Xalqımızın
xəmiri muğamla yoğrulub”
Muğamımız
yaşadılır. Onu yaşadanlar əsl sənətkarlardır.
Bu dəfə də “Şənbə qonağı” olaraq,
muğamımızı yaşadanlardan olan xalq artisti Ağaxan
Abdullayevin evində qonaq olduq. Otağa daxil olan andan
musiqiçi ailəsi olduğu bəlli olur. Musiqiçi ailəsi
deməyimə səbəb isə, tək Ağaxan müəllimin
deyil, eyni zamanda iki oğlunun musiqi ilə məşğul
olmasıdır. İki oğlu Ağaxan müəllimin sənətini
davam etdirməsə də, üçüncü oğlu Orxan
tar çalır. Balaca oğlu Hikmət kamança
çalmaqla bərabər, atasının yolunu davam etdirmək
fikrindədir. Ağaxan müəllimin dediyinə görə,
yaxşı səsi də var. Ailə üzvləri ilə
birlikdə olan Ağaxan Abdullayevdən aldığımız
müsahibəni sizlərə təqdim edirik.
- Muğamı xəzinə
adlandırırlar. Hər bir xəzinənin də
açarını saxlayan xəzinədar olur. Muğam xəzinəsinin
açarı kimlərdədir?
- Sözsüz ki, muğam Azərbaycan
xalqının xəzinəsidir. Xalqımızın bir
neçə sərvəti var ki, bunlardan biri də
bütün dünyaya səs salan
muğamlarımızdır. Məsələn, adi xəzinəni
şahın icazəsi olmadan xəzinədar aça bilməz.
Xalqın da dəyərli sənətkarı olmasa, muğam xəzinəsinin
də qapısı açılmır. Bunun üçün əsl
sənətkarlar, ustadlar lazımdır. Düzdür, indi
çox adama ustad deyirlər...
- O xəzinənin açarından sizdə var?
- Onu mən deyə bilmərəm,
sənətkara xalq qiymət verməlidir. Əsl sənətkar
özü-özünü tərifləməməlidir.
Çünki, sənətkarın sənəti göz
qabağındadır. Sənətkarlar xalqın sərvətini
qoruyur. Bizim xalqımız çox istedadlı və sənətsevər
xalqdır. Kim ki, elə “mən”, “mən”, deyir, mən öz
aləmimdə fikirləşirəm ki, onun içi boşdur
ki, o elə ancaq belə deməyi bacarır. Bizim böyük
sənətkarlarımızın heç birini görmədim
ki, “mən”, “mən” desin. Əksinə, onları tərifləyəndə,
“əstəğfirullah” deyirlər. Muğam sənəti bir dəryadır.
Bu dəryadan kimin qabı nə qədər tutursa, o qədər
götürür. Amma nə qədər götürülsə
də, qurtarmır.
- Niyə muğamın mənası tam
açılmır?
- Belə bir qəzəl var:
Tarixi bilinmir bu gözəl
dürrü-mirasın,
Yox şübhə ki, tarix ilə
həmyaşıddır muğamat.
Qəzəldən də göründüyü kimi,
tarixi bilinməyən bir sərvətdir muğamat. Muğamın
sirri açıldıqca açılır, sonsuzdur. Nə qədər
dərinliyə getsən, dibə çatmaq olmur. Nə qədər
öyrənsək də, azlıq edir. Axtarıb-öyrəndikcə
deyirsən ki, heç nə bilmirəm. Burda əsl sənətkarlardan
söhbət gedir. Tarix kimi muğamın da açılmayan
sirrləri çoxdur.
- Sizi muğama nə
bağladı?
- Qanında əsl azərbaycanlı
qanı axan adam muğama bağlıdır. Çünki Azərbaycan
xalqının xəmiri muğamla yoğrulub. Mənim
muğama bağlılığıma gəlinə isə,
gözümü açandan evimizdə muğam sədası
eşitmişəm. Professional səhnəyə gəlməsə
də, atamın çox gözəl səsi, avazı olub. Mən
göz açıb, atamın muğam oxumağını
eşitmişəm. Sonra məndə musiqiyə həvəs
oyanıb. Əvvəl tar çalmışam, sonra oxumağa
başlamışam.
- Muğamın zirvəsinə gedən yolda
ifaçının yol yoldaşı nə olmalıdır?
- Muğam sənətinin zirvəsinə
çatmaq mümkün deyil. Amma ki,
çalışdığın sənətdən
asılı olmayaraq, sənətin üzərində işləməlisən.
Muğam ifaçısında səs, istedad və ürək
olmalıdır. Bunlar olandan sonra da, zəhmət çəkmək
lazımdır. Sənətin üzərində
çalışıb öyrənmək lazımdır. Sənətkara
ailəsi də böyük dəstək olmalıdır. Sənətkarın
evdə günü xoş olmalıdır. Evdən problemli,
kefsiz çıxırsa, onun işi nə olar. Yoldaşım
evdə olan hər problemi mənə bildirmir. Uşaqlara deyir
ki, atan gələr hirslənər. Atanın sənəti səsiylə,
boğazıyladır, onu hirsləndirmək olmaz. Ailədə
mehribançılıq olmalıdır. Sənətkarın
xanımı onu başa düşməlidir.
- Korifeylər, bu günün muğam
ifaçıları və yeni gələnlər. Sizcə bu
sıralamada hansı fərqlər var?
- Bir ara muğamda boşluq
yaranmışdı. Lakin sonradan, çox sağ olsun Mehriban
xanım Əliyeva ki, muğamı və muğam
ifaçılarını qaldırdı yüksəklərə.
