Ey həyat,
sən nə qəribəsən
Azərbaycan musiqi
sənətində misilsiz uğurları olan qrup deyərkən ilk olaraq yadımıza “Qaya” düşür. Bu heç də əbəs
yerə deyil. 50 illik tarixi olan “Qaya”
dövrünün
sayılıb-seçilən simalarını geridə
qoymağı bacaran yeganə qrup idi. Hər kəsin
dilində əzbər olan musiqisi
ilə dünyanı gəzən “Qaya” 50 illik tarixə adını yazmağı
bacardı. Elə bu səbəbdən də
dünən Heydər Əliyev Sarayında “Qaya”
50 illik yubileyini qeyd etdi. Konsert
öncəsi həmsöhbət olduğumuz
bu dəfəki “Şənbə
qonağı” rubrikasının qonaqları xalq
artistləri Rauf Babayev
və Teymur Mirzəyev yarım əsrlik
tarixlərindən danışdılar.
Düzdür, mən o illərin yetirməsi deyiləm.
Ancaq video-audio yazıları izləyərkən o möhtəşəm
kvartetin nələrə qadir olduğunu görmək
imkanım olub. Ancaq “Qaya”nın uğurlarını həm də
sizin dilinizdən eşitmək istərdim. Ötən
50 ilə qısa nəzər salaq, nələr
yada düşər?
T.M: Raufla 1953-cü ildən Asəf Zeynallı
adına musiqi texnikumunda, sonra konservatoriyada təhsil
aldığımız vaxtlarda çoxsəsli oxumağa
vurulmuşduq. Məşq etməyə yerimiz
olmadığından harda gəldi gecə gündüz məşq
edirdik. Əlimizdə kamerton bulvarın skamyasında, xəlvətcə
filarmoniyada, konservatoriyanın otaqlarında məşqlər
edirdik. 1961-ci ildə isə Arif Hacıyev, Teymur Mirzəyev,
Lev Yelisavetski və Rauf Babayevdən ibarət olan qrupla
professional səhnəyə çıxmağa
başladıq. Ona görə də məhz həmin il
“Qaya”nın yaranma ili hesab olunur. Daha sonra bizi Moskvada nazirliyə
çağırıb dedilər ki, Bolqarıstanda
keçirilən müsabiqəyə göndərmək istəyirik.
Biz o müsabiqədə birinci olduq. Ordan qayıtdıqdan
sonra “Qaya”ya dövlət ansamblı adı verildi, xor qrupu
yaradıldı. Daha sonra indi çox populyar olan gənclər
“Qaya” ansamblında çalışdılar. Əzizə
Mustafazadə, Aygün Kazımova, Abbas Əhməd, Samir
Bağırov, Fuad Babayev və digərləri.
R.B: O zamanlar hər şey fərqli idi. İnsanlar bir-birilərinin uğurlarına sevinirdilər. Bizim bütün səfərlərimizi
Moskva planlaşdırırdı.
Bizə sadəcə gedəcəyimiz
yeri və tarixi bilmək qalırdı. O zaman
sənətçiyə münasibət
başqa cür idi. İndiki sənətçilərə yazığım gəlir.
Onlar ölkədən kənara
çıxa bilmirlər.
İndiki ifaçılar yalnız
restoran, toyxanalarda oxuyurlar. Əsl sənətçi isə hər zaman inkişaf etməlidir.
- Bir zamanlar Cavan Zeynallı da “Qaya” qrupunda
çıxış edirdi. Ancaq mətbuat konfransında onu
görmədik.
T.M: Onu Cavan Zeynallıdan soruşun.
R.B: Biz “Qaya” kvartetinin
50 illik yubileyini qeyd edirik. O isə uzun illər
sonra “Qaya” qrupuna gəldi. O restoranda işləyirdi. Sonradan bizim qrupa gəldi.
- “Qaya”nın bəzi yaxın həmkarları yubiley konsertində iştirak etmədi. Siz dəvət etməmişdiniz,
yoxsa onlar rədd cavabı vermişdilər?
R.B: Demək olar
ki, Azərbaycanda estrada konsertləri
olmur. Az-çox muğam konsertləri
keçirilir. Son illər gözəl səsi olan xanəndələrimiz də
çoxdur. Həm də
muğama diqqət
var. Ancaq Moskvada hər şey başqa cürdür.
Onların ifaçıları kefdədirlər. Bizim zamanımızda
çıxış edən
ən yaxşı sənətçilər bu
gün də lazımlı hesab olunurlar. Bir çoxları hətta
xarici ölkələrdə
konsert verirlər.
Yəni demək istədiyim odur ki, onlar
bizim kimi boş deyillər. Onların qastrol səfərləri çoxdur. Gərək,
biz yarım il
öncədən danışıqlara
başlayardıq. Bir neçə
sənətçi ilə
danışdıq. Ancaq burda
dostluqdan söhbət
belə gedə bilməz. Çünki,
onların müqavilələri,
konsertləri var. Necə
deyərlər, iş
işdir, dostluq dostluq.
- “Qaya”nın rəqibləri var idi? Və Siz kimlərlə
rəqabət aparırdınız?
T.M: Biz heç kimlə
rəqabət aparmırdıq.
O zaman keçirilən
müsabiqədə “Qaya”
ilk dəfə olaraq qran-pri almışdı. Ona görə də bütün qruplar bizimlə rəqabət aparırdı.
- Nə zamandan etibarən artıq “Qaya” fəaliyyətini dayandırdı?
R.B: Biz hər gün
konsertlər verirdik. Ümumilikdə ilin 2 ayını
Azərbaycanda olanda yaxınlarımız sevinirdi.
