İnternat uşaqları…

 

Hazırda dövlət uşaq müəssisələrində böyüyən 9874 uşağın ailə qayğısına ehtiyacı var

 

 Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimiz olan uşaqların hüquqlarının qorunması isə dövlətlə bərabər, hər bir vətəndaşın da vəzifəsidir. Ölkəmizdə də hər il diqqəti uşaqların müdafiəsinə cəlb etmək üçün Ombudsman Aparatının təşəbbüsü ilə “Uşaq hüquqları” aylığı keçirilir. Aylıq çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatlarının diqqəti bir daha uşaq hüquqlarının qorunmasına yönəldilir. Bu yazımızda isə biz diqqəti hüquqlarının qorunmasına və qayğıya daha çox ehtiyacı olan uşaqlara yönəltmişik.

Əksər insanlar həyatının ən qayğısız anlarını uşaqlıq dövrlərində yaşayırlar. Problemlərdən uzaq, saf, təmiz o çağları çoxlarımız həmişə nostalji hisslərlə xatırlayırıq. Lakin elə uşaqlar var ki, həyatlarının həmin dönəmi ömrü boyu onlara əzab verir. Talelərinə internat evində böyümək yazılan bu məsum uşaqların yaşam tərzləri eyni olsa da, onları bu həyatı yaşamağa vadar edən səbəblər müxtəlifdir. Bu uşaqların arasında valideynləri sağ olanlar da, onları dünyaya gətirənlərin üzünü ömrü boyu görməyənlər də var. Dünyanın əksər ölkələrində uşaqların internat evlərinə yerləşdirilməsinə ən son halda yol verilir. Uşaq internat evinə yerləşdirildikdən sonra ən qısa müddətdə onun ailəsinə qaytarılması üçün tədbirlər görülür.

 

TƏKCƏ BU İL 91 NƏFƏR İNTERNAT EVLƏRİNƏ VERİLİB

 

Azərbaycanın da qoşulduğu Uşaq hüquqları Konvensiyasına görə, uşaq evləri, internatlarda uşaqların yerləşdirilməsinə yalnız ən son halda, bütün imkanlar tükənəndən sonra yol vermək olar. Amma uzun illər Azərbaycanda ailə himayəsindən məhrum uşaqların internatlara yerləşdirilməsinə son imkan kimi yox, ilk imkan kimi baxılırdı. Bu səbəbdəndir ki, cəmi 9 milyon əhalisi olan Azərbaycanın internat məktəblərində hazırda təxminən 10 minədək uşaq böyüyür. Təkcə bu ilin doqquz ayında 91 nəfər internat evlərinə verilib. Həmin uşaqlardan yalnız 500-700 nəfərinin valideynləri yoxdur. Qalanlarının bir və ya hər iki valideyni var. Həmin uşaqların sosial müdafiəsi ilə bağlı respublikamızda bugünədək bir neçə qanun qəbul edilib.

Hazırda uşaq müəssisələrində yaşayan uşaqlar barədə daim yenilənən məlumat bazası yaradılıb. 2010-2011-ci tədris ilinin sonuna olan məlumata əsasən, bazaya daxil edilən məlumatlara əsasən  hal-hazırda Təhsil, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin tabeliklərində olan respublika üzrə 46 dövlət uşaq müəssisəsində 9874 nəfər uşaq  təhsil alır. Onlardan 3790 nəfəri müəssisədə gecələyən uşaqlardır, qalan 6084 nəfər təhsil alıb gecəni isə ailəsi ilə birgə keçirir. Müəssisədə yaşayan uşaqların əksəriyyəti  7-16 yaş arasında olan uşaqlardır. Müəssisələrdə gecələyən 3860 nəfər uşaqdan 1473 nəfəri sağlamlıq imkanları məhdud olan uşaqlardır. Dövlət uşaq müəssisələrindəki uşaqların təlim-tərbiyəsi ilə 2530 nəfər pedaqoji işçi məşğul olur.

