“Əsl tələbə odur ki, müəllimindən irəli getsin”

 

 “Musiqi ruhun qidasıdır” – deyirlər. Bizlər də vaxtımız olanda ruhumuzu qidalandırmaq üçün zövqümüzə uyğun musiqilər dinləyirik. Damarlarında əsl azərbaycanlı qanı axan insan muğam eşidəndə təbii ki, həmin musiqidən zövq alacaq. Bir həqiqət də var ki, musiqi nə qədər gözəl olsa, ifaçının üzərinə o qədər böyük məsuliyyət düşür. İfaçının bu məsuliyyətin öhdəsindən necə gəlməsi isə, tamaşaçıların sevgisindən bəlli olur. Budəfəki “Şənbə qonağı”mız illərdir bu məsuliyyəti hiss edən, tamaşaçıların ruhunun qidalanacağı muğamımıza öz məlahətli səsi ilə rəng qatan və xalqın sevgisini, məhəbbətini qazanan xalq artistimiz Səkinə İsmayılovadır. Səkinə xanımla müsahibə üçün Beynəlxalq Muğam Mərkəzində görüşdük. Çox gözəl və səmimi söhbətimiz alındı. Çox gözəl xanım olan və Azərbaycan muğamlarının 32 ildir dünyada tanıdılmasında əlindən gələni əsirgəməyən Səkinə xanımdan aldığımız müsahibəsi sizlərə təqdim edirik.

- Heydər Əliyev Sarayında konsert verən ilk qadın xanəndə, ifa zamanı qavaldan istifadə edən ilk qadın sənətçi və musiqi tariximizdə xanımlardan ibarət ilk muğam üçlüyü yaradan Siz olmusunuz. Qarşıda daha hansı ilklər var?

- İlklər belədir, insan nə qədər sənətdə varsa, sənətdə yaşayırsa, ilklər özünü göstərir. Sonrakı illərdə də bu ilklər davam elədi. Belə ki, İran İslam rejimi qadınların səhnəyə çıxmasına icazə vermirdi. 20 illik qadağadan sonra İranın səhnəsinə çıxan ilk Azərbaycan xanəndəsi mən oldum. Belə bir məsəl var: “İzlə gedənin izi olmaz”. Gərək, sən özünə cığır açasan ki, izin qalsın. Bu mənada yaradıcı adam hər zaman ilkləri axtarıb öz sənətində yaratmalıdır ki, sonrakı nəsillər də sənin o təbiiliyini bilsinlər. Sən nə ilə fərqlənmisən.

- Sənətə ilk addımlarınızı atanda fikirləşirdiz ki bu pilləyə qalxacaqsınız?

- Desəm ki, bilərdim, düzgün olmaz. Hansısa bir anı yaşamadan, nə isə fikir yürütmək hesab edirəm ki, düzgün deyil. O anı yaşamalısan. Zaman göstərəcək ki, nə olursan. Mənim istedadımı görənlər, istedadıma inananlar var idi. Bunu əminliklə deyənlər var idi ki, sən bu yolla getməlisən. Hüquqşünas olmaq istəmişəm. Orta məktəbdə yaxşı oxumuşam. Hansı sahəyə getsəydim uğur qazana bilərdim. İstedadımı, səsimi görən müəllimlərim məni bu sahəyə yönəltdilər.

- Sənətə olan məhəbbət və istedad insanı haralara qaldıra bilər?

- Haralara istəsən. Üç amal sənətdə irəliləmək üçün vacibdir. Birincisi, xanım üçün ağıl əsasdır. Sənin nə qədər istedadın olsa, Allahdan sənə verilən vergi olsa, ağlın tarazlıq gətirmirsə, istədiyin zirvəni fəth edə bilməzsən. İstedad anadangəlmə bir şeydir. Üstünə ağıl və zəhmət gəlməlidir. Ağılla zəhmət birləşib istedadı qaldırır.

- Bu sənətin ağırlıqları nədədir?

- Qadın üçün ağır sahədir. Sözün əsl mənasında sözünü deyən bir sənətkar olasan. Həm də xanımlığını, ailəni qoruyasan. Bu sənətin ən böyük çətinliklərindən biri budur ki, sənət və ailəni bir arada idarə edə biləsən. Allahın mənə verdiyi çox böyük bir lütfdür ki, mənə istedadımla bərabər gözəl ailə də nəsib edib. Buna görə, özümü xoşbəxt hiss edirəm. Təbii ki, bu ailənin qorunmasında mənim rolum böyükdür. Bütün bunları əlində saxlamaq istəyirsənsə, əziyyətini çəkməlisən ki, bəhrəsini görəsən. Hara getsən də, axırda evə dönürsən, böyük səhnələrə də evdən gedirsən. Sənətkar xanımlarımıza demək istəyirəm ki, şan-şöhrət müvəqqətidir. Sonda bir xanımsan. Ailə isə xanım üçün çox vacibdir.

