Torpaqlarımızın işğal altında qalması itkilərimizi artırır

 

Azərbaycan torpaqlarının işğal altında qaldığı müddət uzandıqca itkilərimiz artır. Torpaqlarımızın sərvətləri vəhşicəsinə talan edilir, tarix boyu əcdadlarımızın əlləri ilə yaratdıqları hər şey məhv edilir. Artıq torpaqlarımızın işğalının 20 ilini ürək ağrısı ilə qeyd edirik. Lakin Qarabağla bağlı vəziyyət dəyişməz olaraq qalmaqdadır. bu, demək olar ki, bütün beynəlxalq təşkilatların – BMT-nin, Avropa Şurasının və ATƏT-in çoxsaylı qərarlarına məhəl qoymadan baş verir. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 4, 1993-cü ildən 2008-ci ilədək BMT-nin Baş Assambleyası tərəfindən erməni qoşunlarının Dağlıq Qarabağ bölgəsini və ətraf əraziləri işğaldan azad etməyə çağıran 3 qətnamə qəbul edilib. Ermənistan hərbi qüvvələri atəşkəs rejimini mütəmadi olaraq pozur, Azərbaycan ərazilərini atəşə tutur, Azərbaycan ordusunun əsgərlərini və sərhədyanı ərazilərdə yaşayan dinc əhalini qətlə yetirir. 8 mart 2011-ci il tarixdə Ağdam sakini, 9 yaşlı azərbaycanlı uşağın erməni snayperi tərəfindən qətlə yetirilməsi bu gündavam edən erməni təcavüzünün amansızlığının bariz nümunəsidir.

Zaman keçir, Ermənistanın qeyri-konstruktivikiüzlü mövqeyi hələ də əzəli Azərbaycan torpaqlarının işğal altında qalmasına şərait yaradır. Buna baxmayaraq ölkənin ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək hüququ (BMT-nin nizamnaməsində hərbi təcavüzkarın dəf edilməsi hüququ qeyd olunub) və imkanı olan Azərbaycan Qarabağ münaqişəsini sülh yolu ilə, ikitərəfli və çoxtərəfli danışıqlar vasitəsi ilə həll etməyə səmimi şəkildə səy göstərir.

 

Füzuli rayonunda 16, Ağdamda 17 qəsəbə salınıb

 

Ermənistanla münaqişənin sülh yolu ilə tənzimlənməsinə öz tərəfdarlığını nümayiş etdirən Azərbaycan cəbhə xəttinin keçdiyi ərazilərə yaxın yerlərdə intensiv tikinti və bərpa işləri aparır. Qaçqınlar və məcburi köçkünlər üçün yeni-yeni qəsəbələr salır, təzə yollar çəkir, elektrik, suqaz xətlərini yeniləyir. Bu yaşayış məntəqələri uşaq bağçası və orta məktəbdən tutmuş müasir tibb mərkəzlərinə, su elektrik stansiyaları və sutəmizləyici qurğulardan tutmuş Olimpiya komplekslərinə qədər bütün müasir infrastruktur obyektləri ilə təchiz olunur. Dövlət yerli fermerlərə güzəştli kreditlər verir, ərazidə kənd təsərrüfatı məhsullarının saxlanması və emalı üçün müəssisələr tikir.

Ölkə başçısının fərman və sərəncamlarına əsasən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Füzuli rayonunun ərazisində 4125 ailə, 18169 nəfər üçün hər cür sosial-texniki infrastruktura malik 16 qəsəbə salınıb. Orada Qayıdış-1, Qayıdış-2, Qayıdış-3, Qayıdış-4, Qayıdış-5, Qayıdış-6, Qayıdış-7, Qayıdış-8, Qayıdış-9, Qayıdış-10, Qayıdış-11, Zobucuq-1, Zobucuq-2, Zobucuq-3, Zobucuq 4, Zobucuq-5 qəsəbələri salınıb. Ağdam rayonunun ərazisində isə 5012 ailə, 21776 nəfər üçün 17 qəsəbə inşa edilib.  Quzanlı, Ayaq Qərvənd, Xındırıstan, Erği, Alıbəyli-1, Alıbəyli-2, Bənövşələr-390, Bənövşələr-70, Səfərli, Baharlı, Dörd yol-1, Dörd yol-2, Təzəkənd, Qasımbəyli, İmamqulubəyli, Quzanlı-1, Quzanlı-689 qəsəbələrində hər cür sosial-texniki infrastruktur yaradılıb.  Füzuli rayonunun 4944 evdən ibarət 21 yaşayış məntəqəsində (Horadiz şəhəri, Əhmədbəyli, Qazaxlar, Mirzənağılı, Arayatılı, Babı, Mollaməhərrəmli, Kərimbəyli, Yağlıvənd, Şükürbəyli, Böyük Bəhmənli, Mahmudlu-1, Mahmudlu-2, Bala Bəhmənli, Araz Dilağarda, Araz Zərgar, Əhmədbəyli, Qarabağ, Yuxarı Kürdmahmudlu, Aşağı Kürdmahmudlu, Alıxanlı) işğal vaxtı dağıdılan 4381 evdən 2952 ev bərpa edilib, 1429 ev isə bərpa olunmaqdadır.

 

Şəraitin yaxşılaşdırılması üçün ayrılan vəsait 2003-cü illə müqayisədə 6,1 dəfə artıb

 

Öz doğma yurdlarına qayıdana qədər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə təkcə 2010-cu ildə ümumilikdə 123,35 milyon manat (154,18 milyon ABŞ dolları) həcmində vəsait (Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon manat, Dövlət Neft Fondundan 105 milyon manat, investisiya vəsaiti 4,35 milyon manat) ayrılıb ki, bu da 2003-cü il ilə müqayisədə 6,1 dəfə çoxdur.

Ümumiyyətlə, 2001-2010-cu illər ərzində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan (17 milyon manat), Dövlət Neft Fondundan (717,9 milyon manat) və digər mənbələrdən (32,03 milyon manat) ayrılan 766,93 milyon manat (958,66 milyon ABŞ dolları) vəsait hesabına 20 min ailə, 90 min nəfər daimi məskunlaşmış qaçqın və məcburi köçkünlər üçün 1110,6 min kvadrat metr sahəsi olan 67 qəsəbə və fərdi evlər inşa edilib. 126 məktəb, 4 musiqi məktəbi, 40 uşaq bağçası, 45 tibb müəssisəsi, 33 rabitə evi tikilib, 564 kilometr yol, 672 kilometr su, 1073 kilometr hava elektrik, 149 kilometr qaz, 37,1 kilometr kürəbənd, 4,3 kilometr istilik xətləri çəkilib, 559 müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb.

Azərbaycan xalqı ümid edir ki, Qarabağ münaqişəsi nəhayət öz ədalətli həllini tapacaq və tezliklə yüz minlərlə insan öz torpağına, doğma ocağına qayıdacaq.

 

 

Üç nöqtə.- 2011.- 16 iyul.- S. 8.