Bütün kitabların elektron
variantı yaradılacaq
Milli Kitabxananın “Nadir kitablar”
və “Azərbaycan arxivi” bölmələrində
klassiklərimizin kitabları
“elektronlaşdırılır”
Böyük Azərbaycan
mütəfəkkiri Həsən bəy Zərdabinin dəyərli
kəlamı var: “Yaxşı kitab qiymətli xəzinədir”.
Bu yazımızda tək Azərbaycandan deyil, dünyanın
bir çox ölkələrindən
yığılmış xəzinələrin
toplandığı M.F.Axundov adına Milli
Kitabxanamızdan bəhs edəcəyik. Kitabxana
günü-gündən yenilənir, yeni xidmət növləri
hazırlanır. “Elektron resurslardan
oxucuların istifadəsinin təşkili” bölməsi də
bu yeniliklər sırasındadır. Kitabxananın
oxuculara xidmət şöbəsinin müdiri Ədibə
İsmayılova bölmənin yaradılmasının zəruriliyindən
danışdı: “2011-ci ildə kitabxananın “Oxuculara xidmət”
şöbəsində yeni bir bölmə - “Elektron resurslardan
oxucuların istifadəsinin təşkili” bölməsi
yaradılıb. Bu bölmənin təşkili
və oxuculara təqdim etdiyi xidmət növləri geniş
oxucu marağına səbəb olub. Bölmədə
oxucu sorğusu əsasında çox qısa müddət ərzində
ən çox istifadə olunan kitabların, dövrü mətbuat
nümunələrinin, dissertasiyaların elektron versiyaları
yaradılır və surəti çıxarılaraq oxuculara
verilir. Bu proses rəqəmli fotoaparatlar vasitəsilə
yerinə yetirilir. İstənilən ədəbiyyatın
lazım olan səhifələri rəqəmli fotoaparat vasitəsilə
çəkilir, işlənir, çap edilərək oxuculara
verilir. Eyni zamanda, həmin ədəbiyyatın
tam elektron versiyaları yaradılaraq, kitabxananın lokal
kompyuter şəbəkəsinin məlumat bazasına daxil
edilir. Bu da ondan gələcəkdə digər
oxucuların da istifadə edə bilməsinə
şərait yaratmış
olur.
Bu il kitabxanada oxucular
üçün daha yaxşı şərait
yaradılıb. Oxucuların lokal şəbəkədə
mütaliəsi üçün müasir tələblərə
cavab verən yeni oxu zalı açılıb. “Lokal şəbəkədən istifadə üzrə
oxu zalı” bölməsində daha çox oxucunun eyni zamanda
kitabxananın lokal şəbəkəsində yerləşdirilmiş
elektron resurslardan istifadə imkanları artıb. Burada 24 kompyuter vasitəsilə oxuculara xidmət
göstərilir və onların sorğuları tam şəkildə
ödənilir. Kitabxana xidmətinin
inkişafı xidmət sahələrinin həcminin
artırılmasını, istifadəçilərə yeni
xidmət növləri təklif etməyi tələb edir.
Elektron informasiya və kitabxanalararası abonoment
şöbəsinin müdiri Şahnaz Mirəhmədova isə
virtual sifariş barədə danışdı: “İstənilən
vaxt hər bir şəxs saytımızın virtual sifariş
bölməsində istənilən kitabı sifariş verə
bilər. Biz də həmin kitabı
sifarişçi gələnə qədər hazır edirik.
Tələbələr üçün 3, elm
adamları üçünsə 5 gün sifariş qüvvədə
olur. Bir çox insanlar bu xidmətimizdən
xəbərsiz olduğu üçün müəyyən qədər
gözləməli olurlar. Bu xidmətdən
istifadə etməklə vaxtlarına qənaət etmiş
olurlar. Bizdə olmayan kitabı isə
Rusiya Dövlət Kitabxanasından elektron variantda
alırıq”.
“Oxucularımızın sayı artdıqca
kitabxanamızda daha çox işlər görmək istəyirik”
– deyən kitabxananın direktor müavini Gülbəniz Səfərəliyeva
gələcəkdə çox işlər görəcəklərini
deyir: “Hazırda əsas iş kitabların elektron
variantının yaradılması üzərində gedir. Kitabxanamızın “Nadir kitablar” və “Azərbaycan
arxivi” bölmələrində olan çox qədim və
nadir kitablar var ki, onları, klassiklərimizin
kitablarının elektron variantını yaratmağa
çalışırıq. Bu sahədə iş gedir
və gələcəyə bütün
kitablarımızın elektron variantı yaradılacaq. Qarşıdan M.F.Axundovun yubileyi gəlir ki, artıq
bu sahədə də hazırlıq işləri
aparılır. Axundovun
biblioqrafiyasını hazırlayıb, saytımızın məlumat
bazasında yerləşdirəcəyik. Axundovun
öz sağlığında nəşr olunan kitabları var
ki, onları qoruyub, saxlamaq üçün mütləqdir ki,
elektron variantı yaradılsın. Azərbaycana
aid rus dilində olan kitabları keçən ildən
başlayaraq toplamağa başlamışıq. Bu il də bu işi davam etdiririk. Prezidentin
qərarına əsasən, ölkədə çap olunan hər
nəşrdən 4 nüsxə bizim kitabxanaya verilməlidir.
Lakin biz belə kitabların 80%-ni toplaya bilirik.
Bəziləri isə kitabını kitabxanaya
satmaq istəyir. Qədim tarixə malik olan
kitabları gətirənlər isə kitabı bizə
çox baha qiymətə satmaq istəyirlər. Gətirilən bu cür kitabların çoxu bizim
kitabxanada olur. Şənbə-bazar günləri
kitabxanamızda oxucu daha çox olur. 250 nəfərlik
böyük zalımızda yer olmayanda digər bölmələrin
zallarından istifadə edirik. Bunun
üçün yeni bina tikilməsi hələ planda yoxdur.
Ancaq yaxınlarda təmir gözlənilir.
”
Sonda isə demək istərdim ki,
hansı üslubda kitab oxumağımızdan asılı
olmayaraq, çalışaq ki bizim üçün
lazımlı olanı oxuyaq. Çünki kitabdan əldə edəcəklərimiz
ömrümüzün sonunadək hər bir anımızda
bizə lazım ola bilər. Məhəmməd Peyğəmbər demişkən, beşikdən
qəbr evinə qədər oxuyun.
Aygün Asimqızı
Üç nöqtə.- 2012.- 7 aprel.- S. 9.