Gender problemləri çox qabardılmamalıdır

 

Nüşabə Məmmədova: “Öz milli-mənəvi xüsusiyyətlərimizi nəzərdən qaçırmamalıyıq”

 

 Diskriminasiya işgəncələri və pis rəftarın qarşısını almaq və mübarizə aparmaq naminə vətəndaş cəmiyyətinin potensialının gücləndirilməsinə ehtiyac var. Tomris Analar Cəmiyyətinin rəhbəri Nüşabə Məmmədovanın sözlərinə görə, bu işləri görməkdə əsas məqsəd əhalinin diskriminasiya işgəncələri və pis rəftardan qorunma məqsədi ilə ictimai təşkilatların rolunun gücləndirilməsi olmalıdır: «Spesifik məqsədlər dedikdə isə, anti-diskriminasiya və insan haqları qanunvericiliyinin diskriminasiya işgəncələri və pis rəftarın qarşısının alınmasında tədbiqi məsələlərində ictimai təşkilatların və digər aktivistlərin rolunu gücləndirməkdən ibarətdir».

Cəmiyyət sədri qeyd etdi ki, ictimai təşkilatlar arasında forum təşkil etməklə diskriminasiya işgəncələri və pis rəftarla mübarizədə dialoq və vəkillik institutlarının yaradılmasına töhvə vermək olar: «Eyni zamanda Azərbaycanda diskriminasiya və işgəncələrlə pis rəftarın arasında olan bağın başa düşülməsi məqsədilə ictimai birliklər və digər institutlar arasında maarifləndirmə gücləndiriləcək».

Məlumat üçün qeyd edək ki, Tomris Analar Cəmiyyəti Azərbaycanda qadın və uşaq hüquq vəzifələri üzrə ixtisaslaşmış və ilk yaranan təşkilatdır. Təşkilat 1992-ci ildə yaradılıb. Cəmiyyət təsis olunması «Xocalı soyqırımı», Qarabağ müharibəsinin aktiv dövrünə təsadüf edib. Bu zaman ölkədə xüsusən bölgələrdə informasiya blokadası yaranıb. Çoxlu qaçqın və əlil Gəncəyə gəlib. Tomris təşkilatı ilk yarananda ilk növbədə onlara yardım etməyi qarşısına əsas hədəf seçib.. İndiyə qədər təşkilat çoxlu miqdarda maarifləndirmə layihələri həyata keçirib. O cümlədən reproduktiv sağlamlıq, QİDS-lə qarşı mübarizə çərçivəsində böyük miqyasda tədbirlər reallaşdırılıb. Cəmiyyətin təşkilati dəstəyi ilə sonra qadınlar üçün biznes kurslar açılıb. Qadınların məşğulluğunun artırılmasını müəyyən töhvə verib. İndiyə qədər 30-dan artıq layihə həyata keçirilib. Diskriminasiya işgəncələri və pis rəftardan qorunma məqsədi ilə ictimai təşkilatların rolunun gücləndirilməsi ilə bağlı layihə Azərbaycanın Bakı, Gəncə, Kürdəmir olmaqla 3 bölgəsində həyata keçirilməsi nəzərdə tutulur. Amma bununla yanaşı Quba və Lənkaranda da belə forumların keçirilməsi planlaşdırılıb. Forum insan haqları və ayrıseçkiliyə qarşı mübarizəni özündə ehtiva edir. Bu layihədə Böyük Britaniyanın «Bərabər haqlar» təşkilatı məhz Tomris təşkilatını Azərbaycanda özünə partnyor seçib.

N.Məmmədova bizimlə söhbətində bildirdi ki, bu mövzuda çoxlu sayda müraciətlər olub: «Məşiət zorakılığına məruz qalan qadınlar, məktəbdə incidilən uşaqlarla bağlı çoxlu faktlar qeydə alınıb. Elə məktəblilər var ki, məktəbdə onlardan pul tələb olunur, verilməyəndə incidilir, dərsə buraxılmır. Belə uşaqların müdafiəsi daha zəruridir».

Cəmiyyət rəhbərinin fikrincə, layihələrin icrası zamanı aidiyyəti dövlət qurumları yaxından iştirak edirlər. «Gəncədə belə bir tədbir keçirəndə onların iştirakı təmin edildi», - deyə fikirlərinə əlavə etdi.

