Ən çox küçə döyüşü Ağdamda aparılıb

 

Kəlbəcərin işğalı digər rayonların ermənilər tərəfindən tutulması üçün maneələri aradan götürdü. Artıq əlverişli mövqeləri ələ keçirən ermənilər Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Tərtər, Goranboy rayonlarını hədəf almışdı. Uzun müddət müqavimət göstərsə də, 1993-cü ilin iyulun 23-də Ağdam işğal edildi. Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalıqlarının cənub-qərbində yerləşən Ağdamın sahəsi 1150 kvadrat kilometr idi. Hazırda rayonun yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunan ərazilərindəki tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. İşğaldan əvvəl rayonda 148 ümumtəhsil məktəbi, orta ixtisas musiqi məktəbi, 24 klub, Dram teatrı, Muğam məktəbi, Çörək muzeyi, şəkil qalereyası, tarix-diyarşünaslıq muzeyi, Qurban Pirimovun ev-muzeyi, 69 səhiyyə müəssisəsi fəaliyyət göstərib. İşğal nəticəsində Azərbaycan iqtisadiyyatına 3 milyard manatdan  artıq ziyan dəyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Ağdam təbii ehtiyyatlarla zəngin bir rayondur. Ağdam rayonunun işğaldan əvvəl 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahəsi mövcud idi. Rayonun ümumi ehtiyatları 64863 min kub metr olan mişar daşı, 140464 min ton Çobandağ əhəngdaşı, 44708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları işğal olunmuş ərazilərdə qalıb.  Rayon ərazisindən keçən ən iri çay olan Xaçınçayın uzunluğu 104 km, su toplayıcı sahəsi isə 657 kvadrat kilometrdir.  Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı təbiət abidəsi kimi qorunurdu.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkar edib. İşğal olunan ərazilərdən yaşı 400-ə çatan şərq çinarı növündən olan ağacların doğranaraq Ermənistan istiqamətində aparılması və iri gövdəli ağacların qırılaraq yığıldığı müşahidə edilib. Rayonun işğal altında olan Novruzlu, Yusifcanlı, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində 6330 hektar otlaq sahəsi erməni hərbçiləri tərəfindən yandırılıb. Yanğın zamanı “Qırmızı kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısına” düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olub.

 Bu gün Ağdamın 180 600 nəfər əhalisi məcburi köçkün həyatı yaşayır.

 

Qəhrəmanlıq salnaməsi yazan qəhrəmanlarımız

 

Qarabağ döyüşlərində ən çox küçə döyüşləri aparılan rayon kimi yadda qalan Ağdam uğrunda bir aydan artıq gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verdi. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən həmin şəxslərdən 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Torpaqlarımız hələ də işğal altında olduğundan həmin qəhrəmanların həyat yolu ilə hər kəsin tanış olması vacibdir.  

