20 Yanvar – Qan yaddaşımız, qəhrəmanlıq salnaməmizdir
Sovet qoşunları o müdhiş gecədə 134
mülki vətəndaşı öldürüb, 600-dən
çox adamı yaralayıb
Ötən əsrin
80-ci illərinin sonlarında Azərbaycan xalqı rus
şovinistlərinin pəncəsindən qurtulmaq, zaman-zaman
ölkəni parçalayaraq ermənilərə verilməsinə
və dövlətin talan edilməsinə dözməyərək
meydanlara çıxdı. Həmin dövrdə dünyaya
meydan oxuyan SSRİ-nin içindən belə bir hadisənin
baş qaldırması bir çoxlarının heyrətinə
səbəb olmuşdu. SSRİ-ni tanıyan hər bir kəs
azərbaycanlıların rus şovinistləri
qarşısında geri çəkiləcəyini və yeni
“37-lərin” olacağını bildirirdilər. Lakin
düşünülənlər qismən həyata
keçdi. Belə ki, Sovet ordusunun böyük kontingentinin,
xüsusi təyinatlı bölmələrinin və daxili
qoşunlarının Bakıya yeridilməsi xüsusi qəddarlıq
və görünməmiş vəhşiliklə
müşayiət edildi. Kommunist diktaturası
Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı
həyata keçirdiyi hərbi müdaxiləni hətta o
zamankı Sovet İttifaqının müttəfiq
respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan
çəkinmədi. Həmin vaxt Azərbaycan Ermənistanın
da təcavüzünə məruz qalmışdı. Belə
bir şəraitdə sovet rəhbərliyi nəinki
münaqişənin qarşısını almaq
üçün qəti tədbirlər görməmiş, əksinə,
Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə
Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə
alınan erməni əsgər və zabitləri, sovet hərbi
hissələrində xidmət edən erməniləri, hətta
erməni kursantları da daxil etmişdi. Bakıya yeridilmiş
qoşun kontingentinə "doyüş
tapşırığını" yerinə yetirmək
üçün möhkəm psixoloji hazırlıq
keçmişdilər: "Sizi Bakıya rusları müdafiə
etmək üçün gətirmişlər, yerli əhali
onları vəhşicəsinə məhv edir; ekstremistlər
Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun
yerləşdiyi ərazi) ətrafındakı evlərin
damlarında snayperlər yerləşdirmişlər, təkcə
bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər
Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə
doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə
tutacaqlar" ("Şit" təşkilatı müstəqil
hərbi ekspertlərinin hesabatından).
Mixail Qorbaçov başda
olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda
"rus və erməni kartından" məharətlə
istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi
qulluqçuların ailələrini qorumaq, "millətçi
ekstremistlər" tərəfindən hakimiyyətin
zorakılıqla ələ keçirilməsinin
qarşısını almaq üçün yeridilmişdi. Əslində
isə bu açıq riyakarlıq, ağ yalan idi.
Çünki sovet rəhbərliyinin "dəlilləri"
hətta həqiqətə yaxın olsaydı belə,
Bakıya təpədən-dırnağadək
silahlandırılmış qoşun göndərməyə
ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili
qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə
tabe olan Bakı Qarnizonunun çoxsaylı hərbi hissələri,
hava hücumundan müdafiə qüvvələri var idi.
4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
Bütün bunlara
baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov
SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR
Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə
pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət
elan edilməsi haqqında fərman imzaladı.
SSRİ Müdafiə
Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata
keçirdiyi "Udar" adlı əməliyyatda əsas
rolu xüsusi təyinatlı "ALFA" və SSRİ
DTK-nın "A" təxribat qrupları oynayırdı.
Sovet qoşunlarının təcavüzü nəticəsində
Bakıda 134 mülki vətəndaş
öldürülmüş, 600-dən çox adam
yaralanmışdı. Öldürülənlər
arasında beş millətin nümayəndəsi, 20-dən
çox qadın, uşaq var idi. SSRİ DTK-nın
"Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan
televiziyasının enerji blokunu partlatdı, respublikada
televiziya verilişləri dayandırıldı. Gecə isə
qoşun fövqəladə vəziyyət elan edilməsindən
xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə
divan tutmağa başladı. Qorbaçovun fərmanı
qüvvəyə minənədək (20 yanvar, saat 00:00)
artıq 9 nəfər öldürülmüşdü.
