Qəhrəmanlar unudulmur

 

Belə qəhrəmanlardan biri oğlu və qardaşı ilə birlikdə son nəfəsinədək döyüşüb şəhid olan Əvəz Novruzovdur

 

Azərbaycanın tarixən qəhrəmanlar diyarı olduğunu çox eşitmişik. Əbəs yerə  yaranmayıb bu ifadə. Zaman-zaman qəhrəmanlar yetişib bu torpaqda. Ana vətən çağıranda səs verib onun səsinə, həmin vətən övladları. Sağlığında cəsarəti, hünəri, vətən sevgisini silaha çevirib, şəhid olduqda isə cismi ilə qorumağa çalışıb bu torpağı, yağı düşmənlərdən. Belə qəhrəmanlarımız tarixən olub, bu gün də var. Qarabağ uğrunda gedən döyüşlərdə də minlərlə igid, cəsur vətəndaşımız vətən torpağının toxunulmazlığı uğrunda canlarından keçib. Bu yazımızda da həmin qəhrəmanlardan biri - Əvəz Əli oğlu Novruzov haqqında bəhs edəcəyik.

Əvəz Novruzov 1940-cı il oktyabrın 18-də Ağdərə, indiki Ağdam rayonunun Başgüney kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. Sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Texnikumu fərqlənmə diplomu ilə bitirən Ə.Novruzov S.M.Kirov, S.Orgonogidze, M.F.Axundov adına təsərrüfat birliklərində müxtəlif vəzifələrdə çalışıb. Dəfələrlə Rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. Əməksevərliyi, zəhmətkeşliyi ilə fərqlənən Əvəz Novruzov işdə qazandığı müvvəfəqiyyətlərə görə dəfələrlə fəxri fərman və medalla təltif edilib. Hələ tələbəlik illərində idmanın sərbəst güləş növü ilə məşğul olan Əvəz Novruzov dəfələrlə qalib olub. Həmçinin, SSRİ çempionatlığına keçirilən seçmə turnirin qalibi olub və idman ustası adına layiq görülüb. Qarabağ hadisələri başlayanda isə vətənin müdafiəsinə qalxanların sırasına qoşulub.

 

Qarabağın ilk müdafiəçiləri

 

1980-ci illərin sonlarından erməni yaraqlıları tez-tez Başgüney və azərbaycanlılar yaşayan digər kəndlərə hücum etməyə başlayanda ilk silaha sarılanlardan biri də Əvəz Novruzov olub. Erməni hucumlarının qarşısını almaq üçün onun təşəbbüsü ilə özünümüdafiə dəstəsi yaradılıb. Könüllü özünümüdafiə dəstəsinin təşkilindən sonra Əvəz Novruzov komandir seçilib. Onun dəstəsi təkcə Başgüney kəndinin deyil, həmçinin, qonşu kəndlərin də təhlükəsizliyinin təmin edilməsi üçün misilsiz fədakarlıqlar göstərib. Onun təşəbbüsü və təşkilatçılığı sayəsində qonşu kəndlərdə də kiçik könüllü dəstələr təşkil olunmağa başlayıb. Həmin özünümüdafiə dəstəsi 1990-1992-ci illərdə onlarla mühüm əhəmiyyətli döyüş əməliyyatlarını uğurla yerinə yetirib.

Belə uğurlu əməliyyatlar sırasında Ağdərə-Xankəndi yolunda yerləşən üç körpünün partladılması, Umudlu kəndinin mühasirədən çıxarılması, Qazançı kəndinin erməni quldurlarından azad olunmasını göstərmək olar. Sonuncu döyüşdə ermənilərin Xankəndi istiqamətindən hücuma keçən hərbi texnikası və xeyli canlı qüvvəsi məhv edilib. Bu əməliyyatlar və igid komandir Əvəz Novruzovla bağlı onun döyüş yoldaşlarının xatirələrini öyrəndik.

 

«Erməniləri elə bir yerdə qarşıladıq ki, onların müdafiə olunması mümkünsüz idi»

 

