Tanrı insanı xoş niyyətlər
üçün yaradıb
Novruz Aslan: “İnsan da yalnız yaxşı əməllərin
sahibi olmağa can atmalıdır”
Nə
böyük xoşbəxtlikdir- sevdiyin işlə məşğul
olmaq. Sevdiyin işin sayının çox olması ondan
da böyük xoşbəxtlikdir. Bəs, o baxımdan
sevdiyin və gördüyün işlərin hər birinin
mütəxəssisi olmaq necə...?
Müsahibim həmin xoşbəxt kəslərdəndir
ki, sevdiyi bir-neçə işi görür,
özü də məsuliyyətlə, ona görə də
uğuru qaçılmazdır. Dövlət
başçısı da əməyini görüb və
ordenlə qiymətləndirib. Söhbət
millət vəkili, Qızıl Aypara Cəmiyyətinin rəhbəri,
bəstəkar, fəlsəfi kitablar müəllifi Novruz
Aslandır.
- Sizinlə son müsahibəmizdən çox illər
keçib, bu illər ərzində nələr dəyişib,
həm Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəri
kimi, həm yaradıcı insan kimi, bu illər ərzində
millət vəkili də seçilmisiniz, hansından
başlayaq, bəstəkarlıqdan?
-
Hansından istəyirsiniz, yaradıcılığı
sona saxlayaq.
- Elə isə rəhbərlik
etdiyiniz sahədən başlayaq...
-
Artıq 11-ci ildir ki, Qızıl Aypara Cəmiyyətinə
rəhbərlik edirəm və bu vəzifəni
daşımaqdan şərəf duyuram, çünki
insanların ağır, çətin günündə ona
kömək olmaq, dayaq durmaq hər bir normal insanın həyatına
qızıl həriflərlə yazılan bir işdir, həmçinin
mənim də. Bu iş
çox mərhəmət tələb edən şərəfli
işdir. Özümü biznesdə də
sınamışam, dövlət işində də, amma ən
ürəyimcə olan, təbiətimə uyğun olan,
özümü tapdığım
iş Qızıl Aypara Cəmiyyətindəki
işimdir. Bundan
sonra harda işləsəm də ömrümün
axırına qədər də Qızıl Aypara Cəmiyyətində
işlədiyim illər həyatımın ən parlaq səhifəsidir.
Təsəvvür edin ki, yaşlı, xəstə insan evdə
tənhadır, onun yanında yalnız Qızıl Aypara Cəmiyyəti
var, görün necə nəcib işlə məşğul
olan bir cəmiyyətə rəhbərlik edirəm. Ulu yaradan bizi xoş məramlar, məqsədlər
üçün yaradıb, müharibələr, fəlakətlər
üçün yox. Ömür çox
qısadır, insanın ən böyük məqsədi
insanlara gərəkli olmaqdır. “İncil”də
deyir ki, Allah insanı yaradanda ona öz simasını verib,
“Quran”da deyir ki, Allah insanı yaradanda ona öz ruhundan verib. Hər bir insan bu dəyəri
birləşdirsə başa düşəcək ki, onun
siması, ruhu Allahdandır. Hər insan
öz finişinə catanda bütün ömrünü
gözləri qarşısından keçəcək. Yaxşı insan düşünəcək ki,
övlad böyütmüşəm, yaxşı valideyn
olmuşam, valideynlərimə yaxşı övlad olmuşam.
Pis insan düşünəcək ki, ilahi, mən nə
pisliklər etmişəm... Birincisi axirətə
rahat, qorxmadan gedəcək, ikincisini dəhşət
götürəcək. Ona görə hər bir insan
bacardığı qədər savab iş görməyə çalışmalıdır.
Bizim könüllülər əsasən tələbələrdir,
yaşlılara, imkansızlara, tənhalara yardımlar edirik,
yanlarında oluruq, həyatda dəstək veririk. İmkanı olmayan qan verir, evində onlara köməkçi
olur. İmkanlı insanları
tapırıq, onların köməkliyi ilə ehtiyacı
olanı dava-dərmanla təmin edirik. Heç
kimdən tələb edilmir ki, imkanın, gücün xaricində
işlər gör, yox bacardığın qədər,
imkanın daxilində. Savab iş ibadətdən, namazdan
üstündür. Dediyim odur ki, bu cəmiyyətdə işləmək
çox böyük,
müqəddəs, savab, lazımlı işdir. İnanıram
ki, cəmiyyət üzvlərinin sayının artması da
bununla bağlıdır.
- Elə bilirəm
müsahibim bir filosofdur, təşkilat rəhbərində
çox filosof kimi mühakimə
yürüdürsünüz. Bilirəm ki, fəlsəfi əsərlər
müəllifisiniz, indi o səpgidə
yaradıcılığınızda hansı yeniliklər var?
Novruz müəllim, üstünüzdə bayaqdan bir
qarışqa gəzir...
-
Qoy gəzsin, biz onu öldürməyəcəyik,
cavanlıqda ova gedərdim, sonra getmədim, çünki dərk
elədim ki, Tanrının yaratdığını bizim məhv
etməyə ixtiyarımız yoxdur. Bir vaxtlar Tanrı buna icazə
vermişdi ki, biz heyvanları ovlayıb qidalanaq, çünki başqa qida mənbəyimiz
yox idi, indi nə zərurət var ki, onları nəfsimiz
üçün məhv edək.
Ona görə də qarışqa harda istəyir
orda gəzməsi üçün Tanrıdan icazəsi var. O
ki, qaldı fəlsəfi kitablara, onlar mənim içimdən
gəlir, yazmaya bilmirəm.
Bütün kitablarımın da
girişində yazıram ki, oxucu, sən bu kitabı
oxumağa məcbur deyilsən, qoy, onu istəyən oxusun.
