Qarakənd faciəsindən 20 il ötür

 

İndiyədək terror aktının üstü tam açılmayıb və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi digər soyqırımlar kimi, bu cinayəti törədənlər də cəzasız qalıblar

 

Noyabrın 20-də Azərbaycan tarixinin dəhşətli hadisələrindən biri – Qarakənddə törədilən faciədən 20 il ötür. Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mİ-8” vertolyotunun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayevvar. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Həlak olanlar sırasında vertolyotda Rusiya və Qazaxıstandan olan müşahidəçilər də vardı. Hadisədən 19 il keçməsinə baxmayaraq, indiyədək terror aktının üstü tam açılmayıb və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi digər soyqırımlar kimi, bu cinayəti törədənlər də cəzasız qalıblar. Maraqlıdır, bu cinayətin tam təfsilatı nə zaman açılıcaq?

Millət vəkili Elman Məmmədovun sözlərinə görə, bu faciənin günahkarlarının cəzalandırılması ancaq Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra mümkün olacaq: «Həmin vertolyot ermənilər tərəfindən vurulmuşdu. Hadisənin ermənilərdən ibarət cinayətkar dəstə tərəfindən törədilməsini istintaq qrupu da müəyyənləşdirib. Amma həmin ərazilər  hazırda da işğal altında olduğundan günahkarların cəzalandırılması mümkün olmayıb.  Azərbaycan həmin ərazilərə tam nəzarət etdikdən sonra  günahkarların cəzalandırılması mümkün olacaq».

Politoloq Cümşüd Nuriyev isə o qənaətdədir ki, hadisədən uzun müddət keçdiyi üçün bəzi məsələlər unudulub: «Həmin hadisələrin araşdırılması ilə bağlı deputat-istintaq komissiyası yaradılıb. Mən də həmin komissiyanın üzvü idim. Həmin vaxt bir sıra məsələlərə aydınlıq gətirə bildik. «Mİ-8» vertolyotu sifarişlə vurulub. Çünki həmin vertolyot oranın hərbi komendantına məxsus idi. Bu vertolyotların altında tanınma işarələri var idi. Həmin nişanları avtomatik özünümüdafiə sistemləri də tanıyırdı. Buna görə də, o vertolyotların vurulması mümkün deyildi. Vertolyotların hərəkət marşrutu isə ancaq onu idarə edən pilot və onların məlumat verdiyi yerə məlum olurdu. Buna görə də, Azərbaycanın dövlət və ictimaiyət xadimlərinin bir vertolyata yığılaraq vurulması xüsusi hazırlanan planın tərkib hissəsi idi. Çünki həmin vaxt vertolyotda olan Tofiq İsmayılovun Mixayıl Qorbaçovla münasibətləri çox pis olub. Tofiq İsmayılov SSRİ-nin qurultayında Mixayil Qorbaçovu kəskin tənqid edib. Buna görə də Mixayil Qorbaçov bunun qisasını alıb. Digər bir məqam isə daxili işlər naziri Məhəmməd Əsədovun SSRİ Daxili İşlər Nazirliyinin çaşdıraraq yaratdığı xüsusi təyinatlı dəstə Rusiyanın maraqlarına uyğun çıxış etmirdi. Bu faktlara görə, SSRİ rəhbərliyi həmin şəxsi də cəzalandırmalı idi. Amma vertolyotun ermənilərin tərəfindən vurulması birmənalı olaraq dəqiqləşib. Başqa bir məqam da dəqiqləşib ki, həmin şəxslərin bir vertolyotda uçması ilə bağlı ermənilərə dəqiq məlumat verilib. Bu hadisədə təsadüfi heçyox idi və hər şey öncədən planlaşdırılıb. Bu planın arxasında isə Rusiyanın maraqları dururdu. Çünki vertolyotun hərəkət istiqaməti də sonradan dəyişdirilib. Adətən marşrut Ağdam rayonunun Novruzlu kəndi – Xocavənd istiqaməti olduğu halda bu dəfə geri qayıdan vertolyot ağıryüklü olmasına baxmayaraq Qarakənd kəndi üzərindən hərəkət edib. Bu isə anlaşılan deyildi».

C.Nuriyevin sözlərinə görə, bu məqamlara qara qutunun oxunması nəticəsində aydınlıq gətirilə bilərdi. Amma qara qutu Moskvaya verildibu günədək ondan heç bir məlumat alınmayıb. Başqa bir müəmmalı məqam isə ondan ibarət idi ki, həmin hadisələrdə bir SSRİ generalı dünyasını dəyişsə də, Rusiyanın o zamankı hərbi qəzeti olan «Krassnaya zvezda»da heç olmasa bir başsağlığı verilmədi. Hesab edirəm ki, qara qutunun Rusiyaya verilməsi Azərbaycan tərəfinin çox böyük səhvidir. Amma Azərbaycan iradə nümayiş etdirsə istənilən vaxt həmin qutunu tələb etməyə haqqı çatır».

 

 

Xalid

 

Üç nöqtə.- 2011.- 19 noyabr.- S. 8.