Ailə dəyərləri içərisində qadınların rolu mühümdür

 

Məhərrəm Qasımlı: “Qarşılıqlı inam və səmimi münasibətlər ən ciddi amildir”

 

(Əvvəli ötən sayımızda)

 

Ailə dəyərlərimizin qorunması məsələsinə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun əməkdaşı, professor Məhərrəm Qasımlının sözlərinə görə, bütövlükdə milli - mənəvi dəyərlərimizi, milli - tarixi dəyərlərimizi, etnoqrafik dəyərlərimizi ailə təməlinin möhkəmlənməsində əsas hesab etmək olar. Onun fikrində də Azərbaycan ailə münasibətlərində qarşılıqlı inam və səmimi münasibətlər ən ciddi amildir: “Biz qədim yazılı abidələrimizə nəzər yetirdiyimiz zaman bu dəyərlər şəbəkəsinin geniş olduğunun şahidi oluruq. Bir neçə mühüm məsələ var ki, onlar bizim milli mənəvi dəyərlərimizə, ailə təməlinin möhkəmlənməsi və ailə sistemi ilə bağlıdır. Bunun birincisi ailə daxili münasibətlərin qarşılıqlı inam və səmimi münasibətlər üzərində qurulmasıdır. Dədə Qorqud boylarında göründüyü kimi qadın ailənin dirəyidir, yəni bu nəhəng ailə çadırının bir çox dirəkləri var. Bu dirəklərdən hər hansı birinin sıradan çıxması ailə təməlinə zərbə vurur. Sağlam təməlin olması üçün ailədaxili münasibətlərin gözlənilməsi mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Burada bir – birinə qarşılıqlı, ağsaqqala hörmət, ailə başçısına hörmət əsas meyarlardandır. Dədə Qorqud boylarına nəzər yetirdikdə Qazan Xan başda olmaqla bütün obrazlarda ən ciddi əhəmiyyət verilən dəyərin məhz ailə olmasının şahidi oluruq. Tarixən Azərbaycan türklərinin ailələri bir təməlli olub. Ümumiyyətlə çoxarvadlılıq sonradan Azərbaycan ailəsinə daxil olub. Azərbaycan ailəsinin əsas dəyərləri qadın-kişi səadətidir. Uzun illər qadınlarımız həyat yoldaşlarını itirdiyi zaman bir saçlarını ağ, birini qara hörürdülər və ömürlərinin qalanını övladlarını böyütməyə həsr edirdilər. Bu da Azərbaycan qadınının namusuna verdiyi dəyərdən irəli gələn faktlardan biridir”.

 

BƏŞƏRİYYƏTİN İNKİŞAFI AİLƏ İNSTİTUTNUN İNKİŞAFI İLƏ PARALEL GEDİR

 

Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyi sədri, yazıçı-publisist Səriyyə Müslümqızı deyir ki, Azərbaycan ailəsinin möhkəmlənməsində kişi və qadının inamı və bir – birinə olan sədaqəti dayanır. Amma ailə dəyərlərinin qorunmasında əsas ağır yük məhz qadının çiyinlərinə düşür: “Qadın ana deməkdir. O, öz məsuliyyətini hiss etməli, vəzifə  borcunu yerinə yetirməli və hansı sahədə işləyib-işləməməyindən asılı olmayaraq  ana olduğunu heç vaxt unutmamalı, həyat yoldaşına sədaqətli olmalıdır. Kişi ailənin sütunudursa, qadın da həmişə onun dayağıdır. Azərbaycan ailəsini qoruyan dəyərlər içərisində qadınların rolu müstəsnadır”.

Dini Etiqat və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar hesab edir ki, ailə cəmiyyətin fundamenti və özəyi olduğu üçün ailə institutu olmayan toplumlar məhvə dogru gedir. Ekspertin fikrincə, əslində bəşəriyyətin inkişafı ailə institutunun inkişafı ilə paralel gedib. Ailə daxilində istər kişinin, istər qadının, istərsə də övladların tam surətdə özlərini realizə imkanları olub: “Bu mənada ailə əslində toplumun ən ciddi, köklü fundamentlərindən biridir. Azərbaycanda mahiyyət etibarı ilə həmişə ailə institutu çox güclü olub. Bu həmçinin sovet zamanında özünü qoruyub saxlayıb. Düşünürəm ki, hazırda dünyada gedən qloballaşma prosesinin müsbət tərəfləri  ilə yanaşı mənfi təsirləri də var. Azərbaycanda reallıq budur ki, ailə institutu alternativsiz olaraq toplumun ən ciddi fundamentlərindən biri kimi qalmaqdadır və onu inkişaf etdirmək lazımdır. Ailə instututunun əsasında bizim həm milli həm də, mənəvi dəyərlərimiz durmalıdır».

