Çingiz
Abdullayev: “Xalq yazıçısı” adını Nobel
mükafatından üstün bilirəm”
Zəng edib görüşmək istədiyimizi bildirəndə,
rahatlıqla razılıq verdi. Amma bir
şərtlə: saat 14:00-dan bir dəqiqə belə
geçikməmək şərti ilə AYB-də
olmalıydıq. Görüşə gecikməmək
üçün redaksiyadan düz 40 dəqiqə öncə
çıxdıq. Axı şəhərimizin
tıxacı hər kəsə bəllidir. Beləliklə, razılaşdığımız
vaxtdan 10 dəqiqə əvvəl Yazıçılar
Birliyində - Çingiz müəlimin otağının
qarşısında hazır olduq. Hətta
dəqiqliyimizi nümayiş etdirmək üçün katibəsinə,
Çingiz müəllimə biz burdayıq
ismarıcını da göndərdik. Biz
tez gəlməyimizə baxmayaraq, Çingiz müəllim bizi
dediyi vaxtda –saat 14:00 da qəbul etdi. Suala da
elə vaxtdan başladıq.
- Çingiz müəllim,
sizdən görüş almaq üçün zəng edəndə
qrafikinizin sıx olduğunu dediniz. Çox
maraqlıdır, bəzi insanlar daim vaxtın
azlığından şikayətlənirlər. Belə çıxır ki, siz də vaxtın
azlığından gileylənirsiniz?
- Yox. Elə deməzdim. Sadəcə bugünkü qrafikimi sizə deyim.
Baxın, sizdən öncə çəkiliş
olub, sizdən sonra da daha bir müsahibəm olacaq. Sonra isə iki görüşüm var. Axşam da
yazmalıyam. Təsəvvür edirsiniz,
dünən isə cəmi 3 saat yarım yatmışam.
- Sizcə, vaxtın qulu olmaq düzgündür?
- Yox, qəti düzgün deyil. Kimin
vaxtı çatmırsa deməli, işləmək,
yaşamaq istəmir. Bilirəm ki, sən
bir gündə bir ömür yaşaya bilərsən.
Amma ola bilər ki, ömür də bir
gün kimi keçsin. İnanın mən o qədər
50-60 yaşında qoca insan tanıyaram ki, deyir həyat yuxu
kimi keçdi, heç başa düşmədim necə
yaşadım. Onlara yazığım gəlir.
Məndən soruşanda, deyirəm ki, 52
yaşım var, bir günü də dəyişmərəm.
Necə yaşamışam, yüz dəfə də
yaşasaydım belə yaşayardım.
- Çingiz Abdullayev - müxtəlif cəmiyyətlərdə
işi olan, AYB-də vəzifəsi və bununla yanaşı,
məhsuldar bir yazar... Bəlkə də bu
sualı eşidib qıcıqlandıracaq. Amma maraqlıdır, əsərlərinizi yazanda sizə
kimsə kömək edir?
- Vallah çox istərdim ki, kimsə mənə kömək
etsin. Heç olmasa səhvləri yoxlasın.
İşçilər yazanda yaddaş kartı
ilə göndərirlər. İndi bu dəqiqə
yeni kitabı gətirdilər. Bolqarıstanda
çıxmalıdır. Həmçinin
müqavilə bağlamaq üçün Fransaya gedəcəm.
Allaha dua edərdim ki, heç olmasa bir adam
kömək etsin. Mən özüm də
qorxuram 160 roman yazmışam deməyə.
- Yeri gəlmişkən, 160 roman arasından
hansını Nobel mükafatına layiq
görürsünüz?
- Bunu oxucular deməlidir. Üç-dörd
roman var ki, daha uğurludur. Amma ola bilər
ki, kiminsə xoşuna gəlsin, kiminsə yox.
- Müsahibələrinizdən birində demisiniz ki, mən
xalq yazıçısı adını Nobel
mükafatından üstün tuturam. Bəlkə
bu fikri Nobel mükafatını ala bilməyəcəyiniz
üçün demisiniz?
- Mənim üçün “xalq yazıçısı”
fəxri adı Nobel mükafatından daha üstündür.
