Azərbaycan telekommunikasiyası inkişaf yolunda

 

Ölkəmizdə neftdən sonra prioritet sahə kimi məhz informasiyakommunikasiya texnologiyaları önə çıxır

Azərbaycan İKT-də dinamik inkişaf tempinə görə MDB ölkələri arasında birincidir

İstənilən cəmiyyətdə davamlı sosial-iqtisadi inkişafa və yeniləşməyə yalnız çoxmülkiyyətli iqtisadiyyat, azad rəqabət, dünya iqtisadiyyatına inteqrasiya və liberal qiymətlər şəraitində nail olmaq mümkündür. Azərbaycan da 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başladı. Bu siyasətin tərkib hissələrindən biri də rabitə və informasiya texnologiyalarının inkişaf etdirilməsi idi. Ümummilli lider Heydər Əliyevin 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd oldu. Qloballaşma dövrünün reallıqları nəzərə alınaraq çevik və təkmil idarəetməni təmin edəcək “elektron hökumət”in yaradılması da sənəddə vacib məsələlərdən biri kimi önə çəkildi. Strategiya informasiya və kommunikasiya texnologiyalarının (İKT) dövlət orqanlarında istifadəsinin səmərəliliyinin artırılması, əhalinin bu orqanlarla əlaqələrində ünsiyyətinin asanlaşdırılması və bürokratik əngəllərin aradan qaldırılması, ölkədə yaradılan müxtəlif təyinatlı informasiya sistemlərinin qarşılıqlı uzlaşmasının əsasını qoydu. Son 8 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev isə hələ 2003-cü ilin dekabrında Cenevrədə İKT üzrə keçirilən ümumdünya sammitində çıxış edərkən demişdi ki, Azərbaycanda neftdən sonra prioritet sahə məhz informasiya və kommunikasiya texnologiyaları olmalıdır. Ölkə başçısı, «qara qızılın insan qızılına» çevrilməsinin vaxtının çatdığını bildirmişdi: «...Bizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir». Həmin vaxtdan başlayaraq İKT sahəsində yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə dünyanın tanınmış informasiya texnologiyaları universitetləri ilə əlaqələr quruldu və «Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»na əsasən tələbələr xaricə göndərildi. Məktəblərin kompyuterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar da məhz bu məqsədə xidmət etdi.

 

