Ölkə iqtisadiyyatı "Eurovision-2012"ni kecirməyə hazırdır 

 

 Müsabiqə bir çox problemlərin həllinə səbəb olub

 

"EUROVİSİON-2012" mahnı müsabiqəsinə 50 gün qalıb. Müsabiqə ilə əlaqədar artıq bir neçə aydır ki, paytaxtda ifrastruktur dəyişiklikləri aparılır.   Mütəxəssislərin dəyərləndirməsinə görə, "Eurovision-2012" mahnı müsabiqəsinə təkcə mədəniyyət deyil, həm də iqtisadi tədbir kimi yanaşılmalıdır. "Eurovision-2012" mahnı müsabiqəsi kimi tədbirlərdə iqtisadi faktor daha öndə olur, nəinki digər məsələlər.  O baxımdan "Eurovision -2012" mahnı müsabiqəsinin Azərbaycan iqtisadiyyatına kifayət qədər hiss ediləcək müsbət təsirləri oldu.

Aparılan müşahidələrə görə, "Eurovision-2012" Azərbaycan iqtisadiyyatında bəzi problemlərin həllinə yardım edib.  Xüsusən,   Heydər Əliyev  adına beynəlxalq hava limanda xidmət səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması, qısa zamanda xidmətin keyfiyyətinin artırılması buna nümunədir. Hava limanında "Eurovision"la əlaqədar həyata keçirilən tədbirlər xidmət səviyyəsinin beynəlxalq səviyyədə qurulmasına gətirib çıxarıb, eyni zamanda infrastrukturun inkişafı, infrastrukturun "Eurovision"a hazırlanması həm qısa-müddətli, həm də uzunmüddətli perspektiv üçün iqtisadi baxımdan əlverişli, uğurlu hesab oluna bilər. Digər tərəfdən "Eurovision" nağdsız hesablaşmalara keçidi real etdi. Bu gün Bakının əksər xidmət, eləcə də ticarət məntəqələrində post terminallar quraşdırılıb. Vətəndaşlar plastik kartlardan istifadə etməklə nağdsız ödəniş edə bilirlər.

Ancaq nağdsız hesablaşmaları keçid baş versə də, bu sahədə problemin tam həll edildiyini hesab etmək olmaz. Belə ki, Avropada istifadə edilən plastik kartların şifrələri 5 və ya 6 rəqəmlidir. Azərbaycanda isə plastik kartların şifrələri cəmi 4 rəqəmlidir. Hansı ki bu standart Avropa Birliyi və ABŞ-da 2004-cü ilə qədər tətbiq edilib. O baxımdan Azərbaycanda plastik kartların şifrələrinin və ya bütün bankomatların proqramlarının Avropa standartlarına uyğunlaşdırılması vacib hesab edilir. Digər problem nəqliyyat sektorunun "Eurovision"a hələ ki tam hazır olunmasıdır. Azərbaycanda ictimai nəqliyyatda tətbiq edilən xidmətlər Avropa standartlarına uyğun deyil. Avropanın heç bir ölkəsində sərnişin sürücüyə birbaşa ödəniş etmir. Azərbaycanda hələ ictimai nəqliyyatda sovet metodundan istifadə edilir.

 

 

Əfsun

 

Üç nöqtə.- 2012.- 5 aprel.- S. 6.