Səməd Vurğun, Mirzə İbrahimov xalq
yazıçısı adına layiq
görülüb. Dünyada məni
tanıyırlar, amma Azərbaycanda bu qədər
tanındığıma inanmırdım. Bu
adı mənə Prezident verib. Mənə
“əməkdar incəsənət xadimi” adı vermək istəyiblər.
Prezidentə göndərəndə özü
pozub, yuxarıdan “xalq yazıçısı” yazıb. Mən heç “əməkdar işçi” və ya
“incəsənət xadimi” də olmamışam. Çox sayda beynəlxalq mükafat almışam.
Avropanın Nobel mükafatı kimi hesab olunan Frankfurt
mükafatını Orxan Pamukdan bir il tez -
2005-ci ildə almışam. Yəni “Nobel”ə
inanardım, indi də inanıram. Amma “xalq
yazıçısı”na yox. Çünki başa düşürəm ki, bu
adı alsan sən nə etməlisən. Mən heç
vaxt Səməd Vurğun ola bilmərəm,
amma çalışaram.
- Siz dünyada tanınan yeganə Azərbaycan
yazıçısısınız. Dünyada
isə ən yaxşı qəbul olunan janr dedektivdir. Sizcə, tanınmağınızda bu janrın rolu
var?
- Yox, elə düşünmürəm. Çünki,
mən məhəbbət, tarixi romanlar da yazmışam.
- Dünyada dedektiv
janrının qəbul olunması fikri ilə necə,
razılaşırsınız?
- “Əli və Nino” maqazinində 38 min adda
kitab satılır. Bunlardan 3-4 mini dedektivdir. Niyə
Çingiz Abdullayevin kitablarını alırlar? Mən rusca yazıram. Hələ
azərbaycanca yazsaydım necə olardı? Azərbaycanda
4-5 adam dedektiv janrında yazıb. Mənim əsərlərim rusca yazılıb, 28 dilə
tərcümə olunub. Bu çox çətin
janrdır. Axı dünyada necə min adam
bu janrda yazır. Və mən elə
yazmalıyam ki, internetdə milyonlarla kitab arasında mənim əsərimi
oxusunlar. Qəsdən yazıçılar
deyirlər ki, əşi bunu mən də yazardım, məşhur
olardım. Al qələmi, götür yaz da, qardaş, kim nə deyir ki?! Xeyr, bu
hamısı yalandır. Ya yaxşı
yazıçısan, ya da pis. Mən
fantastika, melodrama, nağıl da yazsaydım, yenə bu cür
məşhur olardım. Kitabı dedektiv
janrında olduğu üçün oxumurlar. O səbəbdən
oxuyurlar ki, maraqlıdır. Siyasi, analitik, polis,
hüquqi dedektiv əsərlərim var. Bəzi əsərlərim
var ki, onları tərcümə etməyə icazə vermirəm.
- Müsahibələrinizin birində demişdiniz ki, bəzi
vaxtlar əsərlərinizin mövzularını yuxuda
görürsünüz. Onda belə çıxır ki, sizin
yataq otağınızda Dronqonun, Marina
Çernışevanın və agent Yucinin ayaq izləri var.
Və o ayaq izlərini sizdən başqa heç kim
görmür...
- Mən xatırlamıram
ki, nə zamansa gecə 2-3 yuxu görməyim. Fikirləşirəm
ki, bəlkə əsl həyat yuxumdadır, ya da öz
kitablarımdadır. Axı burda boş
oturmaq maraqsız həyatdır. Sizinlə
danışandan sonra çıxıb gedəcəksiniz
, mən oturub yazacağam. Görün belə
necə maraqsızdır. Bir sözlə,
boz həyatdır. Ancaq mənim
kitabımda olsaydı, gözəl qadın görünərdi,
mən deyərdim ki, gedək restoranda oturaq və siz razı
olardınız. Ona görə də
çox vaxt fikirləşirəm ki, bəlkə gözəl
həyat odur.
- Yuxularınız gercəkləşir, yoxsa
gördükləriniz elə yuxularınızda qalır?