Respublikamızda uşaqların ailələrinə qaytarılması və təhsili ilə bağlı 2006-cı ildə «Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı» Dövlət Proqramı qəbul edilib.  2006-2015-ci illəri əhatə edən proqramın əsas məqsədi uşaqların şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün, onların ailə mühitində xoşbəxt böyüməsi naminə dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılmasıdır. Hazırda internat evlərində olan uşaqların 3 kateqoriyaya bölmək olar. Onlardan birinci qrupu tam bioloji ailələri olan uşaqlardır. Həmin valideynlər hansısa problem səbəbindən uşaqlarını internat evlərinə yerləşdirb. İkinci kateqoriyaya əlilliyi olan uşaqlar daxildir. Həmin uşaqlairın ailələrə verilməsi bir qədər çətin prosesdir. Üçüncü kateqoriyaya isə təhsil nöqteyi nəzərindən internata yerləşdirilən uşaqlar daxildir. Araşdırmalar göstərir ki, ilkin olaraq bir və hər iki valideyni olan uşaqların ailələrə verilməsi məqbul olardı. Bu zaman elə ailələr seçilməlidir ki, onlar uşaqlarını geri götürmək istəsin, amma hansısa problem səbəbindən bu arzularını yerinə yetirə bilmir.

Araşdırmalar göstərir ki, sözügedən dövlət proqramında nəzərdə tutulan işlərin yerinə yetirilməsi sahəsində çətinliklər qalmaqdadır. Qanunvericiliyin tələblərinin tam yerinə yetirilməməsi səbəblərindən biri qanunda nəzərdə tutulan işlərin görülməsi üçün kifayət qədər maliyyə vəsaitinin ayrılmamasıdır.  Bir çox hallarda isə yerli məmurlar məsələyə laqeyd yanaşır. Yerli icra orqanlarında fəaliyyət göstərən azyaşllıar komissiyalarının fəaliyyəti qənaətbəxş deyil. Halbuki həmin komissiyalar öz rayonlarından internat məktəblərinə göndərilən uşaqların həyatı ilə daimi maraqlanmalıdır. Mütəmadi olaraq həmin internat məktəblərinə səfər edib, onlarla görüşməlidir. Əgər uşağın ailəsində hər hansı problem varsa və bu səbəbdən uşaq internata yerlləşdirilsə, həmin ailə ilə iş aparılmalı, ona müvafiq kömək göstərilməlidir. Maksimum çalışılmalıdır ki, bu problemlər qısa müddətdə həll olunsun və uşaq ailəyə qaytarılsın.

 

AZYAŞLILARLA İŞLƏYƏN KOMİSSİYALARIN FƏALİYYƏTİNƏ YENİDƏN BAXILMALIDIR

 

Uşaq Hüquqları üzrə QHT Alyansının icraçı direktoru Nazir Quliyev hesab edir ki, uşaqların ailələrə verilməsindən sonra onlara nəzarət məsələsinə diqqəti artırmaq lazımdır: «Yerli icra hakimiyyəti orqanlarında azyaşlılarla işləyən komissiyaların fəaliyyətinə yenidən baxılmalıdır. Bununla bağlı olaraq xarici ölkələrdə olan oxşar komissiyaların təcrübəsi öyrənilərək təkliflər hazırlanıb. Çünki mərkəzi qurum istəsə belə, yerlərdə ailələrə verilən bütün uşaqlara nəzarət edə bilməyəcək. Bunun üçün dövlətin yükünün də azaldılmasına ehtiyac var. Əksər ölkələrdə dövlətin bu kimi funksiyaları Qeyri-Hökumət Təşkilatlarına həvalə edilir. Həmçinin, reablitasiya mərkəzləri formalaşdırılmalıdır».

