Bu gün Oqtay Rəcəbovun doğum günüdür

 

Oqtay Rəcəbov adı hər bir peşəkar musiqi dinləyicisinə bəllidir. Bu görkəmli sənətkarın yaradıcılığı ilə tanış olanda uğurlu fəaliyyətinin məhz Azərbaycanla bağlı olduğuna hər kəs sevinir. O, sözün əsl mənasında Azərbaycanın mədəniyyətini, musiqisini dünyaya tanıdan sə-nətkarlardandır. Parlaq istedad sahibi olmaqla bərabər, həm də zəhmətkeş insandır. Bəstəkar kimi daim axtarışda olub, bir-birindən gözəl mahnılar bəstələyib. 1941-ci ilin bu günündə dünyaya gələn bəstəkar, alim və pedaqoq Oqtay Rəcəbov 71 illik həyat yolunun təxmini yarım əsrlik tarixini musiqiyə həsr edib. "Xeyir və Şər" uşaq operası, 4 saylı Simfoniya, Simli orkestr üçün 5 saylı Simfoniya, "Əlin cibində olsun" musiqili komediyası (libretto - A.Babayev) musiqi əsərləri ilə yanaşı, məqalə və kitabların da müəllifidir. Maraqlı yaradıcılıq yolu keçən sənətkarla qısa da olsa həmsöhbət olduq. Bu gün doğum gününü qeyd edən sənətkar 70 yaşla vidalaşıb, 80 yaşa doğru atdığı ilk addımı "Üç nöqtə" qəzeti ilə bölüşdü: "Sözün düzü, mən 69 il 11 aya qədər yorğunluq nədir hiss etmirdim. Elə ki, 70 yaşa keçdim artıq hiss elədim ki, əvvəlki kimi deyiləm. Bunu mənə rəhmətlik Mirzə Babayev deyirdi. Zamanı yetişəndə gördüm ki, haqlı imiş.

Artıq insan hiss edir ki, ömür qısalır".

Doğum günlərinin təmtəraqlı keçirilməsinə biganə yanaşan Oqtay Rəcəbov bunun yaşla deyil, xarakterlə bağlı olduğunu etiraf etdi: "Vallah elə olub ki, heç doğum günlərində evdə olmamışam. Dəfələrlə ad günümü səsyazma studiyalarında qeyd etmişəm. Ya da hər hansısa kitabın hazırlıq işlərinə başım qarışıb. Evə gələndə görürdüm ki, Azərbaycanın ən dadlı təamlarından hazırlayıblar. Onda bilirdim ki, deyəsən doğulduğum gündür. Xaraktercə bu cürəm. Cavanlıq vaxtında da ad günümü təmtəraqlı keçirməmişəm. Hər zaman işbaşında olmuşam. Mənim üçün təmtəraq əsərlərim ifa olunanda, kitablarım çap olunanda olub. Yəni, işimdəki uğurlarımla bağlı olub".

Bu günü adi bir gün kimi qeyd edəcəyini deyən bəstəkar onun üçün hazırlanan təbrik filmi haqqında da məlumat verdi: "Saat 15:30-da Mədəniyyət kanalında mənim haqqımda hazırlanan film nümayiş olunacaq. Bu, mənim üçün ən önəmli hədiyyələrdən biri oldu".

Söhbət əsnasında yeni yaradıcı işlərindən danışan sənətkar Atatürk haqqında opera yazacağını bildirdi: "Dünən məni Türkiyə səfirliyinə dəvət etmişdilər. Atatürk haqqında opera yazmağı təklif etdilər. Bunu gerçəkləşdirməyə hazırlaşırıq. Allah mənə yaradıcı fəaliyyətim üçün imkan yaratsa bu işi tezliklə görəcəm. Atatürk haqqında hazırlayacağım monumental əsər üçün təxmini olaraq mənə 5-6 ay vaxt lazımdır. Artıq Akif Abbasov bu layihənin librettosunu yazıb. Allahdan özüm üçün güc istəyirəm ki, bu əsəri yazıb, sona çatdıra bilim. Çünki o, türk dünyasının liderlərindən biridir".

 

 

Aysər

 

Üç nöqtə.- 2012.- 5 aprel.- S. 13.