- Hərdən gercəkləşir, hərdən yox. Gercəkləşəndə sevinirəm, olmayanda isə
yazıram.
- Əsərlərinizə baş qəhrəman
seçmək üçün niyə məhz İndoneziyada
yaşayan Dronqo adlı quşu seçdiniz? Azərbaycan quşlarını bu qədər
qorxaq və digər quşların səsini imitasiya edə
bilməyən hesab edirsiniz ?
- Yox, səbəb bu deyil. Bu çox
maraqlı quşdur. Çünki yeganə quşdur ki, imitasiya edir. İkincisi də bu balaca quş heç nədən
qorxmur. Və
üçünçüsü, mən istəyirdim ki, beynəlxalq
obraz olsun ki, bütün dünyada tərcümə edib,
oxusunlar. Yeri gəlmişkən,
gördüyünz bu kitab Estoniyadan yenicə gəlib. Fikirləşirəm ki, Estoniyada mən kimə
lazımam. Ya da Ukrayna, Türkiyə,
İsveçrə, Çində ... Vallah bu sirri bilmirəm.
Görünür maraqlı nəsə var.
- Tərcümə zamanı əsərin
orjinallığını itirməsi sizi narahat etmir ki?
- Düzdür, tərcümədə əsər orjinallığında
qalmır. Ancaq bu məni narahat etmir. Vaxtilə
Çexov demişdi ki, milli riyaziyyat, milli biologiya ola bilməz. Milli ədəbiyyat
isə milli keyfiyyətə əsaslansa da, fikir
beynalxaqldır. Homer Yunanıstanda öz
dilində yazanda o dil bu günə gəlib çıxmasa da,
kitabını hələ də oxuyurlar. Nə
yazırsansa o fikirlər maraqlıdır. Bir dəfə
1993-cü ildə demişəm, yenə də fəxrlə təkrarlayıram
ki, kim SSRİ üçün heyfsilənmir,
onun ürəyi yoxdur. Kim onu yenidən bərpa
etmək istəsə, onun başı yoxdur. 2000-ci ildə Vladimir Putin bura gələndə bu
sözü demişdi. Hamı məni təbrik
edirdi ki, sənin kitabından söz deyir. Axır
vaxtlar daha bir sözümü tez-tez eşidirəm. Qadında hər şey ürəkdir, hətta
başı da. Bəzi sözlər var ki,
onların Azərbaycan dilinə tərcümə etmək
olmur. Çünki, XX əsrdə
yazıçılar bilmirdi ki, nə zamansa mobil telefon,
kömpyuter və.s olacaq.
- Bu gün hər kəs yazır, tirajlarla kitabları
çıxır. Ancaq ədəbiyyatımızda
bunun əksini və ya nəticəsini görmürük.
- Hə, bax bu faciədir. Mənim il ərizndə
500-600 min kitabım çıxır. Əgər az çıxsa, yaşaya bilmərəm.
- Bu suala cavab verməyə də bilərsiniz, amma versəniz
maraqlı olardı. Ceyms Patterson “Forbes”
jurnalının reytinq cədvəlində 84 milyon dollarla ən
çox qazanan yazıçıların siyahısına
başçılıq edir. Maraqlıdır,
Siz bir ildə kitablarınızın satışından nə
qədər pul əldə edirsiniz?
- Mən yalnız kitablarla yaşayıram. Mənim maqazinlərim, restoranlarım yoxdur. Uşaqlarım İngiltərədə təhsil
aldığı üçün həyat yoldaşım
tez-tez orda qalır. Bu o demək deyil ki,
şikayətlənirəm. Ancaq mən
ömür boyu işləməsəm, acından ölmərəm.
Mən sizə açıq deyim, AYB-də yeganə
katibəm ki, hökümət maşınım yoxdur, 10 ildir
ki, imtina etmişəm. Sürücülər
də, maşınlar da özümə aiddir. İyirmi
ildir ki, Azərbaycanda nə maaş, nə
qonarar, nə də bir qəpik pul alıram. Hamı
da bilir ki, bütün pullarımı qaçqın və
uşaq evlərinin hesabına köçürürəm.