Tanklar və BTR-lər Bakı küçələrində
qarşılarına çıxan hər şeyi əzir, hərbçilər
hər yanı amansız atəşə tuturdular. İnsanlar
nəinki küçələrdə, hətta avtobusda gedərkən,
öz mənzillərində oturduqları yerdə güllələrə
tuş gəlirdilər. Yaralıları aparmağa gələn
təcili yardım maşınlarını və tibb
işçilərini də atəşə tuturdular. Bir
gün ərzində Bakıda 137 nəfər
öldürüldü, 700-dək insan yaralandı, 800-dən
çox adam qanunsuz həbs edildi. Bakıda fövqəladə
vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə
yalnız yanvarın 20-də səhər saat 7-də respublika
radiosu ilə çatdırıldı. Halbuki, Qorbaçovun
Azərbaycana ezam etdiyi yüksək vəzifəli komissarlar həyasızcasına
bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət
elan olunmayacaqdır. Bax, əli yüzlərlə insanın
qanına batmış, sonralar Nobel sülh mükafatı
almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası
rəhbərliyinin rəzil siması bu idi...
"Qara Yanvar"ın
indiyədək özündə saxladığı sirlər
çoxdur. 100 cildlik istintaq materialının 69 cildi
Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna
aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan
xalqının məruz qaldığı bu təcavüz indiyədək
bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq
müstəvidə layiq olduğu təsnifatı almayıb. Bu
hadisələrə emosiya, kədər, yaxud mübarizlik səlnaməsi
kimi pafoslu münasibətlə bərabər, bir qədər
də soyuqqanlı olub, o hadisələrin gerçək mahiyyətini
dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların
önünə qoymaq barədə düşünməli, 20
Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə
çalışmalıyıq. Başda Mixail Qorbaçov
olmaqla SSRİ rəhbərləri düşünürdülər
ki, törətdikləri cinayətlərdən sonra azərbaycanlılar
geri çəkiləcək və Dağlıq
Qarabağı asanlıqla ermənilərə hədiyyə
edəcəklər. Lakin həmin günün səhəri, Azərbaycan
xalqı böyük iradə nümayiş etdirərək
azadlıq şəhidlərini paytaxtın ən hündür
yerində - Dağüstü parkda dəfn etdilər. Bundan
sonra daha da azadlıq şövqünə gələn Azərbaycan
xalqı qarşısı alınmaz gücə
çevrilmişdir.
Qeyd etmək yerinə
düşər ki, 60 min nəfərlik SSRİ
qoşunlarının Bakıda qırğınlar törətdikləri
zaman erməni və rus qoşun birliklərinin digər hissələri
Dağlıq Qarabağa və Naxçıvana hücuma
keçdilər. Ağır döyüşlər zamanı
Azərbaycan xalqı əliyalın vəziyyətdə odlu və
artilleriya silahları ilə silahlanmış düşmən
qarşısında böyük sücayətlə
döyüşərək bir qarış da olsun ermənilərə
torpaq verməmişdir. Həmin dövrdə Azərbaycanın
parçalanmasına qəti etiraz edən və qarşı
çıxan mərhum Prezident Heydər Əliyev Rusiyanın
paytaxtı Moskvada mətbuat konfransı keçirərək
Kommunist partiyasından çıxdığını
bildirmişdir. Bundan sonra böyük təzyiqlərlə
üzləşən mərhum lider Naxçıvana gələrək
xalqın dəstəyi ilə 17 noyabr 1990-ci ildə
Naxçıvan Muxtar Respublikasının (Həmin dövrdə
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası idi.) Ali məclisində
Azərbaycanın üçrəngli bayrağı
qaldırılaraq SSRİ bayrağı endirildi. Bundan iki
gün sonra isə Naxçıvan Ali Sovetinin 19 yanvar tarixli qərarı
ilə Azərbaycanın üçrəngli bayrağı rəsmi
olaraq Naxçıvan Ali Məclisinin binası üzərində
ucaldıldı. Artıq Azərbaycan xalqı müstəqillik,
azadlıq eşqi ilə yaşamasını və SSRİ-dən
çıxmaq yolunda addımlar atdığını görən
Sovet rəhbərləri Azərbaycana qarşı daha
çirkin addımlara əl ataraq iki il sonra Xocalı
soyqırımını gerçəkləşdirdilər.
Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik
salnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər
də soyuqqanlı olub, o hadisələrin gerçək mahiyyətini
dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların
önünə qoymaq barədə düşünməli, 20
Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə
çalışmalıyıq.
Allah rəhmət eləsin! AMİN!
Məhərrəm Ağalaroğlu
Üç nöqtə.- 2011.- 20 yanvar.- S. 5.