Əvəz Novruzovla birlikdə dəfələrlə ölümlə qarşılaşmış döyüş yoldaşı, Qarabağ müharibəsi əlili, «Azərbaycan bayrağı» ordenli Nağı İmanov onu cəsur döyüşçü, ağıllı və tədbirli komandir kimi xarakterizə edir: «Bizə Azərbaycan xalqının qəhrəman, ziyalı və tarixi şəxsiyyətləri haqqında söhbət edərdi. Ermənilərin qorxaq, satqın, yaltaq və nankor bir tayfa olması ilə bağlı həyatda gördüklərindən danışardı. 1992-ci il fevralın əvvəllərində ermənilər növbəti dəfə Sırxavənd kəndinə geniş hücuma keçmişdi. Bu dəfə də Əvəz əmi (Mən ona həmişə «əmi» deyərək müraciət edərdim) bizi köməksiz qoymadı. Onun dəstəsi Sırxavəndi mühasirəyə alan erməni quldurlarının arxasına keçərək, bir iriçaplı pulemyot, bir artileriya qurğusu gəzdirən hərbi maşın və on yeddi nəfər erməni quldurunu məhv etdi. Bundan sonra ermənilər geri çəkilib qaçmağa məcbur oldular. 1991-ci ilin avqustunda erməni quldurlarının qəfil hücumu zamanı atam və qardaşım həlak olmuşdu. Bu zaman da Əvəz əmi hamıdan əvvəl əlində də ov tüfəngi köməyimizə gəlmişdi».

Döyüşçü yoldaşı ən böyük istəklərinin özünü, oğlunu, qardaşını bu torpaq uğrunda qurban vermiş Əvəz Novruzovun xatirəsinin əbədiləşdirilməsi olduğunu bildirdi. Ona layiq olduğu adın verilməsi bütün sağ qalan döyüşçü yoldaşlarının arzusudur.

Əvəz Novruzovun komandir olduğu özünümüdafiə dəstəsinin azyaşlı döyüşçülərindən biri Azər  Kərimov da komandirinin igidliklərindən danışdı: «Alim Göyüsov, Sərvər Həsənov, Ayaz Mustafayev, komandirin öz oğlu Ziya Novruzov və mənim hələ 18 yaşımız tamam olmamışdı. 1992-ci il fevralın 5-də Qazançı kəndi erməni quldurlarından azad edilməli idi. «N» saylı özünümüdafiə alayının komandiri Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev  bir komandir kimi Əvəz Novruzova çox inanır və güvənirdi. Ona görə də Qazançı kəndində olan erməni quldurlarına Xankəndi istiqamətindən gələcək qüvvənin qarşısının alınmasını ona tapşırmışdı. Həmin gün sabaha kimi qarın içində gözlədik. Komandir özü atəş açmayınca silah işlətməməyi tapşırdı. Komandirin əmri ilə erməniləri lap yaxına buraxdıq. Komandirin bu taktikasının faydasını gördük. Erməniləri elə bir yerdə qarşıladıq ki, onların mövqe tutması və müdafiə olunması mümkünsüz idi. Bu döyüşdə düşmənin 30-a yaxın canlı qüvvəsini və iki BMP-2 texnikasını məhv etdik».

 

Komandirin taktikası nəticəsində bir döyüşdə ermənilər 169 nəfər itki verdi

 

Əvəz Novruzovun döyüş yoldaşı Qamboy Ocaqov da döyüş yoldaşının qəhrəmanlıqları haqqında çox danışdı: «Sonuncu döyüşdə isə xüsusilə qəhrəmanlıq göstərdi, Əvəz Novruzov. Erməni yaraqlıları Başgüney kəndini mühasirəyə almışdılar. Səhərə yaxın artıq kənd hər tərəfdən mühasirəyə düşmüşdü. Heç yerdən də kömək yox idi. Biz sonadək mübarizə apardıq. Komandir də son nəfəsinədək döyüşdü. Manik, Sırxavənd, Qalayçılar, Umudlu, Mərcimək, Çərəkdar kəndi uğrunda gedən döyüşlərdə onun xidmətləri böyük olub. Döyüşlərin əksəriyyətində şəxsi rəşadət göstərirdi. Əgər 10 döyüşdə qalıb gəlmişiksə, onun 9-u Əvəz Novruzovun adı ilə bağlıdır».

Döyüş yoldaşı Şahmalı Məmmədov deyir ki, komandirinin döyüş taktikası həmişə öz müsbət nəticəsini verib: «Hələ hadisələr təzə başlayanda ermənilərə deyirdi ki, burada sizin torpağınız yoxdur, əşyalarınızı götürüb gedə bilərsiniz. Əvəz Novruzov hələ özünümüdafiə dəstəsinin komandiri olan vaxtlardan müvəffəqiyyətli döyüş əməliyyatları aparırdı. 1992-ci il martın 12-də ermənilərin hucumu nəticəsində bir neçə saatda Manik və Sırxavənd kəndi işğal olundu. Amma Başgüney kəndində az qala əlbəyaxa döyüş getdi. Həmin vaxtadək belə döyüş bir Kərkicahanda, bir də Xocalıda olmuşdu.  Həmin döyüşdə 169 erməni əsgərinin meyidi  qalmışdı».

