“Sarı gəlin” “Nəlbəki” rəqsimizlə eyni quruluşdadır”

 

Elnarə Dadaşova: “Bu, mahnı birmənalı olaraq bizimdir”

 

 Musiqinin dili olmur - deyirlər. Bəlkə elə buna görədir ki, Azərbaycan musiqiləri bütün dünyaya elə öz dilimizdə səs salır. Dilindən, dinindən fərqli olmayaraq, Azərbaycan musiqisini dinləyən şəxs musiqimizə heyranlığını gizlədə bilmir.

Musiqimizə yad gözlə baxıb, oğurluq edərək öz musiqiləri kimi qələmə vermək istəyənlər də az deyil. Belə musiqilərimizdən biri də xalq mahnısı “Sarı gəlin”dir. Bir çox ifaçılarımızın dilindən müxtəlif avaz və formalarda eşitdiyimiz musiqimizin tarixinə nəzər salsaq görərik ki, Azərbaycanın xalq mahnısı olan “Sarı gəlin” Azərbaycan, İran, İraq və Türkiyədə yaşayan türklər arasında yayılmış bir mahnıdır. Lakin mahnını son dövrlərdə türklərlə yanaşı ermənilər də ifa edirlər. “Sarı gəlin” mahnısının etimologiyası haqqında müxtəlif versiyalar var. Bir versiyaya görə "Sarı gəlin" mahnısının tarixi İslamdan əvvələ gedib çıxır. Bəzi musiqiçilər isə bu əsərin 150-200 illik tarixi olduğunu söyləyirlər.

Bir versiyaya görə Qurani-Kərimin Bəqərə surəsi – "Dirildən sarı inək" hissəsi var. "Sarı" sözünü din xadimləri Həzrət Fatimeyi-Zəhranın xarakteri ilə əlaqələndirirlər. Yəni onun bütün namuslu, nəcib və cənnət qadınlarının rəhbəri olduğu qeyd edilir.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Dadaşova “Sarı gəlin” mahnımız haqda danışdı. Bildirdi ki, “Sarı gəlin”in Azərbaycan mahnısı olmağı ilə bağlı bir çox sübutlar da var:

“Sarı gəlin” mahnısı musiqi tərəfindən bizim “Nəlbəki” rəqsimizlə eyni quruluşdadır. Və bu da sübut edir ki, hər iki musiqi tamamilə eyni bir xalqın, eyni təfəkkürün məhsuludur. Biri rəqs olduğuna görə, tempi daha itidir. Amma mahnı olduğuna görə, “Sarı gəlin”in təbiətinə mahnı ruhu çöküb. Digər tərəfdən bilirik ki, Bülbül Aşıqların III Qurultayında çıxış edəndə məhz “Sarı gəlin” mahnısının Qarabağ ərazisində yarandığı barədə bir çox açıqlamalar verdi. Açıqlamanın biri belədir ki, qızın hərisi veriləndə, həri gününün sabahısı qız sarı paltar geyinərmiş. Mahnının mətnində deyildiyi kimi “Səni mənə verməzlər, Sarı gəlin”. Məntiqi cəhətini götürəndə belə qənaətə gəlirik ki, qızı oğlana ona görə verməzlər ki, artıq onun hərisi verilib. İkinci bir tərəfdən qara türk dünyasında böyük, əzəmətli deməkdirsə, sarı balaca, fidan gəlin mənasını verir. Mahnıda belə bir yer var ki “Saçın ucun hörməzlər”. İnsanda nəbati deyilən bir ruh var ki, bu ruh müəyyən müddət yaşadığına görə də ölən insanın saçı, dırnağı müəyyən müddət uzanır. Dəfn olunan insanın saçını açılmaması üçün uca qədər hörürmüşlər. Amma yaşayan insanın saçının uc hissəsi axıra qədər hörülmürdü. Bu hörüklər quruluşuna görə mənfi enerjinin çıxmasında da müəyyən rol oynayırdı. Ümumiyyətlə, götürəndə bizim yaxın qonşularımızın mahnılarımızdan, rəqs havalarımızdan xoşları gəlir. Biz hələ sovet dövründə olanda bizim musiqilərimizə olan marağı görürdük. Amma mahnını əsaslı heç cür dəyişə bilmirlər. Oxuyub-oxuyub axırda nəqarət hissəsinə çatanda “Sarı gəlin” deyirdilər. Heç cür tərcümə edə bilmirdilər. Belə bir məsəl var: “Malını yaxşı saxla, qonşunu oğru tutma”. Gərək, biz özümüz bunların hamısını vaxtında yaxşı təbliğ edərdik. Hər bir mahnının sənədini hazırlayardıq. Çünki, hər bir mahnının içində tarix var, fəlsəfi məna var. Bir musiqiçi kimi deyə bilərəm ki, mənim üçün “Sarı gəlin” birmənalı olaraq Azərbaycan mahnısıdır. Bayaq dediyim kimi, “Nəlbəki” rəqsimizilə “Sarı gəlin”i yanaşı qoyanda bunu daha aydın görmək mümkündür. Hamımız bilirik ki, ermənilər gəlmə millətdir. Gələndən sonra da bizim parlayan nəyimiz varsa, öz adlarına çıxmaq istəyiblər. Təbiidir ki, kiminsə nəyisə olmayanda gözü qalır, onun-bunun əlində-ətəyində. Bizim özümüzdə bir az təmbəllik var. İnsanın varidatı çox olanda biganə olur, olmayanda qəpik-quruşunu sayır. Bax ermənilər də qəpik-quruş sayanlardandır. Bir neçə il bundan qabaq “Azərbaycan” radiosunda bir veriliş getdi. İranın kərkük ərazisinə vaxtilə ailəsi köçmüş bir azərbaycanlı “Sarı gəlin”ə bənzər bir mahnı oxudu və dedi ki, bunu mənə nənəm oxuyub. Ona da onun ulu nənəsi oxuyub. Bu ərazidə bu tipdə mahnılar oxunubsa və əsrlərdən-əsrlərə ötürülübsə, deməli, bu mahnı birmənalı bizimdir. Və bu bir çox sübutlar da var”.

 

 

Üç nöqtə.- 2012.- 1 avqust.- S. 13.