Köhnə gənc azərbaycanlı Orxan Fikrətoğlu

 

«Mən düşmənlərimi bağışlaya bilirəm, amma dostlarımı yox»

 

Həmsöhbətimiz yazıçı Orxan Fikrətoğlu Bakıda anadan olub. Müxtəlif dövrlərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının, Dövlət Kino Komitəsinin, AzərTelefilmin, "Günay" qəzetinin baş redaktoru işləyib. Yeddi bədii nəsr kitabının, üç publisistik kitabın müəllifidir. İlk hekayəsi 1981-ci ildə "Kirpi" jurnalında çap olunub.

- Orxan müəllim, qarşıdan Novruz bayramı gəlir. Bayram günü həm də sizin doğum gününüzdür, 45 yaşınız tamam olur. Orxan Fikrətoğlu bu yaşa gəlib çatıb, nəsə dəyişib, yoxsa elə köhnə azərbaycanlı kimi qalıb?

- Mən elə həmişəki mənəm. Elə bilirəm ki, özüm barədə danışsam əsl azərbaycançılıq və İslam əxlaqına uyğun gəlməz. Çünki bu əxlaqla mən də yaşayıram, sən də, digərləri də. Lakin nə etdiyimi və etmək istədiyimi demək istəyirəm. Əslində insan anadan azad doğulur. Ona görə də azadlıq axtarmaq həvəsi məndə həmişə maraq doğurub. Axı insan nədən və niyə azad olmaq istəyir? İnsan anadan ifrat dərəcə, hətta tərbiyəsiz olmaq qədər azad doğulur. Elm və mədəniyyət olmasa, insan dünyaya zülm edər. Əlimə qələm alandan həm ədəbiyyatda, həm də kinoda transformal olmasını, dəyişmə anlarını işləmişəm. Dünyada radionun, televiziyanın yaranıb ölməsini müşahidə etmişəm. Mənim gözümün qabağından dünya ədəbiyyatı başqa dönəmə keçir. Artıq dünya kinosu da tamam dəyişib. Məsələn, bu gün televiziyalar yalnız reytinqə işləyir. Bu gün baş verənlərin klassik televiziya və radioya dəxli yoxdur. Mən o televiziya və radionun adamıyam. Çünki mən orada sırf siyasi maarifçiliklə məşğul olmuşam. Ədəbiyyat şəhər və kənd ədəbiyyatına bölünəndə mən ilk dəfə sürrealist hekayələr yazmışam. Və yaxud Gülbəniz Əzimzadənin çəkdiyi «Ümid», Ramiz Əzizbəylnin «Yalan», özüm çəkdiyim «Ərazi», «Xalça» nəğməsi filmlərində də mənə elə gəlir ki, insan faktoruna bu prizmadan yanaşmışam. Ona görə də, mənə elə gəlir ki, bu yaşımda, dördlə beşin yan-yana durduğu bir məqamda etmək istədiyimin bir faizini etmişəm.

- Yazıçı Orxan Fikrətoğlu bu gün həm kino çəkir, həm də jurnalistika ilə məşğuldur. Amma bir məsələ var, bu sənət aləminin heç biri sizi sonadək qəbul etməyib. Bugünkü dünyamızın qarışıq rənglərini Orxan Fikrətoğlunun hansı gözü daha aydın görür, yazıçı, jurnalist, yoxsa rejissor?

- Əslində bunları mənim yazıçılığım birləşdirir. İlk dəfə yaradıcılığa nəsrlə başlamışam. Qorki adına Moskva Ədəbiyyat  İnstitunun da «nəsr» şöbəsini bitirmişəm. Mən televiziyada da öz sözümü demişəm. Məndən əvvəl televiziyada «Zorxana» olmayıb, heç kim o dildə danışmayıb. Heç cəhd də etmədilər.

-  Amma «Zorxana»nı efirə tin söhbətləri gətirməkdə, efirin akademik səviyyəsini aşağı salmaqda qınadılar.

- Olsun da. Bəli, mən xəbər dilinə virus salmışam. Əliağa Vahid də küçə dilində yazırdı. Bu gün məgər Əliağa Vahid yaşamır? Amma Azərbaycan ədəbiyyatına absurdizmi də mən gətirmişəm, bu da var. Yəni bunları mən eləmişəm, pis və yaxud yaxşı olması artıq mənim üçün ikinci dərəcəli söhbətdir. Yeni bir şeyə, başqaların təkrarlamamağa cəhd etmişəm. Bəli, bu gün ədəbiyyatda və televiziyada qruplaşmalar formalaşıb və bunların heç biri məni qəbul etmir. Çünki mən heç bir qruplaşmanın və partiyanın üzvü deyiləm. Fərdi şəkildə öz istədiyimi yazan, göstərən biriyəm. Əsas odur, bilirəm ki, mən özüməm və bunun yaxşı-pis olması də artıq ikinci dərəcəlidir. Elə bilirəm ki, mənim kimi yaşamaq çətin və pisdir. O ki qaldı özümü ifadəyə, bu məndə daha çox nəsrdə yaxşı alınıb. Düşünürəm, ədalətli ədəbi tənqid bunun qiymətini çox verməli idi.