Məqsədim odur ki, düşündüklərimi
insanlarla bölüşüm, anladıqlarımı
bölüşüm, anladım. Çox adamda bu
qabiliyyət var, amma əlinə qələm alıb ifadə
etmir, mən edirəm. 8 il öncə kitabımda insanların klounlaşması
barədə yazmışdım. İndi alimlər
bunu sübut edir. Çox sevinirəm ki,
bunu ilk dəfə mən demişəm. İnsan
meymunlarla, digər heyvanlarla klounlaşıb. Ona görə də insanlar, cinslər, millətlər
fərqlidir. Darvin nəzəriyyəsi
absurddur. Ona görə də ağlına gələn
fikri qoy ortaya, səni buna görə dara çəkməzlər, elm ya təsdiq
edəcək, ya da inkar, bəlkə sənin ağlına gələn
məqam bir vaxt öz təsdiqini tapacaq.
- Millət vəkili kimi
də insanlara xidmət edirsiniz, bu hansı zərurətdən
yarandı, onsuz da gördüyünüz işlərlə
ona qədər də insanlara xidmət edirdiniz?
-
Siyasi arenada öz sözümü demək istəyindən
yarandı. Bəzən deyirlər siyasət
çirkin işdir, yox, düzgün siyasət çox təmiz,
hətta savab işdir. Siyasətdə
çirkin oyunlar olur, sən də məcbur olursan o
çirkin işlərə cavab verəsən. İnsanın formalaşması üçün bu
sahə də vacibdir. Biznesdə öz sözümü
demişəm, ictimai işdə, elm sahəsində, incəsənətdə,
dövlət işində
- Uğurlar
qazandınız
-
Bunu siz deyirsiniz, mən deyə bilmərəm, bir prinsipim
var, hər gördüyüm işə məsuliyyətlə
yanaşıram. Dünən
İsmayıllıda olmuşam, seçicilərimlə
görüşmüşəm, hər cümə mən ora
gedirəm. Orda yaşlı, xəstə
insanlar var, Bakıya gəlməyə imkanları yoxdur, mən
özüm gedirəm onların yanına. 5 il ərzində
İsmayıllıdan bir nəfər Milli Məclisə məni görməyə gəlmədi,
çünki buna ehtiyac duyulmadı. Bir dəfə Milli Məclisdə
dedilər ki, İsmayıllıdan gələn var, sizi
görmək istəyir, qəzəblə getdim ki, mən
dünən İsmayıllıda olmuşam, niyə gəlmədiniz
görüşə, dedi Novruz müəllim, mən Bakıda
yaşayıram, sizi görmək üçün
İsmayıllıya gedəsi deyildim ki... Gedirəm
müxtəlif problemlərlə gəlirlər
görüşümə. Bir uşağa böyrəkköçürmə
əməliyyatı üçün 50 min manat
lazımdır, ata deyir evimi satıb 30 min manat əldə etmişəm, mən
zəng elədim İranda 30 min manatdan da aşağı qiymətə
razılaşdırdıq o əməliyyatı. Kiməsə kömək etmək gücüm
olmayanda çox əziyyət çəkirəm. Rayonun inkişaf etməsi sahəsində də rayon
rəhbərliyi ilə birləşib işlər görmək
borcumuzdur. Onlarla birgə səyyar xidmət
göstəririk.
- Bütün bunların
sayəsində bəstəkar Novruz Aslanı itirmirik ki?
-
Yox, son vaxtlar “Sarı gəlin” mahnım getdi efirə, Təranə
Vəlizadə ifa etdi. Sadəcə sevgi-məhəbbət
mövzusun bir qədər arxa plana keçirmişəm, indi
sosial yönümlü mahnılar yazıram. Ötən
il Rəşad İlyasov “Uşaqları
qoruyaq” adlı mahnımı ifa etdi.
İl ərzində bu mahnı getdi.
Ötən il uşaq ili idi, qızım
sözlərini yazdı, mən bəstələdim. Ondan
öncəki il “Kristal” qrupu ilə bir layihəm
getdi, yenə uşaqların qorunması zəminində. Bu il Azərbaycan bayrağı ilə
bağlı bir layihəm ərsəyə gələcək,
İlhamə xanım ifa edəcək. Təbii
ki, əvvəlki qədər məhsuldar olmasa da mahnı
yazmağı kənara qoymamışam, bəstələyirəm.
“Sarı gəlin” ili mahnısı oldu.
- Həm də Təranə
Vəlizadəni efirə çıxarmaqla savab etdiniz. Yaxşılıq etməkdən
zövq almaq çox böyük zövqdür, onu heç
bir zövq əvəz edə bilməz... Pislik etməkdən
zövq alanlar da görmüşük, belələri də
var. Kim hansı əməllərin sahibidirsə,
özünün olmasa da övladlarının
qarşısına çıxacaq, buna inanmasaq həyat
eşqimiz ölər...
-
Düzdür, siz artıq xoşbəxt insansınız
ki, yaxşılıq edənlərdənsiniz, onun necə qiymətləndirilməyi
isə Tanrının işidir. Bu gün deyirlər
ki, niyə qar yağmır, əşi, şükür edin
ki, Haitidə, Avropada baş verənlər burda baş vermir.
Tanrı Azərbaycanı sevir, bura müqəddəs
məkandır. 9 iqlim qurşağından
7-si bizdədir deyirlər, yox, elə 9-u da burdadır.
- Bayaq dediniz ki, hər
işə məsuliyyətlə yanaşıram, məncə
elə uğur qazanmağın da yolu bax o məsuliyyətdən
keçir.
-
Təbii...
Ramilə Qurbanlı
Üç nöqtə.- 2011.- 22 yanvar.-S. 15.