Müsahibimiz daha çox müzakirə predmetinə çevrilən gender məsələlərinə də öz münasibətini açıqladı: «Hesab edirəm ki, bu məsələlər tənzimlənən zaman Azərbaycan mentaliteti nəzərə alınmalıdır. Bizdə ailə özünəməxsus olmaqla, başqa xalqların ailələrindən fərqlənir. Çox danışırıq, Avropaya inteqrasiya edirik, gender problemlərini həll etməliyik. Belə yanaşma yanlışdır. Sadəcə öz kökümüzə qayıtmalıyıq, ailə münasibətlərimiz milli adət-ənənələr əsasında qurulubsa, onu qorumaq lazımdır. Evin böyüyü kişidir. Amma qadına da hörmət lazımdır. Əgər orda kişi evin böyüyü qadına da hörmət qoyulursa, bundan gözəl ailə ola bilməz. Xoşlamıram ki, deyilsin hər işdə qadın kişi bərabərliyi olsun. Kişi qadın işlərini görsün. Təbii o ailədə qadın xəstədirsə, problemi varsa onun işini kişi görə bilər. Amma əlimizdə gender problemlərini bayraq edib, Avropada Azərbaycan kişisini aşılamaq düzgün deyil. Harda olmağımızdan asılı olmayaraq öz milli mənəvi xüsusiyyətlərimizi nəzərdən qaçırmamalıyıq».

Müsahibimizin fikrincə, iş məsələsində qadınlar və kişilər arasında da fərqlər olması hardasa normalıdır: «Məsələn, elə mağazalarda, iaşə obyektlərində məhz qızların işləməsini istəyir, bu haqda elanlar verir, məhz xarici görünüşü gözəl, gənc qızları işə dəvət edirlər». Onun sözlərinə görə, dövlət qurumlarında belə ayrıseçkilik olsa, qanunla tənzimləmək olar: «Hesab edirəm ki, Azərbaycanda kənd yerlərində ağır işlər çox vaxt qadınlara həvalə olunur. Qadın zərifdirsə, o nisbətən yüngül işlərdə işləməlidir».

Cəmiyyət rəhbərinin sözlərindən məlum olur ki, özəl şirkətlərdə də müəyyən diskriminasiya var: «Amma bu cür ayrıseçkilik hər iki tərəf üçün var. Çox nadir hallarda görərik ki, qadın sürücü olsun. Və ya əksinə - kişi katibə işləsin. Bura bəlkə də Avropa tendensiyası da təsirini göstərir. Bu, o tendensiyalardandır ki, biz onlardan bir az uzaq olmağa çalışmalıyıq».

N.Məmmədova bəzi ailələrdə qadınlara qarşı yol verilən ayrı-seçkiliyi də düzgün hesab etmir: «İndi bir çox ailələrdə savadı olan, işləmək istəyən qadınlara buna icazə vermirlər. Ələlxüsus da uşaq olandan sonra. Amma qadının gələcək karyerası təkcə uzaq böyütmək deyil ki. İş o həddə çatıb ki, elçilik məsələsində qız tərəfi savad almış qadının işləməyini soruşur».

Müsahibimiz qadınların tam sərbəst olmasının da lehinə deyil. Onun fikrincə, xanımlar ailə üzvləri tərəfindən müəyyən qədər nəzarətdə saxlanmalıdır. Amma ev işlərinin görülməsi naminə ali təhsilli qadının işə buraxılmaması düzgün deyil.

Yeni qəbul olunan qanundan söz salan N.Məmmədova «Gender bərabərliyi haqqında» qanun cəmiyyətdəki ictimai-siyasi prosesləri 100 faiz də olmasa, nisbətən özündə əks etdirdiyini söylədi bu qanun sanki cəmiyyətə ismarıc yollayır ki, öz adət-ənənəmizi qoruyub saxlamaqla yanaşı qadının ictimai-siyasi proseslərdə iştirakına yardımçı olmalıyıq: «Amma qanunun müzakirəsi də göstərdi ki, əks fikirlər də ola bilər. Söhbət qadın hüquqlarının məhdudlaşdırılmasından getmirdi. Sadəcə, qadının cəmiyyətdə rolu haqqında fərqli fikirlər vardı. Bu gün elə xanımlarımız var ki, onlarla fəxr edirik. Bəzən onlar özlərini kişilərdən də cəsarətli aparırlar. Mən belə intellektual qadınların yanında yaxşı duyğular yaşayıram».

Müsahibimiz etiraf edir ki, cəmiyyətdə qadınlara qarşı başqa yanaşmalar da var. Və bəziləri cəmiyyətin qayda-qanunlarını düzgün başa düşmürlər: «Evdə olduğu kimi, işdə də qadın və kişilərin müəyyən rolları var. Amma qadın-kişi münasibətləri təkcə qanunla tənzimlənən məsələ deyil. Burda insanın mənəviyyatı, ətrafı, kökü, təhsili böyük rol oynayır».

 

 

Üç nöqtə.- 2012.- 2 avqust.- S. 14.