39 nəfərin
Xocalı soyqırımında iştirakı tam sübuta
yetirilib
«İstintaqla müəyyən edilib
ki, 25 fevral 1992-ci il tarixdə, saat 22 radələrində Ermənistandan
Azərbaycan Respublikası ərazisinə qanunsuz
keçirilmiş silahlı qüvvələr, Dağlıq
Qarabağın millətçi ermənilərindən təşkil
olunmuş qanunsuz silahlı birləşmələrb,
keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı
motoatıcı alayının komandir heyəti və hərbi
texnikası ilə birgə Xocalı şəhərinə
hücuma keçiblər”. Bunu “Azərbaycan”
qəzetinə müsahibəsində Azərbaycan
Respublikasının hərbi prokuroru, ədliyyə
general-leytenantı Xanlar Vəliyev söyləyib.
Xanlar Vəliyev deyib
ki, hücumda 366-cı alayın komandiri Zarviqorov Yuri
Yuryeviç və mayor Ohanyan Seyran Muşeqoviçin
komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix
Yevgeni Aleksandroviçin komandanlığı altında
3-cü batalyonu, 1-ci batalyonun qərargah rəisi
Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət
edən 50-dən çox erməni və digər millətlərdən
olan zabit və gizirlər iştirak ediblər. Eyni zamanda
hücum zamanı 90-dan çox tank, piyadaların
döyüş maşını, top, “D-30” qaubitsası və
digər müasir hərbi texnikadan istifadə olunub. Hücumdan əvvəl şəhər şiddətli
artilleriya atəşinə tutulub, sonra çoxsaylı
ağır tanklar, PDM və zirehli transportyorlar şəhərə
daxil olub, dinc əhali xüsusi amansızlıqla qətlə
yetirilib. İstintaqla müəyyənləşdirilib
ki, qanunsuz erməni silahlı qüvvələri mühasirədən
çıxıb qaçmağa müvəffəq olmuş
azərbaycanlıları milli mənsubiyyətlərinə
görə yollarda, Kətik meşəsində,
Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi
yaxınlığında, Şelli istiqamətində, Əsgəran
asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə
amansızlıqla qətlə yetiriblər. Əsir
götürülənlərdən 18 nəfəri Əsgəran
rayon Daxili İşlər Şöbəsində işgəncə
verilməklə öldürülüb. Hücum
zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər
törədilib, dözülməz işgəncələr
verilib, insanların başlarının dərisi soyulub,
müxtəlif əzaları kəsilib, gözləri
çıxarılıb. Qadınların qarınları
yarılıb, adamlar diri-diri torpağa basdırılıb və
ya yandırılıb, meyitlər zorakılığa məruz
qalıb. Xanlar Vəliyev bildirib ki,
Xocalıda mülki əhalinin düşünülmüş
şəkildə qətlə yetirilməsini sübut edən
çoxsaylı faktlardan biri də budur ki, həmin gün əhalinin
qaçıb canını qurtarmaq istəyən xeyli hissəsi
ərazidən çıxış yollarında əvvəlcədən
xüsusi hazırlanmış pusqularda güllələnib.
Hərbi prokuror qeyd
edib ki, Xocalı faciəsi ilə bağlı həmin şəhərin
5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər,
o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər
qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə
bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif
dərəcəli bədən xəsarətləri alıb,
1275 nəfər əsir və girov götürülüb.
Girov götürülənlərdən 150 nəfərinin, o
cümlədən 68 qadın və 26 uşağın taleyi
bu günədək məlum deyil.
Hərbi prokuror deyib
ki, hazırda cinayət işinin Xocalı soyqırımı
epizodu üzrə 3000 nəfərə qədər şəxs
şahid və zərərçəkmiş şəxs
qismində dindirilib, 2000 nəfərə yaxın şəxs
zərərçəkmiş şəxs qismində
tanınıb, 800-dən artıq müxtəlif ekspertizalar
keçirilib. Xocalı şəhərinin
işğalı ilə əlaqədar dövlət mülkiyyətinə
və vətəndaşların xüsusi mülkiyyətinə
dəymiş maddi ziyan müəyyən olunub, əşyaların
maddi sübut kimi tanınması təmin edilib, habelə
baxış, götürmə və digər zəruri istintaq
hərəkətləri aparılıb. Nəticədə
39 nəfərin (onlardan 18 nəfər 366-cı alayın hərbi
qulluqçuları, 8 nəfər Xankəndi və Əskəran
Daxili İşlər Şöbəsinin əməkdaşları,
5 nəfər digər vəzifəli şəxslərdir) və
8 nəfər mülki vətəndaşın Xocalı
soyqırımında iştirakı tam sübuta yetirilib. Onların Azərbaycan Respublikası CM-nin
soyqırımına görə məsuliyyət nəzərdə
tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə,
müharibə cinayətlərinə görə məsuliyyət
nəzərdə tutan CM-nin 107 (deportasiya), 113 (işgəncə),
115.4 (müharibə qanunlarını və adətlərini
pozma), 116.0.17-ci (silahlı münaqişə zamanı beynəlxalq
humanitar hüquq normalarını pozma) maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb edilməsi
barədə qərar çıxarılıb. Hazırda Xocalı soyqırımının törədilməsində
iştirak etmiş şəxslərin barəsində
sübutların toplanması, onların şəxsiyyətləri
barədə tam anket məlumatlarının əldə edilməsi
istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri
davam etdirilir. Cinayət işi üzrə kompleks məhkəmə
tikinti-texniki və əmtəəşünaslıq
ekspertizaları keçirilib və müəyyən
edilmişdir ki, qanunsuz erməni silahlı birləşmələri
tərəfindən Xocalı şəhərinin işğal
edilməsi ilə əlaqədar dövlət əmlakının