“Qaya” dünyanı
gəzdi. Avstraliyadan başqa
başqa demək olar ki, bütün
ölkələrdə olduq.
Ancaq bilirsiniz necədir, insan bir yemeyi
necə gün dalbadal yeyə bilər? Artıq biz hər yerdə
konsert vermişdik.
Tamaşaçı nə
qədər çox sevsə də, müğənninin konsertinə
bir gün, iki gün gedir,
artıq sonra... Yəni hər şeyin zamanı var. Artıq “Qızıl Şlyager” müsabiqəsindən sonra
uzaqlaşmağa başladıq.
“Qızıl Şlyager” müsabiqəsində
“Qaya” qonaq kimi iştirak edirdi. Teymur Mirzəyev münsif
idi. O zaman Azərbaycanı bu müsabiqədə Faiq Ağayev təmsil edirdi.
T.M: Faiq Ağayevin
qələbəsində az əməyim olmayıb. (gülür)
Artıq
bizim gedəcəyimiz
ölkə qalmamışdı.
Demək
olar ki, hər bir şəhərdə
olmuşduq.
- Dünyanı qarış-qarış
gəzən “Qaya”ya bu gün dövlət
qayğısı nə
yerdədir?
-R.B: Mən naşükür
insan deyiləm. Şükürlər olsun
ki, dəstək var. Cənab Prezident tərəfindən mənə
ev verildi.
Prezident təqaüdü alıram.
Fəxri
adımız var.
T.M: Rauf mənim
adımdan prezidentə
məktub yazıb ki, mənə prezident təqaüdü ayrılsın. Gözləyirəm, olacaq.
- Hazırda rəhbəri
olduğunuz “Qaya” qrupunu sizin davamçılarınız
hesab etmək olar?
R.B: Əslində bu
qrupa “Qaya” adını verməyimin səbəbi var idi. Çünki, dinləyən insanlar
deyirdilər ki, sanki “Qaya” oxuyur.
Və bu səbəbdən nazirliyə məktub yazdım ki, qrupun adı “Qaya” olsun. Ancaq indiki “Qaya”nın imkanları məhduddur. Türkiyənin sənətçiləri arasında yalnız Tarkan dünyada tanınır. Bu da səbəbsiz deyil.
T.M: Çox yaxşı
addım idi. Mən deyirəm ki, “Qaya” 20 il cavanlaşdı. Buna görə də
Raufa minnətdaram.
- Ancaq deyəsən
bu “Qaya” o “Qaya” kimi şanslı
deyil. Söhbət qastrol səfərlərindən
gedir.
R.B: Bu gün çoxları
istəyirlər ki, Avropa səviyyəsində
işlər görsünlər.
Mən bir neçə il
öncə “Azəri
Star” müsabiqəsinin münsiflər
heyətində idim. Çox istedadlı gənclər var idi. Lakin qaliblər başqaları
oldu. Çünki, hər şey
SMS səsverməsi ilə
həll olunurdu.
O zaman isə hər şey başqa cür idi. Bəzən görürəm ki, müsabiqələrdə
iştirak edən uşaqlar toylarda mühafizəçi ilə
gəzirlər.
- Müsabiqələrdən söz düşmüşkən,
bu il
Azərbaycan birinci oldu. Və bu
səbəbdən də
“Eurovision”a ölkəmiz
ev sahibliyi
edəcək.
R.B: Mən bizim təmsilçilərimizi solist
kimi görmürəm.
Amma duet olaraq yaxşı alınmışdı. Sözün düzü,
istəyirdim ki, biz birinci olaq, ancaq
inanmırdım. Sözsüz ki, çox sevinirəm ki, birinci olduq. Bu il mən
əminəm ki, ən möhtəşəm
“Eurovision” olacaq.
- Neçə oldu
ki, Teymur Mirzəyev vətəni tərk etmək qərarını verdi?
T.M: Anam çox
pis xəstələndi.
Həkimlər dedi ki, onu yalnız
İsraildə müalicə
etmək olar. Bacım anamla birgə İsrailə getdi. Mən isə 10 il Bakıda
tək qaldım. Daha sonra qərara gəldim ki, gedim İsrailə - ailəmin yanına. Anam xəstə olmasına baxmayaraq 20 il o xəstəliklə
yaşadı. Allahın qisməti,
o cür xəstəliyə
düçar olduğu
halda 99 yaşına qədər yaşadı.
Mən gedəndən
10 il sonra
vəfat etdi.
- Hazırda İsraildə
nə işlə məşğul olursunuz?
T.M: Təqaüdə çıxmışam. Konkret olaraq
heç bir işlə məşğul
olmasam da, orda həmyerlilərimizlə
tez-tez görüşürük.
Dərdləşirik, söhbətləşirik.
Mən yaşadığı yerdə
azərbaycanlılar çoxdur.
- Deyirlər o illərin
Bakısından əsər-əlamət
qalmayıb. Vətəndən
kənarda yaşayan həımyerlimiz olaraq nə kimi fərqlər
hiss edirsiniz?
T.m: Bakı çox dəyişib, gözəlləşib.
Xaricdən gələn turistlər
deyirlər ki, Bakı günü-gündən
gözəlləşir. Hər kəs bu şəhərə
heyrandır.
- Bəs o illərin
Bakısı üçün
darıxırsınız?
T.M: Bakı da “Qaya” qrupu kimi
günü-gündən cavanlaşır.
- Sonuncu dəfə
nə zaman vətəndə olmusunuz?
- Keçən il. Çoxları bilmir. Ancaq
mən hər il üç
dəfə Azərbayacan
gəlirəm.
Aysər Həsənli
Üç nöqtə.- 2011.- 19 noyabr.-
S. 15.