Düzdür, Patterson kimi qazanmıram, ancaq
çox istərdim. Mənim kitablarım əsasən
Belarusda, Ukraynada, Rusiyada çıxır. Bu ölkələrdə isə qonorar çox deyil.
Amma kitabım İsveçrədə
çıxanda təbii ki, qazancım çox olur. Bir kitabım orada 32-34 avroya satılır. Təbii ki, ordan gələn gəlir daha çoxdur.
Həm də vergi verirəm. Bir dəfə kinomu çəkəndə 35 faiz
hesablayaraq 18 min manat vergi çıxmışdılar. İndiyə kimi bircə dəfə də olsun
kitabımı özüm çap etdirməmişəm.
Həmişə pulumu verib, kitabımı
çap etdiriblər. İndi isə məndən
soruşurlar ki, nə yazırsan? Artıq
onlara görə pulum hesabıma köçürülür.
Hələ kitab oxunmamış, çap
olunmamış, hətta satışa
çıxarılmamış mən pulumu alıram. Çünki bilirlər ki, satılacaq, oxunacaq.
- Çoxları deyir ki, dedektiv ciddi janr deyil. Bəs onda niyə oxunur?
- Bir dəfə şair İliada Taşitze yanımda
ukraynalı jurnalist Şendroviçlə
danışırdı. Dedi ki, A.Düma axı niyə
yazıçıdır? Biri var macəralar, xəyallar,
axmaq mövzular, biri də var Balzak, Hüqo.
Şendroviç ona yaxşı cavab verdi.
Dedi siz kitab yox, bir misra yazın ki, 100 ildən
sonra bütün dünya dillərinə tərcümə
olunsun. Əgər 28 dildə kitablarım tərcümə
olunub və 26 milyon insan, onların arasında hörmətli
Prezidentimiz İlham Əliyev, Primakov, Lazberq, E.Şevarnadze,
Medvedev də hesab edib ki, oxumaq lazımdır, demək nəsə
var. Axı niyə görə əksini düşünənlər
elə hesab edirlər ki, ağıllıdırlar? Bir sual ortaya çıxır.
- Bəlkə qısqanclıqdandır?
- Çox adam deyir mən də
yazardım. Nə deyirəm yaz da. Bu qələm, bu da sən. Bir dəfə
demişəm ki, əgər azərbaycanlı diş
çöpü kəşf etsəydi və o 28 ölkədə
satılsaydı, ən azından sevinərdim. Axı niyə sevinmirsiz? Axı mən
erməni deyiləm, azərbaycanlıyam. Anar
bir dəfə demişdi ki, sən başqa bir millətdən
olsaydın, sənə abidə də qoyardılar. Vallah mən abidə də istəmirəm.
- Uğur qazanan məşhur insanların bəzilərində
qısqanclıq hissi var. Sizdə necə, o hiss var?
- Mənim həyat yoldaşım deyir ki, sən çox
maraqlı insansan. Ömrümdə heç kimi
qısqanmamışam. Ancaq indi yadıma
düşdü, yalan deməyim bir dəfə olub. Bu yay öz oğlumu qısqanmışam. Barselonada olanda orada çoxlu gənc qızlar var
idi. Əksəriyyəti fransız dilində
danışırdı. Oğlum da
fransız, ingilis, italyan dillərində mükəmməl
danışa bilir. Dedim, ömrümdə birinci dəfə
qısqanıram ki, bütün qızlar “sənindir”. Çünki, o onaların dilini bilirdi. Həmişə Anar
deyir ki, sən maraqlı adamsan, kimsə sənin haqqında nəsə
deyəndə heç kimə heç nə demirsən.
Mən də ondan soruşdum ki, səni
milçək dişləyəndə nəsə edirsən?
Mənim 26 milyon kitabım var. Qoy onun da 1 milyon
kitabı çıxsın, çəkidə eyni olaq.
Ağcaqanad gəlib səni dişləyəndə, onu
üfləyirsən, vəssalam.
- Ən yüksək qiymətə satılan
kitabınız...
