Sən öldüyün gün doğuldun, Mübariz... 

 

Əslində insan dünyaya gəldiyi gün ad günü hesab olunur, sən və sənin kimi adiliyin fövqündə duran seçilmişlər doğulduğu gün deyil öldüyü gün dünyaya gəlir.

Biləsuvarda sadə bir ailənin neçəncisə bir övladı kimi dünyaya gəlmişdin. Bundan kim xəbər tutmuşdu ki, anan, atan, yaxın qohum əqrəban. Həmin ailədə iməklədin, dil açıb ilk sözlərini dedin, yeridin, bir sözlə böyüdün, adi insanlar, həmyaşıdların, bacı-qardaşın kimi.  Bütün bunları yalnız valideynlərin gördü, sevindi, fərəhləndi. Bəlkə də gündəlik qayğılardan baş açıb heç bu ailə hadisələrinin fərqinə də varmadılar. 

Yenə sənin kimliyindən, harda yaşamağından bir kimsə xəbərdar deyildi. Kimsə bilmirdi ki, filan yerdə, filan adda Tanrının seçilmişlərindən biri yaşayır.  Gəncləşdin, yavaş-yavaş həyata baxışın formalaşmağa başladı. Dilimizi, dinimizi, kimliyimizi anladın, sevdin, yenə kimsə bunun fərqinə varmadı. Özünü, mənliyini tapdıqca, bunu yaxın dairənə aşıladıqca illər keçdi, bu illər ərzində idmana getməyin, müxtəlif sahələrdə işləyib özünü sınamağın səndə başqa, yeni keyfiyyətlər aşkarladı. Bunların heç özün də fərqində olmadın, amma rahatlığın da yoxdu, şaqraq dağ çayları kimi özünü ordan bura çırpıb yol axtarırdın. Bəs, bu yol səni hara aparmalı idi, rahatsızlığın nədəndi, bəlkə də özün bilirdin, başqa kimsə yenə bunun fərqində deyildi.

Gənc, yaraşıqlı, ağıllı oğlan idin, başını qaldırıb üzlərinə belə baxmadığın qızlar sənin üçün gizlin-gizlin qovrulardılar, sən də bunun fərqində deyildin. İçində alovlu, üsyankar başqa digər sevgilərə bənzəməyən bir sevgi vardı ki, səni dağa-daşan çırpan qovuşacağın mənsəbə aparan da o sevgi idi, o ülvi sevgi ki, hər gəncin qəlbində səninkində olduğu qədər bol və təmənnasız olmur. Bütün şişirtmələrdən, pafosdan uzaq VƏTƏN sevgisi. 

Onun düşmən tərəfindən yağmalanmasına, məsum qızlarının, gəlinlərinin əsir götürülməsinə, sənin, həmvətənlərinin göz açdığı, boya-başa çatdığı torpaqlarda iyrənc düşmənin at oynatmasına dözə bilmirdin. Bu hisslər qəlbində hər gün daha çox böyüyürdü. Nə isə etmək istəyirdin...nə? 

Bu yolda ilk addıma qərar verdin... Artıq ad qoymaq olar sənə, MÜBARİZ, çünki artıq qəhrəman bir oğlan olduğun özünü biruzə verir. Başqa bütün işləri yarıda qoyub könüllü ordu sıralarına yazılmağa qərar vermək sıradan birinin atdığı addım, verdiyi qərar deyil. Buna görə artıq dostların, həmyaşıdların sənə həsəd apara bilərlər. Kimisi həsəd apardı, kimisi istehza ilə yanaşdı, bu artıq hər kəsin öz düşüncəsinin  məhsuludur. 

İstədiyinə çatmısan, gizir, niyə yenə rahatlığın yoxdur. Nədir səni içindən yandırıb-yaxan, niyə qovrulursan?  Əlində avtomat, ətrafında sənin əmrini gözləyən əsgərlər, üzbəüz səngərdə düşmən. Döz... dözməlisən, ölkə siyasəti hələ ki, bunu deyir. Damarlarında qanla birgə haqq-ədalət, sevgi, təəsübkeşlik qaynayan, düşmənə qarşı bunlardan qaynaqlanan nifrət,  intiqam varkən bir el oğlu necə sakit otursun. Üstəlik məkirli, iyrənc düşmən əmməllərindən qalmır, Mübariz hər gün əsir götürülmüş Azərbaycan qadınlarının iniltilərini qulaqlarında duyur. O dağ çayının qayalara çırpıla-çırpıla üz tutduğu mənsəb bura deyilmiş, burdan irəli, daha böyük mənsəblər uğrunda deyib-özünü qabağa atdı, qabaqda düşmən ordusu var...

Canım, atam anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.

Getməzdən öncə bu məktubu yazdın, deməli addımın ani atılmırdı, düşünərək atırdın. Sənin qəhrəman olman üçün an bir rol oynamadı, sən bütün ömrünü bu an üçün  yaşamışdın. Sən Sovet dövrünün şişirdilmiş qəhrəmanlarındansan, canından bezmişlərindənsən. Səni Tanrı özü bu missiya üçün göndərmişdi. Ölüm qabağı da özünü düşünmək ağlına gəlmədi, valideynlərini nigaran qoymamaq, əsgərlərini pərən salmamaq üçün düşünülmüş halda namə yazdın, mesaj qoydun. Özün necə rahatsanmı...?

Doğulduğun günü bir ailən bilirdi, öldüyün gün bütün millətin üçün doğuldun. Bir qəhrəman, bir simvol, ruhdan düşmüş xalqına bir ruh yüksəkliyi kimi doğuldun. Mənsəbinə qovuşan dağ çayı- Mübariz İbrahimov, sən, öldüyün gün doğuldun...

 

 

Ramilə Qurbanlı

 

Üç nöqtə.- 2011.- 19 yanvar.- S. 5.