“Ekologiya ili”ndə böyük
nailiyyətlər əldə olunub
Bu ilin elan olunması ekoloji vəziyyətin
yaxşılaşdırılmasına göstərilən
qayğının təzahürüdür
Azərbaycan
Respublikası dövlət müstəqilliyini bərpa etdikdən
sonra iqtisadi sahədə öz suveren hüquqlarını
gerçəkləşdirməyə və müstəqil
siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini
isə müxtəlif mülkiyyət formaları əsasında
yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və
dünya iqtisadiyyatına inteqrasiya təşkil edir.
Respublikada aparılan sosial-iqtisadi islahatların tərkib
hissələrindən biri də ətraf mühitin mühafizəsi,
insanların sağlam təbii şəraitdə
yaşaması və təbii sərvətlərdən
xalqımızın rifahının
yaxşılaşdırılması naminə səmərəli
istifadə edilməsi üçün görülən tədbirlərdir.
Təsadüfi deyildir ki, 2010-cu il ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən “Ekologiya ili” elan edilib
ki, bu da ətraf mühitin və ekoloji vəziyyətin
yaxşılaşdırılmasına göstərilən
böyük diqqət və qayğının təzahürüdür.
Hazırda Azərbaycan Respublikası üçün
aktual olan ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında
müvafiq dövlət proqramları çərçivəsində
həll edilməsi istiqamətində
ardıcıl tədbirlər görülür.
Belə ki, ötən müddət ərzində, Azərbaycan
Respublikası Prezidentinin Sərəncamları ilə təsdiq
olunan “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi
inkişafa dair”, “Hidrometeorologiyanın İnkişaf
Proqramı”, “Yay-qış otlaqlarının, biçənəklərin
səmərəli istifadə olunması və səhralaşmanın
qarşısının alınmasına dair” proqramlarda nəzərdə tutulmuş tədbirlərin
həyata keçirilməsi davam etdirilib.
Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin
çirklənmədən qorunması üzrə bəzi tədbirlər
haqqında” Sərəncamına əsasən yaradılan modul
tipli çirkab sutəmizləyici qurğulardan ibarət “Xəzər
dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin fəaliyyəti
nəticəsində Abşeron yarımadasının Bilgəh,
Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və
Sumqayıt sahilboyu ərazilərində bataqlaşmış
sahələrin və çirkab gölməçələrin
əksəriyyəti qurudularaq ekoloji tarazlıq bərpa
olunmuşdur. Bu istiqamətdə ötən ildə gündə 2325 kubmetr
çirkab sutəmizləmə gücünə malik 7
stansiya, ümumilikdə isə 2008-2009-cu illər ərzində
gündə 6140 kubmetr çirkab sutəmizləmə
gücünə malik 16 stansiya istismara verilib.
“Əhalinin ekoloji cəhətdən təmiz içməli
su ilə təminatının
yaxşılaşdırılması üzrə bəzi tədbirlər
haqqında” Sərəncamına əsasən mərkəzləşmiş
şəkildə təmiz suya çıxışı
olmayan ucqar yaşayış məntəqələrinin
qısa müddətdə təhlükəsiz içməli
su ilə təmin edilməsi ilə əlaqədar 12 rayonun 122
kəndində işlər yekunlaşaraq 224 min əhali təmiz içməli
su ilə təmin olunmuş, əlavə olaraq 18 rayonun 62 kəndində
isə modul tipli sutəmizləyici qurğuların
quraşdırılması istiqamətində işlər
davam etdirilir.
“Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı”nın
icrası ilə bağlı layihələr uğurla həyata
keçirilib.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ətrafının
ekoloji vəziyyətinin yaxşılaşdırılması
məqsədi ilə Texniki-İqtisadi Əsaslandırma
hazırlanmış, Sədərək və Binə ticarət
mərkəzləri köçürüldükdən sonra həmin
ərazilərin yaşıllaşdırılması, təbii
landşaftın bərpası və istirahət
parkının salınması istiqamətində işlərə
başlanmışdır.
