Ağdamın işğalından 18 il ötdü

 

Erməni işğalı nəticəsində rayon ərazisində olan tarixi, mədəni və dini abidələr vəhşicəsinə dağıdılıb

 

Sabah Ağdamın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 18 il ötür. İşğal nəticəsində ərazisi 1154 kvadrat kilometr, əhalisi 147000 nəfər olan Ağdam rayonu ermənilərin əlinə keçib. Hazırda rayonun yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunan ərazilərindəki tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. İşğal nəticəsində 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb, Azərbaycan iqtisadiyyatına 3 milyard manatdan  artıq ziyan dəyib. Qarabağ döyüşlərində ən çox küçə döyüşləri aparılan rayon da Ağdam olub. Ağdam uğrunda bir aydan artıq gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib.

Ağdam rayonu 1930-cu ildə təşkil edilib. Rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kur-Araz ovalığının qərbində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Dağətəyi yerlərdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300-550 mm-dir.

Rayonun ərazisindən Qarqar və Xacın çayları axır. Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olub.

Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində quran Ermənistan Azərbaycanın yeni bir ərazisini - Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunub. Hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin uzərinə düşüb.

1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bədnam rus ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hucum etdi. Xüsusən, Ağdama olan hucumların ardı - arası kəsilmirdi. 1993-cu ilin may ayının 11-dən etibarən qızışan bu hucum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa catdı. Bundan sonra 1994-cu il mayın 12-dək davam edən hərbi təcavuz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldu.

İşğal edilmiş Ağdam şəhəri və 87 kənd oxşarı olmayan bir vəhşiliklə darmadağın edilərək yerlə yeksan olundu.  Ağdamın müdafiəsi üzrə döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı həlak oldu, minlərlə insan fiziki şikəstlik qazandı.

 

Televiziya, radio, qəzet və digər kutləvi informasiya vasitələri haqda məlumat

 

Bu rayonda dərc olunan «Ağdam» qəzetinin ilk nömrəsi 1930-cu ildə Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin redaktorluğu ilə işıq üzü görüb. Sonralar ayrı-ayrı illərdə Cəlil Göycayevin, Kubra Əliyevanın, Yusif Yusifovun, Rasim Quliyevin, Süleyman Zeynalovun, Surxay Cəfərovun, Əhməd Qasımovun, Müseyib Qurbanovun, Sabir Niyazovun, Bəbir Hüseynovun və hal-hazırda Baxşeyiş Hətəmovun redaktorluğu ilə nəşr olunan «Ağdam» qəzeti 75 illik nəşr tarixində əvvəlcə «Kolxoz sədası», «Kolxozçu», 1934-cu ildən 1990-cı ilə kimi «Lenin yolu», 1990-cı ildən isə «Ağdam» adı ilə nəşr olunur.

«Ağdam» qəzetinin redaksiyası 1993-cu ilin iyulundan Ağdam şəhərinin işğalından sonra əvvəlcə Mingəçevir, sonra Bərdə şəhərində, indi isə Ağdam rayonunun Quzanlı kəndində yerləşir.

Qəzet ayda iki dəfə 500 tirajla çap olunur. Qəzetin iki əməkdaşı vardır. Qəzetin təsisçisi Ağdam rayon İcra Hakimiyyəti Aparatı və qəzetin jurnalist kollektividir.

«Qeyrət qalası» qəzeti 2004-cu ilin yanvarından ayda bir dəfə olmaqla işıq üzü görür. Qəzet qəhrəmanlıq, mərdlik və vətənpərvərlik qəzetidir. Əsas mövzusu xalqımızın qəhrəmanlıq tarixi, Qarabağ müharibəsi, bu müharibənin qəhrəmanları, ağrıları, itkiləri, şəhidlərimizin şərəfli ömür yoludur. «Qeyrət qalası» qəzetinin təsisçisi Qarabağ Muharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi Ağdam rayonu şobəsidir. Rayonda «Azərbaycan», «Respublika» və «Xalq» qəzetlərinin daimi müxbir postları fəaliyyət gostərir. «AzTV», «ANS», «LİDER», «SPACE», eləcə də «ATV» kanallarının daimi zona müxbirləri işləyir.

Rayonda Azteleradio İstehsalat Birliyinin quraşdırdığı oturucu stansiya Xındırıstan kəndində fəaliyyət gostərir ki, bunun da nəticəsində rayonun bütün ərazisində Azərbaycan Dovlət Televiziyası verilişləri yayımlanır.

 

Ağdamın tarixi və memarlıq abidələri

 

Ağdam rayonunun ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənət abidələri var. Ağdam şəhərinin şimal-şərqində yerləşən Üzərlik Təpə abidəsi, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu Kumbəzi (1314-cu il), Kəngərli kəndindəki Türbə və Daş abidələr (XIV əsr), Papravənd kəndindəki Turbələr, Məscid (XVIII əsr), Xanoğlu turbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun turbəsi (XIX əsr), Şahbulaq qalası və s. tarixi memarlıq abidələri bu ərazinin qədim Azərbaycan torpağı olduğunu təsdiq edir. Tariximizin sirdaşı, ünvanı olan bu abidələr Ağdamın keçmişinin qaranlıqlarına işıq saçır, dünənimizdən bu günümüzə soraq verir.

Erməni işğalı nəticəsində rayonun ərazisində movcud olan coxlu sayda tarixi, mədəni və dini abidələr vəhşicəsinə dağıdılıb. Rayonun Xaçındərbənd kəndindəki 1314-cu ildə tikilən Qutlu Sarı Musa oğlu Kümbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid Kümbəz və Məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, o cümlədən Xan qızı Natəvanın və onun oğlunun Türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılıb. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib.

Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb.

 

Ağdamda yaşı 400 ilə çatan 71 ədəd şərq çinarı təbiət abidəsi kimi qorunurdu

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Ağdam təbii ehtiyyatlarla zəngin bir rayondur.  Ağdam rayonunun işğaldan əvvəl 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahəsi mövcud idi. Rayonun ümumi ehtiyatları 64863 min kub metr olan mişar daşı, 140464 min ton Çobandağ əhəngdaşı, 44708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları işğal olunmuş ərazilərdə qalıb.  Rayon ərazisindən keçən ən iri çay olan Xaçınçayın uzunluğu 104 km, su toplayıcı sahəsi isə 657 kvadrat kilometrditr.  Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı təbiət abidəsi kimi qorunurdu».

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkar edib. İşğal olunan ərazilərdən yaşı 400-ə çatan şərq çinarı növündən olan ağacların doğranaraq Ermənistan istiqamətində aparılması və iri gövdəli ağacların qırılaraq yığıldığı müşahidə edilib. Rayonun işğal altında olan Novruzlu, Yusifcanlı, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində 6330 hektar otlaq sahəsi erməni hərbçiləri tərəfindən yandırılıb. Yanğın zamanı “Qırmızı kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısına” düşmüş müxtəlif sayda turac, qırqovul və gürzə məhv olub.

 

 

Üç nöqtə.- 2011.- 23 iyul.- S. 5.