- Fikrət Sadıqdan nəyi götürmüsünüz və yaxud nələrdən imtina etdiniz?

- Mən Fikrət Sadığı tam qəbul edirəm. Çünki pisi, yaxşısı, zəifi və güclüsü ilə Fikrət Sadıq mənim atamdır. Oğul da atasına oxşamalıdır, onun səhvini də yalnız ikimiz olanda deyirəm. Bununla yanaşı etiraf edirəm ki, ədəbiyyatla bağlı böyük davalarım olub. Mən Yazıçılar Birliyində çıxış edib demişəm ki, bu təşkilat ümumiyyətlə bağlanmalı, fəxri adlar, orden və medallar ləğv olunmalıdır və yaxud sovet ədəbiyyatı yoxdur… Təbii ki, atam məndən bu söhbətlərə görə dəfələrlə küsüb. Çünki bu onun dünyası, mühiti, dostlarıdır. Amma sonra mənimlə razılaşıb. Məsələn, mənim əsərlərimdə naturalist məqamları, erotik çılğınlıqları o əvvəlcə qəbul etmirdi. Amma sonra dedi ki, bu sənin öz yolundur, özün bilərsən. Amma məişət zəminində mən atama peyğəmbərimizin dediyi oğulluğu etmişəm. Bütün hərəkətlərimə görə də ondan halallığımı istəmişəm. Belə baxanda məndən həmişə atama şikayətləniblər. Amma onun bir kəlmə sözü var, bu sənindir. Dayım Aqşin Babayevə də yüksək rütbəli siyasilər şikayətlənirdilər.

- Bu gün ədəbiyyat aləmində aşkar qarşıdurma var. Təzələr köhnələrdən  imtina edir, köhnələr də təzələri qəbul etmir. Sizcə dava nə davasıdır?

- Mən artıq orta nəsilə aidəm. Hələ bir iki ilə ortalıqda var-gəl etmək imkanım var. Əslində cavanlarla qocaların maksimalistcəsinə bir-birini bəyənməməsi təbiidir. Adəm peyğəmbərdən bu yana gənclər özlərinə yaşlılardan ağıllı, güclü , qocalar da əksinə onları cahil sayıblar. Bir məsələ də var ki, gəncliyində novator, qocalığında mühavizəkar olmayanı normal insan saymıram. Lakin əsas odur ki, ortada iş qoyulmalıdır, imkanla ideya üs-üstə düşməlidir. Hər nəsil özündən əvvəlkini bəyənməsə də ortaya yazı qoyub axı. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, onlardan sonra Hüseyn Cavad, sonra 50-cilər, 60-cılar, 70-cilər və 80-cilər- bunlar ortalığa tutarlı iş qoyublar. Bunu inkar etmək olmaz. Heç kimi bəyənməyib, heç nə yazmamaq məncə yalnız dəlilikdir, anormallıqdır.

- Müasirlərdən kimləri oxuyursunuz?

- Bu yaxınlarda Əziz Alpout adlı müəllifin Türkiyədə dərc olunan bir kitabını oxudum, əsrin əvvəllərində baş verən hadisələrdən bəhs edirdi, oradan çox şey öyrəndim. Amma «Əli və Nino» əsərini qəbul etmirəm, ona nifrət edirəm. Əslində böyük mədəniyyətə malik azərbaycanlılar bu əsərdə çox cılızlaşdırılırlar. Amma Əziz Alpoutun həmin dövrdən bəhs edən əsəri mənə daha doğmadır. Müasir ədəbiyyat deyəndə mən Yaşar Əliyev, Eyvaz Əlləzoğlu, Qulu Ağsəsi təsəvvürümə gətirirəm. Bizi də çox vurdular, elə 60-cılar bizi çox təpiklədir. Amma bizim nəsil Qarabağda vuruşdu, meydanlarda gecələdi. O gün Yaşarla görüşmüşəm, 20 ilə yaxındır «525-ci qəzetdə» işləyir, jurnalistikadan nə əldə etdi, heç nə… Mən də televiziyada xərcləndim.

- Biz bu gün «Mozalan» səsini eşitmirik. Neştəri korşalıb, yoxsa?...

- Biz bir əsrdən çoxdur ki, Mirzə Ələkbərin təsirindən çıxa bilmirik. Amma istedad baxımından o qədər «zırraşmışıq» ki, böyük Sabirin özünütənqidi lağ-lağı səviyyəsinə salmışıq. Gülüş xatirinə səhnədə dombalaq, arvad paltarı geyinirik. Bu gün lağ-lağı Azərbaycan mədəniyyəti kimi təlqin olunur. Amma mən «Mozalan»a bunu buraxmıram. Klassik mövzuda hazırlanan «Mozalan»a da baxan yoxdur. Ona görə bizim məhsulu alan yoxdur.

- Kinematoqraf Orxan Fikrətoğlunu bu gün düşündürür, maraqlandırır, narahat edir?

