Bir ay davam edən qırğında 12 min azərbaycanlı qətlə yetirilib

 

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar xarici mətbuatda da yer alıb

 

Erməni silahlı dəstələri bu vaxta qədərki ən böyük qırğınlarından birini  1918-ci ilin mart ayında törədiblər. Martın 18-də 20 minlik erməni-bolşevik silahlı qüvvələri Şamaxıya daxil oldular və dinc əhaliyə divan tutublar. Həmin ayın axırına qədər davam edən qırğın nəticəsində 12 min azərbaycanlı qətlə yetirilib. Bakıda martın 30-dan aprelin 2-nə qədər erməni silahlı tərəfindən aparılan soyqırım nəticəsində 18 min dinc əhali məhv edilib. Eyni vaxtda Quba qəzasına daxil olan quldurlar 3 minə yaxın qubalını öldürüblər. Bir neçə gün ərzində erməni bolşevik terror dəstələri Bakıda, Şamaxıda, Qubada, İrəvanda, Zəngəzurda, Naxçıvanda, Qarabağda və digər yerlərdə 50 min nəfərdən artıq dinc əhalini qətlə yetiriblər. Ermənilərin törətdikləri kütləvi qırğınlar bununlar kifayətlənmirdi. 1919-cu ilin avqust ayında Ermənistan hökuməti Qərb dövlətlərinin təzyiqləri qarşısında bəzi cinayətləri etiraf etməli oldu. Ermənistan hökuməti rəsmi bəyanatla quldur dəstələrinin Andronik, Manukyan, Saakyan, Kaçaznuni kimi başçılarının cinayətkar fəaliyyəti nəticəsində 1918-ci il ərzində Qafqazda 400 min nəfər azərbaycanlının, 120 min gürcünün, 15 min kürdün və 22 min ləzginin öldürülməsi faktını təsdiq edərək, müqəssirlərin cəzalandırılacağına dair öz üzərinə öhdəlik götürüb.

1918-ci ilin may ayında Cənubi Qafqazda Azərbaycan türkləri və gürcülərlə yanaşı, ermənilər də öz müstəqilliklərini elan etdilər. Şərqdə ilk demokratik respublika yaradan Azərbaycan xalqı müstəqil dövlətçiliyini möhkəmlətməklə yanaşı, ermənilərin sonsuz ərazi iddialarını da dəf etməli oldu. Ermənilər öz müstəqilliklərini Tiflisdə elan etmişdilər, lakin müstəqil dövlət qurmaq üçün nə əraziləri, nə də siyasi mərkəzləri var idi. Nəyin bahasına olursa-olsun Cənubi Qafqazda erməni dövləti yaratmaq istəyən Antanta dövlətləri – İngiltərə, ABŞ, Fransa və digərlərinin təkidli xahişləri və təzyiqləri qarşısında Azərbaycan Xalq Cümhuriyyəti güzəştə getməli oldu. Azərbaycan Milli Şurasının (parlamentinin) 29 may 1918-ci il tarixli qərarı ilə İrəvan şəhəri ətraf əraziləri ilə birlikdə öz dövlətlərini yaratmaq üçün ermənilərə verildi. Həmin qərarda bu xoşməramlı addımın müqabilində ermənilərin əsassız ərazi iddialarından imtina etməsi ilə bağlı şərt qoyulub.

Erməni hökuməti də bu şərtlə razılaşdı. Az sonra Türkiyə hökuməti də həmin ərazilərdə erməni dövlətinin yaradılmasına öz razılığını verdi.

 

ERMƏNİSTANDAN 565 MİN AZƏRBAYCAN TÜRKÜ ZORLA DEPORTASİYA EDİLİB

 

Qədim Azərbaycan torpaqlarında erməni dövləti belə meydana gəldi. Həmin vaxt onun ərazisi 9 min kvadrat kilometr əhalisi isə 324 min nəfər idi. Ermənistan hökuməti Azərbaycan Xalq Cümhuriyyətinin xoşməramlı addımına ermənisayağı minnətdarlıqla cavab verdi. Onlar bir neçə il ərzində qonşu Azərbaycan torpaqları hesabına ərazilərini 30 min kvadrat kilometrə çatdırdılar. 1918-1920-ci illərdə indii Ermənistan adlandırılan ərazilərdən 565 min nəfər Azərbaycan türkü zorla deportasiya edildi. 1922-ci il məlumatlarına görə, həmin ərazilərdə yalnız 10 min nəfər azərbaycanlı qaldı. Deportasiya edilmiş azərbaycanlıların bir hissəsi sonradan geri qayıda bildilər. Daşnakların hakimiyyətdə olduğu 2 il yarımlıq dövr ərzində 489 min nəfər azərbaycanlı qətlə yetirildi. 157 kənd tamamilə, 67 kənd qismən azərbaycanlılardan «təmizləndi». Beləliklə, 1828-ci ildən başlayan proses 1920-ci ildə indii Ermənistan deyilən ərazilərdə 738 türk-müsəlman kəndindən yerli qədim əhalinin qovulması və həmin yaşayış məntəqələrinin tam erməniləşdirilməsi ilə yekunlaşdı.