- Səsi olanları necə kəşf edib səhnəyə gətirmək lazımdır?

- Götürək, muğam müsabiqələrini. İstedadı varsa, gəlib müraciət edir. Həmin müsabiqədə Azərbaycanın çox möhtəşəm insanları bir aradadır. Çox şadam ki, yeganə xanım olaraq həmin münsiflər heyətinə mən də varam. Çalışırıq ki, istedadlıları üzə çıxaraq. Göstərilən dəstəklər sayəsində bir sənətkarın 25-30 ilə əldə etdiklərinə, gənclər az bir zamanda nail olurlar. Qayğı-diqqət istedadlıya lazımdır. İstedadsız hardan olsa, özünə yol açacaq.

- İstedadlı tələbənin müəyyən nailiyyətlər əldə etməsində müəllimin rolu əvəzsizdir. Müəllim kimi tələbələrinizi necə istiqamətləndirirsiz?

- Birinci mənim həyat yolum, həyat məktəbim, şəxsi yaradıcılığım onlar üçün bir örnəkdir. Əgər o mənim tələbəmdirsə, mənim yaradıcılığımdan, sənətimdən, sənətkarlığımdan, qadınlığımdan və xanımlığımdan bəhrələnməlidir. Müəllim kimi öz sərhədlərim var. Dərslərimiz öz yerində, mən onlara yaxın insan kimi davranıram. Onlara ana olmasam, qayğı göstərməsəm, istədiyimi ala bilmərəm. Onlar məni tam mənada sevməlidir. Tək tələbənin yox, yazarın da sənətkara sevgisi olmalıdır. İstər-istəməz bu onun yazılarında özünü göstərəcək. Haqqında yazdığın adama sevgin, hörmətin varsa, yazı səmimi alınacaq.

- Deyirlər sənətkar həmişə öyrənir. Tələbələrinizə dərs verə-verə nə öyrənirsiz?

- Onların uşaq dünyasından çox gözəl şeylər öyrənirəm, onların insani keyfiyyətlərindən elə bir şeylər tapıram. İnsan yaşından asılı olmayaraq heç vaxt öyrənməkdən çəkinməməlidir. Gördüyün hər bir gözəllikdən zövq ala bilməlisən, sevməlisən və onu həyatına da daxil etməlisən.

- Tələbə müəllimdən nə vaxt irəlidə ola bilər?

- Əsl tələbə odur ki, müəllimdən irəli olsun. İrəli ola bilməz. Çünki, bir fənd var ki, onu həmişə özün üçün saxlayırsan. Tələbənin qabiliyyəti varsa, o fəndi məndən ala bilibsə, irəlidə ola bilər. Hələ ki elə biri yoxdur. 

- Muğam dinləyici üçün nədir, ifaçı üçün nə?

- İfaçı muğamı duyaraq, daxili aləminin süzgəcindən keçirərək, tamaşaçıya təqdim edir. Dinləyici də ondan bəhrələnə bilirsə, ifadan zövq ala bilirsə, deməli, xanəndə nə isə edir. Sənətlə məşğul olan insan çalışmalıdır ki, hər yaşa uyğun tamaşaçıları özünə çəksin.

- Sənətçi sənətinə qarşı biganə olarsa nə olar?

- Sənin böyük çəkiyə malik sənətin varsa, niyə öz sənətinə biganə olasan. Vahidin bir beyti var. Deyir:

Tanrım bütün gözəlliyi o sərvinaza verib,

O hər nə etsə, təbiət ona icazə verib.

Biri deyir, Vahid başa düşə bilmədim. Bu nə deməkdir? Deyirsən, gözəldir deyə ona hər şeyə icazə olar?! Vahid cavab verir ki, əgər tanrı onu gözəl yaradıbsa, onda mənfi heç nə ola bilməz. Gözəl yaranan insan sənətinə biganə ola bilməz. Biganə olanlarla bizim işimiz yoxdur.

 - İfaçıya görə musiqini dinləyirsiz, yoxsa musiqiyə görə ifaçını?

- İfaçını tanıyıramsa, dinləyirəm görüm nə oxuyacaq. Əgər sonra dinləmirəmsə, fikirləşdiyim ifa olmursa, kanalı dəyişirəm. Həmişə deyirəm ki, efirlərdə görünmək xatirinə görünməyəsən. Bəzən gənc ifaçıdan gözləmədiyim bir ifa eşidirəm. Sağ ol deyirəm. Görəndə fikrimi bildirirəm. Gənclər böyük sənətkarlardan müsbət fikir alanda ruhlanırlar. Gərək sənətkarlar da bunun üçün eqoistlik etməsinlər. 

- Sənətkara ad nəyə görə verilir?