Şirin Vəli oğlu Mirzəyev - 05 may 1947-ci ildə Xankəndində anadan olub, 1965-ci ildə 4 saylı orta məktəbi bitirib. 1966-cı ildə hərbi xidmətə çağrılan Ş.Mirzəyev 1967-ci ildə oradan SSRİ DİN-in Ali Siyasi Məktəbinə göndərilib. 1971-ci ildə məktəbi bitirdikdən sonra 20 il müxtəlif hissələrdə qulluq edib. 1991-ci ildə polkovnik-leytenant Şirin Mirzəyev Vətənimizin ağır günündə azğın ermənilərin törətdikləri vəhşiliklərə dözə bilməyərək ətrafına qeyrətli oğullarımızı toplayaraq Ağdam ərazi özünümüdafiə alayını yaradır. Qısa vaxtda 836 saylı alayın ilk taburu nəinki formalaşdırılır, hətta döyüş meydanında şücaətlər göstərir. 18 iyun 1992-ci ildə Şirin Mirzəyev Xankəndinə gedəcək qələbə yolu hesab etdiyi Xaçın qəsəbəsində yerləşən taburun qərərgahından Əliağalı kəndindəki postlara qədər olan beş kilometrlik yolda minaya düşərək həlak olur. Xalqın qəhrəman oğlu polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyev ən yüksək ada -Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 Allahverdi Teymur oğlu Bağırov 22 aprel 1946-cı ildə Ağdam şəhərində anadan olub. 1 saylı orta məktəbi bitirən A.Bağırov idmanın futbol növü ilə məşğul olub. Ermənilərin torpaq iddiası qaldıraraq təcavüzə başladıqları zaman geniş vüsət almış xalq hərəkatının önündə Bağırov qardaşları dayanıblar. Azərbaycan torpaqlarını azğın ermənilərdən müdafiə, işğaldan azad etmək üçün 1991-ci ilin oktyabrında Allahverdi Bağırov 845 saylı hərbi hissəni yaradaraq, ətrafına qeyrətli Vətən oğullarını toplayıb. 12 iyun 1992-ci ildə Naxçivanik uğrunda gedən döyüşdə qələbə qazandıqdan sonra Ağdama çağrılan cəsur komandir yolda baş verən qəfil partlayış nəticəsində həlak olub. Qorxmaz komandir Allahverdi Bağırov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Asif Yusif oğlu Məhərrəmov ( Fred Asif) 27 iyul 1952-ci ildə Ağdam rayonunda anadan olub. İdmanın boks və futbol növləri ilə məşğul olan Asif nankor ermənilərin 1988-ci ilin fevralından torpaq iddiası irəli sürdükləri vaxtdan milli azadlıq hərəkatının önündə olub. O, qardaşlarını, dostlarını ətrafında birləşdirərək “Haqq cəbhəsi” birliyini yaradıb. Asif Məhərrəmov xalqın gözləri qarşısında əfsanəvi Fred Asifə çevrilib. Ölümü ilə ölümsüzlüyə qovuşan, üzərində qanları tökülən torpaqları bizlərə Vətən edənlər,  Vətənimizin qeyrət simvolu igid əsgərlərimiz Fred Asifin komandirliyi ilə Şelli, Aranzəmin, Naxçivanik, Abdal-Gülablı, Pircamal, Ağbulaq, Dəhraz və neçə-neçə kəndlərin düşməndən azad edilməsi uğrunda qəhrəmanlıqlar göstəriblər. Asif Məhərrəmov ağır xəstəlikdən 01 iyul 1994-cü ildə Yaltada əbədiyyətə qovuşub. A.Məhərrəmov da ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

”Bakılı tələbələr” adladırılan tağımının döyüş yolu

 

 İxtiyar Qasım oğlu Qasımov 22 mart 1970 –ci ildə Ağdam rayonunun Salahlı kəndində anadan olub. 1988-ci ildə kənd orta məktəbini əla qiymətlərlə bitirən İxtiyar daha sonra Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnistitutunun aqronomluq fakultəsinə daxil olub. Döyüş yolu Papravənd kəndində yaradılan özünümüdafiə dəstəsindən başlayan İ.Qasımovun igidliyinin, mərdliyinin sorağı qısa müddətdə hər yana yayılıb. Milli ordumuzun 15 kilometrə qədər irəliləməsində, neçə-neçə kəndlərimizin düşməndən təmizlənməsində, erməni yaraqlılarının əsir götürülməsində göstərmiş olduğu qəhrəmanlıq və digər sayagəlməz xidmətləri yüksək qiymətləndirərək, 9 dekabr 1992-ci ildə ölkə Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhramanı adına layiq görülüb.