1918-1920-ci illərdə Ermənistan hökuməti ələ keçirdiyi Azərbaycan torpaqları ilə kifayətlənmir, digər ərazilərə, o cümlədən Qarabağ, Naxçıvan, Zəngəzura iddialar irəli sürür, vaxtaşırı həmin ərazilərə silahlı quldur basqınları təşkil edirdi. 1918-ci ilin ortalarında Andronik, Dro, Njdenin başçılığı altında erməni silahlı dəstələri Qarabağ, Zəngəzur, Naxçıvana soxularaq kütləvi qırğınlar törətdilər. 1918-ci ilin martında 10 minlik erməni ordusu Naxçvaanın Düşün, Vənənd, Xanağa, Ağrı və digər kəndlərinin üzərinə hücuma keçdilər. Az sonra onlar Ordubad üzərinə yeridilər. Düşmən müqavimətlə rastlaşaraq geri çəkilməli oldu. Həmin vaxt onların Zəngəzura hücumları da uğursuzluqla nəticələndi. Andronikin quldur dəstələri 1918-ci ilin may-avqust aylarında irəliləyə bildilər. Onlar Sisyan bölgəsini ələ keçirdilər və Şuşaya yaxınlaşdılar. Zəngəzurun qəza rəisi 1918-ci ilin sentyabrında Azərbaycan hökumətinə göndərdiyi hesabatda bildirirdi ki, Andronikin quldur dəstələri tez-tez kəndlərə hücum edir, dinc əhalini qətlə yetirirlər. Bu şəraitdə Azərbaycan hökuməti düzgün qərar qəbul edərək ayrıca ərazi-inzibati vahid-Qarabağ general qubernatorluğu yaratdı. Bu qərar 1919-cu il yanvarın 29-da verildi və mərkəzi Şuşa şəhəri olmaqla general-qubernatorluğa Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları daxil edildi. Xosrov bəy Sultanov general-qubernator təyin edildi. Xosrov bəy Sultanovun səyləri nəticəsində ermnilərin aramsız hücumlarının, terror aktlarının qarşısı alındı. Xosrov bəyin təşkil etdiyi müdafiə dəstələri erməniləri bir neçə istiqamətdə məğlubiyyətə uğratdılar və nəticədə düşmən geri çəkilməli oldu.

 

ERMƏNİLƏR AZƏRBAYCANLILARA QARŞI TARİXƏN VƏHŞİLİKLƏR TÖRƏDİB

 

Azərbaycan hökumətinin daxildə və xaricdə apardığı uğurlu siyasət, həm hərbi, həm də diplomatiya sahələrində əldə etdiyi nəticələr ermənilərin məkrli niyyətlərini həyata keçirmələrinə imkan vermədi. Azərbaycan ərazi bütövlüyünü qourmağa qadir olduğunu nümayiş etdirdi. Dünya birliyi isə öz müstəqilliyini qorumağa qadir olan dövlətin iradəsi ilə hesablaşmalı oldu. 1920-ci il yanvarın 11-də dünyanın yeni xəritəsinin müəyyən edildiyi Paris sülh  konfransında Azərbaycanın ərazi bütövlüyü, suveren hüquqları, müstəqilliyi tanındı. Ermənistanın əsası iddialarının qurbanına çevrilmiş Qarabağ, Naxçvan, Zəngəzur dünya birliyi tərəfindən Azərbaycanın ayrılmaz əraziləri kimi tanındılar. Azərbaycanın qərb sərhədləri 2300 il əvvəl olduğu kimi yenə də indi Ermənistan deyilən ərazilərin mərkəzində yerləşən Göyçə gölünün üzərindən keçirdi. Ermənilərin azərbaycanlılara qarşı nifrətini və vəhşiliklərini əks etdirən çoxsaylı faktlardan yalnız bir neçəsini diqqətə çatdırırıq.