“Magistral avtomobil yollarının mühafizə
zolaqlarının yaşıllaşdırılması
haqqında” və “Bakı şəhərinin
yaşıllaşdırılması sahəsində əlavə
tədbirlər haqqında” ölkə Prezidenti Sərəncamlarının
icrası ilə əlaqədar olaraq, magistral avtomobil
yollarının estetik görünüşünün
yaxşılaşdırılması və mühafizə
zolaqlarının eroziyadan mühafizəsi məqsədilə
Ələt-Hacıqabul istiqamətində magistral yolu ətrafında
əvvəlki illərdə əkilmiş 172 min ədəd
ağac-kollara ötən ildə göstərilən daimi
qulluq nəticəsində 90 faiz bitişə nail
olunmuşdur. Eyni nəticələr Bakının Heydər Əliyev
Hava Limanı ilə birləşdirən yollarda da əldə
edilib. Zığ-Heydər Əliyev Hava Limanı yolu boyu 196
hektar ərazidə mürəkkəb meşəbitmə
şəraitində, neft məhsulları, yod, bromla çirklənmiş
torpaqlarda salınmış əkinlərə lazımi xidmətin
təmin edilməsi hesabına ağacların bitişi 80 faiz
olmuşdur. Eyni zamanda, Əzizbəyov
dairəsi - Heydər Əliyev Hava Limanı yolu boyu 60 min ədədə
qədər müxtəlif növ ağaclar əkilib, 50 min
kvadratmetrm sahədə qazon döşənib və müxtəlif
abadlıq işləri aparılıb.
Azərbaycan Respublikası Prezidentinin Bakı və
onun ətrafında 3 milyon ağacın əkilməsi barədə
təşəbbüsü ilə əlaqədar
genişmiqyaslı işlər aparılıb. Bununla
bağlı Abşeron yarımadasının müxtəlif ərazilərində
yaşıllaşdırma məqsədilə yerlər müəyyənləşdirilib,
Bayıl yamacı - 20-ci sahə arası, Zığ
gölü - Heydər Əliyev Limanı arası ərazilərin,
Zığ gölü və ətrafının, həmçinin
Səngəçal ətrafının
yaşıllaşdırılması layihələri
hazırlanıb, həyata keçirilib.
Sumqayıt şəhərinin ətraf
mühitinin ciddi çirklənməsinə
səbəb olan 56422 kubmetr civə tərkibli toksiki
tullantılar 2007-2008-ci illərdə görülmüş tədbirlər
nəticəsində Təhlükəli Tullantılar Poliqonuna
daşınaraq zərərsizləşdirilmiş və bu
proses ötən il də davam etdirilərək 11,6 min kubmetri
zərərsizləşdirilərək tamamilə başa
çatdırılıb.
Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq
olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı”nın və
“Xəzər dənizinin çirklənmədən
qorunması üzrə bəzi tədbirlər haqqında” müvafiq Sərəncamlarının
icrası ilə əlaqədar Pirallahı- Sumqayıt sahil
zolağı boyu 85 kilometrlik məsafədə Xəzər dənizinə
antropogen təsir göstərən axarların Xəzəryanı
ölkələr arasında ilk dəfə olaraq, təmizlənərək
təkrar dənizə axıdılması məqsədilə
16 ədəd modul tipli lokal təmizləyici qurğular
quraşdırılaraq istismara verilmiş və parametrləri
uyğun gələn axarlar qarşısında belə
qurğuların quraşdırılması hazırda davam
etdirilir.
Samur-Yalama Milli Parkının yaradılması ilə əlaqədar
zəruri işlərin həyata keçirilməsini təmin
etmək məqsədilə keçən il xarici şirkətlərin
iştirakı ilə açıq tender keçirilib,
fevral-may aylarında Balakən-Zaqatala regionunda ölkə
tarixində ilk biosfer qoruğun yaradılması ilə əlaqədar
xarici ekspertlərlə birlikdə ilkin qiymətləndirmə
işləri aparılıb.
Ölkəmizdə ən müasir standartlara cavab verən
Zooloji Parkın yaradılması təsdiq edilib. Zooloji
Parkın dizayn, tikinti və inkişaf planı layihəsinin
hazırlanması işlərinin satınalınması məqsədilə
beynəlxalq səviyyədə tender keçirilmiş və
qalib şirkət tərəfindən layihələndirmə
işlərinə başlanılıb.
