Turistlərə göstərilən  xidmət yaxşılaşır

 

 Jurnalistlərə açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev regionlarda turistlərə göstərilən xidmətlərin heç vaxt bizi qane etməyəcəyini bildirdi.

Regionlarda turistlərə göstərilən xidmətin səviyyəsi günü-gündən artır. Amma bu xidmətlər qədər yaxşılaşdırılsa da, bizi qane etmir. Çünki, biz hər il ötən ildəkindən daha yaxşısını istəyirik. Turizm obyektlərinin sayı artdığına görə, həmin müəssisələr kadr hazırlığına ehtiyac duyurlar. Buna görə şərt qoymuşuq ki, mütləq bütün turizm təşkilatları müəssisələrində turizm üzrə təhsil alan kadrlar çalışsınlar”.

Nazir onu da bildirib ki, Azərbaycanın turizm obyektlərində təqdim olunan xidmətlərin qiymətləri keçən ilki qiymətlərlə eynilik təşkil edir.

“2011-ci ildə xidmətlərin qiyməti 2010-cu ildəkinə nisbətən 20 faiz aşağı düşmüşdü. Bu il keçənilki qiymətlərlə xidmət göstərirlər. Sevindirici bir məqam da odur ki, müxtəlif ulduz alan hotellər xidmət üçün ödənilən vəsaitə görə, xidmətlərinin səviyyəsini artırırlar. Biz həmin hotellərdə işləyən kadrların peşə hazırlığını, dil bilgilərini, yerləşdikləri rayon haqda məlumatlı olub-olmamasını yoxlayırıq. İyulun 12-də Azərbaycan Turizm İnstitutunun (ATİ) III məzun buraxılışı olacaq. Yeni açılan turizm obyektlərinin kadr hazırlığının təkmilləşdirilməsi ATİ-nin Bakı Turizm Peşə Məktəbinin üzərinə düşür. Növbəti ildən turizm sənayesinə müxtəlif sahələr servislər üzrə 500 məzun cəlb olunacaq”.

Nazir yay mövsümünün əvvəlindən başlayaraq, aparılan turizm obyektlərinin monitorinqi bu gün davam etdiyini bildirdi. İndiyə qədər monitorinq nəticəsində əldə olunan nəticələr vəziyyətin ümidverici olduğunu göstərir”. 

Nazir Əbülfəs Qarayev bu il məzuniyyətini harada keçirəcəyi barədə danışıb: “Hər il məzuniyyətimin bir hissəsini Azərbaycanda keçirirəm. Təbii ki, Xəzər dənizdə istirahət əvəzedilməzdir. Amma bir yerdə oturmaqla da yeniliklərdən xəbərdar olmaq olmur. Buna görə istirahətimin bir hissəsini Türkiyə Avropada edirəm. Bu il Türkiyədə yeni açılmış hoteldə üç gün istirahət etməyi düşünürəm”.

 

 

Üç nöqtə.- 2012.- 11 iyul.-S.13.