Regionların tarazlı inkişafı təmin olunub
Qazanılan iqtisadi uğurlar Azərbaycanın
iqtisadiyyatının neftdən asılı olması ilə
bağlı qərəzli iddiaları alt-üst edib
Azərbaycan iqtisadi sahədə
keçid dövrünü başa vuraraq inkişafının
keyfiyyətcə yeni mərhələsinə qədəm
qoyub. Bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar
olması, biznes və investisiya mühiti yaratmaqla daxili və
xarici investiyaların iqdisadiyyatin bütün sahələrə
yönəldilməsi, iqtisadiyyatın diversifikasiyasına, tarazlı
və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına səbəb olub.
Xüsusilə regionların sosial-iqtisadi inkişafı diqqət
mərkəzində olub. Bu baxımdan ardıcıl bir
neçə dövlət proqramları qəbul olunub. "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafına dair (2004-2008-ci
illər) Dövlət Proqramı" çərçivəsində
regionlarında kənd təsərrüfatının,
qeyri-neft sektorunun inkişafına yardım göstərilib, o
cümlədən emal müəssisələrinin
yaradılması, xidmət və digər infrastruktur obyektlərin,
turizmin inkişafı və bütün bunların fonunda
çoxlu yeni iş yerinin açılması təmin edilib.
I Dövlət Proqramı regionların tarazlı
inkişafına yönəlməklə yanaşı, həm
də yerlərdə enerji infrastrukturunun, nəqliyyat-kommunikasiya
sisteminin bərpası, müasir informasiya
texnologiyalarının tətbiqi məsələlərinin həllini
özündə ehtiva edib. Ümumilikdə, bu 5 il ərzində
regionlara 6.8 milyard manat həcmində dövlət
investisiyaları qoyulub. Bu sahədə görülən
işlərin davam etdirilməsi məqsədilə "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qəbul edilib. Bu proqram
regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən
qurulması, milli iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun tərəqqisi
hesabına aradan qaldırılması üçün kompleks
tədbirlər müəyyənləşdirməklə
yanaşı, iş adamlarının fəaliyyəti
üçün də yaxşı imkanlar açıb.
Vergi yükünün
azaldılması və vergi prosedurlarının
asanlaşdırılması da regionların sosial-iqtisadi
inkişafında az rol oynamayıb. Fərdi sahibkarlara tətbiq
edilən gəlir vergisi 2010-cu il yanvarın 1-dən 35 faizdən
20, müəssisələrin mənfəət vergisi 22 faizdən
20, fiziki şəxslərdən tutulan gəlir vergisinin
yuxarı həddi 35 faizdən 30 faizə endirilib. Eyni zamanda
sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə
etmək məqsədləri üçün hüquqi şəxslərin
vergi tutulan əməliyyatlarının illik həcmi 90 min
manatdan 150 min manatadək artırılıb,
ƏDV və aksizlər üzrə elektron vergi
hesab-fakturalarının tətbiqinə başlanılıb.
Dövlət başçısının müvafiq sərəncamlarına
əsasən, sahibkarlıq subyektlərinin dövlət
qeydiyyatı və Azərbaycan Respublikası dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat vasitələrinin
yoxlanılması "bir pəncərə" prinsipinə
uyğun təşkil edilib. Birinci növbədə
regionların sosial-iqtisadi inkişafı üçün
maliyyə mənbəyi, investisiya qoyuluşunun həcmi və
keyfiyyəti diqqət mərkəzində olub, əlverişli
biznes mühiti yaradılıb.
