Çavuşoğlu: “AŞ PA Azərbaycanın
ərazi bütövlüyünü
dəstəkləyir”
AŞ PA sədri jurnalistlərə müsahibəsində
belə deyib
“Dağlıq Qarabağ
münaqişəsi təkcə Avropa Şurası
üçün deyil, həm də Avropa üçün
önəmlidir və həllini gözləyən bir məsələdir”.
Bu sözləri bazar ertəsi Avropa Şurası Parlament
Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində
keçirdiyi mətbuat konfransında qurum prezidenti Mövlud
Çavuşoğlu bildirib. O
bildirib ki, AŞ PA Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə həllini
istəyir və bu istiqamətdə müəyyən səylər
göstərir(ANS).
Qeyd edək ki, qurumun
qış sessiyası çərçivəsində AŞ
PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin
uzun müddətdir keçirilməyən iclası da təşkil
olunacaq. Çavuşoğlu bu komitənin iclasının
baş tutmasını istədiklərini bildirib. O hesab edir ki,
Avropa Şurasının iki üzvü, Ermənistan və Azərbaycan
arasında münaqişənin olması AŞ-nın
özü üçün böyük bir problemdir. O bəyan
edib ki, AŞ PA-nın 2005-ci ildə xüsusi qətnamə qəbul
edib və həmin sənəddə Ermənistan
işğalçı dövlət kimi göstərilir, eyni
zamanda işğalçı Ermənistan
qoşunlarının Azərbaycan ərazilərindən
çıxarılması tələb olunur. Qurum sədri
bildirib ki, AŞ PA münaqişə ilə bağlı
öz mövqeyini əsla dəyişməyəcək. Onun
sözlərinə görə, iki ölkənin nümayəndə
heyətləri arasında danışıqlar da məhz bunun əsasında
aparılır və qurum Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir və bunu
davam etdirəcək. Eyni zamanda Çavuşoğlu Azərbaycanda
keçirilən parlament seçkisinə də toxunub. O bu
seçkilərdə AŞ PA-nın xüsusi nümayəndə
heyətinin olduğunu diqqətə çatdırıb. “Bu sessiya çərçivəsində
həmin nümayəndə heyətinin müşahidələri
bir hesabat şəklində məruzə ediləcək və
müzakirə olunacaq”, - deyə o bildirib. Çavuşoğlunun
sonda toxunduğu məsələlərdən biri də, Azərbaycanın
Avropa Şurasına üzvlüyünün 10 illiyinin qeyd
olunması ilə bağlı məsələ olub. O bu məsələnin
sessiya çərçivəsində yüksək səviyyədə
qeyd olunacağını, xüsusi mərasimlərin
keçiriləcəyini, sessiyada nümayəndə heyəti
ilə yanaşı Avropa Şurasının əsas
simalarının da məhz bu məsələ ilə
bağlı öz fikirlərini bildirəcəyini, quruma Azərbaycanın
üzv olmasından sonra Azərbaycanın qazandıqları və
onun inkişafına təsir edən amillərin də
müzakirə predmetinə çevriləcəyini bildirib.
Üç nöqtə.- 2011.- 25 yanvar.- S. 3.