“Xalqın
sevgisini qazanmayan sənətkar ola bilməz”
Sənətkar və sənətçi
sözləri bir-birinə bənzəsə də, mənaca
aralarında böyük fərq var. Ona görə bənzəyirlər
ki, sənətkar da nə zamansa sənətçi olub. Lakin əsl sənətkardan
söhbət gedirsə, bunu xalq qiymətləndirməlidir və
kimin sənətkar olduğunu deməlidir. Sənətkar adını xalqdan almaq
üçünsə, sənətkar necə deyərlər,
dağları-dərələri keçməli, sənətin
əziyyətlərinə sinə gərməli və
xalqın sevgisini qazanmalıdır. Budəfəki “Şənbə
qonağı”mız da mən deyərdim, sənətkar olmaq
üçün çətinliklərlə, amma xalqın
sevgisi ilə bu yolda addımlayan böyük sənətkarımız,
xalq artisti Yalçın Rzazadədir. Böyük
sənətkarımızdan aldığımız müsahibəni
sizlərə təqdim edirik.
- Yalçın Rzazadə olmaq
üçün hansı dağlardan, dərələrdən
keçmisiniz?
- Mənim sənət həyatım böyük çətinliklərlə
keçib. Sənətin böyük əziyyətləri
odur ki, başlanğıcda nəinki ekranlarada, hətta ucqar kənd
yerlərində, Azərbaycanı qarış-qarış gəzərək,
konsertlər vermişik. Elə kəndlərə
getmişik, yer olmayıb konsert verməyə, yağışda,
palçıqda mal-qara tövləsində konsert vermişik.
Pambıq tarlalarında günün altında
ayağımızın altına taxtalar qoyublar, konsert
vermişik. İsti havada burnumdan qan
açılıb. Dövlətimizin
adından konsertlər, çəkilişlər olanda həmişə
iştirak etmişəm. İfa tərzim,
oxuduğum klassik mahnılar belə deyək də başa
düşülməyib. Buna görə də
əziyyət çəkmişəm. Xasiyyətim,
xüsusiyyətlərim, səhnə geyimim çətinliklərlə
qarşılanıb. Bunlar mənə əziyyətlə
başa gəlib. Elə vaxt olub ki, konsertə
hazırlaşmışıq,
çıxışımıza bir gün qalmış deyiblər
ki, sən oxumayacaqsan. Səhnədə hər
şeyi əziyyətlə əldə etmişəm. Bir dəfə Tofiq Quliyev, Cabir Novruz, Şövkət
Ələkbərova və digər böyük sənətkarlarla
Neft daşlarına gedirdik. Gəmidə
oturub dalğalara baxırdım. Tofiq
Quliyev mənə çay süzüb, sonra da soruşdu ki, nə
olub sənə. Dedim ki, nəyə görə bu çətinliklər
məndə olur. Bəzən deyirəm ki,
istedadım yoxdur, gedim özümə başqa sənət
tapım. Amma sonra da fikirləşirəm ki, mənim
istedadım olmasa siz mənə mahnı verməzsiniz, Cahangir
Cahangirov, Emin Sabitoğlu, Oqtay Kazım və s-ləri də
verməz. Tofiq Quliyev gülümsədi və dedi ki, mənim
əzizim, sən öz mədəniyyətin, oxuduğun
mahnılarla, səhnə geyimin və
görünüşünlə dövrünü bir qədər
qabaqlamısan. Sonra bir neçə illər
keçdi. Tofiq Quliyevin ölümündən
bir neçə gün qabaq, musiqi redaktorumuzun ad günündə
görüşdük. Qolundan iki nəfər
tutub gətirmişdi. Tez yanına gedib onu
qucaqladım. Həmin vaxtı Tofiq Quliyev mənə dedi
ki, yadındadı, gəmidə gedəndə sənə
demişdim. Dedim yadımdadı. Onda mənə dedi ki, bax indi
sənin vaxtın gəlib çatıb. “Qaynana”, “Dədə
Qorqud”, “Əlvida”, “Gün keçdi” kimi filmlərdə ifa
etdiyim digər dillər əzbəri olan mahnılarım var.
Bu gün bir neçə televiziyamızın öz səhərini
açdığı “Bakı sabahın xeyir” kimi nə qədər
sevilən musiqilər ifa etmişəm. Bu
mahnının klipini çəkib apardılar Amerikaya. Yəni, bu gün ön sırada olan
mahnılarım hamısı əziyyətlə başa gəlib.
Ümumiyyətlə, mənim həyatım əziyyətli
həyatdır.
- Bütün bunları taleyin qisməti adlandıraq?
- Həmişə çalışıram ki,
özümü elə göstərməyim ki, desinlər
yazıqdır. Amma, ürəkdir axı bu da.