Muğama dəstək oldu, dünyaya tanıtdı, muğam
dünyanın şah əsəri adını aldı.
Muğam müsabiqələri gənclərə çox
böyük dayaq oldu. Biz sənətə gələn
vaxtı bu cür imkanlar yox idi. Çox böyük çətinliklərlə,
əziyyətlərlə, illərlə böyük sənətkarların
qarşısında imtahanlar verdik. Gənclərlə bizim
aramızda fərq odur ki, indi muğam müsabiqələri
keçirilir. Çox rahatlıqla az bir vaxtda şöhrət
qazanırlar. Düzdür, 1-2 ilə sənətkar
yetişmir. Sözsüz ki, onlar müsabiqə ərəfəsində
özlərini tanıdırlar. Amma sənətkar olmaq
üçün illərlə əziyyət çəkmək
lazımdır.
- Muğama diqqətin yüksək səviyyədə
olduğunun hamımız şahidiyik. Bəs gənclər
muğama özləri maraq göstərirlər, yoxsa sənətkarlar
həvəs yaradır?
- Muğama diqqət və
qayğının yüksək olduğunu görən gənclər
bu sənətə axın-axın gəlirlər. Nəinki gənclər,
hətta azyaşlı uşaqlar da muğama həvəs
göstərib gəlirlər. Çünki, dəstək
böyükdür.
- Tələbələrinizin uğurlarını
eşidəndə hansı hisslər keçirirsiz?
- (Üzünü həyat
yoldaşı Esmira xanıma tutaraq) Esmira, bir valideyn öz
övladının yaxşı sədasını eşidəndə
necə sevinir? Tələbələrimin uğuruna
övladımın uğuruna sevindiyim qədər sevinirəm.
Mənim hansı tələbəmi dindirsəniz, deyər ki,
Ağaxan müəllim bizə dərs verməklə bərabər,
həm də atalıq eləyib. Mən onlarla öz
övladlarım kimi davranıram.
- Tələbələriniz arasında ikinci
Ağaxanı görürsünüzmü?
- Biri var mənim kimi sənətkar,
biri də var ki, mənim dünya şöhrətli tələbəm
sənətkar Alim Qasımov. Bir binanı tikəndə
bünövrəsi yaxşı olmasa, gələcəkdə
zəlzələyə davam gətirmir. Amma bünövrə
yaxşı olarsa, nəyə desən davam gətirər. Alim
Qasımov böyük sənətkardır.
- Sənətdə əldə etdiklərinizə
görə özünüzü şanslı hesab edirsiz?
- Özümü öncə
ona görə xoşbəxt hiss edirəm ki, Allah Təala bu sənəti
mənə nəsib edib. Həyatda bir neçə gözəlliklər
var ki, Allah onu öz istədiyi bəndələrinə verir.
Onlar içərisində səs, gözəl surət və
gözəl nitq də var. Allah Təalanın
yaratdıqlarının sonuncusu insandır. Hər şey
yaratdıqdan sonra insanı yaratdı ki, insan dünyaya gələndə
heç bir şey üçün məəttəl
qalmasın. Onların içində olan seçilmişlərin
bir neçəsinin məndə olduğuna görə, əlbəttə,
özümü şanslı və xoşbəxt hiss etməliyəm.
Muğam
ifaçıları nə zaman eşitsək səfərdədirlər.
Amma bunu nadir hallarda işıqlandırırlar.
Amma estrada müğənniləri bir dəfə xarici ölkəyə
gedəndə bütün hər kəs bilir?
- (Gülə-gülə) Kərə yağı ən
yaxşı yağ olsa da, onun reklamı yoxdur. Amma gündə
cürbəcür yağların reklamını eşidirik.
Çünki kərə yağının reklama ehtiyacı
yoxdur.
- Sənətdə müəlliminiz kim olub?
- Mənim müəllimim Seyid Şuşınskinin
sevimli tələbəsi olan Nəriman Əliyev olub. Hansı
ki, Seyid müəllimdən dərs alıb, onu yeddi il öz
evində atası kimi saxlayıb, qulluq edən bir şəxs.
- Onun hansı sirrini öyrənə bilməmisiz?
- Sözsüz ki, təhsil aldığımız 4-5 il ərzində
müəllimdən öyrənmədiyimiz şeylər
çox ola bilər. Bir çox şeyləri də, sənətə
gələndən sonra, böyük sənətkarlarla şənliklərdə,
konsertlərdə bir yerdə olanda dinləyib, öyrənmişəm.
Dərs vaxtı müəllim proqramda olanları öyrətməyə
çalışır. Sonrası qalır, tələbənin
öz istedadı və bacarığına. Muğam sənətini
bəzəkli bir gəlinə bənzədirəm, bəzək
verdikcə gözəlləşir. Əlibaba müəllim
deyir ki, Üzeyir bəyin belə bir sözü var imiş, “Hər
bir xanəndə özü bir bəstəkardır”. Muğam
klassik qaydada, bir-birini yamsılaya-yamsılaya oxunsaydı,
muğam bizim əlimizə gəlib bu cür çatmazdı.
- Ötüb-keçənləri xatırlayanda nəyi
kaş etməyəydim deyirsiz?
- Allaha şükür ki, bu
günə qədər heç nəyin
peşmançılığını çəkməmişəm.
Amma peşmançılığım o ola bilər ki, cavan
olmuşam, konsertlərə başım qarışıb, bəzi
şeyləri lentə alıb saxlamamışam. İndi fikirləşirəm
ki, gərək nə var idi hamısının lent
yazısını saxlayardım.
Aygün
ASİMQIZI
Üç nöqtə.- 2012.-
7 iyul.- S.13