AZƏRBAYCAN İKT SAHƏSİNDƏ REGİONAL MƏRKƏZƏ ÇEVRİLİR

Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən İKT siyasəti və onun ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə məramının reallaşdırılması isə Azərbaycanın yaxın gələcəkdə İKT sahəsində dünyanın qabaqcıl ölkələrinin sırasında olacağına zəmanət verir. Buna nail olmaq məqsədilə respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafının sürətləndirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilərək Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılması, telekommunikasiya və poçt xidmətləri bazarının liberallaşdırılması və özəl sektorun inkişafına diqqət artırıldı. 2004-cü ildə «Poçt rabitəsi haqqında», «Elektron imza və elektron sənəd haqqında», 2005-ci ildə «Telekommunikasiya haqqında», «Elektron ticarət haqqında» qanunlar qəbul olundu. Azərbaycan Prezidentinin 21 oktyabr 2005-ci il tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı» («Elektron Azərbaycan») təsdiq edildi. Onlar ölkədə elektron sənəd dövriyyəsinin yaradılmasına və elektron imza tətbiq edilən yeni proseslərin, o cümlədən yeni iqtisadi fəaliyyət sahələrinin inkişafına şərait yaratdı, telekommunikasiya resurslarının məqsədyönlü planlaşdırılmasına və ədalətli istifadə olunmasının tənzimlənməsini təmin etdi. Prezident İlham Əliyevin “Xüsusi iqtisadi zonaların yaradılması haqqında” 2007-ci il 6 mart tarixli fərmanı da ölkədə İKT sektorunun inkişafına münbit zəmin yaratdı. Bu fərmanda müəyyən edilən məqsədlərin reallaşdırılması ölkədə texnoparkların, texnopolislərin, innovasiya mərkəzlərinin yaradılmasına, alim və mütəxəssislərin elmi-texniki potensialından daha səmərəli istifadə etməyə, rəqabətədavamlı, elmtutumlu məhsulların istehsalına, nəticə etibarilə, informasiya cəmiyyətinin əsasını təşkil edən biliklər iqtisadiyyatının formalaşmasına imkan yaratdı. Təkcə son beş ildə Azərbaycan bazarlarına və regiondakı digər bazarlara 500-dək yeni İT - şirkət çıxdı. Azərbaycanda "Elektron hökumət" portalı üzrə xidmətlərin sayı  isə 49-a çatdı. "Elektron xidmətlərin yeni növləri hazırlandıqdan sonra nazirlik və idarələrin sayı 300-ə çatan elektron xidmətlərinin siyahısı təsdiqlənəcək. Görülən işlər korrupsiyaya qarşı mübarizə sahəsində də önəmli oldu. Çünki elektron xidmətlər dövlət qurumlarının vətəndaşlarla təmasını azaltmaqla onların fəaliyyətində şəffaflığın artmasına yardım etdi. Bu gün Azərbaycanın qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi, yeni texnologiyaların tətbiqi, regional telekommunikasiyalar bazarına çıxışın təmin edilməsi və cəmiyyətin müasir xidmətlərə artan tələbatının ödənilməsi üçün milli telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması üzrə işlər aparılır. Kosmik sənayenin inkişafı üçün iki telekommunikasiya süni peykinin orbitə çıxarılması üçün texniki-iqtisadi əsaslandırma və kontraktlar tərtib edilib. Hər iki layihə kommersiya tipli və rentabellidir. Bu layihənin əhəmiyyətini qiymətləndirməmək olmaz. O, Azərbaycanın İnformasiya mübadiləsinin xarici ölkələrdən asılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək. Birinci süni peykimiz 2012-ci ildə orbitə çıxarılacaqdır. Telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi üçün «Azərkosmos» ASC-yə 2012-ci ildə büdcədən 3,6 milyon manat ayrılması nəzərdə tutulub. Beləliklə, Azərbaycan çox ciddi kosmik sənayeyə malik ölkəyə çevrilir. Görülən işlər nəticəsində ölkədə normal rəqabət mühitinə malik olan, böyük həcmdə investisiya qəbul edən müasir İKT bazarı yaradıldı. Bir çox beynəlxalq təşkilatlar bu sahədə Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirdi. Avrasiya transmilli informasiya magistralı, Avropa-Yaxın Şərq yüksəksürətli informasiya şəbəkəsi kimi layihələr buna misaldır. Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan “BakuTel-2011” sərgisi cözügedən prosesi əyani şəkildə əks etdirir.

 

