Pensiya işinin avtomatlaşdırılması vətəndaşların mənafeyinə xidmət edir

 

«1968-ci ildən iyirmi yaşımdan tikinti sektorunda fəhləlikdən başlamış baş mühəndisliyə qədər  bir əmək fəaliyyətim olub. Tikinti kimi ağır işdə çalışanların 57 yaşında təqaüdə çıxmaq hüququ olduğunu bilirdim. Buna görə də müvafiq sənədləri toplayıb 2006-cı ildə müraciət etsəm də, bu güzəştin ləğv olunduğunu bildirdilər. Bəzi məmurların qanunvericiliyi yaxşı bilməməsi və subyektiv münasibətlər vətəndaşlar üçün problemə çevrilirdi. Təxminən üç il əziyyət çəkdikdən sonra keçdikdən pensiya hüququmu reallaşdıra bildim». Bunu bizimlə söhbətində 63 yaşlı Vahid Kazımov bildirdi.

Taqaüdə çıxmaq üçün sənəd toplanılması və vətəndaşın pensiya hüququnun reallaşdırılması bəzən V.Kazımov kimi yüzlərlə sadə vətəndaş üçün böyük problemə çevrilirdi. Pensiyanın məbləğinin 2006-cı ilə qədər vətəndaşın istənilən ardıcıl 60 ay üçün əmək haqqısı əsasında müəyyən olunması zaman keçdikcə vətəndaşlar üçün problemlərə yol açırdı. Bununla yanaşı elm, təhsil, səhiyyə, mədəniyyət sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əməkhaqqı göstəricilərinin bəzən digər aşağı əmək stajlı şəxslərin əməkhaqqı göstəricilərindən az olması səbəbindən yaranan fərqli pensiya hesablanması halları pensiyaçılar arasında haqlı narazılığa səbəb olurdu. Digər tərəfdən isə çox hallarda vətəndaş öz pensiya hüququnu reallaşdırmaq üçün illərlə vaxt sərf etməli olurdu. Amma artıq bu kimi problemlərin arxada qaldığını deyə bilərik. Çünki avtomatlaşdırılmış pensiya sistemi pensiyaların təyini və hesablanmasında subyektiv amilləri tam aradan qaldırıb. Bu gün də DSMF rəsmi saytında (www.sspf.gov.az) yerləşdirilən pensiya kalkulyatoru vasitəsilə istənilən şəxs öz pensiyasını hesablaya bilər.

 

Yeni sistem pensiyaçıların sosial müdafiə hüquqlarının şəffaf təmin edilməsinə imkan verir

 

XX əsrin 30-cu illərindən 2005-ci ilədək keçmiş postsovet ölkələrində olduğu kimi respublikamızda da pensiyaların ödənilməsi həmrəylik prinsipi əsasında həyata keçirilib. Yəni faktiki işləyən nəsil özündən əvvəlki iki nəslin təqaüdünü ödəyirdi. Pensiyalara artımlar müxtəlif dövrlərə uyğun fərqli indeksləşdirmə metodları əsasında aparılırdı. Bu isə həmin tədbirdən kənarda qalan pensiyaçıların narazılığına səbəb olurdu. Çünki hər bir cəmiyyətin tərəqqisinin əsası əhalinin sosial rifah halının yüksəldilməsi olduğundan dövlətin inkişaf səviyyəsi də bu amillə qiymətləndirilir.  Azərbaycan müstəqillik əldə etdikdən sonra vətəndaşların sosial problemlərinin həlli istiqamətində bir sıra ciddi addımlar atılıb. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin qarşısında duran əsas məsələlərdən biri olub. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ümummilli lider Heydər Əliyev və bu siyasətin davamçısı Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub. Əhalinin sosial müdafiəsini təmin etmək üçün islahatlar aparılıb və müvafiq qanunvericilik bazası yaradılıb. Bazar iqtisadiyyatı şəraitində köhnə sistem özünü doğrultmadığından 2006-cı ilin  yanvarından yeni sığorta- pensiya sisteminin tətbiqinə başlanılıb. Həmin il qüvvədə olan "Əmək pensiyaları haqqında" qanunla baza, sığorta və yığım hissələrindən ibarət olmaqla üçpilləli pensiya təminatı sisteminin qurulmasına başlanılıb.  Ölkədə qurulan yeni sığorta-pensiya sistemi çərçivəsində əmək pensiyalarının baza və sığorta hissələrinin təyini və artırılması mexanizmləri tətbiq edilib. Bu sistem əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılması, mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə, sosial müdafiə hüquqlarının şəffaf təmin edilməsi imkan verir. Artıq dörd ildir pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi aparılır. Əvvəlki ilin infiliyasiya göstəricisi nəzərə alınmaqla pensiyalarının sığorta hissəsinə 2007-ci ildə 8,3 faiz, 2008-ci ildə 16,7 faiz, 2009-cu ildə 20,8 faiz, 2010-cu ildə 1,5 faiz, 2011-ci ildə isə 5,7 faizlik artım tətbiq edilib. Yeni sistem fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb. Yeni sistemə keçid nəticəsində qeyd etdiyimiz artımların avtomatlaşdırılmış şəkildə vaxtında həyata keçirilməsi təmin edilib. Bu gün Azərbaycanda orta aylıq pensiyanın məbləği 114 manatdır. 