- İsveçrədə çıxan
kitabım 32-34 avro olub. Norveçdə də baha qiymətə
satılıb. Çox təəssüf
ki, Azərbaycanda yox.
- Azərbaycan Pen klubunun vitse prezidentisiniz. Dünya
yazıçıları ilə əlaqələriniz nə səviyyədədir?
Azərbaycan ədəbiyyatının xaricdə
təbliğatında Pen klubun nə kimi rolu var?
- Çox böyük faydaları var. Biz təbliğ
edib, tərcümələr etməliyik. Bununla
bağlı Fransada danışıqlar aparıb icazə
alımışam. İstəyirik ki,
“Harri Potter”i tərcümə edək. Çoxları
utanır, demir, ancaq etiraf etmək lazımdır. Sankt Peterburqda kitab oxuyanların faizini müəyyənləşdirmək
üçün sorğu keçirilmişdi. Sankt Peterburqda 64 % göstərici əldə olundu.
Orda yaşayanlar bunu utanc bildilər ki, çox
azdır. Dedilər ki, bizdə qafqazdan,
tacikdən gəlmələr olduğu üçün nəticə
azdır. Gürcüstanda 47 %, Ermənistanda 39%, bizdə isə
11 % -dır. Ancaq mən eşidəndə dedim ki, bu
saxtadır. Bizdə
cəmi 3 % kitab oxuyan var. Bəzən televiziyada
sorğu aparırlar ki, son bir ildə hansı kitabı
oxumusan. Tələbələrin bəziləri
deyir ki, heç nə. Əslində elə
həmin günü onun rektorunu işdən çıxarmaq
lazımdır. Necə yəni tələbə
təhsil alır, ancaq bir ildə 1 kitab oxumayıb? Lakin bu həqiqətdir. Biz istəyirik
bunu dəyişdirək. Bu yaxınlarda
“Buta Palace”da Azercell ilin yekununu keçirirdi. Orda minə
yaxın gəncdən soruşdum ki, kim
kitab oxuyub. İnanın mini də əllərini
qaldırdı. Yəni kitab oxuyurlar, ancaq çox az sayda.
- Yeri gəlmişkən,
Yazıçılar Birliyinə yeni üzvlər ekspertlərin
rəyindən sonra qəbul olunacaq. Bu, birliyin üzvləri
arasında təsadüfi adamların və sənəd verənlərin
peşəkarlığının aşağı səviyyədə
olmasından irəli gəlir?
- Ne etmək olar? İki min adam
növbədədir. Biz gərək
hamısının işinə baxaq. Baxmadan
deyə bilmərik ki, sən axmaqsan, sən istedadsızsan.
Gərək ekspertlər baxıb, nöqsanlarını desin. Qəbul etməmək isə düzgün deyil.
Bəkə onların arasında həqiqətən
yeni bir dahi gəlir. Bu gün yeni
istedadlı nəsil gəlir. İlqar Fəhmi
çox maraqlıdır. Fikrət Qoca
deyir ki, o ən istedadlılardandır. Ramiz
Qasımov əsərini gətirəndə, mən də azərbaycanlı
kimi fikirləşdim ki, axı o nə yaza bilər? Ancaq oxuyanda dəhşətə gəldim, pərt
oldum. Elçin Hüseynbəyli, Cahangir Əsəd, Səlim
Babulla oğlu, Qulu Ağsəs və digərləri də
istedadlıdır.
- Milli Kitab Mükafatı başlayanda məqsədlərinin
oxucu sayını artırmaq və ədəbiyyatımıza
yeni ab-hava gətirmək olduğunu deyirdilər. Ancaq siz münsif kürsüsündən
imtina etdiniz. Nələr baş verirdi?
