Milli kino tariximizdən “Böyük dayaq”
Film xalqın mədəniyyətini,
tarixini və bu kimi digər sahələrini özündə
cəmləşdirən bir vasitədir. Çünki, hər bir
insan öz xalqına məxsus bir filmə baxanda daha çox
zövq ala bilir, həmin filmdə özünü tapa bilir.
Tariximizi, məişətimizi yaşadan ən
yaddaqalan filmlərimizdən biri də “Böyük
dayaq”dır. Bu il “Böyük
dayaq”ın çəkilməsindən 50 il ötür. 50 ildir ki, izlədiyimiz bu filmi hər dəfə izləyəndə
başqa nə isə kəşf edirik. Əsərdə
olduğu kimi, kinoromanda da ciddi siyasi, əxlaqi və tərbiyəvi
problemlər qaldırılıb. Burada kənd
təsərrüfatında gedən dəyişikliklərdən,
müasir kəndimizin adamlarından, rəhbərlikdə
demokratik üsulların bərpası uğrunda aparılan
mübarizədən söhbət açılır.
“Böyük dayaq” 1962-ci ildə Həbib
İsmayılovun rejissorluğu ilə Tovuz rayonunda çəkilib. Film Mirzə İbrahimovun eyniadlı
romanı əsasında ekranlaşdırılıb.
Ələsgər Ələkbərov (Rüstəm
kişi), Tamilla Rüstəmova (Maya), Həsən Məmmədov
(Qaraş), Leyla Rzayeva (Səkinə), Zemfira Əliyeva (Pərşan),
Nəsibə Zeynalova (Telli), Məmmədrza Şeyxzamanov
(Şərəfoğlu), Hacımurad Yegizarov (Şirzad) kimi
aktyorların yer aldığı filmdə aktrisa Tamilla
Rüstəmova və aktyor Həsən Məmmədovun kinoda
ilk işidir. Dəfələrlə izlədiyimizə görə,
bilirik ki, film boyu Ələsgər Ələkbərov
(Rüstəm kişi) bir çox kadrlarda
at üstündə olur. Lakin bilmədiyimiz bir
fakt da var. Film çəkilişləri zamanı sonradan ortaya
bir problem çıxır. Ələsgər
Ələkbərovun böyrəkləri xəstə
olduğu üçün at minə bilmir. Xeyli götür-qoydan sonra filmin operatoru çıxış
yolu tapır. Belə ki, çəkiliş
meydançasına gətirilən yük maşınında
yəhər quraşdırıb, çəkilişi
aparmağa başlayır. Lakin illərdir bu filmi izləyənlər
belə, heç hiss etməyiblər ki, Rüstəm kişi atsız yəhərin üstündə
çapır.
Əməkdar incəsənət xadimi,
rejissor Aydın Dadaşov da milli kino tariximizdə adı kimi
yeri də böyük olan “Böyük dayaq” filmi haqda
danışdı. Bildirdi ki,
sovet dövründə çəkilsə də, bu filmin bir
çox özəllikləri var: “Kino tarixində ilk peşəkar
kino səsini görmüş rejissorumuz Səməd Mərdanov
idi. Səməd Mərdanov 1939-cu ildə “Kəndlilər”
filmini çəkdi. Lakin o kinonun
montajını etmək belə ona qismət olmadı. Kinonu çəkəndən sonra
dünyasını dəyişdi. Ondan
sonra Azərbaycanda uzun müddət kino böhranı
yaşandı. Müharibə
dövründə bizim bir çox rejissorlarımız var idi
ki, onlar heç təhsil də almamışdılar. Müharibə ərəfəsində kino sahəsində
də dağınıqlıq, pərakəndəlik oldu.
Həmin dövrdə Həbib İsmayılov
mükəmməl teatr təhsili gördü. Moskvada Dövlət Teatr Sənəti İnstitutunun
rejissorluq və aktyorluq fakültəsini bitirib gələndən
sonra Gəncə teatrında bir neçə tamaşa qoydu.
Sonra ilk dəfə bizdə “Ögey ana” filmini
çəkdi. Sonra isə “Böyük
dayaq” filmini çəkdi. Mirzə
İbrahimovun siyasi fəaliyyətində dil məsələsi
qaldırıldı, müstəqillik məsələsinə
toxunuldu. “Böyük dayaq” əsərinin
mövzusu, ordakı ziddiyət, dövlət planının
yerinə yetirilib-yetirilməməsi kolxoz miqyasında həyata
keçirildi. Bir neçə
istisnaları çıxmaq şərti ilə sovet
dövründə çəkilən filmlərin əksəriyyəti
ya neftlə bağlı olurdu, ya da kolxozla bağlı. Lakin, “Böyük dayaq” filminin özünəməxsus
özəlliyi var. Bu özəllik nədən ibarətdir?
Bizim böyük aktyorumuz Ələsgər Ələkbərovun
bir aktyor kimi gələcək nəsillərə
çatdırılması məhz elə bu filmlə
bağlıdır. Azərbaycanda həmişə
teatrda aktyorları kinoda iştirak ediblər. Amma bu filmdə ilk dəfə olaraq, Gündüz
Abbasov teatrda oynamadan filmə çəkildi. Nəsibə Zeynalovanın bu kinoda çox
maraqlı və yaddaqalan rolu var. Dramaturji strukturda olan kinoda
obraz faktın hadisənin mahiyyətini üzə
çıxaran şəxs deməkdir”.
Üç nöqtə .-2012.- 20
iyul.- S.13.