Polad da vaxtla çürüyür. Ürəyimə zədə düşüb. Qan təzyiqim var. Xəstə olmağıma
baxmayaraq, bu yaxınlarda dövlət xətti ilə getdim
Türkiyədə konsert verdim. Bizim
konsulluq mənə diplom təqdim etdi. Qaldım
orda ürəyimdən müayinə olundum. İndi yenə problemlər var. İnsan gərək
əziyyətinin nəticəsini görsün. Sənətkar gərək heç vaxtı fikirləşməsin
ki, bunu necə edim ki alım, necə edim yaşayım. Lazım olmayan yerlərdən mənə bu gün
müəyyən maneçiliklər edirlər. 42 ildir, bu sənətin çətinliklərini
görsəm də, məni sevindirən məqamlar da var.
Çünki, xalqın içində olanda, tədbirlərdə,
konsertlərdə mənə olan hörmət, məhəbbət
məni bir qədər yaşadır. Xalqın
sevgisi, hörməti olmasa, məndə yaşamaq, yaratmaq
üçün həvəs də olmaz. Dahi
sənətkar olmaq olar, amma şəxsiyyət olmaq çox
çətindir. Həmişə istəmişəm
ki, məni şəxsiyyət kimi tanısınlar.
- Sənətdə istədiklərinizə nail ola bilmisiniz?
- Bu sualı gərək belə verəydiz ki, yenidən
həyata gəlsəydiz bir daha bu sənəti seçərdiniz?
- Onda, elə öz istədiyiniz suala cavab verin.
- Yenidən həyata gəlmək imkanım olsa, nə qədər
dahi istedadım olsa da, heç vaxt müğənni
olmazdım. İstəyərdim normal
yaşayım. Demirəm varlı olum.
Mənim heç nəyim yoxdur. Ürəyim xəstədir, əməliyyat
olunmuşam. Bunu ağlamaq kimi qəbul etməyin.
Mənim adi bağım olmayıb. Əsas
odur ki, böyük sənətim və bunu dəyərləndirən
xalqım var. Bir dəfə Baba Vəziroğluya dedim ki, mənə
deyirlər ki, zirvə sənətkar. Güldü dedi burda nə
var ki, zirvədə bir nəfər dərə-təpədə
yüz nəfər yerləşir. Lakin ən
sonda biz evə dönürük, evdə də problem
olmamalıdır ki, bütün səhnə sevincini
yaşayasan. Bu da ki alınmır.
- Gənclərin sizin mahnılarınızı ifa etmələri
sizi nə səviyyədə qane edir?
- 70-ci illərdə Emin Sabitoğlu və ya Cahangir
Cahangirovun mahnısını oxumuşam. Bu
gün gənclər onu oxuyurlar. Həmişə
öz üzərində işləyən sənətkaram.
Sənətimdə durum yoxdur. Yəqin son günümə qədər də belə
olacaq. Mənim öz fondumda 500-dən
çox mahnım var. Nə vaxtım var bu mahnılar ifa etməyə
nə də imkanım. Mənim
mahnılarımı ya gərək yaxşı oxusunlar, ya mənim
qədər oxusunlar, ya da ki özünəməxsus
yaxşı formada oxusunlar. B. Vahabzadənin, F.
Qocanın, C. Novruzun sözlərini radioda mənim ifamda
eşidib, düzgün ifa etməmək, lirik mahnını
götürüb, disko-musiqi etmək olmaz.
- Amma, bu gün elə ifaçılar var ki tələbat
arxasınca qaçırlar?
- Gənc vaxtlarımda mən istəməzdim,
yaxşı geyimim, cibimdə pulum, maşınım olsun? Amma olmayanda mən onu düşünmürdüm.
Düşünürdüm ki, xarici ölkəyə
qastrola gedirəm və oxuduğum mahnılar tək Azərbaycanda
qalmasın. Can atmırdım ki, gedim toyda oxuyum, pulum
olsun. Əfsuslar olsun ki, bugünkü o tələbət
uğrunda hər bir gənc tanınıb, restoranlarda oxuyub pul
qazanmağı, özlərinə ev,
maşın, restoran almağı fikirləşirlər. Bir neçə gün olar, televiziyaya baxırdım.
Bir gənc gedib Saratovda toyda oxuyub gəlib, deyir
ki, Fransada konsert verirdim. Belə şeylər
olmamalıdır. Sənətdə olan hər
kəs millətini, musiqisini, mədəniyyətini fikirləşməlidir.
O gün məni zəng vurub təbrik etdilər ki, yeni
yazılan mədəniyyət ensiklopediyasında mənim də
adım var. Tarixə düşmək lazımdır. Nə vaxtsa, sənətdə olmayanda
gördüyüm işlərlə xatırlanım.
- Hansı musiqiyə və ifaçıya həmişə
tələbat var?
- Bunu bilmək üçün, Space televiziyası sabah mənim yaradıcılıq
günümü keçirəcək, izləyib görərsiniz.