Ş.Məmmədovun sözlərinə görə, o döyüşdə erməni tərəfdən rusların dağ piyada dəstəsi də döyüşürdü: «Ermənilər isə rus piyadalarına bildirmişdilər ki, Azərbaycan tərəfdən döyüşən özünümüdafiə dəstələridir. Sonra ratsiya ilə danışanda şikayətlənirdilər ki, burada xüsusi təyinatlılar döyüşür, özünümüdafiə dəstəsi yox. Beləliklə, erməniləri mühasirə vəziyyətində olan kəndə buraxmadıq. Bir sözlə, Əvəz Novruzov son nəfəsinədək bu torpaq uğrunda döyüşdü. Belə qəhrəmanların adını əbədiləşdirmək gənc nəslin də vətənpərvərlik ruhunun yüksəlməsinə kömək edər».

Keçmiş döyüşçü Rəfi Əsgərov da Əvəz Novruzovu qəhrəman döyüşçü, bacarıqlı komandir kimi xatırlayır: «Hadisələrin ilk vaxtlarından 1992-ci ilin martınadək birlikdə döyüşlərdə iştirak etmişik. Aterk, Dronbom, Çıldıran döyüşlərində birlikdə iştirak etmişik. Qazançı əməliyyatı da onun apardığı ən uğurlu əməliyyatlardan biri idi. Ermənilər ən çox itki verdiyi döyüş isə Əvəz Novruzovun həlak olduğu sonuncu döyüş idi.  Əvəz Novruzovun sağ qalan döyüşçü yoldaşlarının ən böyük arzusu isə ona layiq olduğu fəxri adın verilməsidir».

 

Son nəfəsinədək döyüşən komandir

 

1992-ci il fevralın 1-də ermənilər Manik kəndinə hücuma keçiblər. Bu döyüşdə də ermənilər xeyli itki verib və geri çəkiliblər. Əvəz Novruzov üçün son döyüş isə 1992-ci il martın 12-də olub. Həmin vaxt erməni hərbi birləşmələri Başgüney kəndinə qəti hücuma keçiblər. Saatlarla davam edən qeyri-bərabər döyüşdə ermənilərin bir neçə hücumu dəf edilib. Hər dəfə də düşmən onlarla cəsəd qoyaraq geri çəkilib. Lakin ətraf kəndləri işğal edə bilən düşmən Başgüney kəndində döyüşənləri də mühasirəyə alıb. Komandir mühasirəni yarıb qocaları və uşaqları çıxarmağı tapşırır. Bu döyüşdə 10 nəfər əsgər o cümlədən, komandir Əvəz Novruzov misilsiz qəhrəmanlıq göstərərək şəhid olur. Həmin vaxt Ə.Novruzov topxananın yerləşdiyi strateji əhəmiyyətli mövqenin müdafiəsini qardaşı ilə öz öhdəsinə götürübmüş. Yaralılar və dinc əhalini çıxarmağı əmr edən komandir özü son nəfəsinədək vuruşub. Verdiyi vədi də yerinə yetirib Əvəz Novruzov. Həmişə deyərmiş ki, düşmən bu torpağa ancaq onun və oğlunun meyidi üzərindən keçib gedə bilər. Belə də olur. Həm Əvəz Novruzov, həm də oğlu Ziya bu döyüşdə son nəfəsinədək vuruşub şəhid olublar. Onların cəsədlərini belə çıxarmaq mümkün olmayıb. Özünü, oğlunu və qardaşını bu torpaq, bu dövlətin var olması uğrunda qurban verən Əvəz Novruzov kimi qəhrəmanların adlarının əbədiləşdirilməsi vacibdir.

Hərbi ekspertlər də hesab edir ki, Vətən uğrunda döyüşmüş və şəhid olmuş döyüşçülərin adlarının əbədiləşdirilməsi zəruridir. Bununla həm cəmiyyətdə vətənpərvərlik tərbiyəsinin tətbiqi prosesində əhəmiyyətli uğurlar əldə edilə bilər, eyni zamanda cəmiyyətdə Silahlı Qüvvələrə inam artar. Hazırda vətən uğrunda canını fəda etmiş döyüşçülərin adının əbədiləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülsə də, bu iş daha da təkmilləşdirilməlidir.

Qeyd edək ki, Qarabağ müharibəsinə həsr edilmiş bir neçə kitabda – X.Rzaquliyevin «Ağdərədə nələr oldu», R.Quluzadənin «Qan çilənən torpaq», Ş.Səlimbəylinin «Şaxta vurmuş çiçəklər», Q.Bəndalıoğlunun «Ağdərədən gələn var» kitablarda və bir çox qəzetlərdə N.Əvəzin döyüş yolundan və qəhrəmanlığından bəhs edilib. İnanırıq ki, cəsur komandir Əvəz Novruzov da layiq olduğu adı alacaqdır.

 

 

Xalid VAHİDOĞLU

 

Üç nöqtə.- 2011.- 19 yanvar.- S. 9.