AZƏRBAYCAN BİRİNCİDİR

Bu gün Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları (İKT) sektoru öz inkişaf templərinə görə qeyri-neft sektorunun sənaye sahələri arasında birinci yeri tutur, yaxın 10-15 ildə gəlirlərin həcminin neft ixracından əldə edilən gəlirlərə çatdırılması nəzərdə tutulur. 2003-2010-cu illər ərzində bu sahədə orta illik artım sürəti 30-32 faiz səviyyəsində olub. Halbuki dünya üzrə illik artım orta hesabla cəmi 10 faiz təşkil edib. Yalnız böhranlı 2009-cu il istisna təşkil edib, həmin il artım dinamikası 13-14 faizə düşüb. Strategiyanın qəbul olunmasından keçən yeddi ildə İKT sektorunun həcmi 5 dəfə artaraq 2010-cu ildə 1,5 milyard ABŞ dolları təşkil edib. Bu isə bütövlükdə ÜDM-in 1,9 faizinə və qeyri-neft sektorunda ÜDM-in 4,3 faizinə bərabər olub. 2010-cu ildə İKT və poçt rabitəsi sektoru üzrə gəlir həcmi 2009-cu illə müqayisədə 32,1 faiz artaraq 1230,2 milyon manat təşkil edib. Bu sektora 2010-cu ildə ümumilikdə 300 milyon dollar sərmayə qoyulub. İnkişaf tempi 2011-ci ildə də davam edib. 2011-ci ilin 9 ayı ərzində rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunda əldə olunan gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.4 faiz artaraq 932.9 milyon manat təşkil edib. Artım tempi İKT sektorunda 12,1 faiz, o cümlədən telekommunikasiya sektorunda 8,3 faiz, İT sektorunda 1,6 dəfə, poçt sektorunda 5,7 faiz, informasiya sektorunda isə 38,8 faizə bərabər olub. Telekommunikasiya sektoru üzrə gəlirlərin 67,5 faizi mobil operatorların payına düşməklə, mobil sektor üzrə real artım tempi 3.4  faiz təşkil edib. İKT üzrə özəl sektorun fəaliyyəti də ildən-ilə güclənir və hazırda bu sahədə əldə olunan gəlirin təqribən 80  faizi qeyri-dövlət müəssisələrinin payına düşür. Gələn il dövlət büdcəsindən İKT sahəsinə 23,3 milyon manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub. Hesabat dövründə mobil abunəçilərin sayı isə 10 milyona yaxın olub ki, bu da o deməkdir ki, indi Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon düşür. Hazırda mobil operatorlar tərəfindən üçüncü nəsl (3G) mobil rabitə texnologiyası respublikamızda tətbiq olunur. “İndi 4G ilə əlaqədar, yəni yeni texnologiyanın lisenziyasının verilməsi ilə bağlı mobil operatorlara məlumat verilib. Bu texnologiya imkan verir ki, mobil telefonlar vasitəsilə təkcə danışıqlar yox, yeni xidmətləri də həyata keçirmək mümkün olsun. Bu yeni texnologiya istifadədə olan məişət avadanlıqlarını, kiçik qurğuları mobil telefonlar vasitəsilə uzaqdan idarə etməyə imkan verəcək”,-rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, artıq gələn ilin may ayına qədər Azərbaycanda 4G texnologiyasının tətbiqinə başlanacaq.  Bundan başqa, hava gəmilərinin göyərtələrində səs rabitəsi, sms və məlumatların ötürülməsinin internet xidmətindən istifadə etmək mümkün olacaq.

Əhalinin kompyuterlərdən istifadə imkanları da genişlənib. Ölkəmizdə əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 15, internet istifadəçilərinin sayı isə 60-a bərabər olub. Onların 30 faizdən çoxu genişzolaqlı xidmətlərdən istifadə edir. Bu isə ümumdünya orta göstəricisindən 2 dəfə çoxdur. MDB ölkələri arasında ilk olaraq Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb. Əldə olan uğurları Prezident İlham Əliyev də yüksək qiymətləndirib: «Biz qısa müddət ərzində Azərbaycanda informasiyakommunikasiya texnologiyaları sahəsində demək olar, inqilab yarada bildik. Qarşıdakı illərdə bu sahənin çox böyük gələcəyi var».

Azərbaycan İKT-də dinamik inkişaf tempinə görə MDB ölkələri arasında ön sıradadır. Davos Dünya İqtisadi Forumunun “Global İnformation Technologies 2009-2010” hesabatında Azərbaycan əvvəlki illərdə olduğu kimi MDB ölkələri arasında liderliyini qoruyub saxlayıb və bu “şəbəkə hazırlığı indeksinə” (Networked Readiness Index) görə dünyanın 133 ölkəsi arasında 64-cü yeri paylaşıb. Azərbaycan bu reytinqin ilk yarısına düşən yeganə MDB ölkəsidir. 2010-2011” hesabatında isə Azərbaycan dünyanın 138 ölkəsi arasında 70-ci yeri tutub.

 

Elməddin MURADLI

 

 Üç nöqtə.- 2011.- 30 noyabr.- S. 9.