- Yaşadığımız dövrdə zamanla bu fəxri adlar sənət adamlarına verilib. Bu gün də hər kəs onu almaq arzusundadır. Fikirləşir ki, bu sənətdə neçə ildir varam. Niyə mənə bu olsun, ya olmasın.

- Səsiniz sizi nə vaxtsa pis vəziyyətdə qoyub?

- Həyatın təsadüfləridir. Hər kəsdə ola bilər. Hindistanda səfərdə idim. 6 konsert verməli idik. Mən səhər gördüm ki, soyuq havadan gedib düşmüşəm isti havaya. Heç kim inanmırdı. Səhər elə bil Allahdan mənə güc gəldi. Həmişə Allaha sığınmaq lazımdır. Allah Təala deyir ki, “Bəlaların ardıcıl səni təqib edəndə, bil ki, duanı əskiltmisən”.

- Muğam ifaçıları hansı çərçivədən çıxa bilməzlər?

- Ümumi ifaçılar üçün qanun qoya bilmərəm. Şəxsən özümdən danışa bilərəm. Düşünürəm ki, muğam ifaçısı mən necəyəmsə, elə olmalıdır. İfa tərzi ilə bərabər onun səhnə mədəniyyəti, səhnə görünüşü, geyimi, hamısı bir-birini tamamlamalıdır. Biz xarici ölkələrdə səfərlərdə oluruq. İlk olaraq, görünüşüm və davranışımla Azərbaycan haqqında fikir formalaşdırıram. Böyük sənətkarımız Rəşid Behbudovdan dərs almışam. Çox şadam ki, böyük sənətkarımız məni layiq bilib, özü ilə bir çox ölkələrə səfərlərə aparıb.

- “Musiqi ruhun qidasıdır” - deyirlər. Sizcə bu gün biz ruhumuzu nə ilə qidalandırırıq?

- Ruhumun qida almadığı yerdə 5 dəqiqə qalmaram. İstəyir iki gözüm ola, yaxınım, dostum ola. Onun danışığından mənəvi qida almıramsa, həmin anda bir bəhanə ilə ordan uzaqlaşıram. Özümü məcbur etsəm, tez qocalardım. Musiqi də həmçinin.

- Səkinə xanım demisiz ki, “Muğam bizim dünənimiz, bu günümüz, sabahımızdır”- dünənimizi, bu günümüzü, sabahımızı xarakterizə edərsiniz?

- Muğamımızın dünəni olmasaydı, bizlər olmazdıq. Bizlər olmasaq, gənc nəsil formalaşa bilməzdi. Muğam keçmişdən qalan bir sərvətdir ki, qorunub bizə gəlib, biz də gələcək nəsillərə ötürməliyik. Dünənimiz Seyidlər, Cabbarlar, bu günümüz bizlərik. Gələcəyimiz isə, gənclər.

-Allahın qismət etdiklərindən razısınızmı?

- Şükür olsun, arzularıma görə, Allahımın mənə bəxş etdiklərinə. Xasiyyətimdə belə bir şey var ki, qismətimdə olanla qane oluram. Reallıqlarla yaşayıram. Boş-boş xəyallar qurmaq mənlik deyil. Sənətkar üçün lazım olanları əldə etmişəm. Əsas xalqın sevgisidir.

- Kimin sənəti ölməzdir?

- Bunu ayırmaq olmaz. Musiqi tariximizdə elə sənətkarlar olub ki, onlar hərəsi bir iz qoyub gediblər. Onların hər birinin dəyəri odur ki, onlar bu gün də yaşayırlar.

- Hansı musiqilər tez yadda qalır, hansılara uzun tarix yaşamaq qismət olur?

- Yadda qalmırsa, deməli silinir, tarixə düşmür. Musiqi də, sənətkarlar da zamanın ələyindən keçirlər. Kimlər yadda qala bilirsə, deməli musiqi də odur, sənətkar da. Uzun zamanlardan bəri bizə əsl musiqilər yadda qalıb. Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov kimi əsl sənətkarların musiqiləri bu gün də sevə-sevə dinlənilir.

- Azərbaycan musiqisi xaricdə...

- 32 ildir Azərbaycan muğamı ilə xarici ölkələrdə çıxış edirəm. İlk səfərim Fransaya olub. Biz onların qarşısında indiyə qədər eşitmədikləri bir musiqi ilə çıxış etmişik. Musiqimiz onlara sübut edir ki, bizim xalq özünü tarixdə təsdiq etmiş xalqdır. Muğamımızla daha çox sevilirik. İllərdir xaricilər musiqimizə qulaq asırlar, yenə deyirlər ki, bu nə möcüzədir. Az qalırlar ağzımızın içini açıb baxalar görələr ki, necə ola bilər ki, insanda belə bir səs avaz, zəngulələr olsun. Biz də bu mənəvi sərvətimizi qorumalıyıq.

 

 

Aygün Asimqızı

 

Üç nöqtə.- 2012.- 14 iyul.- S.13.