Təhsil Nazirliyinin nəznində yaradılan De-institusionalizasiya  və uşaqların müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyevanın sözlərinə görə, görülən tədbirlər nəticəsində dövlət uşaq müəssisələrindəki  uşaqların sayı ilbəil azalır: «Belə ki, 2008-2009-cu tədris ili üzrə 14389 nəfər, 2009-2010-cu tədris ili üzrə 10055 nəfər, 2010-2011-ci tədris ili üzrə isə 9874 nəfər olub. Hal-hazırda ÜŞ (ümumi məktəb şəbəkəsi) üzrə hesabat yekunlaşıb. Yeni tədris ilinin başlanğıcı üçün məlumatlar artıq məlumat bazasına yığılır. 2011-ci ildə rayon və şəhər icra hakimiyyətlərinin sərəncamına əsasən müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə 105 nəfər uşaq qaytarılıb. Uşaqların öz ailələrinə qaytarılması və ya yeni ailəyə verilməzdən əvvəl icra hakimiyyətləri nəzdində fəaliyyət göstərən Yetkinlik yaşı çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən ailələrin mənzil şəraitinə baxış keçirilir və ailənin gəliri araşdırılır. Bununla yanaşı, uşaq müəssisəyə yerləşdirilənədək ailədaxili zorakılığa, etinasızlığa məruz qalmışsa və ona qarşı ailədəki vəziyyət dəyişməmişsə, uşağın ailəyə qaytarılması məqsədəmüvafiq hesab edilmir. Eyni zamanda,  Təhsil Nazirliyi tərəfindən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar ilə birlikdə övladlığa, himayəyə və öz bioloji ailələrinə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması da həyata keçirilir. Son dəfə monitorinq sentyabr ayında keçirilib».

 

UŞAQLARIN İNTERNATLARA DÜŞMƏMƏSİ ÜÇÜN CİDDİ TƏDBİRLƏR GÖRÜLMƏLİDİR

 

Artıq Xəzər rayonunda yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün “Uşaqlar üçün Reabilitasiya-İnkişaf Mərkəzi” yaradılıb. Mərkəzin yerləşdiyi bina Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilib, Dövlət Proqramına ayrılan vəsait hesabına müvafiq inventar, avadanlıq və inkişafetdirici təlim materialları ilə təmin edilib. Mərkəzin yaradılmasında məqsəd uşaqların müəssisələrə düşməsinin qarşısının alınmasıdır. Mərkəzin fəaliyyətə başlaması ilə Xəzər rayonunda risk qrupuna daxil olan (yəni, çətin, böhran şəraitində olan) və aztəminatlı, sağlamlıq imkanları məhdud olan ailələrin uşaqları cəlb edilib. Mərkəzdə həmçinin psixoloq, loqoped, inkişaf terapiyası (yəni, uşaqlara özünəxidmət bacarıqlarının aşılanmasını öyrədən xüsusi pedaqoq) xidmətlərinin göstərilir. Psixoloq uşaq və onun ailəsi ilə kompleks şəkildə iş aparacaq. Bu mərkəzlər gün ərzində 10-12 saat fəaliyyət göstərəcək. Burada hər bir uşaq üçün ayrıca fərdi qayğı planı hazırlanacaq və ona müvafiq olaraq uşaqla iş aparılır. Əsas məqsəd isə mərkəzdə hər bir uşağa göstərilən  qayğı nəticəsində onun cəmiyyətə inteqrasiyası və sosial adaptasiyasını təmin etməkdir. Məktəbyaşlı uşaqların (1-8-ci siniflərarası) mərkəzdə dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkili də nəzərdə tutulur.  Uşaqların axşam evlərinə nəqliyyat vasitəsilə aparılması mərkəz tərəfindən təmin edilir.

Bu gün dövlətimiz uşaqların müdafiəsi üçün hər addımı atır. Amma bunların heç biri uşaqlar üçün ailəni əvəz etmir. Araşdırmalar göstərir ki, ailədə sevgi əhatəsində böyüyən uşaqların zehni və fiziki inkişafı digər uşaqlardan daha yüksəkdir. Amerikalı alimlərin 5 il ərzində kimsəsiz və ailələrdə böyüyən uşaqların zehni inkişaf prosesini tədqiqi nəticəsində kimsəsiz uşaqların zehni inkişafının geri qaldığı üzə çıxıb. Üstəgəl, 12 -15 yaş arasındakı yetim uşaqların boyları valideynlərinin sevgisi ilə əhatə olunan uşaqların boylarından 10 faiz kiçik olub. Həmçinin, valideynlərinin himayəsində, rahat və sakit ailələrdə böyümüş uşaqların sevinc, qəzəb, qorxu kimi hissi reaksiyaları yetim uşaqlara nisbətən daha operativ olub. Demək, bu gün internat evlərində böyüyən günahsız körpələrin gələcək taleyini indidən düşünmək lazımdır.

 

 

Xalid VAHİDOĞLU

 

Üç nöqtə.- 2011.- 12 noyabr.-S.17.