- Bu gün mən istədiyim səviyyədə Azərbaycan kinosu olmasa da bunu yaratmaq mümkündür, çünki bizdə bunun məktəbi var. Sadəcə yeni kadrları yetişdirməliyik. Mən hələ ki gənc perespektivli kadrları görmürəm. Amma yəqin ki yetişəcək. Gənclərin arasında qəbul etdiyim rejissor Yavər Rzayevdir ki, o da məndən 10 yaş böyükdürRafiq Quliyevi gənclərə aid edirlər, 56 yaşı var. Mən bu gün Slavyan Universitetində jurnalistikadan dərs deyirəm. Gənclərlə təmasda olana qədər onlardan qaçırdım. Elə bilirdim ki, gənclər yollarını azıblar. Amma sonradan gördüm ki, bugünkü gənclik çox ayıqdır. Şeirin nəsrin olduğunu məndən yaxşı bilirlər, hansı konyuktur işləkdirsə onunla gedirlər, ailələrini dolandırmağı bacarırlar. Yəni onlar kapitalizmi bizdən yaxşı dərk edib, pul qazanmaq üçün rəqabəti yaxşı öyrəniblər. Bunlar kiməsə yol verməzlər. İstedadlı-istedadsız kimsəni özlərindən irəli buraxmazlar. gənclərin zəmanəyə uyğunlaşması, ayıqlığı məni həqiqətən sevindirir, ən azından yaşamağı bacarırlar. Amma mənim nəslim pafosa inanandır. Misal üçün, məni 20 yanvar hadisələrində aldadıb əli yalın tankın qabağında çıxarmışdılar ki, get öl, qəhrəman olacaqsan. Mən Qarabağda döyüşmüşəm, ölümə getmişəm. Amma indikilər getməz. Deyəcəklər ki, hamı getsin mən gedim. ya deyəcək ki, varlının, yüksək rütbəli məmurun övladı getmirsə mən getmirəm. Bunlar erməniləri aldadacaqlar. Belə baxanda, qərdeşim,  düz deyir Amma məhz buna görə belə insanlardan mənəviyyata söykənən poeziya, ədəbiyyat gözləməyə dəyməz.

- Yazarların bir ümumişlək sözü var, deyirlər ki, mən özümü yazıram. Orxan Fikrətoğlunun qəhrəmanları ona dərəcə yaxındır.

- Əgər kim ki, özü yazdığını deyirsə, inanmayın, yalan deyir. Poeziyada o məsələ hansısa mənada doğru ola bilər, şair hissiyyatını yazır. Amma nəsrdə belə deyil. Mən misal üçün, insanlağını itirəndən sonra qayıdıb təzədən insan olanların hekayətlərini yazıram. Misal üçün, «Ölümə məhkum olmuş» hekayəsində güllələnməyə məhkum edilən polkovnikin əsgər üzünü qırxmır öldürür. Amma sonradan o özü həmin polkovnikə çevrilir. Xeyirdən xeyir, şərdən şər doğar. Məni bir yazıçı kimi belə insan faktoru həmişə düşündürüb. Biz bu dünyaya insan kimi gəlmişiksə, qarşılaşdığımız şəraitdən asılı olmayaraq insanlığımızı itirməməliyik. Gözünüzün qabağında qədər dost itirmişəm. Çünki düşmənlərimi bağışlaya bilirəm, amma dostlarımı yox. 40 yaşıma qədər bütün dostlarımı itirdim. Çünki kimsə mənə xəyanət edibsə, sonradan yenə edəcək, yalan danışacaq.

- Akademik Milli Dram Teatrında əsərinizin səhnəyə qoyulacağını eşitdik.

- Teatrın direktoru İsrafil İsrafilov mən dəvət etdi, görüşdüm. «İynənin nağılı» pyesimi götürdü. Absurd əsərdir. Əsərin mövzusunu qayçı ilə iynənin mübahisəsindən gedir. Alleqorik bir əsərdir. Bu il, ya da ola bilsin gələn mənim hansısa əsərim Az.Drama-da səhnəyə qoyulsun.

- Bu gün insan artıq cansız əşyaya şüur verir, süni beyin yaradır. Dəmir-dümür insanlaşır, amma insanlar insanlıqdan çıxırlar. Hara baxırsan hamı bir-birini qırır. Sizcə niyə?

- İnsan həmişə Allah olmaq iddiasında olub. Misir Fironları hündür ehramları ona görə tikdirirdilər ki, ölümlü olduqlarını insanlar başa düşməsinlər. Fironlar ölümlərini  orada gizlədirdilər. İnsan yaranandan bir ölümə çarə tapa bilməyib. Bu gün insan artıq buna da çarə tapmaq üzərədir. Əslində süni beynin, klonlaşdırılmış uşaqları doğulması küfr, Allaha qarşı çıxmaqdır, onun işinə qarışmaqdır. Amma bunun xeyir ziyanlı olacağı bu gün dəqiq məlum deyil. İnsan özünə oxşayan insanları yaratmaq əldə etmək istəyir məlum deyil.

- Bəs onda Orxan müəllim, bütün bunların axırı necə olacaq? Zor yoxsa xana?

- Mən inanıram ki, bu işlərin axırı zor olacaq.

 

 

Aysər

 

Üç nöqtə.- 2011.- 19 mart.- S. 15.