Xalqımızın həyat tərzi
xalçalarımızda əks olunur
Adı və
özünəməxsusluğu ilə fərqlənən Azərbaycan
xalçaları. Bu dəfə bu barədə
danışacağıq. Şərq
xalçaçılıq sənətinin bir qolu hesab olunan qədim
tarixə malik Azərbaycan xalçaları 2010-cu ildə YUNESKO-nun
"Qeyri-maddi Mədəni İrs" siyahısına
salınıb. Lakin bir çox sərvətlərimiz kimi
xalçalarımıza da göz dikənlər az deyil. Buna
sübut kimi onu deyə bilərik ki, dünya muzeylərində
çox zaman xalçalarımız Qafqaz, İran, bəzən
hətta erməni xalçaları adı ilə
nümayiş etdirilir. Lakin bu yerdə onu deməyə əsas
var ki, Azərbaycanda xalçaçılığın
yaranması və inkişafı haqqında bir çox
dünya tarixçiləri məlumat vermişlər. Lətif
Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyinin rəhbəri, sənətşünaslıq
elmləri doktoru Röya Tağıyeva
xalçalarımızın tarixindən və inkişafından
danışdı. Bildirdi ki, Azərbaycan
xalçalarının tarixini tunc dövründən izləyə
bilirik.
“Azərbaycan xalçalarının tarixini tunc
dövründən dəqiq izləyə bilirik. Tunc
dövründən başlayaraq bu sənət
günümüzədək inkişaf edərək gəlib
çatıb. Arxeoloqların əldə etdikləri keramik məmulatlarda
olan bəzəkləri biz bugünkü xalçalarda
tapırıq. Vaxt dəyişməyinə baxmayaraq, demək
olmaz ki, xalçalarımız həmin rəsmləri təkrar
edir. Dövrlərdən asılı olaraq xalqın həyatında
baş verən hər hansı bir hadisə, hər hansı
bir addım həmin dövrün xalçalarında öz əksini
tapıb. Bu da xalça sənətinin zənginliyidir. Biz
burda qədim türk ünsürlərini, sitayişlərə
olan elementləri görürük. Atəşpərəstlik
dövrünə, islam dünyasına aid motivlər öz əksini
tapıb. Yəni hər bir dövr xalça sənətinə
bir zənginlik bəxş edib. Xalça həmişə
xalqla ünsiyyətdə olub və xalqımızın həyatını
özündə əks etdirə bilib. Qeyd etmək istəyərdim
ki, bu sənət türkdilli xalqların sənətidir. Bundan
bir çox xalqlar bəhrələniblər və inkişaf
etdiriblər. Azərbaycan, türk, şərq
xalçalarını götürəndə onların hər
birinin özünəməxsus ənənəsi var. Türk
xalçaları rəng çalarına, kompozitsiya
quruluşuna, ornament seçiminə görə digər
ölkələrin xalçalarından seçilir. Mən deyərdim
ki, bütün türk xalqlarının xalçaları
içərisində ən zəngin mənəviyyat Azərbaycan
xalçalarında cəmlənib. Xalçaçılıq
Azərbaycan xalqının həyat tərzi ilə sıx
bağlı olub, qoyunçuluğun inkişafı ilə əlaqədar
inkişaf edib. XVIII əsrdən başlayaraq Azərbaycan
xalçalarının bölgələrə bölünməsi
daha dəqiq görünür. Bu ənənə hazırda
davam edir. Bu ənənəyə uyğun Azərbaycan
xalçasının 7 məktəbə bölünür:
Quba, Şirvan, Gəncə, Qarabağ, Qazax, Təbriz və
Abşeron. Hər bir bölgənin coğrafi şəraiti ilə
bərabər özünəməxsus tarixi də olub və
bu da xalça üzərində öz əksini tapıb.
XV-XVI əsrlərdə Təbriz dünyada miniatür mərkəzi
kimi şöhrət tapmışdır. Məşhur
miniatürçülərin hazırladıqları xüsusi
eskizlər əsasında xalçalar toxunurdu. Demək istəyirəm
ki, milliliklə bərabər hər bir xalçanın
bölgələrə məxsusluğu da olub.
Xalçalarımız həm bədii, həm də texniki
xüsusiyyətlərinə görə bölgələrə
bölünür. Dağlıq bölgələrdə
xalılar qalın toxunardı və xovu daha hündür
olurdu. Aran bölgələrində isə daha incə, zərif
olurdu. Bu fərqliliklər Azərbaycan xalçasının zənginliyini
təmin edib. Baxmayaraq ki, hər bir xalçada millilik
yaşadılıb, bununla bərabər fərqlilik də
öz əksini tapıb. Xalçaların ornamentləri
çoxdur. Hər bir bölgə də milli ornamentlərdən
birini seçib, onun əsasında kompozitsiyasını qurur.
Bakı, Şirvanda buta, Gəncə, Qazax, Qarabağ kimi
zonalarda türk xalqlarına məxsus xaç elementi daha
çox istifadə olunub. Xalça sənəti bəzək
və yaraşıq tərəfdən öz zənginliyini
saxlasa da, xalçaya olan qeyri-maddi anlayış itib. Bununla əlaqədar
2010-cu ildə Azərbaycan xalçası YUNESKO-un “Qeyri maddi-mənəvi
irs” siyahısına daxil edilib. Xalça sənəti ilə
bağlı tədris problemləri var.
Çalışırıq ki, uşaqlar bu sənətlə
baxçada, məktəbdə tanış olsunlar. Bizdə
uşaqlar üçün proqramlar hazırlanır. Muzeyimizdə
bu ünsürləri uşaqlara öyrədəcək rəssamlar
var. Uşaqların yaşlarına görə də
proqramları var. Bu işlər ona görə
görülür ki, xalça sənətinin mənəviyyatı
itməsin. Elə xalçalar var idi ki, xəstəlik
vaxtı toxunurdu və inanca görə həmin
xalçanı evə sərəndən sonra həmin xəstəlik
evdən çıxırdı. Gəlin üçün
xalılar toxunardı ki, onu qorusun”
Üç nöqtə . -2012.- 31
iyul- S. 13.