Ölkə tarixində, ilk dəfə olaraq,
ceyranların tarixi ərazilərinə reintroduksiya olunması
və həmin ərazilərin mühafizəsinin təşkili
məqsədilə Xızı-Abşeron rayonlarının ərazisində
Dövlət Təbiət Yasaqlığının yaradılması ilə əlaqədar
ardıcıl tədbirlər həyata keçirilib. Bundan əlavə,
Ekologiya ili çərçivəsində Naxçıvan MR
ərazisində Arpaçayı Dövlət Təbiət
Yasaqlığı, Lerik rayonu ərazisində Rvarud Dövlət
Təbiət Yasaqlığı yaradılıb.
Meşələrin bərpa olunması və artırılması
üzrə nəzərdə tutulmuş tədbirlər
aqrotexniki qaydalara uyğun texnoloji ardıcıllıqla həyata
keçirilmişdir. Belə
ki, ötən il 10 751 ha sahədə
meşəbərpa işləri aparılmışdır ki,
bundan da 3591 ha sahədə meşə əkini və səpini
işləri yerinə yetirilmişdir. Tinglik sahəsində
57,49 ha ərazidə toxum səpilmiş, 25,88 ha sahədə
1180,78 min ədəd toxmacar və 12,54 ha sahədə 639,2 min
ədəd çilik basdırılmışdır. Ağac
və kol cinslərindən ibarət 143 400 kq-dan artıq
toxum tədarükü olub.
Yanğın əleyhinə vaxtaşırı profilaktik
və qabaqlayıcı tədbirlərin aparılması nəticəsində
meşə yanğınlarının qarşısı demək
olar ki, tam alınıb.
Böyük Qafqazın
Bazardüzü-Şahdağ-Tufandağ ekosistemlərində
hidrometeoroloji və ekoloji tədqiqat işlərinin
aparılması məqsədilə “Kompleks Hidrometeoroloji və
Ekoloji Tədqiqat Elm Mərkəzi” yaradılıb, avtomat
meteoroloji stansiyalar qurulmuş, bütün kompleks alternativ
enerji ilə təmin olunub.
ETSN-in ətraf mühitlə bağlı fəaliyyəti
beynəlxalq əməkdaşlıq sahəsində də
davam etdirilib. Belə ki, bir sıra region dövlətləri,
inkişaf etmiş dövlətlər və beynəlxalq təşkilatlarla
əməkdaşlığa dair sazişlər
hazırlanmış və razılaşdırılma prosesləri
həyata keçirilib.
Eyni zamanda, Qlobal Ekoloji Fond, BMT-nin İnkişaf, Sənaye İnkişafı, Ətraf
mühit proqramları,
USAID, NATO, Ümumdünya Səhiyyə
Təşkilatı, ATƏT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və s. bu kimi
beynəlxalq təşkilatlarla
ətraf mühitin mühafizəsi sahəsində
əməkdaşlıq həyata
keçirilib.
ETSN-nin tərəfindən,
mütəmadi olaraq, əhalinin ekoloji maarifləndirilməsi, onların
bu sahədə məlumatlılığının artırılmasına xidmət
edən «Ekologiya ili» çərçivəsində
800-dən artıq müxtəlif
tədbirlər, o cümlədən,
seminar, məşğələ, bilik yarışı, müsabiqə, treninq, eyni zamanda, KİV və QHT nümayəndələri
üçün seminarlar
təşkil olunub,
30-dan artıq QHT-nin iştirakı ilə ekoloji problemlərin həlli istiqamətində
təklif və sorğular müzakirə edilmiş və onların həlli istiqamətində tədbirlər
həyata keçirilmişdir. Bakı, Gəncə və
Qazax şəhərlərində
Orhus İctimai Ekoloji İnformasiya Mərkəzləri yaradılıb.
Ölkə rəhbərliyi tərəfindən ekoloji
məsələlərə ayrılan xüsusi diqqət və respublikamızın sosial-iqtisadi
həyatında son illərdə
əldə olunmuş
yüksək nailiyyətlər
bundan sonra da ətraf mühitin
sağlamlaşdırılmasına yönəldilmiş tədbirlərin
həyata keçirilməsində
öz müsbət təsirini göstərib.
(Davamı var)
Üç nöqtə.- 2012.- 4 fevral.- S. 5.