 

İnzibati nəzarət daha səmərəli ictimai nəzarətlə əvəzlənir

 

Beynəlxalq təcrübə göstərir ki, bazar iqtisadiyyatı şəraitində vətəndaşlar qocalıq, əlillik və ya ailə başçısını itirmə səbəbindən gəlir əldə etmək imkanlarından məhrum olduqda onların sosial müdafiəsinin birinci elementi kimi sosial sığorta sistemi çıxış edir. Həmin sistem iqtisadi aktivliyi daha çox təşviq etməklə şəxslərin işlədikləri zaman onların özləri və işəgötürənlər tərəfindən edilən sığorta ödənişlərinə əsaslanır. Bunun üçün hər bir sığortaolunana fərdi hesab açılaraq ödənilən sığorta haqlarının həmin hesabda toplanılması təmin olunur. Vətəndaşların pensiya təyinatı bu uçotun məlumatları əsasında aparılır. Hazırda Dövlət Sosial Müdafiə Fondunun mərkəzi məlumat bazasında 1 milyon 292 min nəfər pensiyaçı və 1 milyon 800 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanılıb. Hazırda respublikamızda da qurulan sığorta-pensiya sistemi məcburi dövlət sosial sığortası əsasında fəaliyyət göstərir ki, bu sistemin əsas məzmununu sığorta olunanlar üçün ödənilən sığorta haqlarının fərdi uçotunun qurularaq, vətəndaşların pensiya təminatının həmin uçotun məlumatlarına əsasən aparılması təşkil edir. Belə ki məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılmasına fərdi uçotun tətbiqi nəticəsində nail olunub. Bununla da hər bir işləyən şəxs öz gələcək pensiya təminatı naminə sosial sığorta haqlarının tam və vaxtında ödənilməsində maraqlı olur. Başqa sözlə, inzibati nəzarət daha səmərəli ictimai nəzarətlə əvəzlənib. Bunun nəticəsidir ki, son beş ildə məcburi dövlət sosial sığortasında fərdi uçot sistemində sığortaolunanların sayı 1,2 dəfə, toplanan məcburi dövlət sosial sığorta haqlarının məbləği isə 3,5 dəfə artıb.

Pensiya və müavinət təyinatının avtomatlaşdırılması yeni qurulan sığorta-pensiya sisteminin əsas elementidir. Pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması məqsədilə bu ödənişlərin əhaliyə plastik kartlarla bankomatlar vasitəsilə çatdırılması əldə edilən mühüm nəticələrdəndir. Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kənd əhalisinin isə 98 faizinin pensiyaları plastik kartlarla ödənilir. Qeyd olunan göstəricilər üzrə Azərbaycan dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.

 

Yeni sistem subyektiv münasibətlərə son qoyacaq

 

Avtomatlaşdırılmış pensiya təyinatına keçid ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyevin qənaətinə görə, avtomatlaşdırılmış pensiya sistemi ilk növbədə pensiyaların təyin edilməsi hesablanmasında subyektiv münasibətlərə son qoyacaq: « qədər ciddi nəzarət mexanizmləri olsa da, insan amili olan yerdə subyektiv münasibətlər istisna edilmirdi. Pensiyaların təyin edilməsi zamanı bəzən vətəndaşların məlumatsızlığından istifadə edilə bilərdi. Avtomatlışdırılmış pensiya sistemi nəticəsində ilk növbədə həmin subyektiv amillər aradan qalxacaq. Digər tərəfdən isə operativlik olur. Həm vətəndaş ozü müəyyənləşdirəcək ki, pensiyaya çıxanda qədər təqaüd alacaq ».

İqtisadçı Nazim Məmmədov da avtomatlaşdırılmış pensiya sisteminin vətəndaşlar üçün mühüm əhəmiyyəti olduğunu bildirdi: «Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılan pensiya islahatları zamanı dünyanın ən son təcrübəsindən istifadə olunub. Fondun bütün inzibati binaları müasir avadanlıqlarla təmin olunub. Qurulan avtomatlaşdırılmış sistem pensiyaların təyini artırılması zamanı subyektiv münasibətləri aradan qaldıracaq. Artıq birmənalı olaraq qəbul olunub ki, idarəetmədə insan amili qədər az olsa, şəffaflıq o qədər daha artıq təmin olunur. Xoşagəlməz hallar isə aradan qaldırılır. Bu mənada yeni sistem vətəndaşların mənafeyinə xidmət edir».

Qeyd edək ki, Azərbaycanın beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modeli müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir. Ölkəmizin sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. 2010-cu ilin martında Dövlət Sosial Müdafiə Fondu "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan edilib. 2010-cu ilin dekabrında BMT İnkişaf Proqramının Avropa MDB üzrə Regional bürosu Azərbaycanda sığorta-pensiya sisteminin islahatları üzrə layihəni həmin büronun xəttilə gerçəkləşdirilən layihələr arasında birinci yerə layiq görülüb. Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar qurulan yeni modelin öyrənilməsi Dünya Bankı tərəfindən kecid dövrü ölkələrinə tövsiyə olunub. Artıq sığorta-pensiya sistemlərini yenidən qurmaq niyyətində olan Əfqanıstan, Türkmənistan, Monqolustan Azərbaycan təcrübəsindən yararlanır. Vaxtı ilə təcrübəsini öyrəndiyimiz bir çox ölkələrin müvafiq qurumları hazırda Azərbaycan təcrübəsinə ciddi maraq göstərir. Başqa sözlə, respublikamızda beynəlxalq təcrübənin ən son yeniliklərindən bəhrələnərək əhalinin sosial müdafiəsi sahəsində yeni sistem qurulub. Həyata keçirilən pensiya-sığorta siyasəti nəticəsində qurulan sistem isə hər bir vətəndaşın mənafeyinə xidmət edir.  Həmçinin, ölkəmizin mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə, sosial müdafiə hüquqlarının şəffaf təmin edilməsi imkan verir.

 

 

Xalid VAHİDOĞLU

 

Üç nöqtə.- 2011.- 19 mart.- S. 11.