Regionlarda maliyyə vəsaitlərinə
çıxış imkanları genişlənib
Hazırda Azərbaycanın
maliyyə imkanları kifayət qədər yüksəlib və
o investisiya cəlbediciliyinə görə dünyanın
öndə olan dövlətlərindən birinə
çevrilib. 2009-cu ildə Azərbaycan iqtisadiyyatına
ümumilikdə 9,2 milyard dollar, 2010-cu ildə isə 15,5 milyard
dollar vəsait qoyulub. Onun strukturunda bir neçə ildir
daxili investisiyalar xarici
investisiyaları üstələyir və bu göstərici 80
faiz ətrafında dəyişir. 15,5 milyard dollardan 9,3 milyard dolları isə qeyri-neft sektoruna qoyulan sərmayədir. Onun da 35-40 faizi
regionların inkişafına
yönəldilib. Bütün
dünyada maliyyə resurslarının məhdudlaşdığı,
sahibkarların investisiya
qoyuluşlarına son dərəcə
ehtiyatlı yanaşdığı
bir şəraitdə
bu, kifayət qədər yüksək rəqəmdir. Azərbaycanın
maliyyə imkanlarının
yüksəlməsi isə
özəl sektorda dövlət vəsaitləri
hesabına layihələrinin
güzəştli qaydada
kreditləşdirilməsinə və regionlarda sahibkarların maliyyə vəsaitlərinə çıxış
imkanlarını genişləndirib,
orta və kiçik sahibkarlığın
inkişafına təkan
verib. 2009-cu ildə regionlarda Sahibkarlığa
Kömək Milli Fondunun 130 milyon manat güzəştli kreditlərindən 2100 iş
adamı yararlanıb.
Ötən il isə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən regionlarda 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə
115 milyon manat güzəştli kredit verilib. Güzəştli kreditlərlə təmin olunmuş sahibkarlıq subyektlərinin 99,2 faizinin
regionlarda yerləşməsi
də bölgələrin
inkişafına xidmət
edib. Bundan başqa, regionların sosial-iqtisadi inkişafında,
onun xarici investisiyalar üçün
cəlbedici olunmasında
2006-cı ildə yaradılan
Dövlət İnvestisiya
Şirkəti də rol oynayıb. Şirkət ölkə iqtisadiyyatına investisiyaların
təşviqini təmin
etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışıb.
Bu gün regionlarda istifadəyə verilən
və tikilməkdə
olan obyektlərin maliyyələşməsində Dövlət İnvestisiya
Şirkətinin vəsaiti
ilə birlikdə xarici sərmayələr də iştirak edir. Özəl sərmayələr də
regionların sosial-iqtisadi
inkişafında az rol oynamayıb.
Regionların sosial-iqtisadi
inkişafı çərçivəsində
yalnız ötən il 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət
və ticarət müəssisəsi tikilərək
istifadəyə verilib.
200-dən çox müəssisənin
tikintisi isə davam etdirilir. Əvvəlki illərdə
olduğu kimi, aqrar sektora subsidiyaların,
vergi güzəştlərinin
verilməsi davam etdirilib, aqrolizinq və aqroservis xidmətlərinin şərtləri
asanlaşdırılıb. II Dövlət Proqramına görə, Azərbaycanın
kənd təsərrüfatında
ənənəvi sahələr
olan taxılçılığın,
üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın,
tütünçülüyün, çayçılığın, ipəkçiliyin, heyvandarlığın və digər sahələrin inkişafı prioritet vəzifə olaraq qalır. Bu məqsədlə
2010-cu ildə texnoloji,
suvarma və digər avadanlıqların
alınmasına, 43,51 min ton mineral gübrə, 902 cins mal-qaranın gətirilməsinə
63 milyon manatadək vəsait xərclənib.
2009-cu ildən başlayaraq
dövlətin güzəştli
kreditlərindən istifadə
etməklə bütün
ölkə ərazisini
əhatə etməklə
soyuducu anbarlar, taxılın saxlanılması
və təmizlənməsi
komplekslərinin yaradılmasına
başlanılıb. Bu layihələrin
reallaşması regionların,
xüsusilə də kənd təsərrüfatının
inkişafında, ərzaq
təhlükəsizliyinin təmin
olunmasında əhəmiyyətli
rol oynayır. Məsələn, ötən
il il regionlarda
25 müasir soyuducu anbarlar tikilib. Onların tikilməsi fermerlərin maraqlarına
cavab verməklə istehsal etdikləri kənd təsərrüfatı
məhsullarının etibarlı
saxlanılmasına və
dünya bazarlarına
çıxarılmasına imkan yaradıb. Bu təşəbbüs sayəsində
yalnız bu problemin həlli yönündə deyil, məhsulların emal edilməsi sahəsində
də böyük nəticələr əldə
olunub. Bundan başqa, 14 taxıl anbarı kompleksi yaradılıb. Kənd təsərrüfatı
sektorunda baş verən dəyişikliklər
isə iş qabiliyyətli əhalinin
40 faizinin yaşadığı
regionlardan iri şəhərlərə axımın
qarşısını alıb.