Rövşən Şamil oğlu Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuş, 1985-ci ildə orta məktəbi bitirərək BDU-nin fizika-riyaziyyat fakultəsinə daxil olub. 1985-87-ci illərdə hərbi xidmətdə olub. 1992-ci ildə BDU-nun sonuncu kurs tələbəsi olan R.Hüseynov “Xocalı faciəsi” baş verdikdə bu dərdə dözə bilməyərək 20 nəfər tələbə dostları ilə tağım komandirliyi ixtisasına yiyələnmək üçün Ali Ümumqoşun komandirlər məktəbinə üz tutub. ”Bakılı tələbələr” adladırılan tağım Goranboy cəbhəsinə göndərilib, Rövşən Hüseynov isə komandir təyin edilib. Rövşən Hüseynov düşmənə qarşı keçirilən döyüşlərdə fədəkarcasına döyüşərək düşmənin texnika və canlı qüvvələrini məhv edib. 11 may 1992-ci ildə qəhrəmancasına həlak olub və 14 mayda olacaq diplom işinin müdafiəsi qəhrəman döyüşçüyə qismət olmayıb. Ölümündən sonra R.Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Natiq İlyas oğlu Əhmədov 01 sentyabr 1969-cu ildə Dağlıq Qarabağın Kosalar kəndində anadan olub. Əhmədovlar ailəsi 1975-ci ildə Ağdam rayonunun Novruzlu kəndinə köçüb.  1987-89-cu illərdə Sovet Ordusu sıralarında hərbi xidmət çəkən Natiq idmanın karate və futbol növləri ilə məşğul olub. 1990-cı il qanlı “ 20 yanvar “ faciəsini eşidən Natiq Əhmədov Riqa şəhərindən Vətənə dönüb. O burada Xocalı rayon Polis Şöbəsi yol-patrul xidməti bölməsinə işə qəbul olunub və qısa müddətdən sonra bölmənin müfəttişi vəzifəsinə təyin edilib. O, daim öz qətiyyəti və mübarizliyi ilə erməniləri sarsıdırdı. 1991-ci ilin sentyabr ayının 26 –da qəhrəmancasına həlak olmuşdu. Natiq Əhmədov dövlət, xalq qarşısında misilsiz xidmətləri layiqincə qiymətləndirilərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

“Qatir Məmməd” və oğlu Canpolad həmişə döyüşə atılan dəstənin önündə olub

 

Faiq Alış oğlu Ağayev 06 iyun 1969-cu ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub.  1986-cı ildə kənd orta məktəbini bitirən Faiq 1987-89-cu illərdə Moskva şəhərində hərbi xidmətdə olub. Vətəninin ağır günündə onun müdafiəsində dayanmaq üçün Ağdam rayon Polis İdarəsinin nəzdində yaradılan post-patrul alayına işə qəbul olunur. Müxtəlif döyüş əməliyyatlarında mətinliklə döyüşən F.Ağayev Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarında döyüşlərdə iştirak edib.  Quşu gözündən vuran Faiq erməniləri də sərrast atəşi ilə gözündən vuraraq o, dünyaya vasil edirdi. 1991-ci il dekabrın 23-də gedən döyüşdə yaralanan Faiq dünyasını dəyişir.  Xalqın yaddaşına əbədi həkk olunan Faiq Ağayev Vətən, xalq yolunda misilsiz xidmətləri yüksək qiymətləndirilərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Canpolad Yaqub oğlu Rzayev 05 sentyabr 1969-cu ildə Ağdam rayonunun Çuxurmərhələ kəndində anadan olub.  1985-ci ildə Əhmədavar kənd orta məktəbini bitirən Canpolad daha sonra Sovet Ordusu sıralarında hərbi xidmət keçib. Erməni qəsbkarları növbəti dəfə torpaq iddiası ilə təcavüzə başlayarkən, Vətənin ağır günündə ilk özünmüdafiə dəstəsi yaradanlardan biri, sonralar “Qatır Məmməd” ləqəbi ilə məşhurlaşan Yaqub Ələsgər oğlu Rzayev olub. Yaqub kişinin ilk oğlu Canpolad Rzayevdə dəstəyə üzv olub. Dəstənin üzvləri hünər meydanında öz sözlərini deyərək düşmənə ağır zərbələr endirir, itkilərə məruz qoyurdular. Bütün döyüşlərdə Yaqub və Canpolad Rzayevlərin öndə getməsi döyüşçülərə ruh yüksəkliyi verir, qələbəyə inamı artırırdılar. 863 saylı hərbi hissə statusu verilən dəstə hər cür silah və texnika ilə təchiz olunurdu. 26 fevral, qanlı Xocalı faciəsi günü Xocalılara kömək məqsədilə hərbi hissənin bütün heyəti döyüşə atılır. Həmin döyüşdə Canpolad Rzayev BRDM-indən açılan güllələrdən həlak olur. Xalqımızın tarixinə qəhrəmanlıq salnaməsi yazan Canpolad Rzayev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

 

Üç nöqtə.- 2011.- 13 iyul.- S. 8.