Gəncədə ağdabanlı şair Qurbanın 150 illiyi
qeyd edilib
Qənirə
Paşayeva: ”O insan bizim millətimiz var olduqca yad ediləcək”
“Avrasiya
Beynəlxalq Araşdırmalar İnstitutu” İB, Beynəlxalq
Avrasiya Mətbuat Fondu, Kəlbəcər Rayon İcra Hakimiyyəti
və “Aşıq Şəmşir” Mədəniyyət
Ocağının təşkilatçılığı ilə
Gəncə Şəhər Dram Teatrında Ağdabanlı
şair Qurbanın 150 illiyi ilə əlaqədar olaraq ədəbi-bədii
gecə keçirilib.
Tədbirdə Kəlbəcər Rayon
İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov,
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri,
millət vəkili Qənirə Paşayeva, Azərbaycan
Aşıqlar Birliyinin 1-ci katibi Məhərrəm
Qasımlı, Aşıq Şəmşirin oğlu Qəmbər
Şəmşiroğlu, Türkiyədən gəlmiş
tanınmış sənətçi Nursaç
Doğanişık, BAMF-n sədri Umud Rəhimoğlu, AQB-nin rəhbəri
Adnan Fişəng, Təbriz-Qaradağ
Aşıqlarının sədri Böyük bəy Ələkbəroğlu,
aşıqlar qrupu, ziyalılar, folklorşünaslar, elm
adamları və rayon ictimaiyyəti iştirak edib.
Tədbirə
açılışı ədəbiyyatşünas,
folklorşünas, şair Məhərrəm Qasımlı
edib. O, tədbirə gələn hər bir kəsi
salamlayıb. Folklorşünas alim Ağdabanlı şair
Qurbanın həyat və yaradıcılıq yoluna geniş
bir nəzər salıb və gələn qonaqlara şair
haqqında geniş, ətraflı məlumat
çatdırıb.
Millət vəkili Qənirə
Paşayeva isə vurğulayıb ki, saz və aşıq sənəti
bir milləti öz ətrafında toplaya bilmək
gücünə və iqtidarına malikdir: “Biz bu gün Dədə
Qurbanın 150 illiyinə yığışmışıq,
amma o insan bizim millətimiz var olduqca 300-400 il də yad ediləcək “.
Daha sonra səhnəyə Təbriz-Qaradağ
aşıqlarının nümayəndələri dəvət
olunub. Tədbir onların təqdim etdiyi “müxəmməs”
ilə yekunlaşıb.
Üç
nöqtə.- 2012.- 1 avqust.- S. 13.