«Novruzunuz mübarək

 

Səməni, şəkərbura, «həft meyvə», buynuz yağlamaq

 

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini, təbiətin canlanması şadlıqla qarşılayır, bu münasibətlə şənliklər keçirir, onu yeni ilin başlanğıcı kimi bayram edirlər. Qədim zamanlardan başlayaraq azərbaycanlılar, İran, Əfqanıstanda, Tacikistan, Özbəkistan bəzi başqa şərq xalqları baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar. Martın 21-i İran Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz həmçinin Bəhai təqvimində ilin ilk günüdür.

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i «Beynəlxalq Novruz Günü» elan edilib.

Novruz Azərbaycanla yanaşı İranda, Türkmənistanda,  Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir. Albaniyada Sultan Novruz bayramı dini bayram kimi Bəktaşilik təriqətinin davamçıları tərəfindən qeyd olunur. Adətə görə, Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulayıb, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı («Gün çıx!» nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə edib.

Novruz müxtəlif ölkələrdə müxtəlif cür qeyd olunur. İrandakı zərdüştilər öz Novruz süfrələrinə Zərdüşt peyğəmbərin müasir rəssamların təxəyyülünün məhsulu olan portretini qoyurlar. Amma İran əhalisinin çoxu müsəlmandır, onların süfrəsində Qurani-Kərim olur, bəziləri isə həm də İran şairi Hafizin divanını süfrəyə qoyurlar. İran süfrəsində də Azərbaycandakı kimi «s» hərfi ilə başlayan 7 nemət olmalıdır.

Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı «həft meyvə», yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ilin heç bir ayrı ayında hazırlamırlar, ancaq Novruzda hazırlayırlar. «Həft meyvə» - ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşləri olur, amma orda yumurta boyamaq bir az uzun çəkir – yumurtaları qaynadandan sonra da fırçayla üstünə cürbəcür naxış vururlar. Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari-Şərif şəhəridir. İnsanlar həmin şəhərə toplaşır, Əlinin ziyarətgahında orda xüsusi sərgilər, mərasimlər təşkil olunur.

Əfqanlar Məzari-Şərifdə xüsusi bayraq qaldırırlar. Bayraq 10 gün orda qalır. Sonsuz qadınlar Əlinin ziyarətgahına gəlir, ora lentlər bağlayırlar, Allaha dua edirlər ki, Əlinin xətrinə bizim ailənin övlad arzusunu yerinə yetir.

Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq da olur. Bu – quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Adına niyə beşbarmaq deyilir – çünki əllə yeyilir – yəni beş barmaqla. Bu ölkədə Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var – üzərlik yandırılan kimi. Qırğızlar deyir ki, bu, qədim türk şamanlarından qalma adətdir. Onlar «Alas-alas, hər bəladan xilas» – deməklə öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər.

Novruzda Özbəkistanda öküzlərin buynuzunu yağlayırlar. Məmləkətin yaşlı adamı əlini yağa batırar və öküzlərin buynuzunu yağlar ki, yeni il bərəkətli olsun.

Novruz bayramı Azərbaycanda da xüsusi təntənə ilə qeyd olunur. Bu bayramda insanlar sanki ruhən təmizlənirlər. Bu isə onların ürəkdən bir-birinə xoş diləklər diləməsi ilə özünün büruzə verir. İlk çərşənbədən ta martın axırlarınadək ölkəmizin hər bir yurdunda, obasında bu sözlər eşidilir: «Novruzunuz mübarək olsun

 

 

Qızılgül Abdinova

 

Üç nöqtə.- 2011.- 19 mart.- S. 3.