«Kəlbəcər»
kitabı yenidən nəşr edilib
Məzahir Təhməzov: «Kitabın rus və ingilis
dilinə tərcümə edilməsi də nəzərdə
tutulub»
İllər keçdikcə
Azərbaycanın işğal altında olan
torpaqlarının dəyərini, respublikamız
üçün iqtisadi əhəmiyyətinı daha artıq
hiss edirik. Məlum məsələdir ki, Azərbaycan
torpaqlarının 20 faizi işğal altında olmasaydı,
ölkəmizin iqtisadi gücü, əhalinin həyat səviyyəsi
indikindən dəfələrlə yaxşı olardı.
Torpaqlarımızın gec-tez işğaldan azad
olunacağına şübhə yoxdur. İşğal nəticəsində
ölkəmizə vurulan maddi ziyan da bərpa ediləcək. Amma
əsas məsələ bu gün böyüyən gənc nəslin
yaddaşından həmin torpaqlar haqqında təsəvvürün
yaradılması, o rayonların yer və yurd adlarının
unudulmamasıdır. Bunun üçün əsas iş həmin
rayonlardan olan insanların üzərinə düşsə də,
amma ziyalılar, şairlər,
yazıçılar, elm adamlarının da üzərinə
müəyyən məsuliyyət düşür. İndiyədək
işğal altında olan rayonların hər biri haqqında
xeyli kitab yazılıb.
Kəlbəcər
rayonu, bu rayonun təbii ehtiyyatları haqqında da bir neçə
kitab çap olunub. Bu günlərdə Məzahir Təhməzovun
müəllifi olduğu «Kəlbəcər» kitabı yenidən
nəşr edilib. Kəlbəcər rayonu haqqında məlumatlar,
rayonun yer, yurd adları, yer adlarının mənası əks
olunan kitab gənc nəsil
üçün çox dəyərlidir. Kəlbəcərin
yeraltı və yerüstü sərvətləri, uzun illər
təbii sərvətləri tədqiq edən, axtarıb tapan
geoloqların məlumatları əksini tapıb. Hər kəndin
ağsaqqallarının kəndləri, kəndlərdəki
yer adları, bulaqları, çayları, dağları barədə
verdikləri bilgilərə daha çox yer ayrılıb. Eyni
zamanda Kəlbəcər rayonun təbiətini əks etdirən
fotoşəkillərə, rayonun işğaldan əvvəlki
görüntülərinə yer verilib. Kitabın ən
önəmli əhəmiyyəti isə Kəlbəcərin kəndlərinin
sxematik inzibati-ərazi xəritələrinin verilməsidir. İlk
dəfədir ki, rayonun kəndlərinin sxematik inzibati-ərazi
xəritəsi yer və yurd adları dəqiq göstərilməklə
təsvir edilib.
Kitabın müəllifi
Məzahir Təhməzovun sözlərinə görə,
kitabın yeni nəşrində bir sıra yeniliklər edilib:
«Kitabda Kəlbəcər rayonu və kəndlərlə
bağlı şəkillərin sayı artırılıb. Həmçinin,
işğaldan sonra çəkilən bəzi şəkillər
kitaba əlavə edilib. Kəlbəcər rayonunda
tarixi-memarlıq abidələrinin şəkilləri yerləşdirilib. Yer adlarına da əlavələr
edilib. Kitabın yeni nəşrində Kəlbəcər
rayonunda qayaüstü rəsmlərdən olan fotoşəkillərə
də yer ayrılıb».
M.Təhməzovun
sözlərinə görə, kitabın rus və ingilis dilinə
tərcümə edilməsi də nəzərdə
tutulub.
Qeyd edək ki, kitabda
1993-cü il Kəlbəcər faciəsi - Kəlbəcərin
erməni işğalçıları
tərəfindən işğal edilməsi haqqında məlumat
verilib. Bu kitabın gənc nəsldə Kəlbəcər
rayonu, onun gözəllikləri barədə ətraflı təəssürat
yaradacığı şübhəsizdir.
Xalid
Üç nöqtə.- 2011.- 16 mart.- S. 14.