Nüvəliİranın səmərəsiz görüşləri

 

Vəfa Quluzadə: “İran nüvə dövləti deyil!”

 

BMT Təhlükəsizlik Şurasının beş daimi (ABŞ, Çin, İngiltərə, Fransa, Rusiya)  üzvləri və Almaniya ilə İran İslam Respublikası arasında İranın nüvə proqramı ilə bağlı İstanbulda keçirilən ikigünlük görüşlər bu dəfə də heç bir nəticə vermədi. Danışıqların sonucunda isə yenə də “nüvə günahı” elə İranın öz boynuna qoyulub və bəyan edilib ki, qapılar açıqdır, seçim etmək İranın öz əlindədir. İranın Milli Təhlükəsizlik Şurasının Baş katibi Səid Celili isə müzakirələrin nəticəsiz qalmasını ümumi məntiqin olmaması ilə əlaqələndirib. Ümimi məntiqsizliyin isə nədən ibarət olduğunu İran rəsmisi açıqlamayıb. Ola bilər ki, cənab Celili onu demək istəyib ki, İran kimi güclü bir ölkəyə “nüvə istehsalını dayandırın!” göstərişini vermək mənasızlıqdır. Yəqin o, dolayısı yolla demək istəyib ki, özlərində olanı niyə onlar başqalarında görmək istəmirlər. Nədənsə son vaxtlar qardaş ölkə İran rəsmilərinin bir növ bəyanat yerinə çevrilib. Ötən ilin sonlarında Türkiyədə səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad keçirdiyi mətbuat konfransında bildirmişdi ki,  İran artıq nüvə dövlətidir. Düzdür, bu bəyanat Avropa ölkələrində və hətta şimal qonşumuz olan Rusiyada gülüşə səbəb olsa da, əslində ABŞ-la İsrailə düşündürücü bir mesaj idi. Və yenə də ötən il Vaşinqtonda təşkil olunan seminarda çıxış edən Rusiya baş nazirinin müavini Sergey İvanov tam əminliklə demişdi ki, İran nüvə ölkəsi olmaq iqtidarında deyil. Ancaq sonradan sözlərini çevirib bir növ əlyeri qoyaraq əlavə etmişdi ki, İranın nüvə proqramının dinc xarakteri sübut olunarsa, İranın belə bir proqrama sahib olmaq üçün tam hüququ olacaq. 2007-ci ilin fevralında ABŞ-ın  vitse-prezidenti Dik Çeyni də Avstraliyanın Sidney şəhərində bəyanatla çıxış etmişdi ki, Vaşinqton və onun müttəfiqləri İranın nüvə dövləti olmasına imkan verməməlidir. İran prezidenti Mahmud Əhmədinejad isə xarici ölkə rəsmilərinin dediklərinin açığına “Tehran  nüvə proqramından əl çəkmək fikrində deyil!” fikrini tez-tez təkrar edir.

Düzdür, Azərbaycan Respulikası BMT Təhlükəsizlik Şurasının  beş daimi üzvündən biri olmasa da, BMT-nin tam hüquqlu üzvüdür və bu baxımdan cənub qonşumuzda baş verən nüvə olaylarının birbaşa bizə də təsiri var. İran nüvə silahına sahib olsa belə, ABŞ-a hücum etmək iqtidarında deyil, o, sadəcə olaraq öz ürəyini soyutmaq üçün əlindən dəmir gəmirən İsraili yerlə yeksan etmək istəyər. Bu isə regionda müharibəni avlovlandırar ki, Azərbaycana onun təsiri şübhə doğurmur. Bəlkə də buna görə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq ölkə mediasına verdiyi müsahibəsində belə mülahizə yürütmüşdü ki, İran son 10 ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə BMT, Avropa Birliyi ABŞ ona yeni sanksiyalar tətbiq edir və bu da sonda beynəlxalq ziddiyyətlərə gətirib çıxaracaq.

Ziddiyyətlər isə göz qabağındadır, İran demək olar ki, mötəbər sammitlərin mötəbər tribunalarının hamısında gözdən salınır, ona edilən sanksiyaların sayı çoxalır, hətta əhalisinin xarici ölkə banklarındakı hesabları dondurulur, bu da nəticədə ölkədaxili ziddiyyətlərə təkan verir və dünya mediasının yaydığı xəbərlərə görə İran vətəndaşları artıq öz ölkələrindən qaçmağın yollarını arayırlar. Və bunun üçün gediləcək yer kimi Türkiyə və Azərbaycan seçilir.

Azərbaycanlı politoloq Vəfa Quluzadənin isə bu məsələdə fikri daha maraqlıdır. “Yəqin “qapılar açıqdır, seçim etmək İranın öz əlindədir” sözlərini deməklə BMT Təhlükəsizlik Şurasının üzvləri İrana demək istəyib ki, ağlınızı başınıza yığın, sizi bombardman etmirik, verdiyimiz şansdan  yararlanın”. “Axı İran prezidenti  Mahmud Əhmədinejad Türkiyədə bəyan etmişdi ki, İran nüvə dövlətidir. İran doğrudanmı nüvə dövlətidir?” sualım isə Vəfa müəllimdə doğrudan da gülüş doğurdu: “Xeyr, bu yalnız söz oyunudur, İran nüvə dövləti deyil!. O ki, qaldı nüvə proqramı ilə bağlı görüşlərə, gələcəkdə də o görüşlərin hamısı nəticəsiz bitəcək, o vaxta kimi, İranın özü bəyan edəcək ki, artıq bu fikirdən vaz keçir. Belə hal isə İranın indiki rəhbərliyinin dilindən heç vaxt səslənməyəcək, onlar bir növ vabank gedirlər və bu işin necə sonuclanmasını isə heç bir münəccim bilmir”.

 

 

Babək Göyüş

 

Üç nöqtə.- 2011.- 25 yanvar.- S. 4.