Çox yerdə camaat silahları olmadığına görə canlarını qaçmaqla qurtarırdılar. İrəvan mahalının Mənkus kəndində qoca bir kişi Novruz Kazım oğlu 1905-ci ilin iyununda camaatın qaçmasının qarşısını almağa çalışdı. O, hündür bir yerə çıxıb deyirdi: «Hara qaçırsınız? İstəyirsiniz bizi başqa millətlərin yanında başıaşağı edəsiniz? Məgər bu qaçmaqla ermənilər bizi boşlayacaqlar?! Bunların qabağından qaçdıqca daha cürətli olacaqlar». Ermənilər kəndə girəndə Novruz kişi axıracan döyüşdü, sonda əsir düşdü. Ermənilər onun ağır işgəncələrdən sonra başını kəsdilər, onun başını Tirabat kəndinin keşişi Ayparet kəsdi.

Ağdərə rayonunun Umudlu kəndinin camaatı o vaxt çox dəhşətli qırğına məruz qalıb. 1905-ci il dekabrın 28-də 500-dən artıq əhali yığışaraq qonşu kəndlərə getmək istəyir. Yolda qonşu erməni kəndinin kəndxudası Abram onlara rast gəlir və aldararaq özlərinin Heyvalı kəndinə aparır. Gecə erməni silahlı dəstələri onlara hər tərəfdən hücum edir, hamısını qırırlar, yalnız 30 nəfər canını qurtarıb qaça bilir. Ermənilər kişilərin hamısının başını diri-diri kəsiblər, arvadların bir hissəsini saxlayıb, qalanlarını öldürüblər, hamilə qadınların qarınlarını xəncərlə yarıblar. Bir ananın gözləri qaşısında 4 övladının başlarını diri-diri kəsiblər.

 

SAQQARSU KƏNDİNDƏ ERMƏNİLƏR 62 QADININ VƏ BİR UŞAĞIN MEYİDİNİ DOĞRAYARAQ BİR YERƏ YIĞIBLAR

 

Ordubadın Saqqarsu kəndində ermənilər 62 qadının və bir uşağın meyidlərini doğrayaraq bir yerə yığıblar. Molla Həsən Əfəndini tikə-tikə ediblər. Həsən Əfəndinin öldürüldüyü yerdən bir palaz parçası tapılıb. Palazı kənara çəkəndə 15 nəfər körpə uşağın kəsilən başları və bir-birinə qarışan bədənləri görünüb.

Şuşa qalasının şərq tərəfində sonralar Bağırqan dağı deyilən yerdə bir uca qaya var idi. Orada Avan adlı erməninin dəstəsi yerləşdirilib.  O, əmr edib ki, harda müsəlman tutsalar, oraya gətirsinlər. Tutulan müsəlmanı orada soyundurur, boynunun ardından dərisini bir az soyur, sonra ağacın budağını əyib dərinin soyulmuş hissəsinə bənd edir və budağı buraxırdılar. Sürətlə yuxarı qalxan budaq həmin adamın dərisini diri-diri soyub çıxarırdı. Həmin adamın bağırtısı göyə qalxırdı. Ona görə də xalq bu dağa «Bağırqan» adı verib.

1918-ci ilin martında Bakı qırğınlarının şahidi olan Kulner familiyalı bir alman 1925-ci ildə öz ölkəsində belə yazırdı: ermənilər musəlman məhəllələrinə soxulur, qarşılarına çıxan hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə deşik-deşik edirdilər, evləri yandırır, uşaqları yanan evlərin içərisinə atır, onların diri-diri yanmalarına tamaşa edirdilər. Üç-dörd günlük südəmər körpələri süngülərin ucuna taxırdılar. Qırğından bir neçə gün sonra bir çaladan çıxarılan 82 müsəlman cəsədinin qulaqları, burunları kəsilib, qarınları yırtılıb.

Zəngəzurun Tat kəndində ermənilər öz həkimlərinin məsləhəti ilə sağlam görünən müsəlma kişi və qadınların başlarını diri-diri kəsib qanlarını xüsusi qablara yığıblar. Həmin kənddən 70 uşağın qarnına süngü keçirib yolun qırağına düzüblər. Həmin kənddən İbrahim adlı bir gəncin qollarını bağlayıb itlərin qabağına atıblar, itlər onu parça-parça ediblər. Ermənilər Zəngəzurun Fərəcan kəndindən Həsən və Həsənalı adında 2 qardaşı ələ keçiriblər. Həsənin ayaqlarına nal mıxlayırlar, qızdırılan şişlərlə gözlərini ovur, sonra isə balta ilə əl-ayaqlarını doğrayıblar. Həsənalının bədənini isə diri-diri tikələyib yerə atıblar.

 

 

Üç nöqtə.- 2011.- 12 noyabr.- S. 9.