və xüsusi mülkiyyətdə olan əmlakın məhv
edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə
və vətəndaşlarına 140 milyon manatdan və ya 170
milyon dollardan artıq ziyan vurulub. İş
üzrə istintaq tədbirləri davam etdirilir. Xanlar Vəliyev vurğulayıb ki,
soyqırımı cinayətinə zaman məhdudiyyəti tətbiq
olunmur. Milli qanunvericilikdə bu cinayətin
sonradan təsbit edilməsi bu məsələdə heç
bir maneə yaratmır. Törədildiyi
zaman beynəlxalq hüquqa görə cinayət sayılan əməlin
milli hüquq sistemində retroaktiv təqibi məqbul
sayılır. Onun sözlərinə görə, Azərbaycan
hökuməti Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən
9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən
260 saylı qətnamə ilə qəbul edilən
“Soyqırımı cinayətinin qarşısının
alınması və ona görə cəza” haqqında
Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq
Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə
Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, həmçinin
"Xocalı soyqırımı günü haqqında” Azərbaycan
Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını,
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların
soyqırımı haqqında"”26 mart 1998-ci il fərmanını
və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
103-cü maddəsini əldə əsas tutur. Bu məsələdə
Erməni silahlı birləşmələri tərəfindən
Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdə
törədilən cinayət əməllərinin 2000-ci ildə
qüvvəyə minmiş Azərbaycan Respublikası CM-nin
16-cı fəslində nəzərdə tutulmuş sülh və
insanlıq əleyhinə cinayətlərə aid olması,
habelə Azərbaycan Respublikasında sülh və
insanlıq əleyhinə cinayətlərə,
soyqırımı və müharibə cinayətlərinə
görə məsuliyyət nəzərdə tutan mövcud
cinayət qanunvericiliyi normalarının tətbiqi, “İnsan
hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Konvensiyanın və “Mülki və
siyasi hüquqlar haqqında"”Beynəlxalq Paktın
müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədi
ilə qəbul edilən Beynəlxalq cinayətlərə
görə məsuliyyət müəyyən edən qanunun
qüvvəsinin geriyə şamil olunması haqqında Azərbaycan
Respublikasının 12 may 2006-cı il tarixli Konstitusiya Qanunu əsas
götürülmüşdür. Həmçinin sülh və
insanlıq əleyhinə cinayətlər törətmiş
şəxslərə cinayət məsuliyyətinə cəlb
etmə müddətinin tətbiq edilməməsi barədə
Azərbaycan Respublikası CM-nin 75.5-ci maddəsində təsbit
olunmuş müddəaları, bundan başqa, Azərbaycan
Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən
Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil
olan normativ-hüquqi aktlar ilə (Azərbaycan
Respublikasının Konstitusiyası və referendumla qəbul
edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələr arasında ziddiyyət yaranarsa, həmin
beynəlxalq müqavilələrin tətbiq edilməli
olması nəzərə alınaraq, istintaq zamanı Azərbaycan
Respublikasının 31 may 1996-cı il tarixli qanun ilə tərəfdar
çıxdığı 9 dekabr 1948-ci ildə BMT Baş
Assambleyası tərəfindən 260 saylı qətnamə ilə
qəbul edilən “Soyqırımı cinayətinin
qarşısının alınması və ona görə cəza”
haqqında Konvensiyası, BMT Baş Məclisinin 239 saylı 26
noyabr 1968-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş
və 11 noyabr 1970-ci il tarixdə qüvvəyə minmiş
“Müddətin hərbi cinayətlərə və bəşəriyyətə
qarşı cinayətlərə tətbiq edilməməsi
haqqında"” Konvensiyasına istinad olunur.
Hərbi prokuror qeyd
edib ki, bu sırada BMT Baş Məclisinin 39/46 saylı 10 dekabr
1984-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş
“İşgəncələrə və digər qəddar, insanlıqdan
kənar, yaxud ləyaqəti alçaldan davranış və
cəza növləri əleyhinə” Konvensiyası,
“Müharibə zamanı mülki əhalinin müdafiəsi
haqqında"”12 avqust 1949-cu il tarixli Cenevrə
Konvensiyası, Beynəlxalq Cinayət Məhkəməsinin
Statutunun 6-cı maddəsi, Azərbaycan Respublikasının 25
dekabr 2001-ci il tarixdən qoşulduğu “İnsan
hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında”1950-ci il Konvensiyasının, “Hərbi
əsirlər ilə rəftara dair 12 avqust 1949-cu il tarixli
Cenevrə Konvensiyası”nın, Azərbaycan Respublikasının
22 iyul 1992-ci il tarixdə qoşulduğu BMT-nin Baş
Assambleyasının “Mülki və Siyasi Hüquqlar
Haqqında Beynəlxalq Paktın” müddəaları əsas
götürülmüşdür: “Qeyd olunanlara əsasən
Xocalıda törədilən əməl beynəlxalq
hüquq normalarına müvafiq olaraq sülh və insanlıq
əleyhinə cinayətlərə aiddir. Birmənalı
olaraq deyə bilərik ki, Xocalı sakinləri olan azərbaycanlılara
qarşı törədilmiş bütün əməllər
beynəlxalq normativ aktlara uyğun olaraq soyqırımı
kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə
görə insanlığa qarşı cinayət
sayılır”.
Xalid
Üç nöqtə.- 2012.- 23 fevral.-
S. 4.