- Yeri gəlmişkən, sizə
səsvermə cədvəlini təqdim edirəm,
özünüz baxın. Mən birinci yerə 10, 9, 8, 7 səs
vermişəm. O birilər isə öz adamlarına 10,
başqalarına 3, 2 bal veriblər. Birinci yer 128, ikinci yer 127 səs
yığıb. Səslərlə oynayıb, dəyişikliklər
ediblər. Biz kitablara bu cür yanaşdığımız
üçün, biz də kitab oxuyanlar da azdır. Və məncə
bu cür saxtakarlıqlar etsək, kitab oxuyanların sayı
daha da azalacaq. Çox təəssüf ki, “Milli kitab”
mükafatı mənim ümidlərimi doğrultmadı.
- Yəni sizcə, bundan sonra bu mükafatdan heç
bir uğurlu nəticə gözləməyə dəyməz?
- Niyə, bəlkə də olar. Kim bilir, bəlkə
abıra gəlib, özlərini düzəltdilər. Ancaq belə
başlayıblarsa, inanmıram ki, abıra gəlsinlər.
- Saxtakarlıqdan söz düşmüşkən,
mübarizə yalnız saxtakarlığı görərkən
ordan çıxıb, yəni üz döndərib getməyinizlə
bitməlidirmi?
- Bilirsiniz, mən çox xoşbəxt insanam. Məsələn, bu gün 70 səhifə yazı
yazacam. Heç yana getmədən,
evdən bir düymə vasitəsi ilə kitabımı
göndərib, pulumu qazanıram. Gömrük,
vergi, məmur, rəhbər - hamısından azadam. Yalnız öz başımdan və qələmimdən
aslıyam. Bunu isə heç kim məndən
ala bilməz. Ona görə bu baxımdan
müstəqil və xoşbəxt insanam. Öz
həqiqətlərim barəsində deyəndə, ətrafımdakı
insanlar deyir bu barədə danışma. Dostum
deyir ki, sən deyirsən ki, məhəbbət
olmalıdır. Ancaq nə bilirsən bəlkə
o elə bir qız tapıb ki, atası vəzifədə
işləyir. Onun sayəsində rahat
yaşayacaq, kasıb həyatdan qurtulacaq. Deyirlər
sənin üçün nə fərqi var? Moskvada evin var, istəsən gedib orda yaşayacaqsan,
ya da İngiltərədə ailənlə birgə. Sənə
heç kim heç nə deməyəcək.
Orda yaşa, kitablarını yaz, pulunu qazan.
Belə olduğu üçün heç nədən
qorxmursan. Xeyr, razılaşmıram. Heç də həmişə yaşayış
düşüncəni formalaşdırmır, hərdən
düşüncədə yaşayış tərzini
formalaşdırır. Ona görə bu
baxımdan deyirəm ki, mən əvvəl də bu cür
olmuşam. Saxtakarlığın əleyhinə
olmuşam. Bir faktı deyim, MTN-in kuratoru
olanda rəis mənə pul verəndə, kabinetdən
çıxartdırırdım. Bəlkə
də heç də təmiz insan olduğum üçün
deyildi. Fikirləşirdim ki, imkanım var,
atam, anam böyük vəzifələrdə
çalışır. Karyeramı
düşünürdüm. Ancaq hərdən
də düşünürəm ki, elə bəlkə də
mən əvvəldən bu cür olmuşam.
Çünki, necə ola bilər ki, kimsə
məni pulla alsın. Ümumiyyətlə, pul alan
insan öz vicdanını satan adamdır. İndi bu sözlərimdən
sonra nə qədər adam gəlib məni
döyəcək. (gülür) Ancaq bu həqiqətdir, belədir. Çox adam deyir ki, pul hər şeydən
üstündür.
- Amma gəlin etiraf edək ki, pulsuz da yaşamaq
mümkün deyil...
- Kitabımdan bir sitat gətirim: pul həyatın
talonudur, xoşbəxtliyin yox. Düzdür,
pulsuz yaşamaq olmur. Amma xoşbəxtlik gətirmir.
Nə qədər varlı adam
tanıyıram ki, pullar da onu xoşbəxt edə bilmir.
- Dünyanı gəzməyi, kitab oxumağı
özünə xobbi seçən bir yazıçı
AYB-nin katibi kreslosunda niyə bərk-bərk oturur?
