rejissora və aktyora təqdim olunur. Bunlar yaradıcı insan üçün deyilmi? Həmin mükafatı vəfatına qədər özünə vermədi, yalnız rəhmətə gedəndən sonra Teatr Xadimləri ittifaqı “Şəxsiyyətin bölünməzliyinə görə” nominasiyası əlavə edib həmin mükafatı Turabova, onun ailəsinə verdi. İttifaqda prezident postu ləğv edildi, çünki heç kim Turabovun yerində oturmağa layiq görülmədi. Buna özünü də hazır görməyən ittifaq sədri Turabovu TXİ-nın əbədi prezidenti elan edərək indi də özü sədr kimi rəhbərlik edir. Bütün bunlar ona sonsuz məhəbbətin təcəssümüdür. İnsan bunu özü qazana bilərmiş. Sadəliyi, səmimiyyəti, sənətkarlığı və bir daha deməkdən çəkinməyərək şəxsiyyəti ilə söyləyirəm. Qoy, bu xatirə günündə ruhu şad olsun, sağlığından olduğu qədər də sevgiyə möhtac, sevilən, məzarı da özü kimi ağayana, səhnəmizin ağayana sənətkarı Həsənağanın.

 

 

Üç nöqtə.- 2011.- 23 fevral.- S. 13.