Mübariz İbrahimova aid «Hünər
simfoniyası»
Balayar Sadiqin Milli Qəhrəmanın həyat yolundan bəhs
edən kitabının təqdimat mərasimi keçirilib
Martın 15-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun
(BAMF) ofisində «Qarabağ İctimai Forumu»nun (QİF) təşkilatçılığı
ilə şair Balayar Sadiqin Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun həyat yolundan bəhs edən «Hünər
simfoniyası» adlı kitabının təqdimat mərasimi
keçirilib. Tədbiri giriş sözü ilə QİF-in sədri,
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu
açıb. O, əvvəlcə kitabın ərsəyə
gəlməsində müəllif başda olmaqla, bütün
yaradıcı kollektivə öz təşəkkürünü
bildirib. U.Rəhimoğlu
çıxışında cəmiyyətin susqunluğuna,
düşdüyü depressiya vəziyyətindən
çıxmasında M.İbrahimovun şücaətinin
böyük rol oynadığını vurğulayıb.
O, Balayar Sadiqin qələmə aldığı poemanı
çox qiymətli bir iş olduğunu dedi. Kitabın
redaktoru, şair-publisist Qulu Ağsəs kitabı təmənnasız
çap edən “MHS-poliqraf” nəşriyyatının rəhbərliyinə
öz minnətdarlığını bildirib. O,
M.İbrahimovun qəhrəmanlığından, onun
keçdiyi qısa, amma çox şərəfli bir həyat
yolundan danışıb. Milli Məclisin deputatı Aqil Abbas
isə çıxışında son dövrlərdə
formalaşan bədbinlik hissinin Mübarizin qəhrəmanlığı
ilə aradan qalxdığını qeyd edib. O, kitabın
geniş təbliğinə ehtiyac olduğunu, “Ədalət” qəzetinin
bu istiqamətdə əlindən gələn köməyi etməyə
hazır olduğunu tədbir
iştirakçılarının diqqətinə
çatdırıb. Millət vəkili Qənirə
Paşayeva gənc nəslin, xüsusilə də müharibə
dövrünü görməyən gənclərin vətənpərvərlik
ruhunda böyüdülməsində Mübariz İbrahimov qəhrəmanlığının
böyük rolu olduğunu söyləyib. O, tədbir
iştirakçılarını bu yaxında Tovuzda, cəbhə
bölgəsində, N saylı hərbi hissədə
keçiriləcək görüşə dəvət etdi.
Xanım deputat, bu
kitabın təbliğatında əlindən gələn
köməyi etməyə hazır olduğunu deyib. Xankəndindən
deputat seçilmiş Flora Qasımova cəmiyyətdə
Qarabağ hadisələrinin unudulacağı qorxusu olduğu
bir vaxtda M.İbrahimovun qəhrəmanlığının əvəzsiz
rolunu qeyd edib. O, bu olayın nəinki orta nəslin nümayəndələrində,
hətta müharibə dövrünü görməmiş və
ya həmin dövrdə azyaşlı olmuş insanların da
Qarabağı unutmadığını ortaya qoyduğunu
müsbət bir hal kimi xüsusi ilə vurğulayıb. Millət
vəkili Zahid Oruc son dövrlərdə şou xarakterli
verilişlərin artması fonunda, vətənpərvər
verilişlərin azalmasını diqqətə
çatdırdı. O, Mübarizin öz qəhrəmanlığı
ilə Azərbaycanın əsgər, gizir və zabitinin
öz sözünü lazımi anda deyə biləcəyini
göstərdi. Milli Məclisin üzvü, QİF
yaradıcılarından biri olan Məlahət
İbrahimqızı çıxışında Mübariz
İbrahimovun qəhrəmanlığının son dövrlərdə
xüsusi ilə televiziya məkanında olan mənəviyyatsız
mühitə son qoyduğunu bildirib. O, qəhrəmanlıq səhnələri
ilə zəngin olan tariximizin cəmiyyətin bütün sahələrində
geniş təbliğ olunmasına hər zaman ehtiyac
olduğunu deyib. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı
kitabın müəllifi B.Sadiqi təbrik edib ona uğurlar diləyib.
S.Rüstəmxanlı xalqın unutqanlığının
onun tarixində dərin iz buraxdığını qeyd edib. Tədbirin
sonunda çıxış edən müəllif həm
“Qarabağ İctimai Forumu”na, onun sədri Umud Rəhimoğluna
və bütün iştirakçılara öz minnətdarlığını
bildirib. Tədbirdə Milli QHT Forumunun rəhbəri Rauf Zeyni,
“Qarabağ qaziləri” ictimai birliyinin sədri Etimad Əsədov,
tanınmış şair-publisistlər Tofiq Abdin, Əjdər
Ol, şair-naşir Vasif Qurbanzadə, jurnalist-publisistlər
Vahid Qazi, Tahir Aydınoğlu iştirak ediblər.
Elməddin
Üç nöqtə.- 2011.- 16 mart.- S. 5.