Klassika əbədidir. Mən
klassik sənətkaram. Yüngül
mahnı da ifa etsəm, mənim səsimdə klassikaya
çevrilir. Bu gün səviyyəsiz
sözləri olan mahnılar çoxdur. Keçən
dəfə mənim kafedramda divarda böyük şəkilləri
olan Vaqif Mustafazadəni, Tofiq Quliyevi, Üzeyir Hacıbəylini
gənc nəslin nümayəndələrindən heç
biri tanımadı. Bundan dəhşətli nə ola bilər.
- Musiqinizlə tamaşaçıya nəyi
çatdırırsız?
- Mənim mahnılarımı Türkiyədə təhsil
almış həkimlər əməliyyat zamanı dinləyirlər.
Bir dəfə taksi ilə evə gələndə
sürücü deyir ki, işdən evə yorğun gedəndə
sizin mahnıları dinləyəndə yorğunluğum
keçir. Mənim xoşbəxtliyim də
məhz bunlardadır.
- Musiqiçi hansı keyfiyyətlərə malik
olmalıdır?
- Mahnıları heç vaxt bir günə, beş günə dinləyib oxumuram. Bəzən altı aya qədər mahnını
dinləyib, tam mənimsəyirəm. Ürəkdən
oxuyanda tamaşaçı ifaçını daha tez
anlayır. Hər bir işə ciddi
yanaşan insanam. Bu sənətimə də
aiddir. Həmişə məsuliyyətli
olmağa çalışıram.
- Geyiminiz, ifanız və səsinizlə fərqlənmisiniz.
Bugünkü fərqlilikləri necə qiymətləndirirsiniz?
- İfaçı zahiri
görünüşü ilə seçilməlidir. Həmişə geyimimə
fikir vermişəm. Hər yerin öz
geyimi olmalıdır. Geyim musiqiçini
tamamlamalıdır. Səs, ifa və geyim
ifaçıda ahəng təşkil etməlidir. Sənətkarın musiqisindən ruhumuz dincəldiyi
kimi, geyimi də göz oxşamalıdır. Geyim onun bədən quruluşunu, hətta gözlərinin
rənginə qədər tamamlamalıdır.
- Sənətkar hər zaman nəyi fikirləşməlidir?
- Əsl sənətkar özünə
qarşı tələbkar olmalı, vaxtına və
yaşına baxmayaraq öz üzərində
çalışmalı, xalqın arasında və sadə
olmalı, torpağını, millətini sevməlidir. Həmişə deyirəm
ki, millətimin pisi də mənimdir, yaxşısı da.
- Sənətkar və xalq sevgisi qarşılıqlı
formada necə olmalıdır?
- Xalqın hörmətini, sevgisini, məhəbbətini
qazanmayan heç vaxtı sənətkar ola
bilməz. Deməli, onun obrazı, ifası
xalqın ruhunu oxşaya bilməyib. Bu
yaxınlarda bazara getmişdim. Orda hamı ətrafıma
yığışmışdı, görüşdük.
Bir nəfər mənə dedi ki, bu günlərdə bir xalq
artisti gəlmişdi bura, salam verəndə
dedi ki, sən kimsən əlini kartofa vurub, mənə salam
verirsən. Deyir, biz ona nifrət elədik.
- Uzun illər səhnə həyatı sizdə nəyi
dəyişə bilmədi?
- Dəyişməyən o oldu ki, mən səmimi, dəqiq
və hər şeyə ciddi yanaşan insanam. Sadəliyi
sevirəm. Mətbuat mənə tez-tez zəng
edir. Bunların içində ən
çoxu da ki, televiziyalardır. Amma mən
bunların arasında da seçim edirəm. Artıq bilirlər ki, hər efirə, hər
verilişə getmirəm.
- Sabahkı mətbuat günü münasibətilə
jurnalistlərə nə demək istəyərdiniz?
- Uşaqlıqdan qartalı xoşlamışam. Heyvanat dünyasını, təbiəti
ölümünə çox sevirəm. Qartalı
ona görə seçmişəm ki, ən yüksəklərdə
uçur və azadlıqsevər quşdur. Bu azad dövlətimizdə azad mətbuatımızın
olmağını istəyərdim. Sizin
simanızda bütün jurnalistləri təbrik edirəm.
Qəlməniz iti olsun. Mən
də sizin hörmət etdiyiniz insanlardanam. Sizlərə yeni proyektlər, yazılar
arzulayıram, uğurlar diləyirəm. Arzu
edirəm ki, Azərbaycanımız və və qartal qədər
azad mətbuatımız inkişaf etsin. Sizə sənət
uğurlarından öncə can sağlığı
arzulayıram. Çünki, mən bilirəm can
sağlığı nədir.
Aygün Asimqızı
Üç nöqtə.- 2012.- 21
iyul.- S.13.