 

AİLƏYƏ İNSAN AZADLIĞI PRİZMASINDAN YANAŞMAQ LAZIMDIR

 

Dini Qrumlar üzrə Dövlət Komitəsinin Dinşünaslıq Ekspertizası, İctimai Məsələlər  və Analitik Təhlil Şöbəsinin müdir müavini Nahid Məmmədovun fikrincə, Azərbaycan ailəsinin formalaşmasında milli mənəvi dəyərlər vacib rol oynayıb və bu dini nöqteyi nəzərdə öz əksini tapıb. Hətta istər bütpərəstlik, istər atəşpərəstlik, istərsə də xristianlıq olsun onların hər birinin özünün bir ailə modeli olub. İslamı qəbul etdikdən sonra da təbii ki, Azərbaycan ailəsi öz təsir imkanlarını genişləndirib və bu dinin vacib ünsürləri ailə modelimizə gəlib çıxıb: “Məsələn, ailə münasibətləri, nikah məsələsi Azərbaycanda hələ 20-ci əsrin əvvəllərinə kimi daha çox dini motivlər üzərində qurulub və dini müstəvidə həyata keçirilib. Yəni, nikahın bağlanması, valideynlər arasında münasibətlər, uşaqların bir-birilərinə qarşı münasibətləri, bütün bunlar sistemli şəkildə dini zəmində olub. Milli mənəvi dəyərlər deyəndə, birbaşa ailənin qurulmasında dinin ailəyə hansı aspektlərdən təsiri və nə dərəcədə rolu olmasını başa düşürük”.

Nahid Məmmədovun fikrincə digər İslam ölkələrindən fərqli olaraq Azərbaycan cəmiyyətinin özünəməxsus milli xüsusiyyətləri var və bu təbii ki, ailə məsələsində öz əksini tapmışdır. Bizim ailəyə daha çox demokratik, insan azadlığı prizmasından yanaşmağımız bizi digər İslam ölkələrindən fərqləndirən xüsusiyyətimizdir. Bu milli dəyərlər yalnız Azərbaycan ailəsində öz əksini tapıb: “Ümumiyyətlə ailə məsələsi təkcə sosial məsələ deyil. Bu məsələ ilahi bir dəyər, dinimizin bir hökmü və təşviqidir. Əgər Qərbdə ailə bir sosial institut kimi görülürsə, Azərbaycanda bu sosial institut olmaqla yanaşı, həm də ilahi bir tövsiyyədir. “Qurani Kərim”də, Peyğəmbərimizin hədislərində də daim ailə qurmağa bir tövsiyyə var. Həddi-buluğa çatmış kişilərin və qadınların evləndirilməsinin əmr, göstəriş xarakterli olması “Qurani Kərim”də öz əksini tapıb. Məncə ailənin qurulmasından yayınma, cəmiyyətdə müəyyən qədər əxlaqi – mənəvi pozğunluğa səbəb olur. İstər əxlaq keyfiyyətləri, istər də demoqrafiya baxımından bu məsələlər olduqca önəmlidir”.

 

AZƏRBAYCAN AİLƏSİNİN MÖHKƏMLƏNMƏSİNDƏ HANSI DƏYƏRLƏR DAHA VACİB ROL OYNAMAQDADIR?

 

Ekspertlərin çoxu hesab edirlər ki, Azərbaycan ailəsinin dəyəri hesab edilən amillər bir – birinə o qədər sıx bağlıdır ki, bunları milli və ya dini dəyərlərə ayırmaq çox çətindir. DEVAMM sədri Hacı İlqar düşünür ki, milli və dini dəyərləri ayırmaq düz deyil. Çünki, Azərbaycan xalqının milli dəyərləri inancından qaynaqlanıb, bir – birini tamamlayır və bir-birinə qarşı deyil: “Hesab edirəm ki, ortada prinsip şərti ilə  “Quran məntiqi və yanaşma”sı var. Qadın da ailədə kişi üçün bir Allah əmanəti və ailənin ən əsas köklü bir hissəsidir. Hazırda ictimai və iqtisadi həyatda qadınların kifayət qədər fəallaşması üçün imkanlar yaradılıb. İnancımız da ailə institut və dəyərlərini dagıtmayan qadın fəallığına çox müsbət baxır. Buna görə də fikrimizcə, “İslam yanaşma”sı indiki ən mütərrəqqi nəzəriyələrdən də qabaqdadır”.

Psixoloq Azad İsazadə isə ailənin dəyərlərinin daha çox milli dəyərlər üzərində bərqərar olduğu qənaətindədir. Azərbaycanlıları daha çox “Etnik müsəlman” qrupuna aid edən ekspert düşünür ki, əgər insanların başında çarşab, üzündə saqqal yoxdursa, deməli etnik qrupa daxilik: “Məncə ailə daxilində daha çox müsəlman yox, etnik ünsürlər özünü göstərir. Çünki, dilimiz, özümüz türk olsaq da, davranışımızda onlardan fərqli olan Qafqaz elementləri mövcuddur. Belə ki, etnik deyəndə təkcə millətimiz yox, daha geniş -  yaşadığımız region da nəzərdə tutulur. Demək, etnopsixoloji baxımdan Qafqaz türkləriyik desək daha düzgün olar. Qafqaz etnosu bizə təsir edir və həmin etnik düşüncənin üzərində də Azərbaycan ailəsi qurulur.

 

(Ardı var)

 

 

Üç nöqtə.- 2012.- 3 avqust.- S. 9.