Artıq regionlarda açılan iş yerləri bir vaxtlar iş arxasınca iri şəhərlərə getmiş
region əhalisinin geri
qayıtmasına səbəb
olub. Ümumiyyətlə,
ötən il regionlar da daxil olmaqla
70 mindən çox iş yeri açılıb,
onun 53 mini daimi iş yeri olub.
Regional inkişaf proqramlarının
icrasının başlanmasından,
yəni 2004-cü ilin
fevralından bu günə qədər isə ölkədə açılan iş yerlərinin sayı 900 mindən artıq olub ki, onun
da 700 minə qədəri daimi iş yerləridir.
Sosial sahə
həmişə diqqət
mərkəzindədir
2010-cu ildə
bütün sosial proqramlar icra edilib. Minimum əməkhaqqı
və pensiyanın baza hissəsi 75 manatdan 85 manata qaldırılıb. Ünvanlı
sosial yardım proqramı çərçivəsində
550 min nəfər dövlətdən
yardım alıb. 2010-cu ildə regionlarda 45 səhiyyə müəssisəsi, 70-dən çox
məktəb binası
tikilib. Su basması nəticəsində Aran rayonunda uçmuş, yararsız vəziyyətə
düşmüş evlər
yenidən qurulub. Qısa müddətdə
3 mindən artıq ev təmir edilib,
1500 ev yenidən tikilib, təxminən
700-800 evin tikintisi isə davam edir. “Bu onu göstərir
ki, biz bütün çətin hallara da hazırıq. Bizdə həm texniki imkanlar, həm peşəkar kadrlar, həm də maliyyə vəsaiti var. Onu da deməliyəm ki, bütün bu işləri biz öz hesabımıza görmüşük, heç
kimdən yardım istəməmişik”,- Prezident
İlham Əliyev deyib.
Hazırda yoxsulluğun
səviyyəsi 9,1
faiz düşüb, orta əməkhaqqı 320
manatı, otra pensiya isə 115 manatı keçib. Aydındır bunlar regionlarda yaşayan əhalinin də həyat şəraitinin yaxşılaşmasında
özünü göstərir.
“Bu, bir daha göstərir ki, bizim apardığımız
islahatlar və iqtisadi artım, ilk növbədə, Azərbaycan
vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəldilibdir»,-dövlət
başçısı vurğulayıb.
Bir sözlə,
ölkə iqtisadiyyatı
və ümumiyyətlə,
ölkənin inkişafı
üçün vacib
olan sosial sahə həmişə olduğu kimi diqqət mərkəzində
olub. Hayata keçirilən sosial-iqtisadi
siyasət regionların
simasını dəyişib.
Regional inkişaf sahəsində
əldə olunmuş
yüksək nəticələr
deməyə əsas verir ki, respublikamız
qlobal böhranın
son fazasını da uğurla adlayaraq yeni inkişaf mərhələsinə qədəm
qoyub, qeyri-neft sektorunda qazanılan iqtisadi uğurlar Azərbaycanın iqtisadiyyatının
neftdən asılı
olması ilə bağlı qərəzli
iddiaları alt-üst
edib.
Beləliklə, uğurlu
iqtisadi siyasət nəticəsində regionlarda
sosial- iqtisadi artımın davamlılığı
təmin edilib, əhalinin gəlirlərinin
artırılmasına və
rifahının əhəmiyyətli
dərəcədə yaxşılaşdırılmasına
nail olunub. Azərbaycanın
beynəlxalq nüfuzu
artıb.
Pünhan ƏFƏNDİYEV
Üç nöqtə.- 2011.- 1 mart.- S. 9.