- Yox, heç də elə deyil. Əksinə biz indi adam axtarırıq. Mənim sürücülərim
AYB-nin işçilərindən çox maaş
alır. Mənim atam deyirdi ki, elə işlə
ki, nə zamansa sənə çıx deyəndə rahat sənədlərini
qoyub çıxa biləsən. Mən də
heç bir problemsiz çıxıb gedə bilərəm.
Axı mənim kitablarım, gəlirim,
şöhrətim bu kreslodan aslı deyil. Əksinə,
bu mənə mane olur. Onlar məndən
xahiş etməlidirlər ki, mən qalım. Ancaq hesab edirəm ki, Azərbaycanda mümkün
deyil ki, sən evdə oturub kitab yazasan. Sən
ictimai işlərlə də məşğul olmalısan.
- Yalnız qələminin və beynin möhtacı olan
Çingiz Abdullayev bu gün daha nələrə sahib olmaq istərdi?
- Mən 18 yaşım olanda 1 siyahı hazırladım.
Birincidə oxumaq istədiyim kitabların
adlarını yazdım. Və o zaman təsəvvürümə
belə gətirməzdim ki, o əsərləri tapıb oxuya
bilərəm. Ancaq hamısını
oxudum. İkincidə gəzmək istədiyim
şəhərlərin adları var idi. Sadəcə
xərityə baxıb, yazmışdım. O
adlarını yazdığım şəhərlərin
hamısını gəzmişəm. Üçüncüdə
görüşmək istədiyim gözəl
qadınların adlarını yazmışdım. Onu da reallaşdırdım. Səmimi deyirəm,
əslində Allaha bir o qədər də inanan insan deyiləm,
ancaq əgər varsa, o kişi bu dəqiqə
məni hüzuruna çağırsa, ona sadəcə
çox saqol deyəcəm. Atam, anam öləndə Polad
Bülbüloğlu dedi ki, mən atamı 14 yaşında
itirmişəm. Əbülfəs Qarayev 19, Nəriman Həsənzadə
isə heç xatırlamıram, cəmi 6 aylıq idim
atamı itirəndə dedi. Fikirləşdim ki,
gedim məscidə Allaha dua edim ki, sən imkan vermisən ki, 50
yaşıma qədər valideynlərimlə birlikdə
yaşamışam. Doğrudan da heç
nə istəmirəm. İnanın
heç “Nobel” də istəmirəm. Elə
hər şey bu vəziyyətdə qalsın, bu cür məni
oxusunlar, bəyənsinlər, bəsimdir. 79
ölkədə olmuşam, ancaq yenə də gəzmək
istəyirəm. Avstraliya və Antraktidada
olmamışam. Səmimi deyirəm, ürəkdən,
heç nə istəmirəm.
- Ənənəvi bir sual...
Övladlarınızın yolunuzu davam etdirməsini istərdinizmi?
- Yox, nə danışırsınız... Bu mənim
üçün ən böyük faciə olardı.
Yazıçılardan mində biri uğurlu olur, digərləri
kimə lazımdır.
- Son dövrlərdə az qala hamı bir-birinə
ziyalı deyir. Sizcə, ziyalı kimdir? Daha doğrusu kimi
ziyalı adlandırmaq olar?
- Ziyalı özü-özündən utanan
insandır. Yəni ziyalı utanan şəxsdir.
Görüşə razılıq verəndə bizə
yarım saat vaxt ayırmışdı. Ancaq söhbətimiz
nə az, nə çox düz bir saat çəkdi.
Açığı heç bu söhbətin bitməsini istəmirdik
də. Çingiz Abdullayev kimi dünyanın
tanıdığı, saydığı, sevdiyi bir insanla
üz-üzə oturub söhbət etməkdən şərəfli
və qürur verici nə ola bilər ki? Və hər
sualı cavablandırarkən insan yalnız fəxr edir ki, belə
bir yazıçımız var. Azərbaycanımızı
dünyada təmsil edən belə bir ziyalımız var.
Sözün həqiqi mənasında ziyalı – Çingiz
Abdullayev.
Fidan
Aysər
Üç nöqtə.- 2011.- 22
oktyabr.- S. 12-13.