Bu gün Milli Teatr Günüdür

 

AzDrama təmirdən sonra qapılarını tamaşaçılara açır

 

138 yaşlı teatrımızın tarixinə gəlincə isə, bu həvəskar şagirdlərin ilk uğurlarından başlayır. Daha dəqiq desək, Azərbaycan professional teatrının tarixi əsasını Mirzə Fətəli Axundovun 1873-cü ilin martında Bakıda səhnəyə qoyulan “Sərgüzəşti vəziri xani Lənkəran” tamaşasından götürür. Həsən bəy Zərdabinin təşəbbüsü, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin yaxından iştirakı ilə realnı məktəbin şagirdlərinin göstərdiyi ilk həvəskar tamaşa Milli Teatrın yaranması üçün əsaslı təkan olub. Daha sonra 1875-ci ildə Qubada, 1879-cu ildə Şəkidə, 1882-ci ildə Naxçıvanda teatr tamaşaları göstərilməyə başlayıb. 70-80-ci illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları Bakıdakı teatr xadimləri ətrafında toplaşmağa başlayıb. 1888-ci ildə isə onlar artıq teatr kollektivi kimi fəaliyyət göstərirdilər.

Uğurlu teatr tarixi olan Azərbaycan teatr bu gün tamaşaçı problemi yaşasa da, əvvəl daim diqqət mərkəzində olub. Belə ki, XX əsrin əvvəlləri də Azərbaycan teatrı üçün böyük hadisələrlə zəngindir. 1908-ci il yanvarın 12-də görkəmli bəstəkar Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operası Şərqdə ilk dəfə səhnəyə çıxarılır. İlk tamaşa Hacı Zeynalabdin Tağıyev teatrında - indiki Musiqili Komediya Teatrının səhnəsində gerçəkləşdirilib. O dövrdə qadınların səhnəyə çıxması yasaq olduğundan, ilk Leyliləri, eləcə də digər qadın rollarını kişilər oynamalı olub. 30-cu illərdə Azərbaycan teatrı Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı və digər görkəmli dramaturqların simasında inkişafını davam etdirir. Müəyyən tənəzzül dövrlərini də yaşamalı olan milli teatr 1970-ci illərdə yenidən yüksəlişə doğru addımlayır. Bu illərin repertuarında milli əsərlərlə yanaşı, xarici ədəbiyyat nümunələri də uğurla təqdim olunur.

1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra isə ölkə mədəniyyətinin əsas tərkibi olan teatrların işinə xüsusi önəm verilib.

Qeyd edək ki, bu gün ölkədə 40-a yaxın teatr fəaliyyət göstərir ki, bunun da 15-dən çoxu paytaxtda yerləşir.

Elə bu gün də paytaxtın əsas teatrlarından olan Akademik Milli Dram Teatrı növbəti dəfə açılış edəcək. Məlum olduğu kimi, bir müddət öncə təmirə bağlanan teatr yenidən qapılarını tamaşaçılara açıb. Bu gün baş tutacaq açılışda isə teatrın kollektivi ilə yanaşı, dövlət nümayəndələrinin, sənətkarların və eləcədə digər peşə sahiblərinin iştirakı gözlənilir. Teatrın mətbuat katibi Elçin Cəfərovun sözlərinə görə, yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” tamaşasının yeni quruluşda “Qarabağnamə” adı ilə əsaslı bərpa olunub. Bildirək ki, Akademik Milli Dram Teatrı açılışı da bu əsərin təqdimatı ilə olacaq. Bundan başqa sözügedən əsərin 11, 12 mart tarixlərində də primyera tamaşaları oynanılacaq. Artıq biletləri satılan “Qarabağnamə” tamaşasında baş rolu İlham Əsgərov ifa edəcək. Tamaşada həmcinin Kazım Abdullayev, Məsmə Ağaverdiyeva, Rafiq Əzimov, Mirzə Ağabəyli, Firəngiz Mütəllimova, Sevil Xəlilova, Vəfa Rzayeva, Şəhla İsmayılova,    Kazım Həsənquliyev, Sərdar Rüstəmov, Sabir Məmmədov, Rövşən Kərimduxt və digərləri rol alıb.

Onu da qeyd edək ki, bir müddət öncə teatra aktyorların işə götürülməsi ləğv olunsa da, 1 ildən sonra bu məsələnin yenidən qüvvəyə minəcəyi də gözlənilir. Teatrın mətbuat katibinin açıqlamasına görə, hazırda aktyorlar 1 illik müqavilə əsasında, rejissor isə qonarar sistemi ilə çalışırlar.

 

 

Üç nöqtə.- 2011.- 10 mart.- S. 13.